"15 oktyabr Azərbaycan dövlətçiliyinin ən şanlı səhifələrindən biridir"

 

Azərbaycan dövləti son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, mühüm nailiyyətlərə imza atıb. Ölkəmizin əldə etdiyi uğurlar, aparılan siyasət onu regionun lider dövlətinə, beynəlxalq müstəvidə güclü, nüfuzlu dövlətə çevirib. Bu gün Azərbaycan dünyada həm də etibarlı tərəfdaş kimi qəbul olunur.

Prezident İlham Əliyevin 20 illik  fəaliyyəti ərzində qazanılmış nailiyyətlər həqiqətən də misilsizdir. Amma ən önəmlisi, hər bir azərbaycanlıya sonsuz qürur, sevinc bəxş edən dövlətimizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpa olunmasıdır. Amma təbii ki, bu nöqtəyə çatmağımız da 20 ildə aparılan siyasətin nəticəsidir.

Milli Məclisin deputatı Aydın Hüseynov "525"ə bildirib ki, 15 oktyabr Azərbaycan dövlətçiliyinin ən şanlı səhifələrindən biridir: "15 oktyabr 2023-cü ildə cənab İlham Əliyev ölkə Prezidenti seçildi. İlham Əliyevin xalqın böyük dəstəyi ilə Prezident seçilməsi sözün əsl mənasında Ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi demək idi. Cənab İlham Əliyev prezident seçilənə qədər də ölkə ictimaiyyəti arasında kifayət qədər böyük nüfuza malik idi, bir çox yüksək dövlət vəzifələri daşıyırdı. Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin prezidenti, eyni zamanda Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifələrini daşımız, baş nazir vəzifəsinə təyin olunmuşdu. Bu kimi böyük təcrübəyə malik olması, eyni zamanda Ulu öndərimizin Azərbaycan xalqına müraciət edərək "ona özüm qədər inanıram", deməsi, cənab Prezidentimizin 2003-cü ildə Azərbaycan xalqının böyük dəstəyini qazanaraq yekdilliklə prezident seçilməsinə səbəb oldu. Ötən 20 il göstərdi ki, Azərbaycan xalqı öz seçimini çox düzgün edib. Prezident İlham Əliyev ilk növbədə ölkənin siyasi və iqtisadi sahədə əsas inkişaf istiqamətlərinin yeni erasına başladı. Ulu öndərimizin müəyyənləşdirdiyi bütün istiqamətlərdəki strategiyalar yeni hədəflərlə, daha müasir bir şəkildə həyata keçirilməyə başladı. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün regionların sosial-iqtisadi inkişafı dövlət proqramları qəbul edildi. Siyasi arenada ölkəmiz çox yüksək səviyyədə təmsil olundu. Bu illər ərzində dövlət büdcəmiz 30 dəfədən çox artıb. Ümimi daxili məhsulumuz (ÜDM) artıq 130 milyard manatdır. Valyuta ehtiyatlarımız 68 milyard dollar təşkil edir. İndiyə qədər, yəni son 20 ildə ölkəmizə 30 milyard manatdan çox investisiya qoyulub. Azərbaycan dövləti böyük siyasi nüfuz qazanaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. İqtisadi sahədə böyük nailiyyətlər sırasında biz TANAP, TAP layihəsini qeyd edə bilərik. Azərbaycan indi dünyanın ən böyük logistik mərkəzlərindən birinə çevrilib. Kosmik ölkələr sırasına daxil olub. Bütün bunların hamısı ölkə Prezidentinin iqtisadi sahədə apardığı çox düzgün islahatların nəticəsində əldə olundu. Digər tərəfdən, cənab Prezidentin özünün də qeyd etdiyi kimi, ölkənin iqtisadi modeli formalaşdı. Bu iqtisadi modelin formalaşması dövlətimizin siyasi müstəqilliyini təmin etmiş oldu".

Deputat əlavə edib ki, ən böyük məqsədlərdən biri də ordu quruculuğuna nail olmaq idi ki, dövlət başçısı bu sahədə də çox böyük nailiyyətə imza atdı: "Bu gün Azərbaycanın olduqca güclü ordusu var. 44 gün ərzində Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə zəfər tarixini yazdı. Torpaqlarımızın 30 ilə yaxın davam edən işğalı başa çatdı. Nəhayət, 23 saatdan bir qədər artıq davam edən antiterror tədbirləri nəticəsində artıq ölkəmizin suverenliyi tam bərpa olundu, ərazimizdə separatçıların varlığına son qoyulub. Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin dəmir iradəsinə, böyük dünyagörüşünə, müdrik siyasətinə söykənir. Azərbaycan indi dünyada ən etibarlı tərəfdaş kimi tanınır. Dövlət başçısının qarşıya qoyduğu məqsədlərdən biri də ölkənin dünya iqtisadiyyatına inteqrasiya olunması idi ki, bu sahədə də qeyd etdiyimiz kimi böyük uğurlar əldə olundu. Ölkə iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf etmiş bir iqtisadiyyatına çevrildi. Dünyada iqtisadi inkişaf tempimizə görə 27-ci yerdəyik. 20 ildə əldə edilmiş nailiyyətlər hədsiz çoxdur. Ən başlıcası biz cənab Prezidentin 20 ildə gördüyü işləri, imza atdığı böyük nailiyyətləri sadalasaq, son 200 illik tariximizdə torpaqlarımızın işğaldan azad olunmasını qeyd etməliyik. Bundan sonra da İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük nailiyyətlərə imza atacaq. Hazırda  Şərqi Zəngəzurda, Qarabağda, işğaldan azad olunmuş bütün rayonlarımızda, bölgələrimizdə çox böyük quruculuq, bərpa-tikinti işləri həyata keçirilir. Soydaşlarımız 30 ildən artıq idi öz torpaqlarına, yurd yerlərinə həsrət qalmışdılar, didərgin düşmüşdülər, indi artıq qayıdış başlayıb. İnsanlarımız öz yurd-yuvalarına qayıdırlar, Zəngilana, Laçına, Füzuliyə artıq köç başlayıb. "Böyük Qayıdış" Dövlət proqramı qəbul olunub və bu proqrama uyğun olaraq yaxın gələcəkdə öz ata-baba yurdundan didərgin düşmüş bütün soydaşlarımız yenidən öz yurd yerlərinə qayıdacaqlar. Ölkə iqtisadiyyatının artıq yeni fəzaları açılır. Prezidentimizin rəhbərliyi ilə biz bundan sonra daha böyük nailiyyətlər əldə edəcəyik".

 

Pərvanə

525-ci qəzet.- 2023.- 19 oktyabr.- S.4.