El-obaya söykənən ömür

Bayram MƏMMƏDOV

Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Ömrün uşaqlığı çətin xatırlanır. Xatırlananları ilk baxışdan xırda görünən hadisələr bilirik. Bəs ömrün yeniyetməliyi? Yeniyetməliyin yaddaşa hopan anları, o illərin olmuşları ömrün başlanğıcıdırmı? Bu başlanğıc təkcə anlardan yaddaşlara düşən hadisələr deyil, həm də bu hadisələrin əhatələdiyi insanlardır. O insanlar o hadisələrin müəllifi olduğu üçün o anları o insanları xatırlamadan yada sala bilməzsən, buna haqqın yoxdu, günah etmiş olarsan. Ömrün gözəlliyi də belə günahlardan uzaq olmaqdadır...

Zakir Soltan oğlunu həmişə yeniyetməliyimə də, gəncliyimə də düşən işıq kimi xatırlayıram. Belə insanlara xeyirxah insan deyilib. Xeyirxahları, ömür payını ömürlərə işıq bilənləri Tanrıya bir köynək yaxın adam bilmişik. Belə adamlar üçün bəşər var, bəşərilik var, xalq var, millət var, dövlətçilik var, dövlət var. Bunları ümumiləşdirən bir müqəddəslik var - Vətən!..

Zakir Soltan oğlu 1948-ci ildə, dekabrın 1-də Zəngilan rayonun Yusiflər kəndində anadan olub. Ağayarlı kənd ibtidai məktəbini bitirdikdən sonra təhsilini Şayıflı kənd səkkizillik məktəbində davam etdirib. 1965-ci ildə Zəngilan şəhər orta məktəbini bitirib.

Azərbaycan Dövlət Universitetinə qəbul imtahanları verib, ancaq müsabiqədən keçə bilməyib. Zəngilana qayıtmayıb, istehsalata gedib, həyat dərsi ala-ala təhsil almağa qərarlı olub. Sumqayıtda 1 nömrəli trestin 12 nömrəli tikinti idarəsində əmək fəaliyyətinə başlayıb. Təhsil almaq istəyi gündüzlər xəyallarındn boy göstərib, gecələr yuxularında gecələyib. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. Axşam şöbəsinə. "Ali təhsil almaq mənim düşüncələrimdən ömür yoluma düşən cığır idi. Həm də işə alışmaqdaydım. Düşünürdüm ki, təhsil ala-ala həyatı öyrənmək, həyatı öyrənə-öyrənə dünyanı dərk etmək gərəkli olar. Belə yaşaya-yaşaya təhsil almaq insanın özünü dərki üçün də gərəkli olur. Gənclərin belə formalaşmasını həmişə alqışlamışdım. İnadkarlığım, müəyyən mənada, mətinliyim niyyətimin yolgöstərəni oldu...", - Zakir tələbə yoldaşlarına da, sonralar işlədiyi Boru Prokat zavodunda, leytenant Şmidt adına zavodda fəhlə yoldaşlarına da belə deyərdi. Tələbələr fəhlə Zakir İbrahimovu, fəhlələr tələbə Zakir İbrahimovu belə sevirdilər; Zakir Soltan oğlu səmimi idi, xeyirxah idi, dostluğu yaşatmağı bacarırdı, işini sevirdi...

Diplom işini əla qiymətlə müdafiə etdi. Ali təhsilini yaxşı və əla qiymətlərlə tamamlayıb 1974-cü ildə Zəngilana qayıtdı.

İşıq həmişə görünür. "Gur işıq göz çəkən olur", - deyiblər.

Zakir İbrahimov Şayıflı kənd orta məktəbində tarix müəllimi, direktor müavini, direktor işləyib. Sevgilərlə işləyib. Şagirdlərini sevirdi, məktəbi sevirdi, müəllim peşəsini sevirdi, el-elatı sevirdi, xalqını sevirdi. Belə sevgilər dönməz olur. Bu dönməz sevgi Zakir müəllimi sevdirə bildi - şagirdləri sevdi, məktəb sevdi, el-elat sevdi, xalq sevdi.

Zakir İbrahimovun pedaqoji fəaliyyəti (bu fəaliyyət məharət formatında idi) bəyənilirdi. Rayon maarifyanı şurada onun təcrübəsi hərtərəfli müzakirə edilmişdi (təqdir edilməyən təcrübə müzakirəyə cəlb edilməzdi).

Zakir müəllim el kəlamlarına da yaxşı bələd idi, el deyimlərinə də. El-elat fəlsəfəsini ən dürüst öyrətmə metodologiyası bilirdi. "Elin min illərlə yaşatdığına istinad edənlər heç zaman məğmun qalmaz. Müəllimlikdə də belədir. Hələ məktəb, oxumaq olmayan dövrlərdə el biliciləri yeniyetmələrə, ca-vanlara öyrədiləsi bilikləri belə öyrədirdilər - el-oba üsullarıyla. Bu fəlsəfəyə bələd olmadan yaxşı müəllim olmaq mümkün deyil"; Zakir müəllim yaxşı müəllim idi, yaxşı müəllim kimi tanınırdı, yaxşı müəllim kimi sevilirdi...

Məktəbə rəhbərlik etdiyi doqquz ilə yaxın müddətdə təcrübəli pedaqoji kollektivin birgə səyi, onun ciddi tələbkarlığı sayəsində məktəbi bitirən şagirdlərin böyük əksəriyyəti təhsildə yüksək nəticələrə nail olaraq Aərbaycanın və digər respublikaların ali məktəblərinə qəbul olunublar.

Müəllimlik ustadlıqdır, pedaqoji proses də ustadlaşmadır. Zakir İbrahimov Azərbaycan maarifinə, pedaqoji irsə, tanınmış pedaqoqların iş üslubuna bələd idi. Bu bələdlik onun müəllim kimi, pedaqoq kimi püxtələşməsində vəsilə olmuşdu. O, həm də partiya siyasi təhsili sistemində təbliğatçı müəllim və təşviqatçı kimi tanınırdı. Zakir müəllim rayon maarifyanı şurasının üzvü kimi məktəb direktorları, o cümlədən, rayonun pedaqoji kollektivləri arasında böyük nüfuz qazanmışdı. 1974-cü ildən 1989-cu ilədək partiya siyasi təhsili sistemində təbliğatçı müəllim və təşviqatçı kimi həmişə nümunə olub. Dəfələrlə rayon partiya komitəsinin "Fəxri fərman"ları ilə təltif edilib.

Atalar sözləri min illərin keşməkeşlərindən keçib: "Sən balığı at dəryaya, balıq bilməsə də, xaliq bilər". Nə xoş ki, hər gözəl əməl diqqəti çəkə, hər yaxşı işə dəyər verilə.

Zakir İbrahimov 1988-ci noyabrın 1-də Zəngilan rayon Əhalinin işə düzəlmə bürosunun müdiri vəzifəsinə irəli çəkilib. Məktəbdən, pedaqoji prosesdən ayrılmaq istəməsə də, yox deyə bilməyib (o vaxtlarda bütün təkliflər "partiya belə məsləhət görür" kimi deyildiyindən, etiraz etmək problemlər (siyasi problemlər!) yarada bilərdi. 1989-cu ilin iyununa kimi bu vəzifədə işlədi. 1989-cu ilin iyunundan 1991-ci ilin dekabrınadək Zəngilan rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin (XDS İK) təşkilat şöbə müdiri və sədri vəzifələrində işlədi...

Zakir İbrahimov Zəngilan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri idi. 1991-ci il iyulun 13-də təsadüfən şəhərin mərkəzində hərbi komissarlığın  yanında qarşılaşdıq. Xarakterinə bələd olduğun, ehtiramlarınla əhatələnən tanıdığın adamla görüşmək adama xoş ovqat verir. Görüşdük. Hal-əhval tutduq. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda ali siyası təhsilimi fərqlənmə diplomu ilə bitirdiyimi biləndə sevindı. Bildirdi ki, rayon XDS İK-yə əlavə sədr müavini ştatı verilməlidir. Ştat təsdiq edilən kimi bu vəzifəyə sənin zəmanətini verəcəm. Ehtiyatda olan zabitsən, vətənpərvərsən, ünsiyyət yaratmağı da bacarırsan, inandırmağı da. Sənin təyin edilməyin ən gerçək qərar olardı. Ədalət naminə ən gerçək qərar.

İki həftədən sonra zəng edib məni qəbul etdi və avqustun 1-də XDS İK-in sədr müavini vəzifəsinə təyin edildim (sözübütöv adam deyirik. Zakir müəllim bu ifadənin gerçəklik ünvanıdır).

...1991-ci il noyabrın 10-da Zəngilan rayon ərazi özünü-müdafiə taborunun - 806 nömrəli hərbi hissənin komandiri təyin edildim. Taborun komplektləşdirilməsi üçün qısa müddətdə bütün təşkilatı tədbirlər görüldü. Bankda açılan hesaba pul köçürüldü. 144 saylı texniki-peşə məktəbinin binası və ərazisi tabora verildi. Sərhəd kəndlərində müdafiə səngərlərinin (sisteminin) qurulması, manqa, taqım və bölüklərin fəaliyyəti üçün yerlərin ayrılması, rayonun sərhəd kəndlərində yerləşdirilən sabiq SSRİ-nin hərbi hissələrinin çıxarılması, onların maddi-texniki bazasının taborun sərəncamında saxlanılması, silah-sursatlarının, zirehi texnikalarının aparılmasına imkan verilməməsi məhz Zakir İbrahimovun səyi, yuxarı təşkilatların əmr və sərəncamlarına məhəl qoymamasının nəticəsində oldu. Bütün mümkün imkanlardan istifadə olunmasını təmin etdi; vətənpərvər idi, idarəetmə bacarığı vardı, yuxarıları da inandıra bilirdi, aşağıları da, şəxsi nümunəsi bütün gərginliklərin aradan qaldırılmasında əhəmiyyətli olurdu...

Kimlərsə şəraitin ağırlığını, düşmənin törədə biləcəyi təxribatları ya dərk etmirdi, ya da nələrə görəsə dərk etmək istəmirdi. Belə olan halda onlar Vətən naminə görülən işləri dəyərləndirə bilərdilərmi? Yox, dəyərləndirə bilməzdilər. Dəyərləndirə bilmədiklərinə görə də bu miqyasda vətənpərvərliyi başqa səmtə yozmağa çalışır, rayon ərazi özünümüdafiə taborunun yaradılması və formalaşması üçün açıq-açığına manelər yaradır, orta məktəblərdə və əhalidə olan silahların yığılması üçün qeyd edilməsi mümkün olmayan təxribata meyl göstərirdilər. Buna baxmayaraq, Zakir İbrahimov öz səlahiyyətlərindən istifadə edərək rayonun müdafiə sisteminin yaradılması üçün hər şeyi etdi. Zaman onun nə qədər haqlı, nə qədər prinsipial fəaliyyət göstərdiyini təsdiqlədi.

Zakir İbrahimov 1991-ci il dekabrın 1-dən 1993-cü il fevralın 27-dək rayon soveti sədrinin müavini kimi fəaliyyətini davam etdirdi.

Zəngilan işğal edildi. O günlərin mənəvi ağırlığını hər bir zəngilanlı ilə birlikdə Zakir Soltan oğlu İbrahimov da yaşayırdı. "1993-cü ilin 29 oktyabrı ömrümün ən ağrılı günü olub. Camaatın köçünü görəndə qəlbim göynəyirdi. Hamı köçməyə, Arazı keçməyə məcbur idi. Naməlumluğa üz tutanlara təsəlli olası nə deyəydik, nə?..", - Zakir İbrahimov 2020-ci ilin 18 oktyabrına kimi belə deyirdi...

1993-cü ilin fevralından 1995-ci il dekabrın 19-dək (ləğv edilənədək) rayon sovetinin sədri olan Zakir İbrahimov gərdişin dolaşığının açılacağına, torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırdı...

1996-cı ilin yanvarından 2002-ci il  iyunun 27-dək isə Zəngilan rayon İcra Hakimiyyətinin referenti və böyük referenti vəzifələrində çalışdı. Sonra təhsil şöbəsinin müdiri vəzifəsinə tövsiyə edildi və  2017-ci ilin dekabrınadək (təqaüdə çıxana kimi) bu vəzifədə layiqincə işlədi.

Təhsil şöbəsinə rəhbərlik etdiyi illərdə müəllimlərin fəallığı və məsuliyyətinin yüksəldilməsi sayəsində orta məktəbi bitirənlərin əksəriyyəti yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul oldular. Rayonun yeddi müəllimi "Əməkdar müəllim" fəxri adına layiq görüldü, dörd nəfər "Tərəqqi" medalı ilə təltif edildi. İki müəllim isə "Qabaqçıl təhsil işçisi" adına layiq görüldü. Zəngilandan ali məktəblərə qəbul edilən gənclər topladıqları yüksək bala görə rayon respublikada ilk 10 yeri tutanların sırasında oldu. Əlavə olaraq, ingilis dili fənni üzrə isə birinci yeri tutmuşdu. Ayrı-ayrı məktəblərin şagirdləri fənn olimpiadalarında və müsabiqələrdə yüksək nəticələrə görə qaliblər sırasında oldular.

Zakir İbrahimovun doğma Zəngilanda 40 ildən artıq böyük fəaliyyəti onun ömürlüyüdü. Həm də bu ömürlük qibtə ediləsi ömürlükdü. Minlərin ömründə bu ömürün işığı var. Ən böyük mükafatı el sevgisi olan Zakir Soltan oğlunu zəngilanlılar xeyirxahlığına, səmimiliyinə, qayğıkeşliyinə görə heç zaman unutmayıb, unutmayacaq.

Zakir müəllim duru ömür yaşayır. 75-in işığında yaşanılan bu ömür Yusiflər  kəndinə söykənir, Zəngilana söykənir, el-obaya söykənir...

525-ci qəzet .- 2023.- 28 noyabr, ¹ 215.- S.15.