Kinoman baytar, tələbə
təqaüdü ilə
film çəkən
rejissor
FESTİVAL
HEKAYƏLƏRİ
2023-cü
ilin bitməsinə təxminən ayyarım vaxt qalıb. Bu ilin mədəniyyət xronikası öncəki illərdəkindən fərqlənir.
Təbii ki, hər hansı radikal dəyişikliyi, yaxud da gözqamaşdıran inkişafı
nəzərdə tutmuruq,
ancaq qığılcımların
da haqqını verməliyik.
Mədəniyyət Nazirliyinin
ilboyu təşkil etdiyi müxtəlif forum və tədbirlər ümidvericidir. Bu tədbirlər
sırasında artıq
on dördüncü dəfə
keçirilən, Azərbaycanın
ən uzunömürlü
kino festivalı olan Bakı Beynəlxalq Qısa Filmlər Festivalının da adını
qeyd edə bilərik. İllərdir
ki, sözügedən festivalın
komandasında yer alıram. Bu səbəbdən
dolayısı ilə
festival haqqında yazacağım
xoş sözlərin
obyektivliyindən şübhə
edə biləcəyinizi
nəzərə alaraq
yalnız bir müşahidəçi kimi
gördüklərimi sizə
danışacağam. Çünki
altı gün davam edən tədbir boyunca xeyli maraqlı məqamlara şahid olmuşam.
Gənc
Kinematoqrafçılar Mərkəzinin
təsis etdiyi festivalın rəsmi tərəfdaşı Mədəniyyət
Nazirliyi və Kino Agentliyidir. Bu il festivala 78 ölkədən 704 film göndərilib.
Kino mütəxəssislərindən ibarət Seçim Komissiyası bu filmlər arasından Beynəlxalq, "Asiya istedadları" və Yerli müsabiqədə yarışan ekran əsərlərini müəyyənləşdiriblər.
Beynəlxalq müsabiqədə 32 ölkəni təmsil edən 42 film, "Asiya istedadları"nda 17 film, Yerli
müsabiqədə isə
26 film festivalın əsas
mükafatı olan
"Qızıl Nar" uğrunda
mübarizəyə qoşulub.
Festivalın müsabiqədənkənar
maraqlı bölmələri
də var. Festival çərçivəsində
İngiltərə Kino və
Televiziya Sənətləri
Akademiyası tərəfindən
verilən dünyanın
ən məşhur mükafatı - BAFTA namizədlərinin
xüsusi nümayişi
keçirilib. Həmin
filmlərdən biri olan "Baziqaqa"nın
rejissoru Jo Moys təqdimatda iştirak edərək tamaşaçıların
suallarını cavablandırıb.
"Dili bizim"də dünyanın
müxtəlif ölkələrində
yaşayan həmyerlilərimizin
Azərbaycan dilində
çəkdikləri filmlər
nümayiş olunub.
"Panorama"da isə
gələcəyinə böyük
ümidlər bəslənən
müəlliflərin filmləri
təqdim edilib.
Bütün bu filmləri Azərbaycan tamaşaçısı
pulsuz şəkildə
izləyib. Altı gün boyunca demək olar ki, zallarda boş yer tapmaq mümkün
deyildi.
Gələnlərin çoxu da həqiqətən kinosevərlər
idi. Zaur əmi də o adamlardan biridir. Deməli, festivalın açılış mərasimində
tanımadığım bir
kişi yaxınlaşıb
bildirdi ki, mərasimə
dəvət olunmasa
da, iştirak etmək
istəyir. Çünki
filmləri çox sevir. Nədənsə bu adamın səmimiyyətinə inandım
və növbəti günlərdə inancımda
yanılmadığımı gördüm. O, hər gün filmlərə gəlir, sona qədər oturur, maraqlı fikirlər söyləyirdi. Nəhayət,
ayaqüstü də olsa, onunla söhbətləşə
bildim. Öyrəndim
ki, Zaur əmi ixtisasca baytardır. Hələ gəncliyindən
filmləri çox sevir: "Hər gün qəzet oxuyuram, ən çox da yeni kinolar haqqında yazılan məlumatları. Daha sonra şəhərdə
nümayiş olunan filmləri axtarıb tapıram. Bu festivalı
da bir elanda görmüşdüm. Bilirsən,
mən nə qədər filmə baxmışam? Heyif ki, indi qulağım ağır eşidir. Amma bu mənə əngəl deyil. Burdan çıxandan sonra da başqa bir filmə baxmağa gedəcəyəm"
- deyib yaşı ilə uzlaşmayan bir cəldliklə qapıya sarı addımlayır. Xahiş edirəm, şəkil çəkdirək. Əvvəlcə
etiraz edir ki, evdəkilərin xoşuna
gəlməz. Yəqin
ehtiyat edir ki, birdən nəsə lağlağı məqsədilə
şəkil çəkdirərəm.
Sonradan isə razılaşır. Ümidvaram,
Zaur əmi "525-ci qəzet"i də oxuyur. Əgər oxuyursa, burdan ona demək istəyirəm ki, nə yaxşı sizin kimi sənətsevərlər
var. Sizin kimi adamların sayı az olsa da, varlığınızla
sənətkarlara güc
verirsiniz.
Təəssüf ki, Zaur əminin
gözlərində gördüyüm
marağı bəzi rejissorlarımızın davranışında
görmədim. Ümumiyyətlə,
bu, festival boyunca məni narahat edən əsas məqamlardan idi. Gənc rejissorlarımız
çox vaxt ancaq öz filmlərinə
baxır, bir-birinin
filmi ilə maraqlanmırdılar.
Situasiyanı belə təsvir edim. Deməli, öz filminin nümayiş saatında gəlir, təbii ki, dost-tanışı
ilə birgə çöldə gözləyir,
sonra da filmə baxıb gedirlər. Halbuki festivalın əsas üstünlüklərindən
biri həmkarların işləri ilə tanışlıq, kimin nə çəkdiyindən
xəbərdar olmaqdır.
Bilmirəm, bu, yaradıcı eqodur, yoxsa başqa nəsə. İstənilən
halda xoş mənzərə deyil. Məni narahat edən digər bir məsələ film müzakirələrində tamaşaçıların
səsləndirdiyi absurd fikirlər
idi. Bu fikirləri eşidəndə bir daha anlayırsan ki, getməli olduğumuz yol hələ çox uzundur. Bir nümunə deyim. Rejissor Orxan Adıgözəlovun məşhur
animatorçu Elçin
Hami Axundov haqqında çəkdiyi filmin müzakirəsində zaldakıların
çoxu gördükləri
kadrlara etiraz etdilər. Arqument də bu idi
ki, kaş rejissor məşhur animatorçunu
araq içdiyi yerdə göstərməzdi,
sən demə, bu, sənətkar obrazını ləkələyir.
Bu fikirlərə həm
təəccübləndim, həm də təəssüfləndim. Təəccübləndim
ona görə ki, bunu deyənlər içərisində sənəti
anladığını zənn
etdiyim adamlar da vardı. Təəssüfləndim
ona görə ki, bizim tamaşaçıların
kinoya yanaşmasında
ötən əsrin ideologiyası hələ də hakimdir. Onların təsəvvürünə
görə, böyük
adam hesab etdikləri kəslər ancaq ütülü köynəkdə, boynunda
qalstuk masa arxasında
olmalıdır. Peşəkar
nədir, araq nədir? Mən əminəm ki, belə düşünən adamlar
müəllimin çörək
yeyib, su içdiyini də hələ qəbul edə bilmirlər.
Əgər qəhrəman real şəxsiyyətdirsə,
kimliyindən asılı
olmayaraq real mənzərəni
də görməliyik.
Kinoya tək təbliğat maşını
kimi baxmaq, rejissordan da yalnız görmək istədiklərimizi
istəmək bizi həqiqətdən çox
uzaq salır. Özü də təkcə həqiqətdən
yox, elə inkişafdan da.
Festivalda
xarici ölkələrdən
gələn kino nümayəndələri
də vardı. Onlarla xeyli söhbət
etmək imkanım oldu. Bakının gözəlliyi, memarlığı,
zəngin mədəniyyətimiz
haqqında xoş sözlər eşitdim. Ən çox da musiqilərimizdən xəbərdar
idilər. Təəssüf
ki, kinomuz haqqında eyni sözü deyə bilməyəcəm.
Tanıdığım əcnəbi
sənətçilərlə söhbətimdən sonra bir daha əmin
oldum ki, Azərbaycanın
musiqisi və rəssamlığı haqqında
dediyimiz gözəl sözlər, apardığımız
müqayisələr boşuna
deyil. Xüsusilə də, iyirminci əsrə dair hər iki sənət
sahəsi haqqında danışacaq çox sözümüz var.
Gələk qaliblərə. Festivalın
qaliblərinə "Qızıl
nar" mükafatı
təqdim olundu. Müxtəlif nominasiyalar üzrə yarışan filmlərin içərisində
xeyli maraqlı işlər vardı. Mənim ən çox xoşuma gələn işlərdən
biri "Ən yaxşı bədii
film" nominasiyasında qalib
olan Səməd Ağayevin "Salam, İsa" filmi oldu. Rejissor bu filmi Ramiz Rövşənin
"Bir səhər yuxudan
durub Özünü uşaq görəsən.
Görəsən hamı
evdədi, Ölənləri
sağ görəsən"
misralarından təsirlənərək
çəkib. Özü
də elə təsirlənib ki, filmi çəkmək
üçün bankdan
kredit götürüb.
Daha bilmədim, krediti ödəyə bilib, yoxsa yox,
ancaq bildiyim bir şey var ki, belə şərtlərlə
nəsə etməyə
çalışan Səməd
Ağayev kimi xeyli rejissorlarımız
var. Neçəsini elə
festivalda tanıdım.
Məsələn, "Ən
yaxşı tələbə
filmi" nominasiyasında "Pianist"
filmi ilə qalib olan Məmmədəmin Əlizadə kinonu tələbə təqaüdü
ilə çəkib.
Film haqqında Məmmədəmindən
soruşanda vurğuladı
ki, bu işi görmək heç də asan olmayıb.
"Ssenarini çox bəyənirdim. Qərara
gəldim ki, bu ssenari əsasında film çəkim. Ancaq istər aktyorların qonorarı üçün,
istərsə də texniki avadanlıqlara pul lazım idi. Birinci kursdan
təqaüdümü yığırdım.
Təxminən, 1700-1800 manat
yığa bilmişdim.
Yığdığım pulu
filmə xərclədim.
Aktyorlar dostlarımdır,
çox cüzi miqdarda pul alıblar.
Heç peşəkar
aktyor da deyillər, biri model, biri stüardessadır. Çəkiliş
məkanı olaraq da birgünlük dostumun ucuz qiymətə studiyasını icarəyə
götürdüm. Film təxminən,
2000 manata başa gəldi, ilk göndərdiyim
festivalda da uğur qazandı", - deyə gənc rejissor bildirdi.
Bəli,
film çəkmək rəsm
çəkmək deyil
ki, bir kətan, bir fırça ilə məsələ həll olsun. Kino aktyor heyətindən, işıqçısına, texniki
avadanlığından bəstəkarına
qədər maliyyə
tələb edir. Sənət dəyərini
bir tərəfə qoysaq, maddi olaraq
filmin özünü
doğrultması, ən
azından qoyduğun pulu götürmək indiki durumda bizim üçün o qədər də real görünmür. İstisnasız
olaraq rejissora dəstək lazımdır.
Bu dəstəyi yalnız
dövlətdən ummaq
da çıxış yolu
deyil. İşlək
mexanizm qurulmadığı
müddətcə kino sənayesinin
inkişafı ağlabatan
görünmür. İstənilən
halda hardansa başlamaq labüddür.
Kinonu tələbə
təqaüdünün ümidinə
buraxmaq olmaz axı.
Aytac SAHƏD
525- ci qəzet.- 2023- cü il.- 18 noyabr.- ¹ 209.- S. 13.