Zəngilanın azadlığının 3-cü ili

 

Bu gün Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin üçüncü ildönümüdür. 2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu elan etdi. Həmin gün eyni zamanda Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri erməni işğalçılarından təmizlənib.

Zəngilan şəhəri Vətən müharibəsinin 24-cü günündə işğaldan azad edildi. Rayon 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Zəngilan işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi.

Zəngilan şəhərinin azad olunması 44 günlük Vətən müharibəsi tarixində ən iti sürətli əməliyyat kimi yadda qaldı. Müzəffər ordumuz şəhəri 24 saat ərzində işğalçılardan təmizlədi. Ermənistan tərəfi bir gün sonra - oktyabrın 21-də Zəngilanı yenidən ələ keçirmək üçün əks hücuma cəhd etdi. Lakin düşmənin planı iflasa uğradı, hərbçilərimiz hücumun qarşısını mərdliklə aldılar, Ermənistan ordusu isə böyük itki verərək geri çəkildi.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 23-də Zəngilan şəhərində şanlı Azərbaycan Bayrağını ucaldıb. Ermənistan 30 ilə yaxın işğalda saxladığı digər ərazilərimiz kimi Zəngilanı da vandalizmə məruz qoyub, sərvətlərini tar-mar edib, infrastrukturu sıradan çıxarıb, rayon ərazisində olan evləri, tarixi abidələr tamamilə dağıdıb, ətraf mühitə ciddi ziyan vurub. Eyni zamanda ərazini minalarla çirkləndirib.

Ancaq Azərbaycan dövləti öz gücü hesabına bu gün azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işləri həyata keçirir. Bunun nəticəsidir ki, Vətən müharibəsinin qələbə ilə başa çatmasından cəmi 1 il 8 ay sonra "Ağıllı kənd" layihəsinin ilk nümunəsi olaraq Zəngilanın rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi. Sakinlər yüksək keyfiyyətli, müasir texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar.

Eyni zamanda Zəngilan Beynəlxalq Hava Limanı inşa edilərək istismara verilib. Bu, azad olunmuş ərazilərdə qısa müddət ərzində inşa edilən ikinci aeroportdur. Zəngilan Beynəlxalq Hava Limanının ilk ali qonağı qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Beynəlxalq hava limanının istifadəyə verilməsi şübhəsiz ki, bölgənin inkişafında vacib rol oynayacaq.

Prezident İlham Əliyev ötən ay Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb: "Ağalı "ağıllı kəndi"nə, - burada videoda da siz onu gördünüz, - ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Mən Ağalı kəndində dəfələrlə olmuşam - sakinlərin qayıdışından əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi. Ancaq üç il əvvəl biz bu işğala son qoyduq".

Zəngilan həm də bir mühüm nəqliyyat qovşağı hesab olunur, onun coğrafi mövqeyi bunu labüd edir. Hazırda sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilir, işğal dövründə həmin dəmir yolları Ermənistan tərəfindən sökülüb. Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.

Prezident forumdakı çıxışında vurğulayıb ki, tezliklə bu layihəni istifadəyə verəcəyik: "Yəni Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq. Dəmir yolu xətləri, hava limanı - bu gün bu istiqamətdə altı və dörd zolaqlı avtomagistrallar inşa edilir. Paytaxt Bakıdan bütün bu istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Yəni bu, irihəcmli tikinti layihələridir və azad olunmuş hər bir rayon xüsusi Baş plana malikdir".

Hazırda Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, pilot kənd təsərrüfatı layihəsi də həyata keçirilir. "Dost Aqropark" adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir.

Görünən odur ki, İşğaldan azad olunmuş Azərbaycan ərazilərinə bu gün yeni həyat, yeni nəfəs qayıdır. Ermənistanın 30 ilə yaxın işğal dövründə dağıtdığı, yerlə-yeksan etdiyi edilən hər bir yaşayış məntəqəsində abadlıq-quruculuq işləri sürətlə davam edir. Prezident İlham Əliyev ardıcıl olaraq azad olunmuş ərazilərə səfərlər edir, aparılan işlərin gedişi ilə şəxsən özü tanış olur. Dövlət başçısı ötən ay Zəngilan rayonuna növbəti səfəri zamanı bir sıra yeni tikililərin açılışını edib, görülən işlərlə tanış olub, sıra yeni tikililərin təməlini qoyub.

Qeyd edək ki, Azərbaycan Prezidentinin bu il iyulun 31-də imzaladığı sərəncamla işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 20 oktyabr - Zəngilan şəhəri günü elan edilib. Bu gün ilk dəfə qeyd ediləcək bu bayram həm də onunla əlamətdardır ki, artıq Azərbaycanın bütün ərazisində üçrəngli bayrağımız dalğalanır.

 

Pərvanə SULTANOVA

pervane525@mail.ru

525-ci qəzet.- 2023.- 20 oktyabr, №190.-S.5.