UNEC-in inkişaf yolu: strateji məqsədlər, vacib hədəflər

 

(Əvvəli ötən sayımızda)

Qloballaşma dövründə ali təhsil sahəsində müşahidə olunan yeniliklərə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) çox çevik transformasiya edə bilib. UNEC-də həm tədris, həm də idarəetmədə bütün proses tamamilə rəqəmsallaşdırılıb. E-universitet layihəsi əsasında "EDUMAN" platformasının tətbiqi ilə təhsildə ən müasir tendensiyalar nəzərə alınaraq, Elektron Universitet modeli reallığa çevrilib. Elektron universitet sistemi tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi üçün geniş imkanlar yaradıb. Bu barədə danışan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyir ki, universitetin auditoriyalarında quraşdırılan elektron tribunalar vasitəsilə müəllimlər elektron jurnala daxil olaraq, tələbələrin dərsə davamiyyətini və qiymətləndirilməsini aparırlar. Mühazirələr və dərs vəsaitləri tələbələrin şəxsi e-kabinetlərinə yerləşdirilir. Tələbə məmnuniyyətini təmin etmək məqsədilə tələbələrimiz şəxsi kabinetlərindən müəllimlərin qiymətləndirilməsini da apara bilirlər. Bu da müəllimlərin reytinqdəki yerinin müəyyənləşdirilməsinə təsir edir: "2018-ci ildə regionda analoqu olmayan UNEC Ekstern Mərkəzini yaratdıq. Dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan və müasir texniki avadanlıqlarla təchiz olunan mərkəz, eyni anda, 20 min tələbəyə onlayn təhsil vermək imkanına malikdir. Pandemiya dövründə bütün dərslər, eləcə də imtahanlar həmin mərkəzin imkanları hesabına təşkil olundu. Hazırda Ekstern Mərkəzində UNEC Ömürboyu Təhsil Mərkəzinin peşəkar təlimçiləri tərəfindən dövlət və özəl qurumların əməkdaşları üçün müxtəlif məzmunlu sertifikatlı təlimlər və təhsil proqramlarının təşkili üçün bütün imkanlar mövcuddur. İndiyədək mərkəzdə KOBİA-nın təşəbbüsü ilə minə yaxın sahibkar üçün onlayn təlimlər keçirilib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Çin dili kursları, eyni zamanda tyutor hazırlığı, digər kurslar və təlim proqramları təşkil etmişik. Mərkəzin texniki imkanları ilə UNEC-in pedaqoji kadr potensialının gücləndirilməsi istiqamətində 200 yeni fənn üzrə ABŞ, Avropa, Türkiyə, Rusiyanın aparıcı universitetlərinin, eləcə də yerli ekspertlərin təlimçiliyi 191 adda təlim proqramı da keçirilib. Təlimlərdə 1100 nəfərə yaxın müəllim iştirak edib. Hazırda ABŞ, Avropa, Türkiyənin professorları və yerli təlimçilərin iştirakı ilə müəllimlər üçün rəqəmsallaşma ilə bağlı 10 yeni proqram üzrə təlimlərə start verilib. Bundan başqa, UNEC Ömürboyu Təhsil Mərkəzinin tərəfindən universitetin 500-ə yaxın müəllim və əməkdaşı üçün "Yumşaq bacarıqlar" (Soft skills) üzrə 2 aylıq təlimlər təşkil olunub. Təlimlər israili mütəxəssislər, eləcə də İsraildə bu istiqamətdə təlim keçmiş UNEC müəllimləri tərəfindən 4 modul - "Vaxtın idarə edilməsi bacarığı", "Ünsiyyət bacarığı", "Komandada əməkdaşlıq bacarığı", "Problemlərin həlli" üzrə aparılıb. Rəqəmsallaşmanın yaratdığı imkanlardan istifadə edərək, universitetdə tədrisin demokratikləşdirilməsi məqsədilə 100-dən çox hibrid auditoriya yaradılıb. Tələbələr 50-dən çox ixtisas fənni üzrə mühazirə dərslərini istər distant, istərsə ənənəvi formada dinləyə bilirlər. Qeyri-ixtisas fənləri isə yalnız onlayn formada aparılır, universitetə gəlməyə ehtiyac qalmır".

Rektorun dediyinə görə, 2016-cı ildən UNEC-də "DocNet" vasitəsilə Elektron Sənəd Dövriyyəsini uğurla tətbiq edirik. Bütün sənədləşmələr və yazışmalar yalnız elektron formada aparılır, kağız daşıyıcılardan istifadə olunmur: "Universitetə qəbul prosesində şəffaflığı və operativliyi təmin etmək məqsədilə həm yerli, həm də əcnəbi vətəndaşların sənədlərinin qəbulu tamamilə elektronlaşdırılıb. İnzibati işçilərin rəqabətini stimullaşdırmaq, inzibati proseslərin keyfiyyətini və səmərəliliyini artırmaq məqsədilə onların xidməti fəaliyyətinin qiymətləndirilməsi məqsədilə Diferensial Əməkhaqqı Sisteminin tətbiqinə başlamışıq. Əminəm ki, professor-müəllim heyətində əldə etdiyimiz uğurlu nəticələri inzibati heyətdə də görəcəyik. Tələbə məmnuniyyətini təmin etmək üçün təhsil arayışlarının, transkriptin və digər təhsil sənədlərinin operativ əldə olunması məqsədilə 2019-cu ildən "Bir Pəncərə" sistemini qurduq və tələbələrin xidmətinə verdik. Tələbə İşləri Mərkəzi tərəfindən idarə olunan "Bir Pəncərə" xidmətindən 10-dan çox təhsil arayışını Azərbaycan dili ilə yanaşı, ingilis dilində də almaq mümkündür. Bir faktı qeyd edim ki, təkcə 2022-2023-cü tədris ilində həmin xidmətə 17 min tələbə müraciəti olunub. Bu ildən isə Zaqatala filialının tələbələri də "Bir Pəncərə" xidmətindən yararlana biləcəklər".

Ədalət Muradov bildirib ki, UNEC-də 860-dan çox professor-müəllim heyəti çalışır, onların da 200-dən çoxu əsasən xaricdə təhsil almış gənclərdir. Əlbəttə ki, tədris prosesinin uğurlu təşkilində müəllim-tələbə münasibəti çox önəmlidir. Müəllimin missiyası tələbəyə yalnız bilik ötürməklə tamamlanmamalıdır. Tələbə-müəllim münasibətinin əsasında səmimiyyət, qarşılıqlı hörmət və humanistlik dayanmalıdır. Bu dəyərlər üzərində qurulmuş münasibət tələbələrin ixtisaslı mütəxəssis kimi hazırlanması ilə yanaşı, hərtərəfli inkişafına, onun şəxsiyyət kimi formalaşmasına, sağlam sosial mühitin yaranmasına xidmət edir: "UNEC-də ötən tədris ilindən pilot layihə kimi 40 fənn üzrə tətbiq etdiyimiz "Çevrilmiş" tədris metodu (Flipped education) tələbələrin bilikləri daha yaxşı mənimsəməsində və yeni bacarıqlar əldə etməsində çox uğurlu oldu. Müsbət nəticələri və tələbə məmnuniyyətini nəzərə alaraq, bu ildən "Marketinq" ixtisası üzrə I-III kurslarda bütün tədris prosesini "Çevrilmiş" tədris  metoduna uyğun təşkil etdik. Bu metod Harvard, Kaliforniya, Vaterloo kimi dünyanın aparıcı universitetlərində tətbiq olunur. Metodun tətbiqinin əsas məqsədi tələbələrə ixtisasları üzrə bilikləri, praktiki vərdişləri, bacarıqları daha çox aşılamaqdır. Mövzular üzrə bilik və bacarıqların tələbələr tərəfindən daha rahat mənimsənilməsi üçün audio, video, infoqrafik və yazılı formadan istifadə edilir. Elektron resurslarla yanaşı, dərsdənkənar saatlarda da müəllim-tələbə arasında kommunikasıyanı təmin etmək məqsədilə mövzu üzrə tapşırıqların ötürülməsi, cavablandırılması və müzakirələrin keçirilməsi üçün UNEC "EDUMAN" sistemi üzərindən kommunikasiya panelini də istifadəyə verdik. Platformadan müəllim və tələbələr fərdi olaraq, eləcə də qrup yaradaraq, keçilən mövzular üzrə müzakirələr aparırlar, onlayn görüşlər keçirirlər".

Ədalət Muradov qeyd edib ki, bu müddət ərzində UNEC-i tələbə mərkəzli universitetə çevirə bilmişik. UNEC-də ikisi ictimai birlik olmaqla, 10-dan çox tələbə təşkilatı, intellektual klublar və Tələbə rektor institutu yaradılıb. Təbii ki, bu təşkilatların sayı tələbələrin təşəbbüsü ilə daha da artırılacaq. Tələbələrimiz universitet idarəetməsinə də cəlb olunub. Belə ki, Tələbə-rektor, THİK, TEC sədrləri UNEC-in Elmi Şurasında təmsil olunurlar və qərarların qəbul edilməsində səsvermək hüququna malikdirlər.

Tələbə təşkilatlarımız bir çox sosial layihələrdə, eləcə də ölkədə beynəlxalq yarışlarda və tədbirlərdə fəal iştirak edirlər. Dünyanın ən böyük texnoloji yarışması olan TEKNOFEST-də, Enactus Azərbaycan yarışlarında öz startap layihələri ilə uğurla təmsil olunurlar: "Tələbələrimiz beynəlxalq layihələrlə yanaşı, yerli layihələrdə də çox aktivdirlər. Korporativ sektorların təqaüd proqramlarının qalibləri arasında tələbə sayına görə UNEC liderlik edir. PASHA Holdinqin həyata keçirdiyi "Əlaçı" tələbə təqaüdü proqramında UNEC iki il ard-arda qalib olan tələbə sayına görə üstünlük təşkil edib. Bu yaxınlarda Kapital Bankın reallaşdırdığı "Birbank" təqaüd proqramında da qalib olan tələbələrimiz böyük say çoxluğu ilə liderliklərini qoruyublar. UNEC tələbələri ölkədə beynəlxalq səviyyəli ilkə imza ataraq, dünyaca məşhur "Science Slam" elm müsabiqəsini təşkil etdilər. Bununla da Azərbaycanı dünya üzrə 6-cı ölkə olaraq, Scince Slam tarixinə yazdılar. Bu il də Tələbə Elmi Cəmiyyəti tərəfindən həmin müsabiqənin keçirilməsi nəzərdə tutulub. Biz UNEC-də ötən ildən bakalavriat pilləsində 4 günlük tədrisə keçid etmişik. Düşünürəm ki, tələbələrin sosial həyatlarına daha çox zaman ayırmaları baxımından bu, önəmli amillərdəndir. Tələbələrimizin asudə vaxtının səmərəli təşkilini həyata keçirmək məqsədilə universitetimizdə rəqs, rəsm, vokal, bədii qiraət dərnəkləri və Tələbə Teatrından ibarət UNEC Yaradıcılıq Mərkəzi, Radio UNEC, eləcə də İdman Klubumuz fəaliyyət göstərir. Çox sayda tələbəmiz həmin imkanlardan yararlanaraq, özlərinin istedadlarını daha da inkişaf etdirirlər".

Rektorun söylədiyinə görə, hazırda gənclərin xarici dil bilikləri işə qəbul prosesində, eləcə də beynəlxalq resurslarda araşdırmaların aparılması baxımından önəmli rol oynayır: "Ulu öndərin qarşımıza qoyduğu vəzifələrdən biri də müasir, bacarıqlı, xarici dilləri bilən və dünya təcrübəsini mənimsəmiş gənclərin yetişdirilməsidir. Bu baxımdan UNEC-də tələbələrin xarici dil biliklərinə xüsusi diqqət yetirilir. Yanaşmamız hər bir UNEC tələbəsinin məzun olduqda ingilis dilinin B1+ və ya B1 Strong səviyyəsində olmasını təmin etməkdir. Ona görə də biz ingilis diinin tədrisində köklü dəyişikliklər etdik və tədris müddətini 2 ilə qədər artırdıq. İngilis dilinini öyrənilməsində səmərəliliyi təmin etmək üçün Milli Məclisin sədri, hörmətli Sahibə xanım Qafarovanın məsləhəti ilə birinci kursa qəbul olan tələbələrə Placement imtahanını tətbiq etməyə başladıq. Bu imtahanın keçirilməsi ilə birinci kursa qəbul olan bütün tələbələrin ingilis dili səviyyəsi müəyyən edilir və onlar uyğun qruplarda yerləşdirilirlər. İngilis dilinin tədrisi 4 bacarıq (oxuma, yazma, dinləmə, danışma) üzrə aparılır. İmtahan prosesində də tələbələrin biliyi həmin bacarıqlar üzərindən qiymətləndirilir. 2022-ci ildə UNEC əməkdaşlıq müqaviləsi imzalayaraq, "British Council"in rəsmi IELTS tərəfdaşı oldu. Bu çərçivədə UNEC-də Xarici Dil Mərkəzini yaratdıq".

Məzunların işlə təmin olunması məsələsinə gəlincə, Ədalət Muradov vurğulayıb ki, UNEC məzunlarının işlə təmin olunması onlar üçün prioritetdir: "Biz iş dünyası ilə strateji əməkdaşlıq platforması olan UNEC2B platformasını reallaşdırdıq. Platformaya əsasən, bizim məzunlar işə götürüldüyü halda, UNEC 3 il ərzində işə götürənlərin sifarişi əsasında "servis xidməti", yəni məzunlarımız üçün ödənişsiz ixtisasartırma kursları təşkil edəcəyik. Bundan əlavə, UNEC-də tələbələrin bacarıqlarının qiymətləndirilməsi məqsədilə "Qeyri-akademik transkript" layihəsinə start vermişik. Həmin transkriptdə iş dünyasının müəyyən etdiyi meyarlar əsasında qiymətləndirmələr aparılacaq. Məzunların işə qəbulu zamanı müsahibə mərhələsinə ehtiyac qalmayacaq. Düşünürəm ki, məzunlarımızın işlə təmin olunmasında qeyri-akademik transkript önəmli rol oynayacaq. UNEC məzunları, demək olar ki, ölkənin bütün dövlət və özəl qurumlarında təmsil olunurlar. Misal üçün, bir neçəsini qeyd edə bilərəm. Dövlət Məşğulluq Agentliyində çalışanların 20 faizi, "Kapital Bank"da 30 faiz, Auditorlar Palatasında 21 faiz, KOBİA-da isə 31 faizi məhz UNEC məzunlarıdır və onların bəziləri həmin qurumlarda rəhbər vəzifələrdə işləyirlər. Bir faktı da qeyd edim ki, bizim məzunlarımız UNEC-də də həm pedaqoji, həm də inzibati strukturlarda çalışırlar. Eləcə də tələbələrimiz 24/7 kitabxanada əmək fəaliyyəti ilə məşğuldurlar".

UNEC-in bundan sonrakı fəaliyyəti ilə bağlı danışan rektorun söylədiyinə görə, əsas hədəf 2030-cu ildə - UNEC-in 100 illik yubileyində dünyanın 500 universiteti sırasında yer almaqdır: "UNEC-in bu istiqamətdə kifayət qədər potensialı vardır və biz inamla hədəflərimizə doğru irəliləyirik".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2023.- 29 noyabr, №215.- S.15.