"Xalq düşməni"nin arvadı

LƏNKƏRANDA İLK QIZLAR MƏKTƏBİNİN MÜDİRİ

Lənkəranda ilk qadın Xeyriyyə cəmiyyətinin təşkilatçısı, "Ünas" (qızlar) məktəbinin müdiri, 1919-1920-ci illərdə Lənkəran qızlar gimnaziyasının inspektoru, 1920-1921-ci illərdə savadsızlığın ləğv olunması üzrə ilk qadın kurslarının təşkilatçılarından olan Məryəm xanım Bayraməlibəyova ağır və məşəqqətli bir ömür yolu keçib. Öz dövrünün ziyalı, maarifpərvər qadınlarından olan Məryəm xanım Bayraməlibəyova Lənkəranda qızlar məktəbinin və xeyriyyə cəmiyyətinin əsasını qoymaqla Azərbaycanda savadsızlığın aradan qaldırılmasında böyük səylə çalışıb, sonda o da bolşevik hakimiyyətinin amansız repressiyalarına məruz qalıb.

Məryəm Bayraməlibəyova 4 aprel 1898-ci ildə Lənkəran şəhərində tanınmış müəllim və maarifçi Teymur bəy Bayraməlibəyovun ailəsində dünyaya göz açıb. Bayraməlibəyovlar nəslinin kökü I Şah Abbasın hakimiyyəti illərinə gedib çıxır. Onlar məşhur Şahsevənlar nəslinə mənsub olub və XVI əsrin sonlarında Muğana köçüblər. Teymur bəy 1879-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinə daxil olan ilk üç nəfər azərbaycanlıdan biri idi. O, seminariyanı bitirdikdən sonra Lənkərandakı rus məktəbində dərs deməyə başlayır. Maarifçi ziyalı həmçinin XIX əsrin 80-ci illərinin sonlarından 1916-cı ilədək müntəzəm olaraq Bakıda rus dilində çıxan "Kaspi" qəzetində Lənkəran qəzasının bölgə müxbiri kimi fəaliyyət göstərib.

Məryəm xanım Teymur bəyin doqquz övladından biri idi. Elmi yüksək dəyərləndirən Teymur bəy bütün çətinliklərə sinə gərərək övladlarını böyüdüb tərbiyə etməklə, onlara həm də ali təhsil vermişdi.

Gerçək bir maarifpərvər xalq müəllimi olan T.Bayraməlibəyovun qızının taleyində böyük rol oynayıb. Məryəm xanım da məhz atasının yolu ilə gedərək müəllimlik sənətini seçib.

Yazılı mənbələrdə Məryəm Bayramalibəyovanın həyat yolu ilə bağlı çoxlu maraqlı məlumatlar var. Məryəm xanım ibtidai təhsilini 1905-1911-ci illərdə Bakıda Hacı Zeynalabdin Tağıyevin "Müsəlman-rus" məktəbində, orta təhsilini isə "Müqəddəs Nina" qız məktəbində alıb. Sonralar oxumağa böyük maraq göstərən Məryəm xanım ali təhsil almaq üçün Moskvaya gedibTibb institutuna qəbul olunub. Lakin o dövrdə maddi vəziyyəti ağır olan bu gənc qız çox böyük çətinliklərlə qarşılaşıb. O, kömək üçün neft sahibkarı Murtuza Muxtarova müraciət edib. M.Muxtarov onun müraciətini cavabsız qoymayaraq, Məryəm xanıma təqaüd verməyə başlayıb. Məryəm xanım bununla bağlı xatirələrində yazır: "...Lakin Moskvada iki aydan artıq qala bilmədim. İnqilabın başlanması ilə əlaqədar Bakıya qayıtdım".

Vətənə döndükdən sonra Bakıda qalmaq üçün hər cür imkanı olmasına baxmayaraq, Məryəm xanım Lənkərana gəlir. Burada qızları çox çətinliklə bir yerə toplayıb məktəb açır. Gənc müəllim ev-ev, qapı-qapı gəzərək məktəbə 9-12 uşaq toplaya bilir. 1918-ci ildə Lənkəranda ilk qız məktəbi açılır. Məryəm xanım isə həmin məktəbin müdiri olur.

Onun şagirdi, ilk opera müğənnisi Həqiqət Rzayeva yazırdı: "Məryəm xanım qızları məktəbə cəlb etmək üçün özüçadrada gəzirdi. Biz təkcə yazmaq, oxumaq öyrənmirdik, eyni zamanda, səhnəciklər hazırlayıb valideynlərimiz qarşısında çıxış edirdik. Toplanan vəsait kasıb qızların məktəbə cəlb olunması üçün sərf edilirdi".

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Həqiqət Rzayeva ilə yanaşı, Azərbaycanın Xxalq artistləri Cahan Talışinskaya və Münəvvər Kələntərli də Məryəm xanımın şagirdləri olublar.

Məryəm xanım Lənkəranda yeganə qadın-pedaqoq idi. O, savadsızlığa qarşı kəskin mübarizə aparmaqla, qadınları şəhərin mədəni və ictimai həyatına cəlb etməkdən ötrü əlindən gələni əsirgəmirdi. Bu məqsədlə Məryəm xanım Lənkəranda ilk qadın Xeyriyyə Cəmiyyəti təsis etmişdi.

Həmin illərdə cənub regionunda gərgin və həyəcanlı vəziyyət yaranmışdı. Polkovnik İlyaşeviçin komandanlığı ilə Denikinin quldur dəstələri Lənkəranda hakimiyyəti ələ keçirərək, güclə bu bölgəni Rusiyanın tabeçiliyinə keçirməyə cəhd göstərirdilər. Şəhərin açıqfikirli, savadlı şəxslərinə göz görə-görə divan tutulurdu. Belə vəziyyət gənc Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyini narahat etməyə bilməzdi. 1919-cu ilin payızında Respublika parlamentinin fövqəladə iclasında səs çoxluğu ilə Cavad bəy Məlikyeqanov Lənkəran mahalının səlahiyyətli nümayəndəsi seçilir. Azərbaycan hökumətinin göstərişi və şəxsən Cavad bəyin özünün təklifi ilə Azərbaycan Ordusunun dəstələri general-mayor Həbibulla Səlimovun komandanlığı altında Lənkərana göndərilir. Bununla əlaqədar Cümhuriyyətin hərbi naziri Səməd bəy Mehmandarov Lənkəran mahalının əhalisinə ünvanlandığı çağırışında yazırdi: "Vətəndaşlar, Azərbaycan Respublikası Hökumətinin iradəsilə mən Lənkəran uyezdində vətəndaş müharibəsinin qarşısını almaq, orada qayda-qanun yaratmaq, sizləri qatillərdən xilas eləmək üçün dəstə göndərirəm. Azərbaycan Ordusu heç bir millidini ayrı-seçkiliyə yol vermədən Lənkəran uyezdinə qanunçuluq və ədalət gətirəcək, Silahlı Qüvvələrin himayəsilə bölgədə tezliklə əmin-amanlıq bərpa olunacaq...

...Hər bir silahlı müqavimət ölüm hökmü ilə cəzalandırılacaq və orduya belə hallara qarşı amansız davranmaq əmri verilib. Öz növbəmdə həmçinin dəstənin rəisinə dinc əhaliyə qarşı heç bir zorakılığa yol verilməməsini tapşırmışam".

Milli Ordu qoşunlarının şücaəti sayəsində qondarma "Muğan radası"nın və Denikinin tör-töküntüləri məhv edilirCavad bəy Məlikyeqanov Lənkəran qəzasının general-qubernatoru təyin olunur.

Azərbaycan Demokratik Respublikasının proqramını Lənkəranda həyata keçirən Cavad bəy özünün bütün güc-qüvvəsini bu diyarın iqtisadi-mədəni inkişafına sərf edir.

Çox keçmir ki, Lənkəranda həyat öz axarına düşür. C.Məlikyeqanovun köməyi ilə burada yeni kitabxanaklublar, digər mədəni-maarif obyektləri fəaliyyətə başlayır, savadsızlığın ləğvi üzrə kurslar açılır...

Günlərin birində Cavad bəyin yolu Məryəm xanımın məktəbinə düşür. İlk tanışlıq sonradan güclü və sarsılmaz məhəbbətə çevrilir. Beləliklə, gənc ailənin təməli qoyulur.

1921-ci ildə Məryəm xanım Bayraməlibəyova ömür-gün yoldaşı Cavad bəy Məlikyeqanovla birlikdə Bakıya köçür. Burada o, müəllimlik peşəsi ilə bərabər, həmkarlar ittifaqında çalışmağa başlayır.

M.Bayraməlibəyova həyat yoldaşı Cavad bəy Məlikyeqanovla.

Məryəm xanım 1921-1923-cü illərdə Bakıda Qara şəhərdə Həmkarlar İttifaqının təcrübə məktəbində işləməklə yanaşı, həmçinin 1921-ci ildən 1924-cü ilədək ayrı-ayrı məktəblərdə, seminarlarda, texnikumlarda Həmkarlar İttifaqının katibi vəzifəsində çalışır. İctimai işlərdə yaxından iştirak edən Məryəm xanım 1925-ci ildə Bakıda Azərbaycan Müəllimlərinin birinci qurultayının nümayəndəsi olur.

1925-ci ildə Bakıdakı 89 nömrəli orta məktəbin direktoru olan Məryəm xanım Bayraməlibəyova birinci SSRİ Müəllimlər Qurultayının nümayəndəsi seçilir. Onun rus dilində söylədiyi nitq Nadejda Konstantinovna Krupskayanı valeh edir. Çıxışından sonra maarif naziri Aleksandr Lunaçarski Məryəm xanıma yaxınlaşıb Moskvada işləməsinə razılıq verməsini xahiş edir. Lakin Məryəm xanım etiraz edərək: "Mən bu gün vətənimdə daha çox lazımam", - deyir.

M.Bayraməlibəyova ali təhsil almağı çox arzulayıb. Elə buna görə də, o, 1927-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, dörd ildən sonra həmin təhsil ocağını fərqlənmə diplomu ilə başa vurub.

Onun tərcümələri sayəsində rusdilli oxucular M.P.Vaqif, M.V.Vidadi, S.Vurğun, S.Rüstəm kimi tanınmış Azərbaycan şairlərinin yaradıcılığı ilə tanış olublar.

M.Bayraməlibəyovanın pedaqojiictimai fəaliyyəti 1937-ci ilə qədər davam edib. N.Nərimanov adına Bakı Sənaye Texnikumunda (1923-1933-cü illər) və Azərbaycan Dövlət Tibb İnstitutunda (1934-1937-ci illər) rus dili müəllimi işləyib.

Məlikyeqanovlar ailəsində üç qız uşağı böyüyürdü. Valideynlər onların hərtərəfli biliyə yiyələnmələri, öz ölkəsinin layiqli vətəndaşları kimi yetişmələri üçün əlindən gələni əsirgəmirdilər. Lakin bolşevik hakimiyyətinin siyahısında hədəf götürülən şəxslər sırasında bu ailənin də adı vardı. Beləliklə, Məlikyeqanovlar ailəsinin qara günləri qapını döyür. Azərbaycanda böyük bir ziyalı nəslinə qarşı başlayan repressiya onları da əzablı yollara salır.

28 may 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması haqqında tarixi Bəyannaməni imzalayan dövlət xadimlərindən biri olan Cavad bəy Məlikyeqanov 1933-cü ildə Azərbaycan Fövqəladə Komissiyasının qərarı ilə həbs cəzasına məhkum edilirömürlük olaraq Kominin düşərgələrinə sürgünə göndərilir. C.Məlikyeqanovun "Vətən xaini" kimi tutulması haqqında orderi erməni millətçiləri NersesovAyvazov imzalayıblar.

Ömrünün çoxunu həbsxanalarda keçirən Cavad bəy Məlikyeqanov 18 may 1942-ci il mayın 18-də Kareliyada sürgündə vəfat edib.

Ərinin sürgün edilməsindən sonra gözəl ziyalı və maarifçi Məryəm xanım Bayraməlibəyovanı da dinc buraxmırlar. Ona qarşı təqiblər başlanır. Həmin vaxtlar Məryəm xanım SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M.İ.Kalinindən kömək istəyir. Lakin bu, heç bir fayda vermir. 1937-ci il noyabrın 15-də NKVD əməkdaşları Məryəm xanımı yaşadığı mənzildə həbs edirlər.

Məhbus həyatının ilk aylarını Bayıl həbsxanasında keçirən Məryəm xanımı bir müddət sonra uzaq Arxangelskə yola salırlar. Şimali Dvina çayının sahillərində ona ən ağır işləri tapşırır, işgəncələr verirdilər. Uzun illər ərzində topladığı bilik və təcrübələr burada da Məryəm xanımın karına gəlir. O, məşəqqətli fiziki əməkdən ayrılaraq yerli müəssisələrin birində mühasib vəzifəsini icra edir. Tezliklə onu ağır xəstəlik yaxalayır - gözlərinin torlu qişası zədələnir. Xəstəliyinə görə müalicə almaq adı ilə Məryəm xanımı Moskvaya - Butırsk həbsxanasına köçürürlər. "Müalicə"dən sonra o, yenidən Arxangelsk, daha sonralar Karaqanda həbsxanalarına göndərilir.

Məryəm xanım Bayraməlibəyova yalnız 1948-ci ildə cəza müddətini başa vurub Bakıya qayıdır. Amma haqsızlıq bununla da bitmir. Onu 1956-cı ildə bəraət verilənədək Bakıda öz ailəsinin, uşaqlarının yanında yaşamağa qoymurlar.

Cavad bəy Məlikyeqanova isə yalnız ölümündən sonra - 1959-cu ilin fevralında Kareliya MSSR Ali Məhkəməsi tərəfindən bəraət verilir.

Repressiya Məlikyeqanovlar ailəsinin bütün üzvlərini bir-birindən ayrı salıb. Cavad bəyin üç qızı - Azərə, Taliyə və Asimə nənələri Şirin xanımın himayəsində yaşayıb. Məlikyeqanov ailəsinin bir çox üzvləri "Vətən xaini" damğasından qorxaraq ata-baba soyadlarını Yeqanlı, Yeqanov, Rzayev, Zeynalov, Behbudovs. ilə əvəz etməyə məcbur olublar.

1964-cü ildə M.Bayraməlibəyovaya fərdi təqaüd təyin edilir. Öz vətəni, xalqı üçün yanan, onun tərəqqisinə çalışan bu mübariz qadın əzab və iztirablar içində 90 il ömür sürür. O, 1988-ci ildə Azərbaycanda arzuladığı müstəqillik tarixini görmədən Bakıda dünyasını dəyişir.

2000-ci ildə C.Məlikyeqanovun adını əbədiləşdirmək məqsədilə onun Məryəm xanımla Bakıda yaşadığı binaya xatirə lövhəsi vurulub.

 

Ağaddin BABAYEV

525-ci qəzet .- 2023.- 29 noyabr, №215.- S.14.