Qələbən
mübarək, şəhidim!
Vətənpərvərliyin ən ali məqamı
şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər və qeyrət simvoludur. Gənc ömrünü doğma vətəninə calayan, haqqın dərgahına ucalan hər bir şəhid bizə doğmadır.
Müqəddəs vətəndə uyuyan hər bir şəhidimizin öz ünvanı, öz taleyi, öz həyat hekayəsi var. Bu ucalığa
yüksələnlərin ömür
yolu qısa olsa da, şərəfli
və örnək sayılır. Belə
şərəfli ömür
sahiblərindən biri
də şəhadətindən
3 il ötən
Orxan Hüseynovdur.
Baş leytenant
Orxan Bəhmən oğlu Hüseynov 25 iyul 1991-ci ildə Bakı şəhərində
dünyaya göz açıb. Əslən Qərbi Azərbaycandan
olan Orxan orta təhsilini 146 saylı orta məktəbə alıb.
2008-ci ildə Heydər
Əliyev adına Hərbi Akademiyaya qəbul olub. 2013-cü ildə akademiyanı yüksək
fərqlənmə diplomu
ilə bitirdikdən sonra 2013-2014-cü illərdə
Müdafiə Nazirliyinin
Təlim-Tədris Mərkəzində
təkmilləşdirmə kursu keçərək
2014-cü ildə Qusar
şəhəri N saylı
hərbi hissədə
tağım komandiri kimi hərbi qulluğa başlayıb.
Xidməti ilə həmkarları və rəhbərliyinin rəğbətini
qazanan, yüksək nailiyyətlərinə görə
fəxri fərmanlarla
təltif olunan Orxan Hüseynov 2017-ci ildə Tərtər rayonunda yerləşən,
az sonra isə Yevlaxdakı N saylı hərbi hissəyə təyinat alıb və son gününə kimi burada qulluğa davam edib.
Həmin payız günü - sentyabrın 27-si Azərbaycan
tarixində yeni səhifə açıldı,
İkinci Qarabağ müharibəsi başlandı. Və həmin
payız günü baş leytenant Orxan Hüseynovun taleyinə ilk və son döyüş günü
kimi yazıldı.
Həmin bir gündə onun bir komandir kimi
nələri bacardığını
Orxanın bir özü bildi, bir də silahdaşları...
Azərbaycan Ordusunun baş leytenantı Orxan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələri
tərəfindən Ermənistan
işğalı altında
olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunması üçün başlanan
İkinci Qarabağ müharibəsində bölük
komandiri kimi iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Orxan Hüseynov 27 sentyabr 2020-ci
ildə Suqovuşanın
azad edilməsi uğrunda döyüşlərdə
- Tərtər rayonu istiqamətində döyüş
tapşırığını yerinə yetirən zaman həlak olub.
Orxan Hüseynov
hərbi anda sadiq olan, xidməti
vəzifələri və
döyüş tapşırıqlarını
vicdanla yerinə yetirən, xalqın, dövlətin marağını
öz şəxsi marağından, mənafeyindən
qat-qat üstün tutan əsl komandir idi.
Yer üzündə
baş vermiş savaşların tarixi göstərir ki, düşməni zəbt etdiyi torpaqlardan Vətənin igid oğulları qovub çıxarır. Düşməni
işğal etdiyi torpaqdan çıxaran Orxan kimi oğulların
Böyük Qələbəyə
yolu odlu-alovlu səngərlərdən, ölümün
gözünə dik baxan igidliyindən, canından-qanından, şəhidliyindən
keçib gedirdi...
Dünyaya gəlişinə bir ailə sevinmişdi. Dünyadan gedişinə
bütün Azərbaycan
xalqı kədərləndi.
Şəhadətə qovuşan
qəhrəman Orxan Hüseynov ailə üzvlərinə mükafatların
ən böyüyünü,
fəxri adların ən şərəflisini
bağışladı: Şəhid
anası, Şəhid
atası, Şəhid
qardaşı, Şəhid
yoldaşı, Şəhid
övladı... Məhz bu
şərəfli və
fəxarətli adın
işığında valideynləri,
yeganə qardaşı,
iki oğul övladı cəmiyyətdə
sayılıb-seçilən insanlar cərgəsində
yer alıb, hörmət və ehtiramla qarşılanırlar.
Bu adın işığı
onların bundan sonrakı ömür yollarını daim mayak kimi aydınladır,
bu adın əzəməti onların
hər birinə yaşamaq üçün
güc verir. Orxan Hüseynovun 2 oğul övladı - Muradı və heç üzünü görmədiyi,
onun ölümündən
sonra dünyaya gələn, adını daşıyan balaca Orxanı atalarının qəhrəmanlığını hələ yaşa dolduqca öyrənəcəklər.
Orxanı tanıyan hər kəs onun Suqovuşanda
göstərdiyi qəhrəmanlığından
danışırdı. Döyüş yoldaşları hələ
də inana bilmirdilər ki, belə bir oğul
aralarında deyil.
Onun haqqında keçmişdə
danışmaq çətindir.
Tərxis olunan əsgərlər
onun evini və qəbrini ziyarət edib, komandirləri haqda xoş xatirələrini bölüşdülər. Onların dediyinə görə, Orxan təkcə komandir deyil, dost və böyük qardaş olub. O, heç bir əsgərin haqqına girməz, heç kimin xətrinə dəyməzdi.
Lazım
gəldikdə intizamlı
və zabit əzmini də göstərə bilirdi.
Ancaq əsgərlər ondan heç vaxt incimirdilər, çünki
sərt üzünün
arxasında sadə mehriban bir insanın
varlığını bilirdilər.
Müharibənin ilk günündə onun rəhbərliyi ilə əsgərlərimiz döyüş
bölgəsində şücaət
göstərərək Suqovuşanın
azad olunmasında 12 düşmən postunu ələ keçirib. Orxan özü
isə bir neçə yaralı əsgərini minalı sahədən çıxarıb
və partlayış
nəticəsində çoxlu
sayda qəlpə yarası alaraq şəhidlik zirvəsinə
ucalıb.
Hələ sağlığında "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görülən Orxan Bəhmən oğlu Hüseynov ölümündən
sonra Azərbaycanın
ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları
ilə "Vətən
uğrunda" medalı,
3-cü dərəcəli "Vətənə xidmətə
görə" ordeni
və "Suqovuşanın
azad olunmasına görə" medalı ilə də təltif edilib.
Şəhidin adının əbədiləşdirilməsi üçün Suraxanı rayonunda bulaq xatirə-abidə kompleksi inşa olunub. Suraxanı rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyatı, keçdiyi döyüş yoluna həsr edilmiş "Savaş üçün doğulanlar" sənədli filmi ictimaiyyətə təqdim edilib. Sənədli filmin çəkilişləri Orxan Hüseynovun təhsil aldığı orta məktəbdə, ailəsində, xidmət etdiyi hərbi hissədə və döyüşdüyü - şəhadətə yüksəldiyi Suqovuşan ərazisində aparılıb.
Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək
nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu
ilə yad edəcəklər. Şəhidlərin
davamçısı varsa, xatirələri
hər yerdə anılırsa, deməli, onlar
ölməyib, ürəklərdə daim
yaşayırlar. Hər birimizin vətəndaşlıq
borcudur ki, şəhidlikləri
ilə bizə qələbə sevinci yaşadan bu
oğullarımızı daim qəlbimizdə
yaşadaq. Şəhidlər vurulanda yox, unudulanda ölür...
Ruhun şad
olsun, Orxan, öpüb and içdiyin o üçrəngli
bayrağın kölgəsində rahat uyu. Artıq bayrağımız Xankəndində,
Xocalıda və Ağdərədə də
dalğalanır. Qarabağ azaddır, bunda sənin də payın var.
Sən vəzifəni layiqincə yerinə yetirdin.
Şəhidlər ölmür, sən də
əbədi yaşayacaqsan!
Ramidə ABBASOVA
525-ci qəzet 2023.- 28 noyabr, № 215.- S.14.