"Həmişə
bir şəhəri film şəhərinə çevirməyi
xəyal edirdim"
"HOÇAZFİLM"İN
RƏHBƏRİ, REJİSSOR AMİL AMAL: "LAÇININ
RELYEFİ ÇOX KİNEMATOQRAFİKDİR, BİR
ŞƏHƏR KİMİ SANKİ GÖY ÜZÜNDƏ
YERLƏŞİR"
Sevda SULTANOVA
Müsahibimiz "HoçazFilm" kinostudiyasının rəhbəri, rejissor Amil Amaldır.
- Amil, postmüharibə
dövründə Qarabağda ilk kinostudiyanın -
"HoçazFilm"in açılışını hadisə
saymaq olar. Bu ideya nə vaxt yarandı?
- On iki
yaşımdan Xırdalanda yaşayıram. Xırdalanda
köhnə kinoteatr binası var. Arxa tərəfində məcburi
köçkünlər məskunlaşıb. Qarşısı çox baxımsız
durumdadır. Film festival keçirmək
üçün şəhər rəhbərliyi ilə
görüşüb Xırdalanı film şəhərinə
çevirməyi düşünürdüm. Ancaq bir-iki cəhddən sonra gördüm ki, kinoya
insanların münasibəti ciddi deyil. Yəni
bir şəhəri bir film şəhərinə çevirməyi
həmişə nədənsə içimdə xəyal
etmişəm. Getdiyim film festivallarında
həmişə bunun şahidi olmuşam. Məsələn,
kasıb Bişkek şəhərində nəinki şəhəri,
ölkəni film ölkəsinə çevirmək
üçün nə qədər addımlar atılır.
Üst-başından qoyun-quzu qoxusu gələn
adamların qalın kürkdə, norka papaqda kinoteatra gəlməsini
görmüşəm. Laçınlılar
məni rejissor kimi "Qara bağ" filmindən
tanıyırdılar. Məhz bu səbəblə
həm bir rejissor, həm də Laçın şəhərinin
sakini kimi məni Laçına görüşə dəvət
etmişdilər. Bu, 31 ildən sonra 3
yaşımda çıxdığım evimizə,
Laçına ilk qayıdış idi. Laçında
Bakı Abadlıq Xidmətinin direktoru Bünyad müəllimlə
tanış oldum. Bünyad
müəllim yenilikçi, intellektual insandır. Bu gün Laçında gördüyünüz
göz oxşayan avropasayağı gözəlliyin səbəbkarı
odur. Onunla kinodan söhbət edərkən dedi ki,
Laçında Disneyland kimi park yaratmaq istəyir, meyvə-tərəvəz
anqarı kimi fəaliyyəti nəzərdə tutulan yer var,
orada bəlkə, bunu etmək olar. Məndən
bir kino mütəxəssisi kimi həmin yerə getməyimi
istədi, orada nə etmək olar, pavilyon qurmaq olarmı deyə
soruşdu. Dərhal həmin yerə baxış
keçirdim və oranın kinopavilyon ola
biləcəyi qənaətinə gəldim. Həmin
gün Bünyad müəllim məni bu işin başına
rəhbər təyin etdi. Çətinliklərə
baxmayaraq, sidq ürəklə işə başladım.
Mane olanlar da tapılırdı. O adamlar
ki, bu məkanın heç vaxt pavilyon kimi işə
yaramayacağını söyləyirdilər. Mən
isə bu işi yekunlaşdırmağı qarşıma məqsəd
qoymuşdum. Təyinatı meyvə-tərəvəz
anqarı kimi fəaliyyətə başlayacaq bir məkanı
kinopavilyona çevirmək! Çox
şükür ki, əziyyətim yerdə qalmadı. Əvvəl "LaçınFilm" adını təklif
etsəm də, hər müəssisəyə Laçın
adının qoyulması məni yeni ad tapmağa vadar etdi.
Beləliklə, Laçın şəhərinə
yaraşıq verən, Laçının əsas
simvollarından olan, Qarabağ müharibəsinin ən sərt
döyüşlərinin getdiyi, çox strateji əhəmiyyətə
malik, nəhayət öz dədə-baba kəndim olan
Hoçaz dağından, Hoçaz qayasından adını
götürdüyüm Hoçaz sözünü film
sözü ilə birləşdirməli oldum -
"HoçazFilm"! Cənab Prezident Laçın şəhəri
günündə "HoçazFilm"də
açılışda iştirak edəndə Bünyad
müəllim Hoçaz sözünün adının mənasını
söyləmək istəyəndə, o, kəndi
tanıdığını, Hoçazsu çayının Həkərinin
əsas qollarından biri olmasını dedi, hətta əlavə
elədi ki, 20-ci illərin xəritəsində Həkəri
çayının adı Hoçazsu çayı keçir.
- Kinostudiyanın hansı özəllikləri
var və kinomuza necə bir praktik fayda verəcək?
- Ermənistanın Gorus rayonu, Dığ (Tex) kəndi ilə
üzbəüz olan Laçın şəhərində belə
bir pavilyonun qurulmağı təsadüf deyil. Biz təkcə
kino yox, həmçinin bu regiondakı işğaldan əvvəlki
və işğaldan sonrakı salnaməni formalaşdırmaq
niyyətindəyik. Yüz il sonra
bizim çəkdiyimiz kadrlara baxan insanlar buranın necə cənnətə
çevrildiyinin şahidi olsunlar. İşğal
dövrünü əks etdirən sökük, talan
olunmuş evləri kameraya çəkmək istəyirəm.
Bunlar hamısı düşmənin xarakterini
açan dəlil-sübutdur. Bu mənada
"Hoçazfilm"in öhdəsinə böyük məsuliyyət
düşür. Min kvadratmetr sahəsi olan
pavilyonumuzda ölkəmizin heç bir yerində olmayan dekorlar
var. Məsələn, təyyarə interyeri heç yerdə
yoxdur. Həbsxana interyeri "Azərbaycanfilm"də
var, ancaq bizdəki qədər geniş və keyfiyyətli
deyil. Bundan savayı, həm studiya
verilişlərini çəkə biləcəyimiz, həmçinin
elmi-fantastik filmlər üçün nəzərdə
tutulmuş laboratoriyamız var. Buranı asanlıqla həm
kosmik gəmiyə, həmçinin kimya laboratoriyasına
çevirmək imkanı var.
Hazırda "HoçazFilm"in saytı üzərində
çalışıram və ilin sonuna kimi bunu da təqdim edəcəyəm.
Hochazfilm.az saytından müştərilərimiz
asanlıqla hər bir dekoru girib müəyyən bir qiymət
və saat ərzində bron etmək imkanı qazanacaqlar.
Əsas özəlliyimiz ondan ibarətdir ki,
çəkiliş məqsədi ilə regiona gələn hər
hansı çəkiliş komandasına paket şəklində
öz imkanlarımızı təklif edəcəyik.
Paketə kompakt yerləşmək üçün
"Hoçaz Hotel" xidməti, qidalanmaq üçün
"Hoçaz Catering" xidməti, interyer çəkilişləri
üçün "HoçazFilm" pavilyonu daxildir.
- Kino adamlarıyla söhbətlərimizdə
ölkənin müxtəlif bölgələrində
kinopavilyonların, studiyaların qurulmasının vacibliyindən
danışırıq. Məsələn,
Naxçıvanın kino üçün əla naturası
var, xüsusən tarixi, mistik filmlər üçün. Necə
fikirləşirsən, kinostudiyaları ölkəmizin
hansı bölgələrində qurmaq daha əlverişlidir?
-
Laçının relyefi çox kinematoqrafikdir. Laçın bir şəhər olaraq sanki göy
üzündə yerləşir. Elə
bil, əlini qaldırsan səmaya toxunacaqsan kimi gəlir adama.
Kinorejissor Həsən Seyidbəyli
Laçında çox olub. Hətta səhv
etmirəmsə, bir almanax filminin bir hissəsini də
Laçında çəkib. Onun
haqqında şəxsən atamdan, digər Laçın
ziyalılarından da çox eşitmişəm. Eldar
Quliyev "Gümüşgöl əfsanəsi"ni Laçında Qara göldə çəkmək
istəyirmiş. Qara göl dağların
başında üzük qaşı kimi görsənir.
Amma film komandasının çətin şəraitdə
necə məskunlaşması, ağır texnikanın
daşınması kimi çətinliklər ucbatından
Eldar müəllim çəkilişləri
Naxçıvanda Arpaçay su anbarında etməli olur.
Düşünürəm ki, Aran
rayonlarımızın birində, Mingəçevirdə, Lənkəranda
və Qubada da kinopavilyon qurmaq olar. Eşitdiyimə
görə, Şamaxıda var artıq. Bu
da Bakıya yaxın olmaq cəhətdən çox əlverişlidir.
Həm relyefinə görə, həm mədəni-iqtisadi
rayon xarakterinə görə ölkəmizin hər tərəfində
kinopavilyonların olması həmin regiondakı kinoteatr şəbəkəsinin
yaranmasını aktivləşdirəcək.
- Yanılmıramsa,
"HoçazFilm" eyni zamanda xarici kinoşirkətlərə
burada çəkiliş apardıqları zaman xidmət göstərməyi də nəzərdə
tutur. Azərbaycanda bir neçə
ildir ki, xarici kinoşirkətləri ölkəmizə cəlb
etmək, burada çəkilişlər aparmaları
üçün çalışan "Filming Azərbaycan"
fəaliyyət göstərir. Bu qurumla əlaqəniz varmı? Və ya onlar
sizin iş prosesinizə müdaxilə edə bilərmi?
- Biz
özəl şirkətik. Bunu cənab Prezident
"HoçazFilm"in açılışında məndən
soruşmuşdu. Mən özəl
şirkət deyəndə cənab Prezidentin buna müsbət
reaksiya verdiyinin şahidi olmuşdum. Çünki
bizim prioritetimiz dövlətin bizə yaratdığı
gözəl şəraitdən düzgün istifadə edərək,
öz ayaqlarımız üstündə durmağı
bacarmaqdır. Məncə, bu mənada
özəl teatrlar, özəl kinostudiyalar mütləq
çoxalmalıdır. Dediyiniz şirkət
iki dəfə mənimlə əlaqə saxlasa da, sonradan necə
oldusa, əlaqələrimiz kəsildi. Onu
da deyim ki, "HoçazFilm"in xidmət sahələri
içərisində "Filming Karabagh" deyə bir
perspektivimiz var. Bələdçi qismində yerli və xarici
kinoşirkətlərə xidmət etmək fikrindəyik.
Hələ ki bu sistem fəaliyyət göstərmir.
Ancaq hazırda onu qurmaq üzərində
çalışıram.
- Laçın ölkəmizin ən
gözəl bölgələrindəndir.
Paylaşdığın foto və videolardan görürəm
ki, burada hər yer Vim Vendersin təbiriylə desək, təmiz
kino kadrının bol olduğu məkandır. Bu məkanlar
hansı janrda, ovqatda filmlər üçün əlverişlidir?
- İzmirdə EgeArt Sənət günləri çərçivəsində "Qarabağ şəhidlərinə vəfa" adlı sərgim baş tutdu. İlk dəfə idi ki, sərgim olurdu. Fəxr edirdim ki, öz şəhərimi başqa bir ölkənin şəhərində təqdim edirəm. Şəhərin bələdiyyə başqanına, Ege Universitetinin rektoruna, rektor yardımçısına, universitetin akademiklərinə, tələbələrinə Laçın haqqında danışmaq möhtəşəm bir zövq verirdi mənə. Laçının həqiqətən hər yeri gözəldir. Hər evin öz xüsusi panoraması var. Məsələn, mən demək olar hər gün evimizin eyvanından buludların rəqsini izləyirəm. Ona görə telefon əlimdən düşmür, telefonumun yaddaşı tez dolur, çəkdiklərimi hard diskə köçürürəm tez-tez. Ancaq Laçın dağlarını şəkillərdə görüb hiss etmək olmur. Gərək canlı görəsən. Boz dağları fotoda görəndə elə də cəlb etmir, reallıqda isə dağın tərkibi tamamən qayadan-daşdan ibarətdir. İnsan fiqurlarına bənzəyən dağın-daşın möhtəşəmliyi, səmanın genişliyi, dağın-qayanın üzərində bitən qoca arduc ağacları, qırmızı kitaba düşən akasiyanın bolluğu, Həkərinin aşıb-daşan gur sulu məcrası, ilan kimi qıvrılan əsas yollar Laçını daha da kinematoqrafik şəkilə salır. Laçından həqiqətən də inanılmaz bir enerji alıram. Bakıya gələn kimi Laçın üçün darıxıram. Laçında inanılmaz dejavülər yaşayıram. İlk dəfə gördüyüm yerləri sanki çoxdan görmüşəm və çoxdan burda yaşayırmışam kimi tanış gəlir. Bir sözlə, bundan sonra inanmıram ki, filmlər üçün məkan axtarışına çıxım. Ən sevdiyin rejissorlardan olan Abbas Kiarostaminin demək olar bütün məkanlarının kopyasını artıqlamasıyla Laçında tapa bilərəm. Çay, göl, dağ, qaya, düzənlik, dərinliyi olan perspektivi görsənən yollar, tək ağaclı ətəklər, çəmənlik, dizə çıxan güllük gülüstanlıq və s. Laçın daha çox tarixi filmlərin, ciddi sənət filmlərinin, təbiətlə bağlı sənədli filmlərin əsl məskənidir.
- Sən
Laçında qısa müddətdə kino şöbəsinin
sabiq rəbərliyindən daha çox iş görə
bildin. Amma ən əsas məsələ istehsalatdır. Bu mənada
planda nələr var?
- Artıq üç ilə yaxındır
üzərində çalışdığım
"Arılar və qəbirlər" filmini çəkməyi
planlaşdırıram. Mən həmin ssenarini yazanda
Laçını görməmişdim. Paralel olaraq Xosrov bəy
Sultanov haqqında "Qarabağ qubernatoru" adlı bədi-sənədli
filmi bu ilin sonuna kimi təqdim edəcəyəm. Ancaq bu
studiyada təkcə mən film çəkməməliyəm.
Çalışacağam ki, "HoçazFilm"
hamının, xüsusilə gənc rejissorların, ssenaristlərin
üzünə açıq olsun.
- Müharibədən sonra dövlətimizin
prioritetlərindən biri ermənilərlə birgəyaşayışdır.
Bir qarabağlı, onların
başladığı müharibədən zərərçəkən
kimi qarşı tərəflə müştərək film
çəkməyə özünü hazır bilirsənmi?
Və səncə, bu, necə bir hekayə ola bilər?
-
Müharibədən sonra Smolensk və Minskdə keçirilən
"Avrasia.DOC" sənədli film festivalında iştirak
edirdim. Festivalda iştirak edən erməni rejissor Edo
Sarqsyanın qardaşının İkinci Qarabağ müharibəsində
öldüyünü öyrəndim. Həmin günün axşamı
yemək zamanı onunla qısa söhbət etdim. Ona
Qarabağdan olduğumu və Birinci Qarabağ müharibəsində
eyni gündə atamın əmisi oğlanlarının şəhid
olmasını söylədim. Həmin rejissor kosmopolit
düşüncəli olduğu üçün
gördüm ki, sözlərimiz üst-üstə
düşür. O, Qarabağın ermənilərin
olmadığını deməkdən çəkinmədi və
qardaşının siyasətin qurbanı olduğunu etiraf
etdi. Mənə dedi ki, gələcəkdə mütləq
bir gün sülh olacaq və o zaman istəsən, mənə
yazarsan və müştərək bir film çəkərik.
Sonra əlaqə yaratmaq üçün mail
ünvanımı soruşdu. Telefonuna yazdım. Boş
mesajı mail ünvanıma göndərdi. Həmin mail
mesajımda cavabsız vəziyyətdə hələ də
durur. Bir rejissor kimi həmişə sülhün, tolerantlığın,
humanistliyin və kosmopolit dəyərləri özündə
birləşdirən sənət filmlərinin tərəfdarı
olmuşam.
525-ci qəzet 2023.- 25 noyabr, ¹ 214.- S.12.