Dünya mədəniyyətinin
yorulmaz tədqiqatçısı
Mən
tanınmış ziyalı, publisist, ictimai xadim Telman Orucovun
daimi oxucusuyam, neçə illərdir onun yazılarını
müntəzəm izləyicisiyəm. Sevinirəm ki, "525-ci qəzet"
belə bir məhsuldar müəlliflə əməkdaşlığını
itirmir və zəngin dünyagörüşlü, lakonik
üslublu, çevik təxəyyüllü bir
araşdırıcı oxucularla daima görüşür. Əsrimizdə,
informasiyaların bolluğunda oxucuları heyrətləndirmək
o qədər də asan deyil. Lazım gəlir ta antik
dövrlərdən üzü bizə yol gələn
dünya mədəniyyətinin korifey filosoflarının,
habelə ədəbiyyat və incəsənət dəyərlərinin,
möhtəşəm dövlət saraylarının siyasi
liderlərinin dövlətçilik fəaliyyətini,
onların əhatəsində olan xadimlərin, söz
adamlarının irsinə cari əsrin pəncərəsindən
baxasan; həm də seyrçi kimi yox, orijinal tədqiqatçı
baxışı ilə. Bu gün Telman Orucov, bəlkə
də, bu missiyanı yorulmadan yerinə yetirən yeganə qələm
adamıdır. Onun
yaradıcılığında antik filosoflar - Sokrat, Platon və
Aristoteldən üzü bəri ən fərqli fəlsəfi
ideyalar, bədii kəşflər, yüksək ədəbi
faktlar ayrı-ayrı simaların timsalında oxuculara təqdim
olunur. Telman Orucovun bir ziyalı kimi geniş mütaliəyə
malikdir, onun bu keyfiyyətini telefon söhbətlərimdə
də dəfələrlə hiss etmişəm. Yəqin ki, Telman müəlimin yazılarını
oxuyan hər bir şəxs mənim bu fikrimlə
razılaşar.
İndi isə bir qədər T.Orucovun son tədqiqatları
üzərində dayanmaq istərdim. Onun "525-ci qəzet"də
çapı davam edən "Əziz dost" haqqında
söhbəti böyük və ağır bir işin məhsuludur.
Burada söhbət bir qədər uzaq illərin
ədəbi materiallarından başlasa da, kənd nəsrindən
yazan bir yazıçı ilə məktublaşması fonunda
qənaətlər, mülahizələr diqqəti cəlb
edir. Müəllif qədim yunanların üz
tutduqları Homerin "İlliada" və "Odisseya"
poemalarını xatırladır, yazır ki, hər bir avropalı
öz beşiyinin başında bu iki ölməz əsərin
nəğmələrini eşidib, dünyanı qavramağa məhz
bu poemaların sətirləri ilə başlayıb. O vaxta qədər
miflər, əsatirlər yazının icadına qədər
yaşayıb. T.Orucov yeni məlumatını oxucularla
bölüşür: "Yazılar ilk dəfə Şumerdə
piktoqrammalardan - şəkil rəmzlərdən səs və
heca ifadə edən az sayda hərflərə keçidlə
başladı. Bu, mixi yazısı
adlanırdı. Finikiyada isə sözlər hərflərin
birləşməsində ifadə olunmaqla
yazılırdı..."
Telman
Orucov kitab mədəniyyətinin insanların zövqünə
sirayət etməsi və yayılması zərurətini belə
səciyyələndirir: "Mən onu deyə bilərəm
ki, kitablar sədaqətli və etibarlı dost simvolu olan
Piladdan heç də geri qalmır. Axı Pilad ən
çətin anlarda, ən ağır sınaqlarda Orestin ən
sədaqətli dostu kimi özünü göstərir".
Beləliklə, sivilizasiyanın bəşər
həyatında dönüş yaratmasının bir atributu
kitabxanaların yaradılması oldu. Yeni
Babildəki kitabxana məşhurlaşdı və xeyli sonra
ikinci Ərəb xilafətinin paytaxtı olan Kordobadakı
kitabxanada 100 mindən artıq kitab saxlanılırdı.
O da bəlli olur ki, Harun ər-Rəşidin vəziri Barmakid
800-ci ilə yaxın Bağdadda ilk kağız fabriki tikdirdi və
oradan da kağız istehsalı Avropaya yayıldı. Tədqiqatçının
araşdırması dəqiqliyi ilə fərqlənir: Qədim
dünyanın ən böyük kitabxanalarından biri İskəndəriyyədə
idi və Qay Yuli Sezar ordusunun xilası naminə limanda dayanan
donanmanı yandırmağı əmr edərkən, alov
şəhərə də keçmiş və məşhur
kitabxana da yanmışdı. Ərəb xəlifəsi
Ömər VII əsrin 40-cı illərində İskəndəriyyə
kitabxanasını yenidən yandırtmışdı. Xəlifə bu yanğını onunla əsaslandırmışdı
ki, əgər kitabxanada Quranda olduğundan artıq heç nə
yoxdursa, onda onu yandırmaq lazımdır.
Mütaliə insanı biliklə zənginləşdirir,
qanunauyğunluqlardan və ziddiyyətlərdən baş
açmağa hazırlayır ki, təbiət və cəmiyyət
hadisələrini şərh etməyə, təqdir və rədd
etməyə imkan verən arqumentlərə, elmi əsaslara
söykənsin. Bilikli insan taleyin dönük, etibarsız
məqamlarında, ömrün uğursuz gedişatında
hadisələrdən yuxarıda dayanmağı bacarır, həyatın
faniliyinə təslim olmur. İnsan
başa düşür ki, qul olmaq insan ləyaqətinə
ziddir. Təsadüfi deyil ki, Aristotel qulu
danışan və hərəkət edən ikiayaqlı
heyvan adlandırırdı. Qədim yəhudilər
Misirdə qul olmağın əzablarını
görmüşdülər və Allahın köməyi ilə
Musa onları qul əsarətindən xilas etmişdi. Ona
görə də yəhudilər qərara
almışdılar ki, heç bir yəhudi bir daha qul
olmamalıdır, bu məqsədə yönəlmiş
çox sayda tədbirlər Tövratın
"Deyteronomiya" - "İkinci qanun" kitabında
öz əksini tapır.
Öz sadə təcrübəmə gəldikdə, mən
hələ uşaq olarkən kitablarla dostluğa
başladım və bu dostluq illər keçdikcə məhkəmlənərək,
mənim dünyamın və axtarışda olan ruhumun bir hissəsinə
çevrildi.
Yaşadığımız mühit, bizi əhatə
edən şərait, əlbəttə, cismani qidamız kimi,
ruhu qidamızın da rasionunu müəyyən edirdi. Əvvəlcə, kənd kitabxanasındakı
doğma dilimizdə olan kitablar bir-birinin ardınca beynimiz vasitəsi
ilə həzm olunurdu. Uşaq
dünyagörüşü ilə iri həcmli kitabları
oxumağımızla fəxr edirdik.
Telman Orucov ötən on illiklərdə oxucu
zövqünü xatırladır və həssaslıqla əsrin
tələblərini qiymətləndirir. Müəllifin
şərti bölgüsü son dərəcə
inandırıcıdır. Albert Moravianın, Erix
Remarkın, Ernest Hemenqueyin, Çingiz Aytmatovun, Rəsul Həmzətovun,
Valentin Rasputinin, Anatoli Rıbakovun və başqaların dəbdə
olan povest və romanların adını çəkir.
Maraqlı detala da laqeyd qalmır - ötən əsrin 50-ci illərində
populyarlıq naminə yazılan dedektiv romanlarımıza
(C.Əmirovun "Qara Volqa" romanını nəzərdə
tuturam) münasibəti obyektivdir. Geniş
mütaliə dairəsinə malik zəngin yaddaşlı
Telman müəllimin memuar janrına oxucu münasibətini
xatırlamaq maraq doğurur. Müəllif şəxsi
zövqünü gizlətmir, oxuyuruq: "Sonralar isə
İkinci Dünya müharibəsi tarixinin birtərəfli,
primitiv səviyyədə, kütləvi öyrənilməsi
başlandı. Buna start verən general Ştemenkonun Baş Qərargahın
müharibə dövründəki fəaliyyətinə həsr
olunan kitabı oldu və əslində, bu, "buzun əriməsi",
"mülayimləşmə" dövründə şəxsiyyətə
pərəstişin ciddi damğalanması ilə əlaqədar
xidmətləri bütünlüklə inkar edilən Stalinin
fəaliyyətinin tarixi və bədii əsərlərdə
reabilitasiyası tonqalını alovlandırmağa səbəb
olan ilk kibrit çöpü rolunu oynadı. Hamı
aviasiya konstruktoru Yakovlevin, hərbi və dövlət xadimlərinin
Stalinlə bağlı müşahidələrini əzbərləməyə
cəhd edirdi. Hətta Tehran konfransında tərcüməçilik
etmiş Berejkovun adi primitiv misallarla Stalinin xidmətlərini mədh
edən detallar, marşal G.K.Jukov tərəfindən ilk dəfə
açılan sirr - Stalinin doğma oğlunun almanlara əsir
düşməsi və onun acı aqibəti barədə
hekayətlər bir neçə illər ərzində məclislərdə
ən çox misal çəkilən ibrətamiz
pritçalara çevrilmişdi. Bu hərbi
xadimin "Xatirələr və düşüncələr"
əsəri istisna olmaqla, digər hərbi xadimlərin
aşağı səviyyəli memuarları bir-birinin
ardınca yağışdan sonrakı göbələk kimi
çoxalmağa başladı. Sonralar V.M.Molotovun bu əsər
haqqındakı mənfi rəyi ilə də tanış
oldum. Bu əsərlərdə hər kiçik
təpənin və yaşayış məntəqəsinin
alınması barədə bütün hərbi
hazırlıqlar və hərəkət təsvir olunurdu,
yorucu, maraqsız detallarla dolu səhnələr verilirdi.
Lakin çoxları bu əzici dövrdən
çıxa bilmirdi və zəif memuarları, ağıl və
ruh üçün heç nə verməyən bu
kitabları oxumaq üstündə elə bil ki, elan
olunmamış bir müsabiqə gedirdi".
Telman Orucov dünyanın ən dahi mütəfəkkirlərinin kitab haqqında fikirlərindən yan keçmir, varlığa hakim olmaqda bu bilik mənbəyinə qiymətsiz vasitə kimi yanaşır. Daha sonra isə yazır ki, kitablardan həm də xalqların xarakterlərinin yumşaldılması, onların qəddar təbiətlərinin mülayimləşdirilməsi üçün istifadə edilib. Sparta qanunlarının yaradıcısı Likurq İoniyadan Homerin əsərlərinin ayrı-ayrı parçalarını öz vətəninə bu məqsəd üçün gətirmiş, Krit adasından olan şair Falesi də doğma ölkəsinə göndərmişdi. Axı spartalılar Lakoniya zərb məsəllərindən başqa heç nəyə malik deyildilər və özlərini yalnız hərbi hazırlığa həsr edirdilər. Qədim romalılar da uzun müddət kobud hərb sənətinə üstünlük verirdilər və bu cəhətdən lakedemoniyalılara bənzəyirdilər. Lakin sonralar romalılar ədəbiyyata, ümumən, mədəniyyətə xüsusi fikir verməyə başladılar. Kiataba ehtiramı ilk dəfə Romuldan sonra Romada ikinci çarlıq edən Numa Pompili başlamışdı, o, vəsiyyət etmişdi ki, onu, ktabları ilə birlikdə dəfn etsinlər.
Telman Orucov mütaliə məsələsinə
də orijinal yanaşır. Onun fikrincə, oxumaq şifahi
nitqi dinləməkdən daha effektlidirsə,
yazılmış mətni oxunduqda onu mənimsəmək, təhlil
etmək daha asandır: "Kitab oxumaq, nitqin demək olar ki,
hipotik təsirini heçə endirir. Çarlz Persi Snou
yazırdı ki, Lev Trotski bəzən öz nitqinin cazibəsi
altına düşürdü".
T.Orucov
bir dəfə mənə dedi ki, hansı ölkəyə səfər
edirdisə, özü ilə kitab götürməyi unutmurdu,
necə deyərlər, "iki daşın arasında"
oxuyurdu, hətta qeydlər aparırdı. O, mütaliə
yerini heç bir məşğuliyyətə güzəştə
getmir. ABŞ prezidentləri içərisində Tomas
Ceffersondan sonra ən çox mütaliə edən Teodor
Ruzvelti xatırladır: "T.Ruzvelt heç yerə, hətta
Afrikanın cəngəlliklərinə də özü ilə
oxumaq üçün kitab götürməmiş getməzdi,
hətta ova gedəndə də özü ilə bir-iki kitab
götürürdü".
Qərara
gəldim yazıma nöqtə qoyum. Çünki Telman Orucovun
zəngin yaradıcılığı bir məqaləlik
deyil, oxuduqca daha dərinə varırsan,
düşünürsən. Bir
araşdırıcının, publisistin, obrazlı üslub
sahibinin erudisiyasına, enerjisinin tükənməzliyinə
heyrətlənirsən. Belə düşüncə
sahiblərinin yaradıcılığına isə həmişə
ehtiyacımız var.
Allahverdi EMİNOV
Pedaqogika üzrə fəlsəfə
elmləri doktoru, dosent
525-ci qəzet 2023.- 30 noyabr, № 217.- S.14.