Güney Azərbaycan folklorunda xalq həyatı və milli kimlik nişanələri

Esmira FUAD

(Əvvəli 2 noyabr sayımızda)

Güney mahalında şifahi xalq ədəbiyyatının bir qolu da öcəşmələr və sataşmalardır. İki nəfər arasında deyilən qafiyəli söz və cümlələrdən oluşan öcəşmə və sataşmalar Güney Azərbaycan şifahi xalq ədəbiyyatının lap çox boyalı janrlarındandır. Belə ki, öcəşmə və sataşmalarda həyatın bütün yönlərindən danışmaq mümkündür və onlar şifahi xalq ədəbiyyatının başqa qolları kimi, bütünlüklə ata-babaların irsi deyil. Yəni bu örnəklərin hamısı keçmiş dövrlərdən miras qalmayıb, hətta bəziləri günümüzdə yaranıb və el-elat arasında işlənir. Bu tip öcəşmə və sataşmalar bəzən saxlanır, bəzən də unudulub gedir. Çünki onlar işləndiyi vaxtın ehtiyacı olaraq meydana gəlir, iki adamın arasında deyilən gündəlik sözlər kimi yaranır. Demək, öcəşmə və sataşmaların janrı və çevrəsi əski çağlardan qalmış olsa da, onun danışığı və içinə aldığı terminlərin bir çoxu günümüzdə də meydana gələ bilir. Örnək olaraq, bir adam başqa bir adama öcəşmək və sataşmaq  istədikdə, yəni onu ələ salmaq fikrinə düşdükdə, öncə bir sözü ona dedizdirir. Qarşısındakının niyyətindən xəbərsiz olan həmin şəxs istənilən sözü deyir. Həmin sözün deyilməsini gözləyən bu adam da söylədiyi söz ilə qafiyələnən bir atmaca və ya öcəşməni ona deyir. Məsələn:

- Deginən badam.

- Badam.

Badam sözünün deyiləcəyini gözləyən müsahib də onun sözünə dərhal düşündüyü cavabı verir:

- Olmadın adam

Və ya

- Deginən maral.

- Maral.

- Kül kimi qaral... və ya Gül kimi saral...

Öcəşmələr, sataşmalar və atmacaların da dedizdirmə üsulu bütün bölgələrdə eyni deyil. Məsələn, bir bölgədə "deginən" şəklində işlənən söz başqa bir bölgədə "əyər dedin" söz birləşməsi kimi söylənilir. Məsələn:

- Əyər dedin çaxmaq,

- Çaxmaq.

- Sən oldun axmaq.

Öcəşmə, sataşma və atmacalarda söyüş tipli sözlər də işlənir. Söyüş anlamı daşıyan sözlər alqışlarda da işlənə bilər, dava-dalaşda və barışda, tənqid və təhqirdə, hətta öyrətmək prosesində də ola bilər.

Güney mahalının folklorunda uşaq şeirləri zaman-zaman yaranıb və bu gün də yaranmaqdadır. Şair-araşdırmaçı Aqşin Ağkəmərlinin Xamnə mahalının ağsaqqalı Əbdülkərim Mənzurinin dilindən qələmə aldığı uşaq şeiri nümunələrinin də oxucular üçün maraqlı olacağını düşünürük:

 

Sətili götür gəl bizə,

Bizdən gedax Təbrizə.

Təbriz yolu buz bağlar,

Dəstə-dəstə gül bağlar.

O gülün birin üzeydim

Tellərimə düzeydim,

Qardaşımın toyunda

Sındıra-sındıra süzeydim.

lll

Bir topum var qırmızı,

Gəl oynuyaq, əmim qızı,

Şəhərlərin içində

Çox sevərəm Təbrizi.

Sənin insafın olsa

Yalqız qoymazsan bizi...

Mənim topum yox idi,

Dərsə şöqüm çox idi.

Dərsimə yaxşı baxdım,

Məşqimi yaxşı yazdım.

Atam mənə top aldı,

Qolun boynuma saldı.

Mənə dedi: naz qızım,

Qız deyəndə öz qızım.

Bu topu vursam yerə,

 

Qalxar gedər göylərə.

Bu top ilə oynaram,

Müəllimə söylərəm...

İlgincdir ki, "Top" şeiri son çağların yaradıcılıq məhsuludur və burada müəllim-lərin öz şagirdlərinin şəxsiyyət kimi yetişmələri, gələcək həyatda, cəmiyyətdə faydalı bir insan olmaları üçün nə qədər önəmli rol oynadığı qabardılır.

İnanc şeirlərinin də Güney folklorunda özünəxas yeri var. Belə şeirləri körpə uşaqlar oxuyurlar. Çünki güneyli bacı-qardaşlarımız inanırlar ki, Tanrının yaratdığı ən saf, tərtəmiz dünyası olan uşağın dilədiyi arzu yerinə yetirilər. Kiçikyaşlı uşağın süddişləri düşəndə o dişi dama atar və böyükyaşlı uşaqlar xorla oxuyurlar:

Qarqa-qarqa, mənə diş gəti gəl,

İçində kişmiş gəti gəl,

Qarqa-qarqa diş gəti gəl...

Yaxud uşaqlar bir əşyasını itirəndə həmin şeyi axtara-axtara oxuyurlar:

Tapıl-tapıl pulun verim,

Tapılmasan çulun verim...

Danlaq da Güney folkloru nümunələri sırasındadır. Töhmət, məzəmmət, tənə anlamında işlədilən danlaq ifadələri, əslində insanlara "işini yaxşı gör, danlaq eşitmə" ismarıcıdır. Valideynlərin övladlarının gördüyü yanlış işlər, atdığı səhv addımlarla bağlı bir növ öyüd, nəsihət, giley-güzar, həm də bir can yanğısı yüklü danlaqlarında həm də gizli sevgi, məhəbbət duyulur. Xalq şairi Bəxtiyar Vahabzadə "Ana məzəmməti, ata danlağı, Ancaq məhəbbətdir, ancaq məhəbbət" misralarında da məhz bu məqamı vurğulayır.

 

Allah dağına görə qar verər.

Allah səni tanımış.

Allahın da, bəndənin də nəzərindən

düşübsən.

Gör hələ başına nələr gələcək!

Xanımın yanında yekə-yekə danışma!

Səndən alçağı kimdir?

Get tay-tuşun tap, bundan adam olmaz.

Sağ əlim sənin təpənə! Sən qırıbsan!

 

Səndə də ki utanmaq yox!

Üz deyil, ayaq daşıdır!

Get atılmağının dalınca!

Qaç get, gedə! Get sabah gəl! Qanımı qaraltma!

Oyun çıxarma, gedə! Eşşəyini sür görək!

A.Ağkəmərlinin Güney mahalının Şəbüstər, İskəmər, Əlişah və b. bölgələrindən topladığı ağız ədəbiyyatı örnəklərinin yer aldığı "Güney Azərbaycan folkloru" kitabında "Ürək yandırmalar" adı ilə verdiyi söz birləşmələri də anaların, nənələrin əzizlərinə can yanğısı ilə söylədikləri ifadələrdir: "Nənən ölsün, bala! Dərdin alım! Ağrın alım; Yazıqcığaz! Benava! Biçara! Nə korluq çəkdi balam! Haqqı necə itdi! Yazıq canıva qurban! Ax, heyvan bala! Balamın əməyi zal oldu! Yazıq heç bir dünyanın ləzzətini bilmədi! Aman fələk! Ay vəfasız dünya! Calalıva şükür! Evin yıxılsın, fələk!"

Güney folklorunda qorxuducu, hədə-qorxu ifadə edən sözlər də ayrıca olaraq təqdim edilir: "Danışsan, dilini kəsərəm! Dəryaya susuz aparıb, susuz gətirrəm! Evinə od vurram! Dilini yandırram! Görərsən, tələsmə, çörəyini kəsərəm, döz! Gözünü çıxardaram! Nənəni ağlar qoyaram! Vallah, enin, boyun bir elərəm! Qulaqların divara mıxlaram! Vurram eşşək sudan gəlincə! Dilini kəsərəm! Diri-diri udaram! Get əlindən gələni əsirgəmə! Gedə, mənim çörəyim sənin əlindədir?! Məgər mənim çörəyim sənnən çıxır?! Get hansı böyükdür, çal başına!"

Düzgülər Güney Azərbaycanda yaranmış uşaq folklorunun bir qoludur. Güney uşaq folklorunun Düzgülər qolunu oluşduran örnəklərdən, özəlliklə nəğmə-düzgü, acıtma, zarafatyana sözlər, sanamalar daha zəngin məzmun motivi və heca şəkilləri ilə diqqət çəkir. Əksər uşaq nəğmələri digər folklor mətnlərinə nisbətən Güney mahalında daha çox qorunub və daha geniş alanda yayılıb. Çünki Güneydə Azərbaycan türkcəsi, türkcə çap olunmuş kitablar qadağan olunduğundan və ana dilində dərslik və dərs vəsaitləri yayınlanmadığından keçən əsrdə baba və nənələr, ata və analar sanki canlı kitab olmuş, sinədəftər nənələr sevimli nəvələrinə, analar öz balalarına müxtəlif nağıl, dastan, əfsanə, rəvayət, bayatı, layla, oxşama, nazlama, bir sözlə, bir çox folklor janrında uluların yaratdığı söz boxçasından örnəkləri söyləyərək onları təbiət, cəmiyyət, inanc dünyası və əsrlərdən bəri xalqın təfəkküründən süzülüb formalaşmış müdriklik səltənəti ilə yaxından tanış etmiş, onların sağlam ruhda böyüməsi, ana dilini-doğma türkcəni unutmaması qayğısına qalmışlar. Folklorşünas dosent Mətanət Abbasova yazır ki, "xalq məişətinin ayrılmaz tərkib hissəsi olan bu mətnlərdən "A teşti", "Kəsibdi", "Üşüdüm, ha üşüdüm", "A həpsənə, həpsənə" və sair adlı düzgülər Təbriz, Urmiya, Zəncan ərazi folklorundan müxtəlif variantlarda toplanıb. Uşaq nəğmələrindən oyun iştirakçılarının adları, ümumiyyətlə, şəxs adları üzərində qurulan "Fatma", "Həlimə", "Zübeydə", "Nərgiz", Mərziyyə" və sair acıtmalar bölgə materiallarında daha çox müşahidə olunur. Quruluşca dörd və yeddi hecadan ibarət olan bu mətnlər 3, 4 misralıq ölçüdə xüsusilə geniş yayılıb..."

Primitiv şəkildə olsa da, düzgülərin hər biri müəyyən məzmuna malikdir və dil açmaqda olan körpələrin, kiçikyaşlı uşaqların dilinin inkişaf etməsində, hızlı danışıq tempini mənimsəməsində böyük rolu var. Düzgülərin daha əvvəllərdə - alliterasiyalı poeziyanın meydana gəldiyi dövrlərdə yarandığını ehtimal edənlər var. Son vaxtlar düzgülər "Təkərləmə" adı ilə də təqdim olunur.

Güney Azərbaycanın Şəbüstər mahalında xalq yaradıcılığına bələd olan Əbdüləli Mücazinin dilindən yazıya alınmış "Üşüdüm, ha üşüdüm" düzgü // təkərləməsi Quzey və Güney Azərbaycanda mövcud olan digər variantlardan fərqlənir:

 

Üşüdüm ha üşüdüm,

Dağdan alma daşıdım.

Almacığı aldılar,

Məni zülmə saldılar.

Mən zülmdən bezaram,

Dərin quyu qazaram...

Urman qalası daşdan,

Elim gəlir o başdan.

Elim gəlir sel kimi,

At üstündə yel kimi.

Atları da kəhərdi,

Hazırlanmış yəhərdi.

Yəhərlənib gəlmağa,

Öz həqqini almağa.

Həqq qapısı bağlıdı,

"Aslan" üzü dağlıdı...

Dağlıyam, a dağlıyam,

Mən elimə bağlıyam,

Elim mənim oyaxdı,

Tanrı ona dayaxdı.

Kilid elin əlində,

Qıfılca var dilində.

Qıfılcanı açarlar,

Gül siminə saçarlar.

Düzgünün, xüsusən, son misralarından acı bir gerçək boylanır. Folklor örnəyini düzüb-qoşan güneyli söz adamı sinəm dağlıdı, ancaq mən elimə-obama və qıfıllı-bağlı-qadağan olunmuş ana dilimə candan-qandan bağlıyam deyir. Ancaq o, ümidsiz deyil, eli-ulusu fil qulağında yatmayıb, hər an oyaqdır və qıfılın açarı da elin əlindədi, Tanrı isə onun dayağıdı. Bu dayağın və elin mücadiləsinin sonucunda gec-tez qıfıl açılacaq, xalq öz haqqına qovuşacaq...

 

Həpsənə, ay həpsənə,

Həpsənə bir quş idi,

Bağçaya qonmuş idi.

Bəy oğlu görmüş idi,

Bəy oğlunnan bezaram,

 

Kətan köynəh yazaram.

Kətan köynəh mil-mili,

Gəl oxu bizim dili,

Bizim dil Urmu dili.

Bu düzgü, uşaq şeir örnəyi olsa da, düzgüçü "Həpsənə, ay həpsənə"nin mahiyyətinə milli məsələni də qatır. Güneyin Ana dili məsələsini ədəbi müstəviyə gətirir və "Gəl oxu bizim dili,  bizim dil Urmu dili", - deyir. Elin və Ana dilinin problemlərini çözmək üçün mövzunu uşağın dərk edəcəyi, anlayacağı sadə söz və kəlmələrlə ifadə edir. Ola bilsin, ana dili ilə bağlı bu taleyüklü məsələlər əski çağlardan yaranmış bu düzgülərə keçən əsrdə əlavə olunub.

(Ardı var)

525-ci qəzet .- 2023.- 28 noyabr, №214.- S.13.