Sözə, mətbuata
həsr olunan ömür
TANINMIŞ
JURNALİST ETİBAR ƏHƏDOVUN 75 YAŞINA
Sevda ƏLİBƏYLİ,
"Söz" jurnalının baş redaktoru
Azərbaycan Dövlət Universitetinin
(hazırkı Bakı
Dövlət Universiteti-red.)
jurnalistika fakültəsini
bitirməyimlə bu gün də fəxarət duyuram. Amma təcrübə
məktəbini Lənkəranda
şair-dramaturq, publisist
Şəkər Aslanın
"akademiya"sında keçməyimlə
daha çox fəxr edirəm. Ciddi, tələbkar, qayğıkeş,
işgüzar, sağlam
rəqabətli rəhbərliyə
və kollektivə malik "akademiya"ya düşmüşdüm. "Akademiya"nın müəllimlərindən biri
Etibar Əhədov idi. İşə qəbul olunduğum
1 fevral 1983-cü ilə
qədər yazılarını
yerli və respublika mətbuatından
oxumuşdum. Lakin
həmin gün şəxsən tanış
oldum. Bu gün
həmin tanışlıqdan
40 ildən artıq vaxt ötür. Fevral ayının şaxtalı
qış günü
bütün aydınlığıyla
yadımdadır. Şaxtalı
qış axşamının
günəşli səhəri...
Nazik buzları sındıraraq
işə gedirdim.
Arzularımın, xəyallarımın ünvanı olan redaksiyaya. O zaman hər rayonda bir qəzet vardı. "Redaksiya"
deyəndə yerli qəzetin məkanı nəzərdə tutulurdu.
Düz 10 il
yerli qəzetdə çalışdım. Bu gün də özümü o doğma
qəzetin, unudulmaz kollektivin yetirməsi sayıram və hacı Etibar Əhədovun 75 illiyinə
bu yazını yazanda özümü o zamanın içində sanıram. 40 il öncə tanış olduğum Etibar Əhədov o zaman 35 yaşında imiş. Amma mənim nəzərimdə
müdrik, ağsaqqal bir şəxs idi. Şəkər müəllim məni
Etibar Əhədovla bir otaqda otuzdurdu.
Etibar müəllim məsul katib idi. Qəzetçilər yaxşı bilir
ki, məsul katib bu gün
də qəzetdə aparıcı simadır.
Redaksiyayla mətbəə arasında bir növ vasitəçi, körpüdür.
Şəkər müəllimin redaktor
olaraq bir tələbi vardı: hər gün yazı yazmaya bilərsən. Amma hər gün
nəsə oxuyub öyrənməlisən. Mən də ötən illərin komplektlərini açıb böyük həvəs və maraqla oxuyurdum. Ürəyimdə yaxşı
mənada "kaş mən də belə yaza biləydim" həsəd
dolu yazmaq həvəsi, yazmaq arzusu... O zaman qəzetin əsas simalarından olan Əyyub Rzayevin, Qüdrət Cəfərovun,
Barat Kərimovun, Xudaverdi
Cavadovun, Kamal Rəhmanovun yazılarını
da sevərək oxuyurdum. Lakin Etibar Əhədovun
yazıları daha çox maraq dairəmdə idi.
Etibar Əhədov
barmaqla sayılası
jurnalistlərdəndir ki,
peşəsinə sədaqətlə
xidmət edir. Əmək fəaliyyətinin
tarixi yarım əsrdən artıqdır.
Respublikamızın cənub bölgəsində
müstəqil mətbuatımızın
ilk yaradıcılarından biridir. Lənkəranda müasir
jurnalistika məktəbinin
təməlini qoyan istedadlı jurnalist, tanınmış publisist,
tədqiqatçı, Prezident
mükafatçısı Etibar
Əhədov 52 ildir ki, əlində qələm peşəkar
jurnalistikada çalışır.
31 ildən bəri
qəzet redaktorudur.
Etibar Əliağa oğlu Əhədov 1948-ci il noyabrın 22-də
Lənkəran rayonunun
Vilvan kəndində anadan olub. Əmək fəaliyyətinə
kəndlərindəki təsərrüfatda
fəhlə işləməklə
başlayıb. Hərbi xidmətdən
sonra, 1976-cı ildə
Azərbaycan Dövlət
Universitetinin jurnalistika
fakültəsini, 1986-cı ildə Moskvada Ümumittifaq Jurnalistika Sənətkarlığı İnstitutunun
ixtisasartırma kursunu
bitirib.
Müxtəlif illərdə Lənkəran
radio verilişləri redaksiyasının
redaktoru (1971-1977), "Lənkəran"
qəzetinin məsul katibi (1978-1990), redaktor müavini (1990-1992), qəzetin
redaktoru (1992-1993), "Lənkəranın
səsi" müstəqil
ictimai-siyasi qəzetinin
baş redaktoru
(1992-1995), eyni zamanda
"Günay" qəzetinin
bölgə müxbiri
(1994-1999), 20 il müddətində
Lənkəran Dövlət
Universiteti mətbuat xidmətinin rəhbəri
işləyib.
1995-ci ildən "Aşkarlıq"
qəzetinin təsisçisi
və baş redaktorudur. Qəzetin 25 illiyi rayon səviyyəsində
geniş qeyd olunub.
"Tikan" adlı
ilk yazısı 1962-ci ildə
- 6-cı sinifdə oxuyarkən
"Azərbaycan pioneri"
qəzetində çap
olunub.
Lənkəranın iqtisadi, sosial-siyasi və mədəni həyatına
aid saysız-hesabsız oçerk
və publisistik yazıları təkcə
Azərbaycanda deyil, həmçinin MDB respublikalarının
müxtəlif mətbuat
orqanlarında, o cümlədən,
Moskvada çıxan
"Pravda", "İzvestiya",
"Trud", "Selskaya
jizn", "Qlasnost"
qəzetlərində, "Oqonyok", "Sovetskaya jizn" jurnallarında çap olunub. Müxtəlif şəxsiyyətlər və dövlət xadimləri, o cümlədən,
Naxçıvanın Nehrəm
kəndinin tarixi-etnoqrafiyası,
Lənkəranın, həmçinin
rayonun ayrı-ayrı
kəndlərinin tarixi
haqqında 60-a yaxın
kitabı işıq üzü görüb.
50, 60 və 70 illik yubileyləri Lənkəranda,
o cümlədən, Lənkəran
Dövlət Universitetində,
Yazıçılar Birliyi
Lənkəran bölməsində,
doğulub boya-başa
çatdığı Vilvan
kəndində və sair yerlərdə keçirilib.
Hacı Etibar Əhədovun "Lənkəranda bir ev var" adlı
ilk kitabı 1989-cu ildə
"Yazıçı" nəşriyyatında çap
olunub. Bu kitaba
Lənkəranın tarixinin
bəzi məqamları,
onun ictimai-siyasi həyatında fəal iştirak etmiş müxtəlif taleli insanlar haqqında oçerklər, sənədli
hekayə və sənədli povestlər daxil edilib. Lənkəranın tarixinə,
folkloruna, etnoqrafiyasına
həsr etdiyi "Lənkəran boğçası"
kitabı "İşıq"
nəşriyyatında 10 min tirajla çap olunub. Sosialist Əməyi Qəhrəmanı,
ictimai-siyasi və dövlət xadimi İsa Məmmədovun həyat və fəaliyyətini əks etdirən "Dəyərli
ömrün Lənkəran
səhifəsi" kitabı
tarixi baxımdan qiymətlidir. Burada Lənkəranın 1970-1981-ci illər dövrü bütün sahələrı
üzrə öz əksini tapıb. Tarixçilər Etibar Əhədovun
rayonun səhiyyə, mədəniyyət, hərbi-vətənpərvərlik,
maliyyə, rabitə tariximizə həsr etdiyi kitablarını Lənkəranın salnaməsi
adlandırırlar.
Uzun illərdir
ki, o, "Molla Nəsrəddin" jurnalının
Lənkəran müxbirləri
ilə bağlı elmi araşdırmalar aparır. Araşdırmaları
hələ tələbə
ikən Azərbaycan Dövlət Universitetinin
"Jurnalistika", "Elm və həyat" jurnallarında, sonralar Lənkəran Dövlət
Universitetinin "Xəbərlər"
bülletendə və
digər mətbuat orqanlarında dərc olunmuşdu.
Azərbaycan tarixinin canlı
yaradıcılarından biri
hesab edilən filologiya elmləri üzrə fəlsəfə
doktoru, etnoqraf, folklorşünas-tədqiqatçı, şair, əruzşünas
araşdırmaçı Mirhaşım
Talışlı yazıçı-jurnalist,
publisist, tədqiqatçı
Etibar Əhədovla müştərək araya-ərsəyə
gətirdikləri "Lənkəran:
ensiklopedik məlumat"
kitabı oxucu kütləsinin böyük
maraqğına səbəb
olmuşdu.
Uluları kəndin sayılıb-seçilən
insanlarından olub. Halal, düz adam
olduğuna görə
babası Ağacan
"şeyx" adı
ilə tanınıb.
Tibb işçisi olan atası Əliağa Əhədov
II Dünya müharibəsi
iştirakçısı idi,
hörmətli adam olub, xatirəsi bu gün də onu tanıyanlar tərəfindən əziz
tutulur. Hacı Etibar Əhədov nəslinin layiqli davamçısı kimi, ata-babalarının adını
iş və əməlləri ilə doğruldur.
Etibar Əhədov
50 ildən çox peşəkar-jurnalistlik fəaliyyəti
dövründə öz
peşəsinə həmişə
məsuliyyətlə yanaşıb,
jurnalist adını davranışı və ləyaqəti ilə qoruyub. Bədii, publisistik
yazılarına görə
üç dəfə
respublika (1978, 1985, 1987), bir
dəfə Ümumittifaq
(1969) müsabiqələrinin, fərdi jurnalist yazıları müsabiqələrində
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin inkişafına
Dövlət Dəstəyi
Fondu müsabiqəsində
dəfələrlə qalib
olub. Üç dəfə Azərbaycan
Jurnalistlər Birliyinin
mükafatlarına, dəfələrlə
Lənkəran Şəhər
İcra Hakimiyyətinin
fəxri Fərmanına
və pul mükafatına layiq görülüb. O, uzun
illər redaksiya ilk partiya təşkilatının
katibi, redaksiya həmkarlar təşkilatının
sədri, 20 ildən çox keçmiş
rayon Partiya Komitəsi
mətbuat mərkəzinin
üzvü və rəhbəri, Azərbaycan
Jurnalistlər Birliyi cənub bölgəsi üzrə məsul katibi, Azərbaycan jurnalistlərinin VI, VII VIII qurultaylarının
iştirakçısı olub.
YAP-ın üzvü,
dövlətə və
dövlətçiliyə həmişə sadiqdir. 1999-cu ildən Azərbaycan
Yazıçılar Birliyinin
üzvüdür. 1978-1990-cı
illərdə SSRİ Jurnalistlər
İttifaqının üzvü
olub. 1991-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, respublika Ahıl Jurnalistlər Birliyinin üzvüdür. 2021-ci ildə Prezident mükafatçısı olub.
Şəxsi nüfuzuna, insanlarla
davranışına və
ləyaqətinə görə
çalışdığı kollektivlərdə böyük
hörmətə malikdir
Etibar müəllim.
O bu gün də əlində qələm qəzetlə
yaşayır, mətbuatla
nəfəs alır.
Anadan olmasının 75 və
professional jurnalistlik fəaliyyətinin
52 illiyinə həsr edilmiş biblioqrafik - məlumat kitabında Etibar Əhədovun altmışıncı illərin
sonlarından bu günədək keçdiyi
həyat yolu və yaradıcılıq
fəaliyyəti, dostlarının,
elm və mədəniyyət
xadimlərinin haqqında
dedikləri ürək
sözləri öz əksini tapıb.
ARB
televiziya kanalında həyat və yaradıcılıq fəaliyyəti
haqqında "100 yaşa" adlı sənədli film
göstərilib. Yetirmələri indi
respublikanın müxtəlif mətbuat orqanlarında
çalışırlar.
Etibar Əhədov Allah adamıdır. Uşaqlıq illərində,
1957-1961-ci illərdə molla yanına gedib, müqəddəs "Quran"ı
öyrənib. Gənc yaşlarından Həcc, Kərbəla,
Məşhəd ziyarətlərinə getmək arzusu ilə yaşayıb. 1995-ci ildə ona Həcc, sonralar Kərbəla
və Məşhəd, 2000-ci ildə Əshabi-kəhf ziyarətləri
qismət olub.
Etibar Əhədov sadə,
mehriban ailə başçısı, el ağsaqqalı, səmimi, sədaqətli dost olduğundan xətri daim əziz tutulur. Gözəl
ailə başçısıdır, 3 övladın
qayğıkeş atası, 6 nəvənin mehriban
babasıdır.
75
yaşın mübarək, əziz Etibar müəllim!
525-ci qəzet
.- 2023.- 28 noyabr, ¹214.- S.11.