Söz
yaradıcılığının inkişafı: dilin zənginləşmə
mənbəyi
YENİ DÖVRÜN TƏLƏBLƏRİ SÖZ YARADICILIĞI PROSESİNDƏ DAHA FƏAL İŞTİRAKIMIZI ZƏRURƏTƏ ÇEVİRİB
İnsan həyatının bütün dövrlərində cəmiyyətin inkişafı dialekt prosesinə də özünəməxsus təsir göstərib. Bu mənada insanlar arasında
ünsiyyət imkanlarını genişləndirmək, danışıq
və yazı qaydalarında çətinlikləri aradan
qaldırmaq üçün zamanın tələblərinə
uyğun sözlər meydana çıxıb. Söz
yaradıcılığının daha bir mühüm səbəbi
xalqlar və ölkələr arasındakı
inteqrasiyadır. Bu proses sayəsində bir qisim sözlər
beynəlxalq status alır, digər bir qisim söz toplusu isə
bir dildən başqasına keçir. Beləliklə,
ayrı-ayrı xalqların dillərində yeni sözlərin
yaranmasını və söz daxilolmalarının səbəbini
mühüm məqamlar elm və texnikanın inkişafı,
yeni texnologiyalar, qarşılıqlı inteqrasiya, mədəniyyətlərarası
dialoq və sair kimi mühüm amillərə bağlamaq
mümkündür.
Bəhsimizin mövzusu müasir Azərbaycan türkcəsində
söz ehtiyatlarının zənginləşdirilməsidir. Dilimizin söz zənginliyinin
tarixi bağlarının mədəniyyətimizin
çoxşaxəliliyindən qaynaqlandığını
heç kim inkar edə bilməz. Dilimizə keçmə sözlərin məna və
mahiyyətinə göstərdiyimiz ehtiram bizim milli zənginliyimizin
və xalqımızın mənimsəmə mədəniyyətinin
yüksək genetik göstəricisidir. Alınma
sözlərə göstərilən yüksək mədəniyyət
tələffüzdə və yazı qaydalarında Azərbaycan
dilinin imkanlarını genişləndirmiş, söz
ehtiyatını artırmışdır.
Artıq daha intellektual beynəlxalq mikroelektronik cəmiyyət
savadlı sənaye dövrünün həyat
normalarını xeyli arxada qoyub. Azərbaycan
qloballaşmanın sürətlə getdiyi dünyada bu
prosesin ön sıralarındadır. Belə olduğu
halda ölkənin və dövlətin inkişaf tempini daha
asan dildə dünya birliyinə çatdırmaq zərurəti
meydana gəlir ki, bu prosesdə yeni milli sözlərə
ehtiyac var. Elm və texnikanın müasir inkişafı nəticəsində
ortaya çıxan yeni texnologiya, cihaz və
avadanlıqların adlarını danışıq və
yazı dilinə daxil etməklə kifayətlənmək
dilçilik sahəsində mühafizəkarlıqdan başqa
anlama gələ bilməz.
Digər tərəfdən, Azərbaycan dili söz
ehtiyatına, dəqiqliyinə, normativ qayda və sərt yazı
tələbələrinə görə, dəqiq ifadə tərzini
əzmlə qoruya bilir. Bununla belə etiraf etməliyik ki, Azərbaycan
dilində, xüsusilə yazılı ədəbiyyatdakı
ifadə tərzində sadələşdirmənin
aparılması günün tələbidir və bu sahədəki
mühafizəkarlıq xüsusilə kompüter əsrinin tələblərinə
cavab vermir. Əvvəlcə
yaşadığımız əsrin
formalaşdırdığı reallıqlara nəzər yetirək.
Əgər 2010-cu illərdə "artıq hər bir evdə
internet var" ifadəsi tez-tez eşidilirdisə, hazırda hər
kəsin həyatında internet, eləcə də internetlə
çalışan daşınan avadanlıqlar mövcuddur.
Mövzunun girişinə internetlə
başlamağımız birbaşa onun insan həyatında
yaratdığı aktuallıqlarla bağlıdır. Ən geniş rabitə,
ticarət, iş ünsiyyətləri internet üzərindən
aparılır və bu sistem üzərində
yazışmaların (hibrid ifadə) qısa, düzgün və
aydın ifadə tərzinə olan ehtiyac real həyatın tələbədir
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən
müharibəsində qazandığı rəşadətli
qələbə cəmiyyətimizin söz dünyasında da
özünəməxsus dərəcədə emosional və
həssas milli kolarit əlavə edib. Əminliklə deyə bilərəm
ki, onilliklər boyu yazılı və şifahi ədəbiyyatımızda
"şəhid" və "qazi" sözləri də
bu qəbildən olan qəhrəmanların cəmiyyətimizdəki
rolu qədər söz aləmimizdə liderlik edəcəklər.
Məhz bu səbəbdən də internetlə
başladığım girişi məqalənin sonuna
saxlayıb bu mövzuya keçirəm.
Şəhid
və qazilər! Bu qəbildən olan üçüncü
qrup qəhrəman övladlar da var ki, onların ümumi
adı belə çağırılır: "Vətən
müharibəsi iştirakçısı", "Vətən
müharibəsi veteranı", "Birinci Qarabağ
müharibəsi döyüşçüsü" və
sair. Heç tərəddüd etmədən bu
qəbildən olan qəhrəmanları "Vətəndar"
olaraq qəbul edə bilərik. "Vətəndar"
qısa, lokanik, diləyatım və başadüşülən
bir kəlmədir. Nəzərə almaq
lazımdır ki, Azərbaycan dilində "Vətən"
əsaslı söz silsiləsi mövcuddur. Azərbaycan Vətənə və anaya həsr edilən
şeir və sənətdə dünyada liderdir desəm, yenə
də tərəddüd etmərəm. Vətənpərvər,
vətənsevər, vətəndaş və sair. "Vətənpərvərcəsinə" -, bu
sırada işlədilən ən uzun sözlərdəndir.
Təklif etdiyimiz "Vətəndar"
sözü yığcamlığına, səlisliyinə, rəvan
tələffüzünə, diləyatımlığına,
məna və hikmətinə görə
sadaladığımız eyni köklü dörd
sözün heç birindən geri qalmır. Fikir və
düşüncəmizi əsaslandırmaq üçün
şəhid, qazı və vətəndar adlarının sıralanmasında
mənəvi ardıcıllığı qorumaqla qələmə
aldığımız kiçik bəndə müraciət
edək:
Torpaq, vətən
dad edirdi zalımdan,
Qeyrət,
namus əriyirdi anbaan,
Yurd
sevgisi ərə oldu vəfadar,
Nərə
çəkdi hər bir yerdə vətəndar,
Tanrı
eşqi igidlərə havadar,
Şəhid, qazi önündəydi vətəndar.
Vətən təəssübü ilə canını fəda
edən qəhrəmanlar şəhid, qazı və vətəndar
olaraq məkanlarına görə, bir-birindən fərqləndirilsələr
də, mənəvi mahiyyətinə görə hər biri
eyni ucalığa sahibdirlər. Qeyd etdiyimiz fərqlilik
anlayışı ancaq bioloji xarakter daşıyır.
Şəhadətin şərafətini dərk edə bilməyən
ər nə şəhid, nə qazı, nə də Vətəndar
ola bilər. Şəhadətin
şərafətini dərk etmək məhz Vətəndar
olmaqdır. Vətəndar şəhid və
ya qazi, qazı isə şəhid olmayıbsa, bu, əsla onun
günahı və yaxud da döyüş yolunun zəifliyi
deyil. Burada tale və qismətin
hökmü qaçılmazdır. Vətəndar
sözünə gəldikdə daha bir müqayisə aparmaq
yaxşı olardı. Şifahi xalq ədəbiyyatımızda
qala mühafizəçilərinin başçısı, yəni
qala komandanı "Qaladar" adlandırılıb. Vəfadar, himayədar və sair sözləri də
xatırladaraq Vətən müharibəsi və ümumiyyətlə
vətən, dövlət və xalq yolunda döyüşən
bütün qəhrəman şəxsləri "Vətəndar"
adlandıra bilərik. Himayədar
sözü himayə edəndirsə, Vətəndar
sözü də eynilə vətəni Vətən zirvəsinə
yüksəldənlərdir. Bu adın eyni
zamanda, konkret hadisələrdəki şücaətinə və
cəsurluğuna görə dövlət təltifləri olan
digər şəxslərə də şamil edilməsi
mümkündür. Bu mənada "Vətəndar"
adı vətən, dövlət və xalq yolunda
döyüşən qəhrəmanlara dövlətin təltif
və imtiyazlar barədə ifadələrin lokanik şəkildə
səsləndirilməsindən tutmuş bütün məna tərzlərinə
uyğun gəlir. Müqayisə təkrarçılığından
uzaq olmaq istəyi ilə bir daha qeyd edə bilərik ki, şəhid
və qazilər ilk növbədə, məhz vətəni Vətən
zirvəsinə yüksəltməyə mənən hazır
olduqları üçün Vətəndar kimi cəsur
savaşçı, döyüşçü olublar.
Millətimizə və ümmətimizə şərafət
gətirən müqəddəs Kitabımızda hikmətli
söz və gözəl kəlam barlı-bərəkətli,
sərvi-əzəmətli ağacla müqayisə olunur. Bu mənada ölkəmizin,
xalqımızın və dövlətimizin, eləcə də
bütün türk dünyasının milli əzəmətini
zirvələrə yüksəldən böyük Zəfərin
səbəbkarı olan qəhrəman övladlarımıza
göstərilən diqqət və qayğının bir tərəfi
də onların şəxsiyyətini tərənnüm edən
gözəl sözlərdir ki, burada da Vətəndarın
öz yeri, öz rolu var.
"Azərbaycan
dilinin saflığının qorunması və dövlət
dilindən istifadənin daha da təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 01 noyabr 2018-ci il
tarixli Fərmanı bu sahəyə təhkim olunan dövlət
qurumları və bütün ziyalılar qarşısında
təxirəsalınmaz vəzifələr qoyur. Bu Fərmanın
mətnində dilçiliklə bağlı digər
hüquqi-normativ sənədlər kimi "Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət
Proqramı"nın təsdiq edilməsi haqqında"
2013-cü il 9 aprel tarixli Sərəncama
diqqət çəkilir. Qeyd olunan dövlət
proqramının adından da göründüyü kimi, məsələnin
mahiyyəti "Azərbaycan dili və qloballaşma şəraiti"
məsələsidir.
Yuxarıda
qeyd etdiyimiz ali sənədin qarşıya
qoyduğu vəzifə və prinsipləri rəhbər tutaraq
keçək digər mövzulara. Məsələn, "zəlzələdən
zərər çəkmiş insanlara kömək etmək
üçün", "meşə
yanğınının fəsadlarını aradan qaldırmaq
məqsədilə bərpa işləri aparılır",
"daşqın zamanı dağılan yolların bərpası
məsələsi gündəmə gətirilib",
"yanğın zamanı tüstüdən boğulan
insanlara ilkin tibbi yardım göstərilib", "qətlə
yetirilmiş şəxsin ailə üzvlərinə psixoloji
kömək göstərmək təxirəsalınmaz ictimai
məsələdir" və sair. Qeyd etdiyimiz
bu cümlələrdə daha çox sayda söz işlədilməsinin
əsas səbəbi zəlzələ, sel, yanğın, qətl
və sair kimi hadisələrin təsir dairələrinin ifadə
anlayışıdır. Halbuki həmin prosesləri
"zəlzədə", "selzədə", "odzədə",
"tüstüvuran", "qatilvuran" və sair sözləri
tətbiq etməklə qeyd olunan və tez-tez rast gəlinən
bu hadisələrin ifadəsini sadələşdirə və
az söz istifadə etməklə fikrimizi xeyli yığcam
yaza bilərik
Məsələn:
"Zəlzədələrə kömək etmək
üçün", "meşənin odzədə hissəsi
bərpa olunur", "selzədə yolların bərpasına
başlanılıb", "tüstülənənlərə
ilkin tibbi yardım göstərilib", "qatilvuranın ailə
üzvlərinə psixoloji kömək göstərmək zəruridir"
və sair.
Qeyd etdiyimiz kimi, bu cümlələrdə daha çox
sayda söz işlədilməsinin əsas səbəbi zəlzələ,
sel, yanğın və qətl kimi hadisələrin təsir dairələrinin
genişliyi anlayışıdır. Halbuki həmin prosesləri "zəlzədə",
"selzədə", "odzədə",
"tüstülənən", "qatilvuran" və sair
sözləri tətbiq etməklə qeyd olunan və tez-tez
rast gəlinən bu hadisələrə aid cümlələri
yetərincə sadələşdirə bilərik.
İndi isə yenidən internet üzərinə
qayıdaq. Bir daha vurğulayım ki, internet
yazışmaları qısa, səlis və aydın ifadə
tərzini tələb etdiyi üçün bu reallıq bizə
milli söz yaradıcılığına keçməyi tələb
edir. Bu günün tələbi, real
intellektual həyatın hökmüdür.
"Azərbaycanda internet istifadəçilərinin
sayı doqquz milyon nəfərdir (rəqəmlər rəsmi
statistikaya deyil, məntiqə əsaslanır)". Bu cümləni təklif
etdiyimiz "intersay" sözü sayəsində yeddi
sözdən beşə endirə bilərik: "Azərbaycanda
intersay doqquz milyon nəfərdir. "Azərbaycanda
intersay doqquz milyon nəfərdir. Onların əksəriyyəti
sürətli internet istifadəçisidir. Statistik göstəricilərə görə, kənd
yerlərində intersayın dinamikası daha sürətlə
gedir. Bunun bir səbəbi də şəhərlərdəki
internetsay ehtiyacının dolmasıdır". Göründüyü
kimi, əlavə etdiyimiz sonrakı dörd cümlənin ifadəsi
məhz intersay sözünün sadələşdirilmiş
gücü əsasında daha səlis və yığcam ifadə
ilə yazılır.
Azərbaycanda
hazırda (2022) 10 milyon 817,1 min nəfər
cibtel (mobtel, cibtel, əltel) abunəçisidir. Ötən ilin sonuna olan məlumata görə, əhalinin
hər 100 nəfərinə 108 cibtel düşüb. Bu isə artıq ölkədə orta hesabla
bütün vətəndaşların cibtel işlətdiyini
ifadə etməyə əsas verir. Yuxarıda "Mobil
telefon abonentlərinin sayı", - ifadəsini
"mobtel" "cibtel" və yaxud "əltel"
adları ilə əvəz etdiyimizdə,
göründüyü kimi, sonrakı cümlələr daha
da sadələşir və yüngülləşir.
Yeni söz yaradıcılığında əsas məsələlərdən
biri təkliflərdə milli koloritin qorunmasıdır. Bu isə yeni
söz birləşmələrinin diləyatımlılığı
və məna kəsb etməsinə bağlıdır. Göründüyü
kimi, təklif etdiyimiz bütün sözlərdə məna kəsbi
mövcuddur.
Sonda mövzunu əhatə edən daha bir mühüm informasiya əsasında fikir və mülahizələrimizi bölüşmək istərdik. Kütləvi informasiya vasitələrinin məlumatına görə, Britaniyanın ingilis dilindəki "Collins Dictionary" lüğəti Aİ (artificial intelligence və ya süni intellekt) qısaltmasını 2023-cü ilin sözü adlandırıb. Lüğətin tərtibatçıları qeyd ediblər ki, Aİ növbəti böyük texnoloji inqilab olduğu üçün 2023-cü ildə geniş formada müzakirə olunmaqdadır.
Qeyd etmək lazımdır ki, 2023-cü ilin digər məşhur sözləri arasında "nepo baby" (məşhur insanın yolunu davam etdirən və uğur qazanan uşaq), "greedflation" (inflyasiya böhranından faydalanmaq istəyən şirkətlərin fəaliyyəti), ULEZ (Londonda ekoloji olmayan avtomobillərin sürücülərinin buraxılmadığı ultra-aşağı avtomobil emissiya zonaları) və "debanking" (bankın müştərinin hesabını siyasi baxışlarına görə və ya heç bir izahat vermədən və ya heç bir səbəb olmadan bağlaması) də var.
Yuxarıda təqdim etdiyimiz informasiya əsasında
xüsusilə Azərbaycan kütləvi informasiya vasitələrinin
gündəlik fəaliyyətində demək olar ki, hər
gün qarşımıza çıxan Avropa İttifaqı
adının abreviaturası Aİ barədə sual yaranır.
Bundan sonra rastımıza çıxan Aİ
abreviaturasını necə başa düşməliyik
"Avropa İttifaqı", yoxsa "Süni
İntellekt"? Halbuki qeyd etdiyim sualın yaranmaması
üçün "Süni İntellekt" mövzusu ortaya
çıxan kimi bu intellektual yeniliyin milli adını
düşünə bilərdik. Bu adla bağlı da təklifimiz
var: "Düzbeyin" və yaxud "Ekbeyin". Birinci
"düzəltmə və beyin", ikinci isə
"elektron və beyin" sözlərindən yaranan hər
iki ad məna, mahiyyət, diləyatımlıq kimi tələbləri
özündə ehtiva edir. Yox əgər,
başlıbaşınalıq prinsipi ilə "Süni
İntellekt" ifadəsini sadəcə olaraq ya olduğu
kimi, ya da "Sİ", ya da "Aİ" kimi yazmağa
davam etsək, o zaman gerçəkdən də söz
yaradıcılığı prosesində geridəqalma ilə
barışmalı olacağıq. Ən azı ona görə
ki, eynilə kompüter, mobil telefonlar kimi
"Süni İntellekt" də sürətlə modernləşəcək
və onun başqa formaları da insan cəmiyyətinə tətbiq
ediləcək. Əgər bütün bu reallıqları nəzərə
alsaq, "Süni İntellekt"in Azərbaycanda tətbiqi
ölkəmizdə elm və təhsilin yüksək göstəricisinə daha bir nümunədir" cümləsini
təklif etdiyimiz söz əsasında "Düzbeyinin yerli tətbiqi
Azərbaycanda elm və təhsilin yüksək göstəricisinə
daha bir nümunədur" kimi qısaldılmış və
dırnaqlardan azad olmuş sadə cümlə ilə əvəz
etmək imkanı qazanırıq. Abreviatura məsələsinə
gəldikdə isə, bu da eynilə söz
yaradıcılığı kimi tamamilə başqa bir aktual
mövzudur.
Sabir ŞAHTAXTI
siyasi elmlər üzrə fəlsəfə
doktoru, yazıçı-publisist
525-ci qəzet .- 2023.- 30 noyabr, №
217.- S.10.