Polietilen torbalar ciddi ekoloji təhlükə mənbəyi kimi

BU TƏHLÜKƏDƏN SIĞORTALANMAQ ÜÇÜN AZƏRBAYCANDA DA ZƏRURİ ADDIMLAR ATILIR

 

Nazirlər Kabinetinin 2021-ci ilin fevralında verilmiş müvafiq qərarına əsasən, bir müddətdir ki, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi pullu olub. Ticarət şəbəkələri mağazalarda iriölçülü polietilen torbalar 5 qəpiyə, daha kiçikləri isə 3 qəpiyə satılır. Azərbaycanda alış-veriş zamanı polietilen torbalarının ödənişli olmasına dair qərarın tətbiqindən sonrakı hesablamalar göstərir ki, iki ay yarım müddətində həmin torbalardan istifadə 48 faiz azalıb.

Ekologiya təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyir ki, Türkiyədə ticarət obyektlərində polietilen torbalar pullu olduqdan sonra ilk yarım ildə onlardan istifadə təxminən 40 faiz azaldı. Bəzi ölkələrdə hətta pullu olduqdan sonra polietilen torbalardan istifadə 70-80 faizə qədər azalıb. Bu da o deməkdir ki, sonradan onların tullantı şəklində atılması da azalmışdı: "Biz düşünürük ki, bu, həm alış-veriş mədəniyyətini formalaşdıracaq, biznes qurumlarının da məsuliyyətli olmasına gətirib çıxaracaq. Birgə səylərlə ətraf mühitə mənfi təsirləri azaldacağıq".

R.Səttarzadənin dediyinə görə, bu il alıcıların məhsullarını qablaşdırmaları üçün polietilen torbalardan istifadənin nizamlanması onların ödənişlə təqdim edilməsi barədə qərar verildi. Bu qərar iki il əvvəl qüvvəyə minməli idi. Amma qanunun icrası iki il sonra həyata keçirildi. Bu, plastik tullantıların ətraf mühitə təsirinin azaldılması üçün atılan bir addım idi: "Problem nöqteyi-nəzərindən bir sıra hallarda ekoloji qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı baza qanun layihələri var. Amma həmin sənəd layihələrinin müxtəlif dövlət qurumları ilə razılaşdırılması prosesi gedir".

Müşavir qeyd edib ki, ölkədə plastik tullantıların ətraf mühitə mənfi təsirini azaltmaq, alternativ məhsulları təşviq etmək üçün bəzii plastik qablaşdırma məhsullarının dövriyyəsinin mərhələli şəkildə azaldılması üçün tədbirlər görülür. Beynəlxalq təcrübə isbatlayır ki, belə tədbirlərin görülməsi ətraf mühitə mənfi təsirləri azaldır: "Bu, kompleks tədbirlərdən biridir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2021-ci ilin iyul ayından ictimai iaşə, ticarət obyektlərində, xidmət sektorunda istehlakçılar üçün malların daşınmasında istifadə edilən qalınlığı 15-20 mikron olan torbaların istehlakçılara ayrı məhsul kimi təqdim edilməsi təsbit olunub. Amma indiyədək bu qərarda qeyd olunan məsələ öz həllini tapmayıb. Müvafiq qurumlar iri ticarət şəbəkələrində maarifləndirmə tədbirləri aparılıb. Artıq bunun nəticəsi olaraq nəzərdə tutulan qərarın həyata keçirilməsinə başlanılıb. Bu tədbirlərin həyata keçirilməsi plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılmasında müvafiq hədəflərə nail olmaq imkanı verəcək. Çünki biz şahidi olmuşuq ki, bir müddət bundan əvvəl, daha yüngül, təkrar emala yararsız olan 15 mikrona qədər polietilen torbaların istifadəsi, istehsalının qadağan olunması bu tulantıların ətraf mühitə mənfi təsirini azaldıb".

Qeyd edək ki, polietilen torbaların insan orqanizmi üçün zərərli olduğu danılmazdır. Çünki bu paketlərin tərkibi çox qarışıqdır, yüzlərlə kimyəvi birləşmənin nəticəsində əldə edilir. Polietilen torbalar insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Polietilenin üzərindəki bakteriyaların çoxluğu səbəbindən paketlərdəki ərzaqlar daha tez xarab olur. Kip bağlanmış şəffaf paketdə kondensat əmələ gəlir müxtəlif göbələklər inkişaf edir. Polietilen məhsullar dondurulduqda isə ondan insan üçün zərərli olan toksinlər ayrılır. Dünyanın bir çox inkişaf etmiş ölkələrində polietilen torbaların insan orqanizminə təbiətə vurduğu zərərli risklər nəzərə alaraq, onların istifadəsinin məhdudlaşdırılmasına, kağız, parça torbalardan istifadəyə üstünlük verilməsinə başlanılıb. Artıq ABŞ, İngiltərə, Yeni Zelandiyada ərzaqlar üçün yalnız kağız paketlərdən istifadə olunur. Tayvan, Keniya, Uqanda, Fransa, Latviya bu kimi bir çox ölkələrin hökumətləri polietilen paket istifadəsini qadağan edib. Bu yaxınlarda isə Gürcüstan da plastik qablardan, sellafon torbalardan istifadəyə qadağa qoyub.

Ekoloq Samir Rüstəmovun sözlərinə əsasən, hər il dünyada 4 trilyon paket istifadə olunur, hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır. Onlar torpaqda 80-90 il qalır, çürümək bilmir olduqca böyük ziyan vurur. Ekologiyaya vurduğu zərərə görə onlardan gündəlik ticarətdə istifadə edilməsi tamamilə qadağan edilməlidir. Onun əvəzinə kağız torbalardan, müəyyən taxta məmulatlarından hazırlanmış qablaşdırıcı əşyalardan istifadə edilməsi daha məqsədəuyğundur: "Xüsusilə polietilen torbaları həsir zənbillərlə əvəzləyə bilərik. Bu zənbilləri həm uzun müddət istifadə etmək olur, həm ekoloji cəhətdən təmizdir. Polietilen torbalar birdəfəlik istifadə edildiyi üçün tullantı miqdarı həddindən artıq çox olur. Onların tullantıları torpaq altında yüzillər boyu çürümür, ekoloji baxımdan çox ziyan vurur. Bu tullantıların təkrar emala cəlb edilməsi sərfəli deyil, çünki onların toplanıb təkrar istehsala verilməsindənsə yenisini istehsal etmək daha ucuz başa gəlir. Buna görə zərərli tullantılar ilbəil çoxalır".

Ekoloq qeyd edib ki, inkişaf etmiş dünya ölkələrində əsas tədbir kimi plastik torbaların ödənişli olması ya onlara ekoloji vergi tətbiqi kimi üsullardan istifadə edilir. Bununla yanaşı, dəfələrlə istifadə oluna bilən parça torbalardan, bakteriyaların ya digər canlı orqanizmlərin parçalaya biləcəyi çantalardan istifadənin təşviqi görülən tədbirlər sırasındadır: "Artıq illərdir ki, Danimarkada ticarət müəssisələrində pulsuz polietilen torbaların paylanmasına vergi tətbiq olunur. Danimarkada plastik torbalar ödənişli ediləndən sonra alıcılar arasında ona tələbat 90 faiz azalıb. İrlandiyada plastik torbaların qiyməti artdıqdan sonra bu məhsula tələbat 95 faiz azalıb. Latviyada polietilen paketlərdən istifadəni azaltmaq üçün onlara vergi tətbiq olunur. İtaliyada 2011-ci ildən yüngül çəkili plastik torbaların istifadəsinə qadağa qoyulub. Bu, plastik torba istehlakının 60 faiz azalmasına gətirib çıxarıb".

Ekoloq hesab edir ki, polietilen paketlərin istifadəsindən imtina yalnız ekoloji cəhətdən savadlı istehlakçının formalaşması zamanı həyata keçirilə bilər:

"Polietilen paketlərdən tamamilə imtina üçün öncə uzunmüddətli maarifləndirmə kampaniyası təşkil olunmalıdır. Parça, kağız torbaların istehsalı əlverişli şərtlərlə satılması təşkil olunmalıdır".

Ekologiya Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyir ki, bu gün polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. O hesab edir ki, marketlərdə polietilen torbaların pulla satılması insanların ondan istifadəsini azalda bilər:

"Polietilen torbalar pulsuzdur deyə alıcılar bundan məmnuniyyətlə istifadə edirdilər. Ancaq bilmirdilər ki, bu torbaların ətraf mühitə, flora faunaya mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür. Ona görə polietilen torbalardan istifadə tədricən məhdudlaşdırılmalıdır. Bu torbalar qısa müddət ərzində istifadə edildikdən sonra atılır yol kənarında, ətraf ərazilərdə xoşagəlməz mənzərə yaradır".

İ.İbrahimovanın dediyinə görə, beynəlxalq təcrübə göstərir ki, bu torbalar ödənişli olduqdan sonra onlara tələbat 95 faizədək azalır. Lakin polietilen torbalardan istifadəni azaltmaq üçün onların marketlərdə ödənişli olması yeganə həll üsulu deyil. Həmin materialların alternativləri, yəni kağız, parça, kətan torbaların istehsalının genişləndirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub nazirlik beynəlxalq ekspertlərin iştirakı ilə maraqlı tərəflərin görüşünü təşkil edib.

İqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, bu gün Avropa ölkələrinin çoxu polietilen torbalardan imtina edib. Analoji qayda bizdə tətbiq olunmalıdır. Bu, ekoloji insan sağlamlığı baxımından da məqsədəuyğundur. Lakin polietilen torbaların kağızla əvəz olunması ölkənin buna hazır olması öncədən araşdırılmalıdır.

İqtisadçının dediyinə görə, kağız torbaların idxal deyil, daxili istehsal hesabına təmin olunmalıdır: "Bu zaman bir qrup sahibkar vəziyyətdən istifadə edib kağız idxalı ilə əlavə qazanc götürmək istəyəcək. Bunun qarşısını almaq üçün müvafiq tədbirlər görmək lazımdır. Ən başlıcası isə ölkədə kağız sənayesi inkişaf etdirilməlidir. Bu sahə geniş texnologiyaya malikdir. Kağız torbalara keçiddən öncə daxildə kağız sənayesi inkişaf etmiş səviyyədə olmalıdır. Plastik polimer torbalardan imtina edilərsə, bu, idxal deyil, daxili imkanlar hesabına təmin olunmalıdır".

Millət vəkili Musa Quliyev hesab edir ki, polietilen torbaların satışının, istehsalının qadağan edilməsi dünyada ekologiyanın qorunması üçün tətbiq olunan ən yaxşı təcrübədir: "Bir çox dünya ölkələri ekologiyanı qorumaq üçün polietilen torbaların, birdəfəlik plastik qabların istehsalının, satışının qadağan olunması ya məhdudlaşdırılması ilə bağlı qanunvericiliyə dəyişiklik ediblər. Azərbaycanda da artıq belə bir qanunvericlik bazası yaradılıb ki, bu da, ilk növbədə, ekologiyanın, təbiətin, insan sağlamlığının qorunmasına xidmət edir".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.- 14 oktyabr.- S.23.