“Nigaran qalma məndən … “
Yaşanmış duyğuların məhrəm,
qutsal qatını,
hiss və düşüncələrin
sirli-sehirli kainatını,
fikrin dərinliyini, saflığını, möcüzatını,
bir ləçəyin,
bir çiçəyin
oylanma-boylanma toy-büsatını,
müdrikliyin, poetikliyin
könülləri titrədən,
kükrədən fütuhatını
söz sənətinin
əbədi sərvətinə,
qüdrətinə, ləyaqətinə
çevirən qələm
əhlini Nazimi Ustad adlandırmaq - yalnız haqqın səcdəsində dayanıb,
həqiqəti etiraf etməkdən özgə
anlama işıq salmır.
Bədii
sözün ülviyyəti,
səmimiyyəti, lətafəti,
isməti mənim fikrimcə, ədəbi növlərdən ən çox poeziyada özünü qabarıq
büruzə verir. Poetik nümunələr polifonikliyi - musiqili təbiəti, yığcam
biçimi, lakonikliyi,
oynaqlığı, axıcılığı,
çevikliyi, ovqatı
kökləmək məziyyəti,
kütləvilik brendi
ilə seçilir. Həyatda seçdiyin elm,
sənət, peşə
sahəsindən asılı
olmayaraq gənclik illərində hər kəs daha çox
şeir oxuyur və ya yazır.
Yaradıcılığa şeirlə
başlayan şəxslərin
bir qismi sonralar şair ola bilməsələr də,
ədəbiyyatsevərlər arasında yüksək zövqə, geniş erudisiyaya malik mütəxəssis,
düşüncə adamı
kimi tanınırlar. İnsanların söz ehtiyatının zənginləşməsində,
nitqin rəvanlığında,
cilalanmasında, mənəvi
dəyərlərin, milli tarixi
zəfərlərin tanıdılmasında,
təbliğində, dünyagörüşün
və həyata baxışın formalaşmasında,
vətənə, təbiətə,
Tanrıya sevgi, məhəbbət hissinin ovxarlanmasında poeziyanın
təsir imkanları, ecazkar qüdrəti danılmazdır. Gənclik
illərindən bu sehrli aləmin cazibəsindən qopa bilməyən, onun əzablı əsarətində
ədəbi taleyinin bəxtiyarlığını yaşayan,
həyatın ağır
sınaqlarından şeirin
mənəvi gücünə
sığınaraq ləyaqətlə
çıxan məğrur,
dəyanətli, müdrik
dostum Nazim Muğanlının
bədii düşüncə,
nəzm süfrəsindən
barındığım mənəvi
təamlara və onun insani keyfiyyətlərinə
diqqəti yönəltməkdən
öncə həyat yolunun enişli-yoxuşlu məqamlarını xatırlatmaq
yerinə düşərdi.
Nazim Muğanlı (Nazim Zahid oğlu
Bağırlı) 70 il əvvəl
Ağdamın Muğanlı
kəndində, Qarqar çayının sağ
yaxasında dünyaya
göz açıb. Kənd həyatının
təbiiliyinə, təbiətinə
vurğunluğu, sözə,
sənətə bağlılığı
onu Kənd Təsərrüfatı İnstitutunun
İqtisadiyyat fakültəsinin
mühasibat uçotu
ixtisasına və İctimai Peşə Fakültəsinin jurnalistlik
sahəsinə yiyələnməyə
gətirib çıxarmışdır.
Nazim Zahid
oğlu əmək fəaliyyətinə 1975-ci ildə
Ağcabədinin Qiyaməddinli
kəndində - mənim
doğma yurdumda, el-obamda mühasiblik vəzifəsinə böyük
həvəs və arzularla başlayıb. Həyat və yaradıcılıq yoluna
bu kəndin ziyalılarının, ağsaqqallarının
xeyir-duası ilə qədəm basıb. Bir ildən sonra - 1976-cı ildən fəaliyyətini
Dövlət Kinematoqrafiya
Komitəsində baş
mütəxəssis, şöbə
rəisi vəzifələrində
davam etdirib, 40 ilə yaxın yaradıcı mühitin diqqət mərkəzində,
söz, sənət adamlarının sırasında
olmuşdur. N.Muğanlı
2014-cü ildən sonra
Respublika Auditorlar Palatasında
Maliyyə idarəsinin
rəisi və digər vəzifələrdə
şərəflə, ləyaqətlə
çalışmışdır.
Nazim Muğanlı 1998-ci ildən
Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Rəsul Rza Beynəlxalq ədəbi mükafatının laureatıdır.
Onun "Əgər haqqım olsa" (1996),
"Özgə yer vətən sayılmaz"
(2001), "Yurdum mənim,
dərdim mənim"
(2013) şeir kitabları
poeziyasevərlərə ünvanlanıb
və söz xiridarlarının, şeir
sərraflarının ciddi
marağına səbəb
olub.
On il əvvəl, Bahar fəslinin ən gözəl çağında
Azərbaycan Yazıçılar
Birliyi Qarabağ Bölməsinin sədri, şair, ədəbiyyatşünas-alim
Ənvər Əhmədin
təşəbbüsü ilə "Natəvan"
klubunda keçiriləcək
bir kitab təqdimatına
dəvət olundum. Dövrün, zamanın devizini sərlövhəsində
daşıyan şeir
toplusu "Yurdum mənim, dərdim mənim" adlanırdı.
Əsir alınmış
yurd yerlərimiz, maddi və mənəvi
dəyərlərimiz ağrılarımızın
və göynərtilərimizin
səcdəgahı, müqəddəs
məkanı, Kərbəlası
idi.
Təqdimatda kitabın müəllifi
Nazim Muğanlı ilə
ilk dəfə idi ki, tanış olurdum. Nurlu çöhrəsindəki
təbəssüm şöləsi
ilə gözlərinin
dərinliyindəki yurd
niskili pozuq qafiyələnmiş beytə
bənzəyirdi. Uca boyu,
şux qəddü-qaməti
bu təzadlı vəhdətin nidası kimi gözlərim önündə canlandı.
Şeirləri ilə
tanış olduqca müəllifin iç dünyasının, mənəvi
aləminin sirli-sehrli məqamlarına bələd
ola bildim. Şairin
"Odum, ocağım
vətən" misrası
ilə başlayan şeirində ulu, müqəddəs
vətənə müraciətlə
deyir:
Od səndən, yanma məndən,
Bu odu alma məndən.
Yansam, başın sağ
olsun,
Nigaran qalma məndən.
Bu yığcam dörd misralıq bəndi şairin yaradıcılıq
məramnaməsi, həyat
devizi, fəaliyyət
manifesti də adlandırmaq olar. Adı çəkilməsə
də, lirik mən Odlar Yurdunun Pərvanəsi obrazında təqdim edilir. Vətənlə Vətənpərvərin dialoqunda
"yanmaq" sözü
iki mənada işlədilir. Birincidə
vətən uğrunda
yanmaqdan, azadlıq yollarına gur işıq salmaqdan, məşələ çevrilməkdən
söhbət gedirsə,
ikinci mənada vətənin azadlığı,
suverenliyi uğrunda yanıb kül olmaq, şəhidlik zirvəsinə yüksəlmək
məqamı vurğulanır:
"Yansam, başın
sağ olsun, Nigaran qalma məndən!"
...Bu misralar bəlkə
də qəddar düşmənlər tərəfindən
işğal edilmiş
torpaqlarımızı, yurd
yerlərimizi canı-qanı
müqabilində azad edən, Vətənin başına pərvanə
kimi dolanan şəhidlərimizin son vəsiyyətləridir...
Nazim Muğanlı "Can Qarabağ"
şeirində vətənin
bu tarixi bölgəsinə sevgisini,
hiss və duyğularını
obrazlı müstəvidə
sərgiləmiş, Qarabağın
poetik atlasını, etnoqrafik mənzərəsini
yaratmağı bacarmışdır.
Qara
göl Laçının
üzük qaşıdır,
Qarqar tariximin qan yaddaşıdır,
Kötəl kəhrizlərin məhək
daşıdır,
Həkərim, Zabuxum çayım-çaylağım,
Sənə qurban olum, can Qarabağım.
Bir vaxtlar Novruzlu İsgəndər bir məşhur mahnısında
Ağdamı Qarabağın
"toy otağı"na bənzədirdi
- bər-bəzəkli, səliqə-sahmanlı...
Topluda şair doğma vətəni olan Ağdama bir neçə şeir həsr etmişdir. Onlardan "Ağdamıma
qurban olum" adlı bədii nümunə şəhərin
mənəvi simasını
təyin edən cizgiləri ilə yadda qalır.
Payız girdi, zaman durdu,
Ellər ağır məclis
qurdu,
Arif,
Ramiz, Qədir yurdu,
Ağdamıma qurban olum.
Misralarda
zamanın ritmi döyünür, həsrətin,
intizarın yaralı şair ürəyində
damğası sızıldayır.
Qarabağlılar üçün
bal kimi şirin səslənən
"Qurban olum" ifadəsi qövr edən qübara, acılara təsəlli
ola bilmir. Yağıların
tapdağı altında
qalan, qoşa minarəli məscidi, mədəniyyət ocaqları,
məktəbləri, kitabxanaları,
abidələri dağıdılan,
bulaqları kor qalan, məşhur sənətkarları - Arif
Babayevi, Qədir Rüstəmovu, Ramiz Quliyevi
didərgin düşən
Ağdama mərd, mübariz oğullar, igid, qəhrəman döyüşçülər lazımdır.
Nazim Muğanlı "Qədirin
səsi" şeirində
musiqinin gücünü,
qüdrətini ön
plana çəkir, bu
səsdəki çağırışı,
hayqırtını, yanğını
"Şahin nəğməsi"nə,
"Babək nərəsi"nə
bənzədir. Qarabağın
azad edilməsi uğrunda mücadilədə
Qədirin səsindəki
möcüzəyə, qüdrətə
inanır.
Zirvədən ayrılan qartal naləsi,
Tufanla çarpışan şahin
nəğməsi,
Babək nərəsidir Qədirin səsi,
Hoydu igidlərim, gəlin
and içək,
Qarabağ, ya ölüm,
birini seçək!
...Qədirdir oxuyan, qalx ayağa, qalx!
Səsdə möcüzəyə, qüdrətə bir bax.
İnsan da vətənsiz yaşarmı,
Allah!
Hoydu igidlərim, gəlin
and içək,
Qarabağ, ya ölüm,
birini seçək!
Təsadüfi deyil ki, I Qarabağ
müharibəsində, xüsusilə
Ağdam ətrafında
gedən döyüşlərdə
Qədir Rüstəmov
şəxsən döyüşçü
kimi iştirak etmiş, könüllü
dəstələrin irəliləməsində
onları mübariz əhval-ruhiyyəli mahnıları
ilə ruhlandırmış,
qəhrəmanlıq nümunələri
göstərməyə səsləmişdir.
Eyni düşüncələri, hissləri
"Haray" şeirində
də diqqətə çatdıran müəllif
üzünü Ağdamın
xilaskarlarına tutaraq
yazır:
Yurdu dağılan mənəm,
Qaçqın çağrılan
mənəm,
İçimdə vulkan yanır,
"Haray" bağıran mənəm.
Şeirin
yazılma tarixi qeyd edilməsə də, məzmunundan məlum olur ki, bu əsər iki müharibə arasında 25 ildən çox davam edən darıxdırıcı
danışıqlar dövründə
qələmə alınmışdır.
Nazim Muğanlı bir neçə şeirində
Qarabağ ünvanlı
vətən, torpaq, yurd yerləri, el-oba, allı-yaşıllı
təbiət, buz bulaqlar, başı dumanlı dağlar üçün darıxdığını
dilə gətirmişdir.
Uzaq xatirələrə
bürünmüş həsrətin,
intizarın əlçatmazlığını
şair "A dağlar"
şeirində real boyalarla
vermişdir.
Duman gələr zirvələrin
görünməz,
Dəli dağa qalxan yollar bilinməz,
Xəyalımdan xatirələr silinməz,
Sizdən ötrü darıxmışam,
a dağlar.
Şairin
xəyallarından gənclik
xatirələri, dumanlı
zirvələr, qar örtmüş dağ cığırları silinməsə
də, uşaqlığı
keçən yerlərin
ağrısını, acısını
yaşayır, o yerlər
üçün burnunun
ucu göynəyir, darıxır...
Şair
növbəti "Darıxmışam"
şeirində gözləməkdən
ümidlərinin tükəndiyinə,
yolların bağlandığına,
"Düşmən qəvi,
tale zəbun" (M.Füzuli) olduğuna
işarə edir.
Qarabağın yolu bağlı,
Haqqın əli-qolu bağlı,
Yurdum əsir, sinəm
dağlı,
Qoy
qoynunda ölüm, Şuşam,
Sənsiz yaman darıxmışam.
Cıdır düzü peyman
yerim,
Minarələr iman yerim,
Ay yurd yerim, güman
yerim,
Qoy
qoynunda ölüm, Şuşam,
Sənsiz yaman darıxmışam.
Otuz illik gözləmələrin,
darıxdırıcı ayların-illərin
ümidsizliyindən yoğrulmuş,
şair ruhunun nalə və fəryadı kimi yaddaşlarda iz buraxan bu misralar
təəssüf ki, gerçəkliyin
bədii əksi idi.
İnsanların, xüsusilə Qarabağlıların
qəlbinə çökmüş
pessimizmin qara-qatı buludlarını 44 günlük
müharibədə şairin
"Hoydu igidlərim"
- deyə müraciət
etdiyi çağdaş
Azərbaycan gəncliyi
"Dəmir yumruq"la
darmadağın etdi. Tarixi Zəfərin rəmzi olaraq Azərbaycan himni Şuşanın aydın
səmasında günəş
şəfəqləri kimi
bərq vurdu, Qədirin "Qarabağ şikəstəsi", Xudayarın
"Vətən yaxşıdır"
təsnifi əks-səda
verdi. Bu musiqi sədaları düşmən
üzərinə döyüşə
atılan igidlər üçün "Babək
nərəsi" qədər
əzəmətli, möhtəşəm
idi...
Nazim Muğanlının "Nigaran
qalma məndən"
kitabına daxil edilən şeirləri şairin yaşadığı
keşməkeşli həyatın,
çəkdiyi üzüntünün,
həsrətin, iztirabın,
sevdiyi vətənin, xalqın, el-obanın bədii salnaməsidir. Sözün və düşüncənin geniş
mənasında o, Nazimi
Ustaddır.
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
525- ci qəzet.- 2023- cü il.- 3 noyabr.- ¹ 200.- S. 11.