BÜLBÜLÜN
ÖZÜ İLƏ APARMAQ İSTƏMƏDİKLƏRİ
Rafael HÜSEYNOV
Akademik
Qızaran dan yeri sabahdır. "Sabah"
sözünün hər iki mənasında - həm səhər
anlamında, həm də gələcək qavramında.
Hər millətin taleyində onun öz dan yeri
var. Haçansa tarixin dərinlərində təşəkkül
tapdığı, ayaq üstə durduğu, irəliləməyə
başladığı gün. Amma millətin
var olduğu müddətcə həmişə yeni-yeni dan
qızartılarına da ehtiyac duyulur. O qızaran dan yerlərini
millətlərə, xalqlara böyük övladlar gətirir.
Bülbül bu millətə dan şəfəqi
kimi bəxş olunmuş insanlardan idi.
O gəldi,
yeni bir yol açdı və səsiylə, düşüncəsiylə,
ruhuyla, zövqüylə Azərbaycan insanının içərisində
büsbütün ayrı bir aləm yaratmağa müvəffəq
oldu. Təsadüflər zərurətlərin
üst-üstə düşməsidir və
Bülbülün taleyində də - uşaqlıq, gənclik,
ahıllıq dövlərində bu, dəfələrlə
baş verib. Amma həyatının lap
başlanğıcında, dünyaya gəldiyi anda da təsadüflərin
möcüzəvari üst-üstə düşməsi
baş verdi. 1897-ci ilin bir
iyun gecəsi idi. XVIII əsrin sonlarında, XIX yüzildə,
hələ bir az da XX əsrin əvvəllərində
Şuşa ilə Ağdam arasındakı Xan bağı
deyilən yer məşhur idi. O yer qollu-budaqlı, gövdəli
tut ağaclarıyla doluydu və Şuşa
ilə Ağdam arasındakı bu yer insanları tez-tez qoynunda
istirahətə cəzb edərdi. İllah da
Şuşadan Ağdama, Ağdamdan Şuşaya gedənlər
axşama düşəndə gecəni çox zaman orada
qalmağı qət edərdilər və 1897-ci ilin iyun
axşamlarından birində dabbaq Məşədi Rzanın
ailəsini aparan fayton orada dayanır. Amma
qaranlıq qatışan bu axşamda onların Xan
bağında dayanmalarının səbəbi heç də
dincəlmək deyildi. Məşədi
Rzanın həyat yoldaşı Gövhər xanım
ağır ayaqlı idi, artıq sancıları tutmuşdu,
ona görə burada faytondan düşməyə vadar
olmuşdular. Zövcəsi Gövhər xanımı
orada qoyan Məşədi Rza mamaça dalınca yollanır,
gecə vaxtı güc-bəla Malıbəyli kəndindən
mamaça tapıb gətirir və dan yeri çırtlayanda,
səhər açılar-açılmazda Şuşayla
Ağdam arasındakı o səfalı məkanda - Xan
bağının böyründə bir körpə dünyaya
gəlir.
Həmin səhər dünyanın ən xoşbəxti
hələ o atayla o ana idi ki, gözəlcə bir
övladları sağ-salamat dünyaya gəlmişdi. Ancaq sonralar
xoşbəxt biz hamımız olacağıq. O vaxt
xoşbəxtliyimizdən hələ xəbərimiz yoxdu. Hələ
Azərbaycan bilmirdi ki, nurlu bir səhərə qovuşan o
iyun gecəsində - 1897-ci ildə Şuşayla Ağdam
arasındakı həmin göyçək məkanda - Xan
bağında millətin bəxtiyarlığı sayılacaq
hadisə baş verib, sabah bütün Azərbaycanın
Bülbül kimi tanıyacağı uşaq dünyaya gəlib.
O uşağa Murtuza adı qoydular. Atası bu adı verdi, amma rəfiqələri, qohum-qonşu
Gövhər xanıma məsləhət bildilər ki, sən
uşağın adını Aydınlıq
çağır. Çünki gecə ilə
səhərin sərhədində doğulub. Aydınlıq açılanda, dan yeri ağaranda
dünyaya gəlib. Anası bir müddət, elə
tövsiyə olunduğu kimi, balasını Aydınlıq
deyib səslədi, atası uşağa Murtuza dedi. Amma çox keçməyəcək, Allahın
Gün doğuşundan işıq almış bu övlada bəxş
etdiyi məlahətli avaz ona üçüncü bir adı
da bağışlayacaq - Bülbül ismini. Və onun əsl adları - Aydınlıq da, Murtuza
da yaddan çıxacaq. Bütün Azərbaycan
və dünya o qızıl səsin sahibini Bülbül deyə
tanıyacaq.
...Balaca Murtuza qarabağlı idi və başqa
tay-tuşları kimi, o da oxumağı çox
xoşlayırdı. Qarabağda yaxşı səslə kimisə
heyrətləndirmək çətin idi. Cabbar
Qaryağdıoğlunun məşhur sözü var, deyir ki,
Şuşada bir gədik var. Səhər kim
orada dayanıb nəfəs alsa, hökmən onun
yapışıqlı səsi olacaq. Haradan biləsən
ki, balaca Murtuza Cabbar Qaryağdıoğlunun dediyi o gədikdə
dan üzü dayanıb nəfəs almışdı, ya yox,
amma lap elə kiçik yaşlarından İlahi Murtuzaya
misilsiz bir avaz nəsib etmişdi. O da oxuyurdu, başqa
uşaqlar da. Lakin digər oxuyanların içərisindən
onun səsi seçilirdi. Şuşa və
ətrafının çal-çağırlı əyyamları
idi. O toy-düyünləri, şad məclisləri bir-birindən
lətif avazlar bəzəyərdi. Neçə məşhur
xanəndə ki, indi çoxlarının adları unudulub
gedib və hər biri musiqi tariximizdə qalmağa layiq dəyərli
sənətkarlardır, - həmin yığnaqlarda hünərlər
göstərərdilər. Günlərin birində
yenə o cür şurlu toy məclislərindən biri
qurulubmuş. Balaca Murtuza da
tay-tuşları ilə bərabər
çıxıbmış ağaca. Onların
lojası oraydı - xanəndələri budaqların
arasından baxıb dinləyərdilər. Tarzən
çalır, xanəndə oxuyurmuş, budaqlara qonmuş
uşaqlar da hərdən Murtuzanı dümsükləyirlərmiş
ki, sən ondan da yaxşı oxuyursan, o heç sənin kimi zəngulə
vura bilmir, bəlkə sən də oxuyasan, elə buradan
qaldır səsini, qoy görsünlər oxuyan nə təhər
olar. Bir deyirlər, Murtuza etiraz eləyir, iki deyirlər,
Murtuza qulaq asmır, amma axırı özü də həvəsə
gəlir və təsnifə keçiləndə
başlayır səsini xanəndənin səsinə qataraq
ucadan oxumağa. Tarzən əl
saxlayır, xanəndə dayanır. Hamı
təəccüb, heyrət içərisində ağac
sarı baxır. Görürlər ki,
budaqların, yarpaqların arasında oxuyan balaca bir
uşaqdır. Birinci elə xanəndə
dillənir ki, bu uşaq bülbül kimi cəh-cəh vurur, əsl
bülbül elə odur, bircə endirin onu ağacdan. Və
həmin füsunkar toy axşamında, Murtuzanın yeddi-səkkiz
yaşı olanda əzizləyərək, bir az
da zarafatla söylənmiş "bülbül" kəlməsi
dönüb olur onun əsl adı. Yalnız
adı da deyil, "bülbül" kəlməsi onun taleyinə
çevrilir.
...Qarğa
qarğadır, bülbül də bülbül. Bülbül həmişə məlahətli,
canayatan ləhnin rəmzi olub. Qarğanın sədası
isə həmişə bədlikdən deyən, xoşa gəlməyən səs
sayılıb. Amma tale elə gətirdi ki, gələcəyin
böyük müğənnisinə çevriləcək
Bülbülün yolunun lap başlanğıcında
Qarğa dayandı. "Qarğa"
sözünü də kiçik deyil, böyük hərflə
yazmağım səbəbsiz deyil. Çünki
Bülbülün böyük sənətə gedən yolunu
açan da elə məhz Qarğa oldu və o, budaqlara qonan
qarğalardan deyildi. Balaca Murtuzanın
gözəl səsinin olduğunu bilincə, onu tədricən
Murtuzadan çox Bülbül çağırmağa
başlayınca qərara almışdılar ki, onun səsindən
yalnız dinləyib feyziyab olmaqdan ötrü deyil, bir ayrı
vacib məqsədçün də istifadə etsinlər.
O çağlar Azərbaycanın hər yerində olduğu
kimi, Qarabağda, Şuşada da şəbih mərasimləri
keçirilərdi. Təbii ki, həmin mərasimlərdə
oxumaq da vardı, növhələr də səslənərdi
və bir çox başqa yeniyetmələr, gənclər
kimi, balaca Murtuzanı da o işə cəlb edirlər. Bununla bağlı Murtuza Molla İbrahimin yanına
gedirdi ki, Yasin öyrənsin, növhələri, mərsiyələri
mənimsəsin, şəbih vaxtı oxuyacağı
parçaları əzbərləsin. Ancaq həmin illərdə
Qarabağın toy məclislərində tez-tez görünən
Müseyib adlı bir qarmonçalan da vardı ki, əsl
adı-soyadı Müseyib Əliyev olsa da, camaat arasında
"qarğa" kimi məşhur idi, ləqəbi də
"Qarğa". Və həmin dövrdə Gəncə
Azərbaycanın ədəbi-mədəni mərkəzlərindən,
əsas musiqi ocaqlarından biri sayılırdı. Qarabağın məşhur sazəndələrinin,
xanəndələrinin əksərinin də yolu Gəncədən
keçirdi. Həmin "Qarğa"
deyilən Müseyib Əliyev də Gəncədə yerləşmişdi.
Qarabağ toylarında tez-tez görünərdi.
Balaca Murtuzanın məlahətli avazından xəbər
tutunca baxır ki, burada yaxşı pul var, bu uşağın
oxumağı adi oxumaq deyil, bu səslə o, gələcəyin
yaxşı xanəndəsinə çevrilə bilər,
indidən onu ələ keçirib diqqətdə saxlamaq
lazımdır. Müseyib artıq "Bülbül"
kimi tanınmağa başlayan Murtuzaya da, onun atası Məşədi
Rzaya da məsləhət görür ki, yaxşısı
budur uşaq gəlsin Gəncəyə, mənim yanıma, bu
səs burada Qarabağdakı digər gözəl səslərin
içərisində itib-batacaq, amma bu səs gözəllərin
gözəlidir, mən ona himayədarlıq edərəm, Gəncədə
məşhur çalğıçılarla, oxuyanlarla
münasibətlərini quraram, onların arasında yetişər,
tanınar, Allah bilir, bəlkə gün gəldi, o da məşhur
xanəndələr cərgəsinə qoşuldu.
Və 1908-ci ildə artıq Murtuzadan daha çox
Bülbül kimi tanınmağa başlayan bu uşaq həyatının
ilk uzun səfərinə çıxır - Qarabağdan Gəncəyə
gəlir. Yeniyetmə Bülbül Gəncəyə
yetişincə onun həyatında büsbütün yeni səhifə
açılır. Gəncə sanki bir
uçuş meydanı idi və əslində
Bülbülün gələcəkdəki bir çox
mühüm uğurlarının təməli də elə bu
qədim şəhərdə qoyulacaq. Burada
o çağın ən məşhur Azərbaycan xanəndələri
və sazəndələrinin əksəri ilə
görüşəcək, neçə toy-düyündə
bir yerdə olacaqlar. Bütün bunlar
hamısı balaca Bülbül üçün öyrənməık
fürsəti, təcrübələnmək imkanı,
göydəndüşmə məktəb idi. Yaxşı da hafizəsi vardı. Eşitdiklərinin hamısını beyninə həkk
edir, ürəyinə, ruhuna hopdururdu. Zaman
keçəcək, bu xəzinə həmişə ona dayaq
duracaq. Gəncədə buranın toy məclislərinə
vaxtaşırı qonaq olan Cabbar Qaryağdıoğlu və
Qurban Pirimovla tanış olur. Cabbar ilk eşidincə Bülbülü bəyənir.
Amma zəmanənin nəhənglərindən
Bülbülü eşidib tərif edən tək Cabbar
deyildi. O illər idi ki, Gəncədə məşhur
olan musiqiçilərin bir çoxu tez-tez
Gürcüstandakı Azərbaycan məclislərində də
görünərdi. Bülbül də olur
onlardan biri. Səsi elə səs idi, oxusu
elə oxu idi ki, ona biganə qalmaq mümkün deyildi. Haqqındakı xoş rəylər gedib
çatır məşhur gürcü müğənnisi
Vano Saracişvilinin qulağına. Bir məclisdə bu gəncin
oxusunu eşidir, valeh olur, deyir ki, bala, sənin səsin bu məclislərə
sığan səs deyil, gərək bu səsi qoruyasan, bəsləyəsən,
lazımdır ki, sən mükəmməl savad alasan, sənin
yerin İtaliyadır, gərək gedib orada oxuyasan.
Yaşının, oxusunun elə vaxtları idi ki, hər
eşidən onsuz da Bülbülə ən yüksək tərifləri
yağdırırdı, bir növ, belə vəsfetmələrə
alışan kimi idi, sanki bu söz də deyilib keçir. İtaliya söhbəti yeniyetmə Bülbülə
əlçatmaz istək, nağıl kimi gəlirdi, ancaq nədirsə,
gün ötdükcə, toy-toy adladıqca, təzə-təzə
məclislərdə daha artıq püxtələşdikcə,
biliklərinin çevrəsi genişləndikcə tez-tez
yadına məşhur gürcü müğənnisinin o
tövsiyəsi düşürdü. Atası
artıq Bülbül kimi təsdiqlənmiş, el arasında
parlayan bir gənc müğənni kimi tanınmış
övladının həyatı daha rahat olsun deyə
Qarabağdan Gəncəyə köçür, külfətlə
burada yerləşir. Ancaq gün ötdükcə
Bülbül daha artıq hiss eləyirdi ki, nəinki Gəncə,
hətta Qafqaz da ona dar gəlir. İtaliya gizli
cazibəsi ilə onu özünə doğru çəkməkdədir
və 1924-cü ildə Bülbül könlünə
düşmüş bu istəyin hökmü ilə Batumdan gəmi
ilə Triyestə yollanır. Gedir ki, oradan
da musiqinin Məkkəsi sayılan Milana baş alsın.
...Bülbülü Bülbülə çevirən, onu
bunca uca, bunca yetilməz edən ən vacib təməllərdən
birincisi gördüyü məktəblər idi. Ömrü boyu biliyə
doğru can atması, Gəncədə, Qarabağda
keçdiyi toy məclisləri, eşitdiyi saysız xanəndələr
hərəsi onun üçün bir qaynaq idi. Harada
öyrənməli nəyə rast düşürdüsə,
içərisinə çəkirdi. Ancaq
bunu da hiss edirdi ki, biliklərin daha üst qatına, yalnız
eşitməklə deyil, müəllim qarşısında əyləşərək
yüksək musiqi savadı almağa da ehtiyacı var. Və
1921-ci ildə Azərbaycan Xalq Konservatoriyasına qəbul
edilir. Burada Bülbül vokal təhsili alan
ilk azərbaycanlı idi. Onu konservatoriyada o vaxt və
sonrakı çox illərdə və onillərdə vokal təhsil
alan əksər cavanlardan fərqləndirən
əsas cəhət ondan ibarət idi ki, Bülbül bura
müəyyən mənada hazır gəlmişdi, el
musiqisini, xüsusən də muğamı mükəmməl
bilirdi. Yolu İtaliyaya ilk dəfə 1924-cü
ildə düşür. Onun bu gəlişi
hələ kəşfiyyat məqsədliydi, niyyəti isə
daha ciddi idi. İstəyi iki-üç ay
buralara baş vurub geri dönmək yox, illərlə qalaraq
italyan vokalını incəliklərinədək öyrənmək
idi. 1924-cü ildəki birinci İtaliya səfəri
əsnasındakı ilk müşahidələrindən sonra
bu qənaəti lap qətiləşir. Vətənə
dönüb digər işlərini sahmana salandan sonra 1927-ci
ildə İtaliyaya bir də qayıdır. 1927-ci ilin oktyabrında çatır Moskvaya. Məqsədi İtaliyada oxumağa getmək
üçün uzunmüddətli viza almaqdı. İki ay gözləyəndən sonra
vizasını alır və nəhayət ki, gəlib
yetişir arzularının məskəni gözəl
İtaliyaya.
İtaliyaya Azərbaycandan vokal təhsil almağa
getmiş ilk gənc Şövkət xanım Məmmədova
olmuşdu. 1911-ci ildə Hacı Zeynalabdin Tağıyev onu
maliyyələşdirmişdi və Milana gedən Şövkət
Məmmədova azərbaycanlıların yolunu "vokal Məkkəsi"nə
açan ilk sənətçi olmuşdu. İtaliyada uzun müddət qalmaq, əsaslı vokal
biliklərinə yiyələnməyi qət edən
Bülbül çoxdan İtaliyada olan, buralara yaxşı bələd
Şövkət Məmmədova ilə görüşür,
ondan məsləhətlər almağa başlayır.
Şövkət Bülbülə deyir ki, gəl əvvəlcə
səni öz müəllimim maestro Dotto Ambroziyə təqdim
edim, qoy sənə qulaq assın, düzdür, o
oğlanları öyrənciləri sırasına
götürmür, amma ən azı məsləhət verər
ki, kimin yanına gedəsən, hansı maestro ilə işləmək
sənin üçün daha faydalı ola bilər. Fəqət
gözlənilənin əksi olaraq Dotto Ambrozi
Bülbülü eşidincə müsbət rəyini
bildirir, deyir, mən səni sinfimə götürəcəyəm,
fərdi qaydada məşğul da olacağam, ancaq gərək
bir qədər gözləyəsən, hazırda Amerikadan bir
tələbəm var, üç aydan sonra o, təhsilini
başa vurub gedir, onun yerinə səni qəbul edərik. Şövkət də, Bülbül də çox
sevinirlər. Ancaq üç ay da
üç ay idi. Bülbül bura gəlmişdi
ki, hər gündən, hər saatdan, hər dəqiqədən
istifadə eləsin, indi üç ayı boşuna itirə
bilməzdi. Ona görə də qərara
alır ki, Dotto Ambrozinin vəd elədiyi üç ay
yetişənəcən başqa bir müəllimdən dərs
alsın. Həm də Ustadın yanına
gələndə müəyyən qədər
hazırlıq keçmiş olsun. Soraqlaşır,
Bülbülü maestro Dellipontiyə yönəldirlər və
başlayır ondan öyrənməyə. Bir həftə,
on gün, bir ay, iki ay, isinişirlər bir-birlərinə,
Dotto Ambrozinin qoyduğu üç aylıq müddət
yetişəndə Bülbülün daha onun yanına getməsinə
gərək qalmır, həm artıq Dellipontiyə çox
öyrəşmişdi - Delliponti ondan razı idi, o da
ustadından. Ancaq Bülbül İtaliyada
olduğu dörd ilə yaxın vaxt ərzində yalnız
Delliponti ilə də məhdudlaşmır. Əlaqələrini qura bildikcə o çağda
İtaliyada məşhur olan ustadların neçəsinin
yanına gedir, onlardan dərs alır, imkanı daxilində
daha çox öyrənməyə səy göstərir.
O çağlar nəinki Azərbaycandan, hətta Rusiyadan da,
Avropanın bir sıra irəligetmiş ölkələrindən
də İtaliyaya vokal dərsləri almağa gələnlərin
sayı barmaqla sayılacaq qədər az
idi. Ancaq heç də o öyrəncilərin
hamısı qısa müddət ərzində Bülbül
kimi İtaliya mühitində ad çıxara bilməmişdi.
Sübutu var - 1931-ci ildə Bülbül
İtaliyadan ayrılanda oradakı "Arte nostra"
jurnalı ayrıca bir məqalə dərc edir,
Bülbülün şəklini də verir və
yazının sərlövhəsi "Azərbaycan
Bülbülü". Vokalın qibləsində
belə yüksək qiymətvermə hər gəlməyə
nəsib olan uğur deyildi. 1931-ci ildə
Bülbül İtaliyadan Azərbaycana qayıdırdı, əsl
Bülbül kimi qayıdırdı, təkrarsız
Bülbül kimi qayıdırdı. Qayıdırdı
ki, Azərbaycan musiqisində, Azərbaycan vokalında
büsbütün yeni bir yol açsın.
...Bülbülün Azərbaycan musiqisi və
bütövlükdə xalqımızın mənəvi zənginliyi
üçün gördüyü və bizlərə yadigar
qoyduğu ən vacib işlərdən biri onun 1932-ci ildə
konservatoriyanın nəzdində yaratdığı Azərbaycan
xalq musiqisini tədqiq edən kabinetdir. Bülbül
müğənni olmaqla yanaşı, həm də bilgə
idi. Ondan yadigar qalan silsilə araşdırmalar var və
Bülbülün qələmindən çıxmış
ayrı-ayrı tədqiqat əsərlərini oxuyursan, həcmi
çox da böyük olmayan o əsərlərin hər biri
bunlardan qat-qat həcmli neçə mühüm tədqiqat
üçün bir təməl, maya, qığılcım
olub və gələcəkdə
də olacaq. Elə Bülbülün "Azərbaycan oxuma məktəbi"
adlı araşdırması nəyə desən dəyər
və bu əsəri Bülbül olmayan, onun keçdiyi yolu və
məktəbləri görməyən ikinci adam
yaza bilməzdi. Bülbül bilikləri və təcrübələri
ilə tam təkrarsız və taysız idi - illərcə
İtaliyada olması, ən üstün müəllimlərdən
vokalın sirlərini mənimsəməsi, o biri yandan
uşaqlıq çağlarından, yeniyetməliyindən
muğam qoynunda yetişməsi, zirvə xanəndələrlə
oturub-durması onu içəridən elə zənginləşdirmişdi,
elə dolu etmişdi ki, özü də bir xəzinəyə,
ensiklopediyaya çevrilmişdi. Digər tərəfdən,
Allah ona analitik, təhlilçi bir ağıl vermişdi.
Varlığında Şərq və Qərb
musiqi təfəkkürünün ən parlaq özəlliklərini
qovuşduran Bülbül həmin müstəvidə Azərbaycan
oxuma məktəbinin əsaslarını bir ana xətt, bir yol
olaraq yaratdı. Ancaq bunu yalnız bizim
muğam öyrədiciliyinə xas olan şifahi göstərilən
bir məktəb kimi yaratmadı. Azərbaycan
oxuma məktəbinin nəzəri əsaslarını da
işləyib hazırladı, dərs dediyi konservatoriyada sonra
nəsil-nəsil davam etsin deyə tələbələrinə
də aşıladı. 1932-ci ildə
yaratdığı Xalq musiqisini tədqiq edən kabinet zahirən
balaca bir yer idi. Tək zahirən yox, əslində
vur-tut bir neçə əməkdaşı əhatə edən
kiçik qurumdu. Lakin Bülbül
nüfuzundan, əlaqələrindən istifadə edərək
həmin kabinet üçün Azərbaycanda yalnız orada
olan səsyazma qurğuları ala bilmişdi. Balaca bir məkanda, kiçik heyətlə, qısa
vaxt ərzində elə sanballı işlər
görülüb ki, onları yerinə yetirməyə bir
neçə institutun gücü çatmazdı. Azərbaycanın müxtəlif rayonlarına tez-tez
folklor ekspedisiyaları təşkil edirlərmiş,
ayrı-ayrı çalğıçıların, xanəndələrin,
aşıqların, el sənətkarlarının
ifalarını, söhbətlərini fonovallara yazırlarmış.
Və bu toplayıcılıq yalnız musiqi ilə
də bağlı deyildi. Yalnız el təsniflərini,
xalq mahnılarını yığmırdılar,
dastanları, nağılları, qaravəlliləri də
toplayırdılar. O zaman Bülbülün Xalq musiqisini
tədqiq edən kabinetində çalışanlardan biri
ölməz Hüseyn Cavidin oğlu Ərtoğrol idi. Ərtoğrol Cavid həmin kabinetdə
araşdırdığı, səliqə ilə
köçürdüyü, təhlil etdiyi, Bülbül
üçün arayışlar hazırladığı
ekspedisiya materiallarının surətlərini öz evində
saxlayırdı. Hələ 1970-ci illərin sonları,
1980-ci illərin əvvəllərində Ərtoğrol
Cavidin əlyazmaları ilə tanış olarkən, bu
materialların bir neçə cild kitaba
sığacağını düşünərkən o da
fikrimdən keçmişdi ki, axı bunlar yalnız
Bülbülün kabinetində görülmüş işlərin
bircə istiqaməti, cüzi hissəsidir və görün o
zaman Maestronun rəhbərliyi altında aparılmış
işlərin hamısı cildlərə çevrilsə,
xalqa çatdırılsa, necə qiymətəsığmaz
xəzinə ilə qarşılaşardıq və nə qədər
yeni araşdırmalara mötəbər və nadir mənbələr
üzə çıxardı.
Ancaq həmin
Xalq musiqisini tədqiq edən kabineti yada salmışkən
vurğulanması vacib olan bir məqam var ki, bu gün
Bülbülün sənətkarlığından əlavə
hansı ali insani keyfiyyətlərə
malik olmasını da xələflərə
pıçıldaya bilir. 1937-ci ilin 4 iyun gecəsində
Hüseyn Cavid həbs olundu. Həmin andan onun da, ailəsinin
də üstündə artıq "xalq düşməni"
kabusu vardı və elə qəddar zəmanəydi ki, belə
müdhiş damğası olanlardan yadlar bir yana,
dost-tanış, qohum-əqrəba da yan qaçırdı. Və səbəbsiz də deyildi. "Xalq düşmənləri" ilə
yaxınlıq edənlər, onlara hər hansı kömək,
qayğı göstərənlər də elə onlardan
sayılırdı. Çox keçmirdi o cür
insanları da "xalq düşmənləri"nin sırasına qatırdılar, həbsə
atırdılar, sürgünlərə göndərirdilər.
Odur ki, Cavid tutulandan sonra, ailənin
dolanışıq imkanları məhdudlaşdığı
bir vaxtda Ərtoğrolun haradansa məvacib alması, evə
çörək gətirməsi çox vacib idi. Ancaq "xalq düşmənləri" ailəsindən
olan bir insanın hansısa dövlət müəssisəsində
işə düzəlməsi, üstəlik,
yazıb-pozması, daha artıq - yazdıqlarından nəyinsə
ortaya çıxması o günün şərtləri
baxımından tamam qeyri-adi hadisə idi. Bülbül
Ərtoğrolu həmin kabinetə işə
götürmüşdü. Bülbülün
orada gerçəkləşdirdiyi önəmli işlərdən
biri də rus və Avropa bəstəkarlarının silsilə
romanslarını, mahnılarını Azərbaycan dilinə
tərcümə və nəşr etdirmək idi. Bunlar sadə tərcümə deyil, ekvoritmik
çevirmələr idi və bu işi görmək heç
də sadə deyildi, xüsusi qabiliyyətlər istəyirdi.
Ekvoritmik tərcümələri edə bilmək
üçün gərək sən eyni zamanda həm şair,
həm də musiqiçi olaydın. Ərtoğrolsa həm
şair idi, həm dramaturq, həm tərcüməçi
idi, həm rəssam, həm bəstəkar idi, həm ədəbiyyatşünas
və xarici mahnıların mətnlərini Azərbaycan dilinə yüksək
poetikliklə, musiqi baxımından da dəqiqliklə
çevirirdi. Və Bülbülün səyləri
ilə Azərbaycanda not nəşrlərinin hələ yetərincə
oturuşmadığı bir dövrdə bunların
hamısı nəfis şəkildə çap olunurdu.
Və həmin
çap olunmuşların arasında nadir bir nüsxə də
var. O nüsxə ki, orada Ərtoğrolun imzası var. Təbii
ki, 1930-cu illərdə repressiya dalğalarının
tüğyan etdiyi o müdhiş əyyamlarda Cavid
soyadını qabağa çıxarmaq olmazdı. Ona görə
də çap olunmuş not əsərlərindən birinin
üstündə tərcüməçinin adı belə
göstərilib: "C.Ərtoğrol".
Və
1980-ci illərin əvvəllərində Cavidlər ailəsinin
faciəli taleyini
araşdırarkən qarşıma
Ərtoğrolun Bülbülə göndərdiyi bir təsirli
məktub da çıxdı. Ərtoğrol
Pedaqoji İnstitutun Filologiya fakültəsini bitirmişdi,
ardınca da konservatoriyaya daxil olmuşdu. Ancaq ali məktəb tələbəsi olmasına,
konservatoriyada əyani oxumasına məhəl qoymadan onu əsgərliyə
aparmışdılar. Hərbi xidmətə yola düşməzdən
əvvəl bel bağlayacağı, ürək
qızdıracağı iki adama məktub yazır: birini
atasının etibarlı dostu, ailəvi yaxın olduqları,
həm də sevimli müəllimi Üzeyir bəyə, digərini
isə Bülbülə. Bülbülə məktubunu belə
başlayırdı: "Əziz Bülbül dayı!"
Bülbülə o dövrün səliqəsinə
müvafiq olaraq "yoldaş", "müəllim" kimi
yox, "dayı" deyə müraciət etməsi artıq
onların arasındakı simsarlıqdan, məhrəmlikdən
deyir və Bülbül də zəmanənin bütün
amansızlıqlarına rəğmən, ona mərd dayı
olub, əsl dayaq olub. Yəni Bülbülün
yaratdığı həmin Xalq musiqisini tədqiq edən
kabinet bir tədqiqat mərkəzi olmaqdan daha artıq idi, həmişə
örnək göstərilə bilən mənəviyyat
ocağı idi. O çağın Azərbaycan boyu
tanınan, yaxud az tanınan, bəlkə də
heç tanınmayan, amma tanınması vacib olan neçə
sənətkarının yolu həmin kabinetdən
keçmişdi. Bülbül onlarla söhbət etmişdi,
müsahibələr aparmışdılar, söylədiklərini
yazıya almışdılar, hələ ilk
addımlarını atan Azərbaycan radiosunda lent
yazılışlarına başlanılmadığı bir
vaxtda hərəsi xalq musiqimizin canlı abidəsi olan həmin
sənətkarların səslərini tarixləşdirmişdilər,
ifalarını gələcək nəsillərə
çatsın deyə fonovallara almışdılar. Bülbül bu fəaliyyətləri ilə Azərbaycanı
ona həmişə minnətdar edəcək əvəzsiz bir
səslər və məxəzlər dəfinəsi
doğurub.
...Bülbül
mütaliənin həmişə aludəsi olub, kitab
oxumağı ömrü boyu sevib. Oxuduqları
da yalnız musiqiyə aid kitablar olmayıb. Elmin ən müxtəlif sahələrinə aid
kitablar onu cəzb edib. Evində zamanında çox məşhur
olan və az tapılan Brokqauz və Yefron ensiklopediyasından
tutmuş tarixə, ədəbiyyata, incəsənətin ən
müxtəlif sahələrinə aid çox kitablar var. O
kitabların sırasında təbabətə aid əsərlər
də gözə dəyir. Ancaq tibb
kitablarından da elələrini seçib alıb ki, ona sənəti
ilə bağlı gərək idilər. Levidov
soyadlı tibb professorunun Bülbülün rəfindəki
kitabı "Nəğməkar səs sağlam və xəstə
vəziyyətdə" adlanır. O kitab haqqında
haşiyədə Bülbülün qiymətverici rəyi də
qalır: "Çox dəyərli kitabdır". Bülbülə o kitab ilk növbədə, əlbəttə
ki, bir müğənni kimi gərək idi. Hər oxuyan kimi, onun da səsinə soyuq dəyə
bilərdi və dəyirdi də. Amma digər
tərəfdən, o həm də müəllim idi. Bu səsqoruma və səssağaltma şərtləri,
qaydaları və müalicə üsullarını tələbələrinə
də öyrətməli idi ki, başlarına belə bəla
gələndə, vacib bir konsert ərəfəsində səsə
soyuq dəyəndə vəziyyətdən necə
çıxsınlar. Özündən xəbər
alsaydın, yəqin, Bülbül səsinin soyuqlaması ilə
bağlı neçə olmuşu özünəxas hekayətçi
ustalığıyla saatlarca nəql edərdi ki, həm
maraqlı rəvayətlər kimi dinlərdin, həm də hərəsindən
gələcəkdə yararlanası nələrisə öyrənərdin.
Hər halda o qəbildən olan əhvalatlardan xəbərdar
olduqlarımız da var. 1938-ci ildə Azərbaycanın həyatında
əlamətdar hadisə baş verirdi. Bu,
bir mədəniyyət, ədəbiyyat tədbiri olsa da, siqlətcə
mühüm ictimai-siyasi məna daşıyırdı. Moskvada Azərbaycanın ədəbiyyat və incəsənət
ongünlüyü keçirilməli idi. Bu,
ilk növbədə Azərbaycan ədəbiyyatının,
incəsənətinin qazandığı uğurların
nümayişi idisə də, əslində Azərbaycanın
bütövlükdə bir respublika olaraq Kreml səviyyəsində
Sovet İttifaqına və Sovet İttifaqından kənarlara
təqdimi deməkdi. Həmin ədəbiyyat
və incəsənət ongünlüyünə ən
böyük ümidlərlə baxanlardan biri böyük
Üzeyir bəy Hacıbəyli idi. Təbii
ki, o vaxtlar Azərbaycan musiqisi ilə bağlı layihələrin
əksərinin mərkəzində dayanan Üzeyir bəy
Hacıbəyli idi. Amma 1920-ci ildən,
istiqlalın boğulması, bolşeviklərin gəlişindən
sonra Üzeyir bəyin başı üzərində daim qara
buludlar dolaşmaqdaydı, səbəbsiz də deyildi.
Əvvələn, bəy nəslindən idi, ziyalı aləmin
ən öndəgedənlərindəndi, qardaşı Ceyhun
da, özü də Azərbaycan Xalq Cümhuriyyəti ilə
sıx bağlı olmuşdular, Ceyhun indi Fransada siyasi
mühacirətdə idi və səbəblərdən hər
biri onun istənilən anda həbsə alınması
üçün bəs edərdi. Ona görə də hər
il təzə opera, operetta yazan, neçə
irili-xırdalı başqa bəstələr doğuran
Üzeyir bəy qırmızı 28 apreldən sonra sanki
küncə çəkilir, daha yeni bəstələri üzə
çıxmır, həmin dövrdə əsasən dərs
deməklə, sırf musiqişünaslıq
araşdırmaları ilə məşğul olur. Üzeyir bəy
1938-ci il dekadasına böyük ümidlərlə
baxırdı. Ongünlükdə onun
"Koroğlu"su nümayiş etdiriləcəkdi və bəyənilsəydi,
- bəyəniləcəyinə də ümidlər
böyük idi, - onun qarşısında uğur
qapılarının açılması, təhlükələrin
sovuşma ehtimalı çoxdu. "Koroğlu"da
da baş rolda Bülbül çıxış edəcəkdi.
Ancaq Bülbül xatirələrində
yazır ki, Moskvaya gedərkən elə yolda mənə bərk
soyuq dəydi. Həm də elə soyuq dəymişdi
ki, nəinki oxuya, heç danışa bilmirdim. Ancaq tamaşa da göstərilməliydi. Tamaşaya başda Stalin olmaqla sovet dövlətinin
rəhbərliyi baxacaqdı. Bülbül
xəstələnmişdisə, demək, tamaşa da gedə
bilməzdi. Çünki Koroğlu rolunu
ifa edəcək başqa aktyor, müğənni yox idi.
Lap olsa belə, Bülbül səviyyədə kim ifa edə bilərdi ki! Bülbülü
göstərməkçün Moskvanın boğaz üzrə
ən qüvvətli mütəxəssisləri sayılan bir
neçə məşhur professoru dəvət edirlər.
Gəlirlər, baxırlar, müayinə edirlər,
başlarını bulayırlar ki, qətiyyən oxumaq olmaz.
Ancaq oxumaq lazım idi. Və
Bülbül xatırlayırdı ki, konsertdən əvvəl
üç stəkan tünd, limonlu çay içdim və
çıxdım səhnəyə. 38 dərəcə
qızdırma içində, boğazı şişmiş,
danışa bilməyən və yeganə dərmanı
üç stəkan limonlu çay olan Bülbül
çıxır səhnəyə. Və
həmin axşam yalnız səs tellərinin hesabına
oxumur, yalnız Allahın ona bəxş elədiyi, indi
naxoşlamış səslə oxumur. İçəridən
səfərbər olur, iradəsi tarım çəkilir,
daxildəki bütün gücü düyümlənir və
Bülbül həmin axşam həmişəki sağlam,
şaqraq avazı ilə oxuyur. Bülbül
bunu da xatırlayırdı ki, məni müayinə eləyən
professorlardan biri o tamaşanı dinləmişdi. Heyrətə düşmüşdü, amma
izahını da gətirirdi. Deyirdi ki, belə
hallar keçmişlərdə də olub. Bu cür xəstələnmələrə
hərdən təbabətdən də güclü ola bilən, insanın daxilində cəmlənən
gücün sayəsində qalib gəlmək
mümkündür. Bülbül həmin
tamaşanı sadəcə yola vermir, gözəl oxuyur,
ilhamla oxuyur. Stalini riqqətə gətirəcək
qədər məharətlə oxuyur.
"Koroğlu" ali səviyyədə
bəyənilir və bu, Üzeyir bəyin həyatında həlledici
dönüşün müqəddiməsinə dönür -
elə həmin dekada vaxtı SSRİ xalq artisti adına layiq
görülür, Stalinin zəmanəti ilə namizədlik
stajını keçmədən birbaşa partiya
üzvlüyünə qəbul olunur. Bülbül
də mükafatsız qalmır. O da dekadadan SSRİ xalq
artisti kimi qayıdır. Ancaq Bülbülün
səhnəyə çıxmaqları, dekada gedişində
oxumaqları bu tamaşa ilə bitmirdi. Yenə bir
neçə dəfə səhnəyə
çıxmalı, yenə oxumalı idi və bütün
bunlardan əlavə, artıq dekadanın sonunda Stalinin, Siyasi
Büro və hökumət üzvlərinin iştirakı ilə
təntənəli ziyafət veriləcəkdi, orada da nələrisə
ifa eləməli idi. Bülbül yada salırdı ki, Moskvada
soyuqdəyməm bir az da dərinləşdi,
bronxit oldum, artıq nəfəs ala bilmirdim. Ancaq
axırıncı gündü, hökumət üzvləri
yığışmışdılar, ayrı-ayrı
müğənnilər çıxış edirdilər, mən
də iki xalq mahnısı oxudum. Amma
artıq səhnədən yox, elə dinləyənlərin
yanında dayanıb oxuduğumdan ağır nəfəs
aldığım, bronxit olduğum, təbii ki, böyrümdəkilərə,
yaxın məsafədə olanlara aşkar idi.
Budyonnı lap yaxınlıqda dayanmışdı,
oxuduqlarımı çox bəyəndi, ancaq bronxit
olduğumu, ağır nəfəs aldığımı da
hamıdan əvvəl hiss etdiyindən astadan bir məsləhət
də verdi. Dedi ki, sən iki qədəh
şampan iç. Bülbül xatırlayırdı ki, mən
Budyonnının o tövsiyəsinə əməl etdim, iki qədəh
şampan içdim, əhvalım da düzəldi, səsim də
açıldı.
Bu hadisə Bülbülün öz başına gəlmişdi və gedişat dramatik sonluğa da gətirib çıxara bilərdi. Bir az bəxt də üzünə gülmüşdü, sanki nicatsız görünən ağır vəziyyətdən yaxşı qurtarmışdı və bu xatirəsini qələm götürüb ona görə kağıza köçürmüşdü ki, müəllim idi, sözün böyük anlamında Müəllim idi. Düşünmüşdü ki, vəziyyətdən yaxşı çıxmışdı. Onu düşünürdü ki, yetişdirdiyim vokalçılar var, sabah onlardan hansının başına belə iş gələ bilər, qoy bunu da oxuyub yadda saxlasınlar, bəlkə həmin dar macalda belə bir təcrübə də kara gəldi. Tələbələrinin taleyi ilə bağlı bunca qayğıkeşliklə düşündüyündəndir ki, Azərbaycan oxuma məktəbi haqqında nəzəri müddəalarını bölüşəndə orada sinəyə soyuq dəyməsi, səsin soyuqlaması ilə bağlı da fikirlərini ayrıca qeyd edir. Bu halda məcburən səhnəyə çıxmaq lazım gələrkən vəziyyətdən necə çıxmağın yollarını da göstərir. Bülbül bu səmtdə yalnız təbabətə aid kitablarda yazılanlardan deyil, türkəçarə müalicələrdən də istifadə edirmiş və həm də onların ağlabatanlarından yararlandıqca bəhrəsini də görürmüş. Bunu mənə unudulmaz pianoçumuz Çingiz Sadıxov söyləyib. O da dəfələrlə Bülbülü müxtəlif səhnələrdə müşayiət etmişdi. Danışırdı ki, qastroldaydıq, sabah Bülbül səhnəyə çıxmalıdır, amma boğazına bərk soyuq dəyib. Səsi çıxmırdı, ancaq başqa yol yox idi - oxumalıydı: "Mehmanxanadakı otağına gəlmişdim. Gördüm özünə ayrıca çay dəmləyib. Bir almanı xırda-xırda doğrayaraq atıb iri çay stəkanına. Mənim gözümün qabağında bunun da üstünə bir az konyak da əlavə elədi, qarışdırdı, qoydu bir qədər qalsın, sonra götürüb qurtum-qurtum içdi, bununla da yekunlaşmadı, çayın içərisinə atdığı həmin alma tikələrini də bir-bir götürüb yedi. Dedi, sabah artıq düzələcək mənim səsim. Həqiqətən də ertəsi gün səhnəyə çıxdı, soyuqdəymədən əsər-əlamət qalmamışdı".
Bülbül həyat təcrübələri
ilə dolu insan idi. Ömrün dərsləri sənə
qarşılaşa biləcəyin hər çətin
sınaqdan rahat çıxmağın yollarını
aşılayır, Bülbülsə bütün bunlardan
agahdı və səxavətli də insandı. Qəlbindəki
eşqi ecazkar avazına qataraq insanlara ərməğan
etdiyi kimi, adlamış olduğu enişli-yoxuşlu həyat
yollarının ona öyrətdiklərini də özündən
daha cavanlardan əsirgəmirdi. Yazırdı, öyrədirdi,
söyləyirdi.
Hər insan günlərin birində gedəsidir. Bülbül də bilirdi ki, onun da həyatı, hər bir adam kimi, bitəcəklidir, günlərin birində onun da son saatı yetişəcək. Ona görə də bu dünyada qazandığı yaxşı nə varsa hamısını paylaşmağa tələsdi, çiçək-çiçək uçan arı kimi topladıqlarından nələrin insanlara qalması məsləhətdirsə, ölüm gələnəcən onların hamısının özü ilə birgə getməməsinin tədbirini tökdü.
Belə Vətən balasına rəhmət və məhəbbət heç tükənərmi?!
25 noyabr 2023
525-ci qəzet 2023.- 29 noyabr, ¹ 215.- S.10-11.