“Qarabağın çörək
muzeyi” filminin təqdimatı olub
Noyabrın
1-də Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının
qərargahında “Qarabağın Çörək Muzeyi”
filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Ağdam
“Çörək Muzeyi”nin dünənindən,
bu günündən bəhs edən film “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği
və Dünyaya İnteqrasiyası” İctimai
Birliyinin layihəsi, Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.
Filmin ssenari
müəllifi Firuzə
Nadir bildirib ki, 3 minə yaxın nadir eksponatın toplandığı
Ağdam “Çörək
Muzeyi” dövlət tərəfindən yerli mədəniyyət abidəsi
kimi qorunub. Muzeyin eksponatları arasında 3 min ildən çox yaşı olan nümunələr də olub. Firuzə Nadir belə bir unikal muzeyin
darmadağın edilməsinin
bəşəri cinayət
olduğunu vurğulayaraq
deyib: “Xoş niyyətlə yaradılan
“Çörək muzeyi”
ağdamlılar üçün
quruca daş-divar deyildi, unikal mədəniyyət abidəsi
idi. Çörəyin
yaranması, bişirilməsi,
ərsəyə gətirilməsi
tarixini öyrənən
dəyərli bir mərkəz idi. Ağdamlılar bu muzeyi elə xəmir kimi yoğurub yapmış, düz-çörəyə abidə
qoymuşdular. Çörəyi
dizinin üstündə
olan ermənilər isə bu müqəddəsliyə
də əl uzadıblar. Artıq doğma torpaqlarımız,
mədəniyyətimiz əsarətdən
qurtarılıb. Düşünürəm
ki, bu film
muzeyin bərpasında
da müəyyən rol oynayacaq”.
Sonra film
nümayiş etdirilib.
Filmdə
muzeyin yaradılması
və fəaliyyətində
xidməti olanlar iştirak ediblər. Onlar muzeyin dünəni
haqqında maraqlı məlumatları bölüşüb,
bugünkü acınacaqlı
vəziyyətindən danışıb,
bərpası istiqamətində
görülən işləri
diqqətə çatdırıblar.
Təqdimat mərasimində Ağdam Rayon Mədəniyyət Şöbəsinin keçmiş müdiri Çimnaz Əliyeva, sonuncu direktoru Hafiz Əliyev və digər çıxış edənlər filmin mədəniyyətimizin təbliği baxımından əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin qətiyyəti ilə indi bütün Qarabağın, eləcə də Ağdamın yeni tarixi başlayır. Ağdamlıların yenə də çörəyin müqəddəsliyinə abidə qoyacaqlarına əminlik ifadə olunub.
525- ci qəzet.- 2023- cü il.- 3
noyabr.- ¹ 200.- S. 8.