Qərbi Azərbaycanın böyük oğlu - Bala Əfəndiyev

 

"Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana verilmişdir. Mən inanıram ki, bizim bölgədə hər şey Azərbaycan xalqının xeyrinə dəyişəcək, xalqımız gələcəkdə mütləq mütləq gedib öz gözəl Göyçə torpağını, doğma dağlarını, bulaqlarını, çaylarını, ata-babalarının qəbirlərini görəcəkdir. Mən buna heç şübhə etmirəm".

Ulu öndər Heydər Əliyevin bir zamanlar söylədiyi bu müdrik kəlamlar Respublikamızın Prezidenti cənab İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşündəki çıxışı bütün xalqımızı həsrət qaldığımız torpaqlarla bağlı daha dərindən düşündürmüş, bu məsələ ilə əlaqədar konkret tədbirlər görməyə ruhlandırmışdır. Öz çıxışı ilə Qərbi Azərbaycana qayıdışın yol xəritəsini təqdim edən cənab Prezident soydaşlarımızın tarixi diyarımıza qayıdacaqlarına əminliyini ifadə edərək bütün informasiya resurslarından məqsədyönlü şəkildə vahid konsepsiya siyasət çərçivəsində istifadə edilməsini tövsiyə etmişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Biz öz tarixi torpaqlarımıza mütləq geri qayıdacağıq".

Bu baxımdan yanaşılaraq Qərbi Azərbaycanın məşhur ziyalılarından biri olan Bala Əfəndiyevin həyat yoluna kiçik bir ekskurs edərək bir nəfərin onun ailəsinin simasında soydaşlarımızın tarixi torpaqlarımızdakı çoxəsrlik fəaliyyəti, rastlaşdıqları haqsızlıqlar, apardıqları mübarizələr, həmçinin təhsil sisteminin digər strukturların tarixən Azərbaycan dilində mövcud olması barədə təkzibedilməz faktları görə bilərik. Belə yazılarda tarixi hadisələrin təfsilatı ilə təqdim edilməsi cənab Prezidentin həmin görüşdə qeyd etdiyi kimi, sənədlər, sübutlar vasitəsilə Qərbi Azərbaycanın bizim əzəli torpaqlarımız olduğunu təsdiqləyir.

Məsələ burasındadır ki, bu il Qərbi Azərbaycanın görkəmli ziyalılarından biri olan, uzun müddət müxtəlif vəzifələrdə çalışaraq bədnam qonşularımızın təzyiqləri altında yaşamağa məhkum edilmiş xalqımızın problemlərinin həllində çətin mürəkkəb missiyanı şərəflə yerinə yetirmiş Bala Əfəndiyevin anadan olmasının 130 illik yubileyi tamam olur. Qərbi Azərbaycanın ictimai-siyasi mühitində özünəməxsus yeri rolu olan görkəmli şəxsiyyətlərinin öyrənilib cəmiyyətə yaxından tanıdılması tariximizin kompleks şəkildə öyrənilməsinə, araşdırılmamış səhifələrinin üzə çıxarılmasına kömək edərək Qərbi Azərbaycan həqiqətlərinin daha da aydınlaşmasına gətirib çıxara bilər.

Tarixdə şəxsiyyətin rolunu inkar edən Marksizm fəlsəfəsinin ziddinə olaraq qeyd etmək istərdik ki, şəxsiyyətlər hər zaman cəmiyyətin aparıcı qüvvəsi olmuş, min illərlə xalqın nicat yolu, ümid yeri kimi baxdığı lider funksiyasını yerinə yetirmişdir. Qərbi Azərbaycan belə şəxsiyyətlərlə zəngin olsa da, Qaraqoyunlu dərəsinin Çaykənd kəndində dünyaya gələn Bala Əfəndiyev öz əməlləri, nəcibliyi, təhsili, dünyagörüşü xalqa gərəkliliyi ilə seçilmiş, dövrünün tanınmış ictimai xadimi, ziyalısı, maarifçisi, əlifba islahatçısı kimi tarixə düşmüşdür.

Bala İbrahim oğlu Əfəndiyev  1893-cü ildə Gəncə quberniyası, Qazax uyezdi, Qaraqoyunlu mahalının Çaykənd kəndində ruhani ailəsində doğulmuşdur. Onun mənsub olduğu Əfəndilər nəslinin başçısı, babası Hacı Alı Əfəndi təhsilli din xadimi, kəndin ruhani rəhbəri olub. Əfəndilər nəsli Qaraqoyunlu dərəsinin imkanlı, sayılıb-seçilən tayfalarından idi. Bala dünyaya gəlməmiş atası İbrahim Əfəndi dünyasını dəyişir. Bala ilə böyük qardaşı Lətif, anası Yaqutun - əmiləri Molla Məhəmmədin Əhmədin himayəsində böyüyürlər. Əmisi Molla Məhəmməd Balanı təhsil almaq üçün molla yanına qoyur. İlk təhsilini kənd mollaxanasında almış Bala təhsilini artırmaq üçün 1907-ci ildə Çaykənddə açılan rus-tatar məktəbinin hazırlıq sinfinə daxil olur. O, bir il bu məktəbdə oxuduqdan sonra təhsilini 1908-ci ildə Qazaxdakı dördsinifli rus məktəbində davam etdirir. Bala təhsil aldığı illərdə ərəb, rus digər dillərə yiyələnir.

O, 1912-ci ildə bu məktəbi uğurla başa vurduqdan sonra  Bakıya gəlmiş Sabunçudakı "Molot" zavodunda fəhlə kimi işləməyə başlamışdır. 1914-cü ildə Şubanı neft mədənlərində fəhlə, sonra isə icraçısı vəzifəsində çalışır. Bakının ictimai mühiti Bala Əfəndiyevin düyagörüşünün ictimai düşüncələrinin formalaşmasına, sonrakı siyasi fəaliyyətinə böyük təsir göstərmişdir. Böyük ictimai xadim XX əsrin əvvəllərində Azərbaycanda bir sıra partiyaların olmasına baxmayaraq, o zaman xalq həyatına daha yaxın görünən hümmətçiliyə üstünlük vermiş "Hümmət" təşkilatına qoşularaq bolşevizm ideyaları uğrunda mübarizə aparmış bu hərəkatın fəallarından biri olmuşdur. O, sidq-ürəkdən hümmətçilik-bolşevizm ideallarına inanmış bu siyasi təşkilatın elan etdiyi "fəhlə-kəndli hökuməti" qurmaq prinsiplərini Azərbaycanda əhalinin mütləq əksəriyyətini əhatə edən aşağı təbəqənin, hüquqları əlindən alınmış savadsız kütlənin həyatındakı qaranlıqların aydınlığı kimi qəbul etmişdi.

Bala Əfəndiyev İrəvan Azərbaycanlı Qadınlar Klubunun üzvləri ilə, İrəvan 1923 aprel.

Bala Əfəndiyev 1917-ci ilin oktyabr ayından, 1918-ci ilin mart ayına qədər Bakı Soveti İcraiyyə Komitəsinin yanında fəaliyyət göstərən "Məlumat bürosu"nun üzvü Bakı Partiya Komitəsinin təbliğatçısı vəzifəsində çalışmışdır. O, 1918-ci ildə "Hümmət" bolşevik təşkilatı tərəfindən təşkil edilmiş "Qırmızı qvardiya"nın heyətində çalışmış həmin ilin aprelindən Bakı qəza komissarı təyin edilmişdir. Azərbaycanın Müvəqqəti Hərbi İnqilab Komitəsi 1920-ci ilin may ayının 6-da Bala Əfəndiyevi Gəncə quberniyasının quberniya komissarı Həmid Sultanovun müavini eyni zamanda fövqəladə komissarı təyin edir. O, 1921-ci ilin sentyabr ayından həmin ilin aprelinədək Şamxor (indiki Şəmkir) qəzası inqilab komitəsinin sədri vəzifəsində işləmişdir. Bala Əfəndiyev öz əqidəsinə sadiq, milli maraqlara xidmət edən bir şəxsiyyət olmuşdur. Onun şəxsi keyfiyyətləri Bala Əfəndiyevin karyerasının inkişafında başlıca faktorlardan biri olmuşdur. Bala Əfəndiyev ona tapşırılan bütün məsələlərin həllində yüksək məsuliyyət nümayiş etdirmişdir.

1921-ci ilin iyul ayında Zaqafqaziya Ölkə Komitəsi mürəkkəb ziddiyyətli bir dövrdə Bala Əfəndiyevi Qərbi Azərbaycana (indiki Ermənistana) Xalq Daxili İşlər Komissarının müavini vəzifəsinə işə göndərir. Qərbi Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1918-1920-ci illərdə erməni daşnaklarının zülmü nəticəsində ən qəddar üsullarla qətlə yetirilməkdən xilas olmaq üçün doğma yurdlarını tərk etmiş azərbaycanlılar yenidən öz vətənlərinə geri dönməyə başladılar. Rəsmi İrəvan bu işdə yoluxucu xəstəliklərin yayılma ehtimalını bəhanə gətirərək azərbaycanlı qaçqınların geri qayıtmasını əngəlləyirdi. Baxmayaraq ki, 1921-ci ilin aprel ayının 10-da Ermənistan İnqilab Komitəsi ölkəni tərk etmiş qaçqınların geri qayıtmasına özü icazə vermişdi. Erməni - azərbaycanlı münasibətlərinin yenidən kəskinləşəcəyindən ehtiyat edən  Zaqafqaziya Ölkə Komitəsi bu vəziyyəti dözülməz hesab etmiş 1922-ci ilin iyununda Ermənistan K(b)P MK-nın nəzdində "Azsaylı xalqlar şöbəsi" yaratmışdır. Azərbaycanın görkəmli oğlu, ictimai xadim Bala Əfəndiyevin bu bölməyə rəhbər təyin olunmasından sonra onun fəaliyyəti daha da gücləndirilmişdi. Azərbaycanlılara qarşı təqib təzyiqlər bir qədər səngimiş, münasibətlərdə müəyyən dərəcədə nisbi zahiri həlimlik yaranmışdı.

Bu bölmənin rəhbəri Bala Əfəndiyevin   digər mətin iradəli ziyalılarımızın fəaliyyəti sayəsində 1922-ci ildə İrəvanda Azərbaycan teatrı yenidən bərpa olunmuş, həmin ildə Qərbi Azərbaycanda ana dilində yeganə mərkəzi mətbuat orqanı olan "Rəncbər" qəzeti, 1923-cü ildə Azərbaycanlı Qadınlar klubu, 1924-cü ildə Azərbaycanlı Pedaqoji texnikumu, 1924-cü ildə "Zəngi" qəzeti, 1927-ci ildə Azərbaycanlı yazarlar bölməsi,1928-ci ildə Azərbaycanlı kənd təsərrüfatı texnikumu, bir sıra mədəni-maarif ocaqları yaranaraq fəaliyyətə başlamışdı. Bala Əfəndiyev qaçqınlıq nəticəsində sahibsiz qalmış azərbaycanlı uşaqları qoruyub saxlamaq üçün kimsəsiz uşaqlar evi yaratmış, onların hərtərəfli qayğı ilə əhatə olunması üçün əlindən gələni əsirgəməmişdir. O, azərbaycanlı gənclərin quruculuq prosesində fəal iştirak etməsi üçün böyük səy göstərirdi. Azərbaycanlı gənclərdən partiya dövlət işçiləri hazırlanması məsələsi daim Bala Əfəndiyevin diqqət mərkəzində olmuşdur. 1922-ci ildə ilk dəfə olaraq onun təşəbbüsü dəstəyi ilə partiya dövlət strukturlarında işləmək üçün İrəvanda 40 nəfərlik hazırlıq kursu təşkil edilmişdir. Bu tip hazırlıq kursları sonralar Uluxanlı, Vedibasar Basarkeçər rayonlarında da təşkil edilmişdi. Bakı partiya məktəbinə isə 11 nəfər göndərilmişdi ki, onlardan da beşi qadın, altısı isə kişi idi. 13 nəfər isə Gəncə partiya məktəbinə göndərilmişdi. Bu gənclər hazırlıq kurslarını məktəbləri bitirdikdən sonra əksəriyyəti geri dönüb Qərbi Azərbaycanda milli ictimai-mədəni mühitin inkişafına öz töhfələrini verirdilər.

Bala Əfəndiyev Qərbi Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, burada yaşayan azərbaycanlıların mənəvi atası olmuşdur. Bunu iki cəhətdən izah etmək olar. O, 1921-ci ildən 1929-cu ilin əvvəllərinə qədər İrəvanda işlədiyi dövrdə Ermənistan KP MK-nın, Ermənistan MİK-in üzvü, Respublika Daxili İşlər Komissarının müavini, Ermənistan MK-nın yanında "Azsaylı xalqlar şöbəsi"nin müdiri Ermənistan İctimai Təminat Naziri vəzifələrində çalışmışdı. Bala Əfəndiyevin yüksək vəzifələrdə çalışması ona dövlət idarələri qarşısında Azərbaycan türklərinin problemlərini qoymağa bu problemlərin həllinə nail olmağa imkan yaratmışdır.

Soldan 6-cı Bala Əfəndiyev İrəvan Yeni Türk Əlifba Komitəsinin bir qrup üzvləri ilə, İrəvan 1926

O, Azərbaycanda başlanan latın əlifbası hərəkatının İrəvanda rəhbəri olmuş, 1926-cı ildə Bakıda keçirilən Birinci türkoloji qurultayda Ermənistan nümayəndə heyətinin başçısı kimi iştirak etmişdir. Bala Əfəndiyev qurultayın 15-ci iclasında İrəvanda Azərbaycan məktəblərinin yeni türk əlifbası əsasında ana dili tədrisinin bəzi məsələlərindən danışmış bu haqda qurultayın qərar layihəsini hazırlayan komissiyanın tərkibinə daxil edilmişdi.

O, redaktoru olduğu "Zəngi" qəzetini bütünlüklə yeni latın əlifbası ilə çap etmək üçün Bakıda olarkən Səməd Ağamalı oğlu başqalarının köməyi ilə 15 pud latın şriftli çap dəzgahı alaraq İrəvana gətirmişdir. Bala Əfəndiyev Azərbaycan YTƏK-in Daşkənddə çağrılan ikinci plenumunda ÜİYTƏ MK-nın üzvü seçilmişdir. O, Qərbi Azərbaycanda yeni türk əlifbasının həyata keçirilməsi üçün tez-tez rayonlarda geniş iclaslar çağırır, məruzələr edir, yerlərdə xüsusi savad kursları açır, latın əlifbası əsasında tərtib edilmiş yeni türk əlifbası ətrafında geniş qızğın təbliğat işləri aparırdı. Yeni əlifbanın tətbiq edilməsi uğurundakı mübarizədə Bala Əfəndiyev ön cəbhədə dayanırdı.

İrəvanda yaşadığı müddətdə xalqımızın savadlanmasından tutmuş, hüquqlarının qorunmasına qədər səriştəli bir rəhbər kimi çalışmış, həmçinin İrəvanda Azərbaycan dilində əvvəlcə "Rəncbər", sonralar isə "Zəngi"adı ilə nəşr olunan qəzetin redaktoru olmuşdur. Onun təşəbbüsü ilə "Zəngi" qəzetinin iki səhifəsi latın əlifbası ilə çap olunurdu. Ermənistanın hakim dairələri "Zəngi" qəzetinin çıxmasına qədər əngəl törətsələr , hətta bağlanmasına belə cəhd göstərsələr Bala Əfəndiyevin milli siyasi iradəsi, güclü müqaviməti onların bu çirkin niyyətlərini gerçəkləşdirməyə imkan vermirdi. Çünki bu qəzet Qərbi Azərbaycandakı ziyalılar üçün mötəbər bir tribuna idi.

Bala Əfəndiyev bir çox sahələrdə fəaliyyət göstərmişdir. O, bu fəaliyyət sahələri ilə yanaşı, dövrü mətbuatda da məqalələrlə çıxış edirdi. Həmin dövrdə onun İrəvanda Azərbaycan dilində nəşr olunan "Rəncbər", "Zəngi" qəzetlərində bir sıra məqalələri çıxmışdır. Adları çəkilən bu mətbu orqanlarda dərc olunan yazılarının mövzusu mövcud dövrün siyasi hadisələri yeni əlifba ilə bağlı məsələləri əhatə edirdi. Bu məqalələrdə o, həm bir çox önəmli hadisələr yeni əlifbanın əhəmiyyəti haqqında məlumatlar verir, həm müəyyən məsələlərlə bağlı öz fikirlərini oxucularına çatdırırdı. O, qəzetdə Əfəndiyev imzasıyla çıxış edirdi.

Bala Əfəndiyev həm siyasi, həm pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, 1924-cü ildə açılmış İrəvan Azərbaycanlı Pedaqoji texnikumunda ictimaiyyət fənnini tədris etmişdir. Həmin vaxtlarda İrəvanda təşkil olunmuş hazırlıq kurslarında dərs demiş, savadsızlığın aradan qaldırılmasında pedaqoji kadrların hazırlanmasında böyük əmək sərf etmişdir. Tez-tez məktəblərdə azərbaycanlı ziyalıların yığıncaqlarını təşkil edir, onları maraqlandıran məsələlər barədə ətraflı müzakirələr aparardı.

Bala Əfəndiyevin digər ziyalılarımızın təşəbbüsü, fədakarlığı sayəsində 1922-ci ildə İrəvan Azərbaycan teatrı yenidən bərpa olunur. Yeni yaranmış teatrı ağır vəziyyətdən çıxarmaq üçün həyat yoldaşı Fatma Əfəndiyeva  başqaları ilə bu sənət məbədinin ətrafına toplaşaraq onun dirçəlməsinə, canlanmasına böyük təsir göstərmişdilər. Onlar azərbaycanlı əhali arasında teatr mədəniyyətini təbliğ edir, geniş xalq kütlələri ilə bu sənət ocağının əlaqələrini möhkəmləndirməyə çalışırdılar. Hətta Fatma xanımın həmin vaxtlarda səhnə fəaliyyəti onlarla azərbaycanlı qadınını teatr sənətinə - səhnəyə cəlb edilməsinə stimul yaratmışdı. Bala Əfəndiyev İrəvanda teatrın, anadilli mətbuatın, savadsılığın ləğvi yeni türk əlifbasının həyata keçirilməsi işində tükənməz bir enerji ilə çalışmışdır. Teatrın şöhrətini yüksəlmək, onu kütləviləşdirmək məqsədilə o, teatrı rayonlara qastrol səfərlərinə aparar, tamaşadan sonra kütlə qarşısında  teatrın əhəmiyyəti barədə çıxışlar edərdi. Yaşlı nəslin nümayəndələri  danışırdılar ki, Bala Əfəndiyev həmişə soydaşlarımızın arasında olar onların dərd-səri ilə yaxından maraqlanardı.

Bu yüksəlişin önündə Bala Əfəndiyev Fatma xanımla yanaşı, dövrün maarifçi ziyalıları da dururdu. Onlar bu illərdə azərbaycanlı gəncləri ictimai mühitdə sağlam ruhda tərbiyə etmək üçün məktəblə yanaşı, qiraətxanaların da rolunu yüksək qiymətləndirmiş, azərbaycanlılar yaşayan kəndlərdə qiraətxanaların təşkilində səmərəli işlər görmüşlər.

Bala Əfəndiyevin milli maraqların yüksəlişinə xidmət edən bu fədakar fəaliyyəti "erməni  bolşevik hökumət"inin siyasi xəttinə uyğun gəlmədiyindən onları ciddi narahat edirdi. Onun bu fəaliyyəti gələcəkdə ermənilərin azərbaycanlılara qarşı çirkin planlarını həyata keçirmək üçün  əlverişli olmadığından Bala Əfəndiyevi İrəvandan uzaqlaşdırılmasına çalışırdılar. Əslində Azərbaycanda sovet hakimiyyətinin qurulması möhkəmləndirilməsində mühüm xidmətlər göstərmiş, böyük dövlət vəzifələrində çalışmış Bala Əfəndiyevin Ermənistandan Azərbaycana göndərilməsi Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı hesablanmış sərt tədbirlərdən biri idi.

1929-cu ilin ortalarında Bala Əfəndiyev Azərbacan KP MK-da məsul vəzifəyə dəvət edilir. Burada o, üç il ərzində Azərbaycan KP MK-nın Mərkəzi Nəzarət Komissiyasının katibi vəzifəsində işləyir. 1933-1934-cü illərdə Sabirabad, 1934-cü ildə Lənkəran rayon İcraiyyə Komitəsinin sədri, 1935-ci ildə isə Zaqatala rayon Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. Bala Əfəndiyev İrəvanı tərk etdikdən sonra da soydaşlarımızın ictimai-siyasi, ədəbi-mədəni həyatı ilə hər zaman yaxından maraqlanmış, onlardan diqqət qayğısını əsirgəməmişdir. Azərbaycan DTK-na doluşmuş erməni müstəntiqləri repressiya dövründə digər ziyalı azərbaycanlılar sırasında onu da əksinqilabçı, pantürkist kimi məhv etmişlər. O, 1937-ci ilin avqust ayında həbs edilmiş, 1938-ci ilin yanvar ayının 8-də güllələnmişdir. Bəzi məlumatlara görə, həbsindən bir az əvvəl Azərbaycan SSR-nin Yüngül Sənaye Naziri vəzifəsinə təyin edilibmiş.

Tarixi ədalət bərpa edildikdən sonra onun xatirəsini əbədiləşdirmək üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Həmvətənlərinin, qaraqoyunluların müraciəti tələbi sayəsində Çaykənd tam orta məktəbinə onun adı verilmiş, kənddə büstü ucaldılmışdır. 1973-cü ilin may ayının 22-də Çaykənd kəndində görkəmli dövlət xadimi Bala Əfəndiyevin 80 illik yubileyinə həsr edilmiş böyük toplantı keçirilmişdir. Toplantıda Ermənistanın müxtəlif bölgələrindən olan ziyalılar, dövlət adamları, o cümlədən, Azərbaycandan da xeyli nümayəndələr iştirak etmişdi. Böyük ictimai xadimin adını daşıyan Çaykənd orta məktəbinin direktoru Köçəri Ramazanov Bala Əfəndiyevin həyatı, tarixçi alim Teymur Miralayev onun təşkilatçılıq siyasi fəaliyyəti barədə geniş nitq söyləmişdir.  İctimai xadim Rza Vəlibəyov isə yaxın dostu, məsləkdaşı barədə öz xatirələrini bölüşmüşdür. Azərbaycan KP Gədəbəy rayon partiya Komitəsinin katibi Süleyman Əliyev, tarix elmləri doktoru Həmid Əliyev Bala Əfəndiyevin coşqun ictimai   inqilabi fəaliyyəti barədə məlumat vermişlər. Şairlər Osman Sarıvəlli, Hüseyn Hüseynzadə (Arif) başqaları Bala Əfəndiyevə həsr etdikləri şerləri oxumuşlar. Azərbaycanın görkəmli jurnalisti Qulam Məmmədlinin, Bala Əfəndiyevin həyat yoldaşı Fatma Əfəndiyevanın başqalarının çıxışları da toplantı iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Təəssüf ki, görkəmli dövlət xadimi Bala Əfəndiyevin çoxcəhətli fəaliyyəti Azərbaycan tarixşünaslığında az öyrənilmişdir. Onun çoxcəhətli ictimai-siyasi, maarifçilik, mətbuatçılıq fəaliyyətinin geniş planda, ciddi arxiv sənədləri dövrü mətbuat materialları əsasında yenidən öyrənilib ümumiləşdirilməsinə ciddi ehtiyac var. Bu görkəmli şəxsiyyətin keçdiyi çətin, keşməkeşli şərəfli ömür yolunun əsaslı şəkildə araşdırılması əslində XX əsrin əvvəllərinin indiyə qədər öyrənilməmiş məqamlarının aydınlaşdırılmasına da çox böyük kömək etmiş olardı.

Bala Əfəndiyev yaşayıb-işlədiyi mürəkkəb ictimai-siyasi bir dövrdə öz xalqına doğma övladlıq borcunu layiqincə yerinə yetirmiş, bu gün böyük hörmət minnətdarlıqla yad edilən tarixi şəxsiyyətlərdəndir. Bu il anadan olmasının 130 illik yubileyi tamam olan, Azərbaycan xalqının şərəfli oğlu, ictimai-siyasi xadim  Bala Əfəndiyev xalqımızın ictimai-mədəni tarixində silinməz iz qoymuşdur.

 

   

 

Misir MƏRDANOV

AMEA-nın müxbir üzvü

 

Cəlal ALLAHVERDİYEV

filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.- 2023.- 1 sentyabr.- S.10-11.