Xalq artisti Yasin Qarayev haqqında kitabın təqdimatı keçirilib

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Yasin Qarayevin 75 illiyinə həsr edilmiş "Alın yazısına inam" adlı kitabın təqdimat mərasimi olub.

Teatrdan bildirilib ki, professor İlham Rəhimlinin yazdığı kitabda ömrünün 50 ilini teatr və kino sənətinə həsr edən Xalq artistinin zəngin həyat və yaradıcılığına geniş nəzər salınıb, onun gənclik illərindən üzü bəri ifa etdiyi rollardan bəhs olunub.

525.az xəbər verir ki, tədbiri teatrın aktyoru, Əməkdar artist Elnur Bəhramxan açaraq 95 illik teatr ocağına yığışan tamaşaçıları salamlayıb, kitabın yazılma tarixi və mahiyyəti haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Teatrın direktoru Naidə İsmayılzadə Yasin Qarayevi təbrik edərək ürək sözlərini bölüşüb: “Mənim uşaqlığım bu teatrda keçib, ilk gördüyüm aktyorlar elə Firəngiz Şərifova, Tariyel Qasımov, Yasin Qarayev olub. Bilirsiniz, bu insanlar teatrın tarixini yaradan insanlardır. Onları yada salmaq, tamaşalar, rollar haqqında yazılar, kitablar yazmaq gözəl haldır. Sənətkarları da yaşadan elə budur. Buna görə də mən İlham müəllimə təşəkkürümü bildirirəm. Çox sağ olsun ki, o, Yasin müəllimin 75 illiyinə bu kitabı hədiyyə edib".

Kitabın müəllifi İlham Rəhimli Gənc Tamaşaçılar Teatrının tarixindən, teatrda vaxtilə çalışan sənətkarlardan bəhs edib. Kitabın yazılma səbəbindən danışaraq Yasin Qarayevin sənətini hər zaman yüksək qiymətləndirdiyini bildirib: “Yasin Qarayevi mən 1975-ci ildən tanıyıram. Kitabı onun 75 illik yubileyinə hədiyyə etmək məqsədilə qələmə aldım. Şadam ki, bu gün "Alın yazısına inam" adlı kitabın təqdimatına yığışmışıq".

Təqdimat mərasimində Xalq artistləri Tariyel Qasımov, Hacı İsmayılov çıxış edərək sənətkara xoş arzularını çatdırıblar.

Sonda Yasin Qarayev qonaqlara minnətdarlığını bildirib, onlara kitabın nüsxələrini hədiyyə edib.

 

Şahanə

525-ci qəzet.- 2023.- 14 oktyabr.- S.12.