Xaricdə təhsil: hansı məqamlara diqqət yetirməli?

 

İnformasiya texnologiyaları sürətlə inkişaf etdikcə, yeni ixtisaslar üzə çıxdıqca xaricdə təhsil almaq istəyən gənclərin sayı da artır. Təhsil üçün xaricə üz tutanlar daha çox öz akademik fəaliyyətlərini  genişləndirmək, indiki zamanda daha çox ehtiyac duyulan ixtisaslara yiyələnmək istəyənlər magistr təhsillərini Qərb ölkələrində davam etdirmək arzusunda olanlardır.

Bu məsələdə həmişə olduğu kimi, tələbələr arasında ən çox narahatlıq doğuran suallardan biri peşə seçimi ilə bağlıdır. İnformasiya texnologiyaları əsrində yaşadığımızı, karyera bazarının sürətlə dəyişdiyini nəzərə alsaq, peşə seçimi zamanı ilk növbədə o peşənin dərəcədə prestijli olub-olmadığını düşünmək lazım gəlir. Eyni zamanda təhsil alacağımız universitetlərin reytinq göstəriciləri, diplomlarının beynəlxalq səviyyədə tanınıb-tanınmaması da mütləq şəkildə  araşdırılmalıdır. Bu zaman əsas diqqət yetirməli məqamlardan biri gedəcəyimiz ölkələrdə hansı dildən daha çox istifadə olunması məsələsidir. Eyni zamanda unutmaq olmaz ki, xarici ölkələrdə əsasən tədris ingilis dilində aparılır. Həmçinin əksər universitetlər qəbul zamanı dil biliklərini əks etdirən sertifikatlarını, imtahan nəticələrini tələb edir. Bu baxımdan ilk mərhələdə ingilis dili biliklərini artırmaq önəmlidir.

Hər il artan tələbatı nəzərə alsaq,  paralel olaraq qəbul şərtlərinin kəskinləşdiyini görürük. Bu çətinliklərdən sui-istifadə edən bir sıra xaricdə təhsil şirkətləri var ki, tələbatın çoxluğundan yüksək məbləğdə pul tələb edərək tələbələri əliboş yola salırlar. Bəs belə "şirkətlərin" tələsinə düşməmək üçün nələrə diqqət yetirməliyik?

Təhsil eksperti Kamran Əsədov  "525"ə açıqlamasında hazırda ölkədən kənarda təhsil alan azərbaycanlıların sayının 42 mindən çox olduğunu vurğulayıb. Onu  sözlərinə görə, onlardan 15 mini Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alırlar: "Xarici ölkələrdə təhsil almaq üçün gedənləri, əsasən, bir neçə qrupa bölmək olar. Bir qrup Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları ballar burada ali məktəblərə qəbul olmağa imkan verməyənlərdir. Bunların sayı hədsiz dərəcədə çoxdur. İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olunurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Müəyyən şəxslər var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər. DİM-in keçirdiyi imtahanlarda aşağı bal toplayaraq tələbə adını qazana bilməyən abituriyentlər müxtəlif yollardan istifadə etməklə təhsil almaq istəyirlər".

K.Əsədov ali məktəblərə qəbulun nəticələrinin açıqlanması ilə  xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkənin hərəkətə gəldiyini vurğulayıb: "Son vaxtlar sosial şəbəkələrdə, radio televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb. Vacib bir qeydi deyim ki, ölkədə xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç birinin Təhsil Nazirliyi ilə bir bağlantısı yoxdur rəsmi lisenziya almayıblar. Sadəcə olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçib xidmət göstərirlər. Əlbəttə ki, bu, hüquq pozuntusu deyil. Sadəcə olaraq valideynlər, abituriyentlər bilməlidir ki, xaricdə təhsil xidməti göstərən şirkətlərin hansısa üstünlüyü yoxdur. Onlar özləri istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib tələb olunan sənədləri göndərməklə bu prosesi həyata keçirə bilərlər. Azərbaycanlı tələbələr xaricdə təhsil almaq üçün universitet seçərkən bəzi qaydalara riayət etməlidirlər. Ən əsas məsələ isə şəxsin xaricdə təhsil aldığı ali məktəblə Azərbaycan Təhsil Nazirliyi arasında müqavilə olmalıdır. Əgər müvafiq müqavilə olmasa, həmin diplom tanınmayacaq. Azərbaycanda məzun olan tələbələrin 7 min nəfəri Dağıstan universitetlərinə üz tutub. Dağıstan universitetləri isə birmənalı olaraq tanınmır. Yəni 4 il müddətində həmin təhsil mərkəzinə getmədən diplom alaraq o diplomun ölkədə tanınmasını istəmək absurd məsələdir. Bu baxımdan tövsiyə edirik ki, xaricdə təhsil almaqla bağlı əhali ciddi məlumatlanmalıdır".

Təəssüf  ki, bu gün insanların çoxunu təhsil yox, diplom düşündürür. Buna görə onlar imtahansız xaricdə "təhsil" fırıldaqçılarının könüllü qurbanına çevrilirlər. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çox vaxt belə diplomlar tanınmır vətəndaşların 4-5 ildə tökdükləri pul havayı getmiş olur. Təəssüf doğuran məqamlardan biri budur ki, insanlar kütləvi şəkildə bu şirkətlərə müraciət edirlər. Fırıldaqçıların girovuna çevrilməkdə valideynlərin məsuliyyətsizliyi böyük rol oynayır.

Azərbaycanda ali məktəblərə qəbul olunmayan şəxslər ilk növbədə, orta məktəb sənədi ilə xarici ölkələrdə təhsil almağa üz tutur. Hər il yüzlərlə valideyn xaricdə təhsil xidməti göstərən özəl mərkəzlər tərəfindən aldadılır. Əsasən, valideynlərə vəd edilən şəhərlərdə, universitetlərdə ixtisaslarda aldadılma faktları aşkar olunur. Aparılan araşdırmalar göstərir ki, son dövrlər ölkəmizdə təhsil üçün daha çox Türkiyə universitetlərinə  müraciət edilir. Bəs bunun səbəbi nədir?

"Edu Max" Xaricdə Təhsil Mərkəzinin direktoru, TUMİB sədr müavini Emin Səfərov son dövrlər Azərbaycan gənclərinin daha çox Türkiyədə təhsil almağa üstünlük verdiklərini qeyd edir: "Türkiyədə təhsilə maraqdan danışırıqsa, demək istərdim ki, ən başlıca nüans Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olmasıdır. Texnologiya, elm, səhiyyə, innovasiya idman sahələrində hər iki dövlət dünya ölkələri sıralamasında yüksək mövqe nümayiş etdirir. Türkiyə ali təhsil müəssisələrinin dünya təhsil standartlarına cavab verməsi, ən son yenilikçi, innovativ, modern təhsil avadanlıqlarıyla təchiz olunmuş laboratoriyalar, Avropa Amerikada araşdırma təhqiqatlarını tamamlamış akademik heyət, beynəlxalq tələbə ortamı, xarici dil mədəniyyətlərin bir cəmiyyətdə birləşməsi Türkiyədə təhsilin ən əsas faktorlarındandır. Əlavə olaraq, Türkiyədə təhsil daha yüksək səviyyədə teorik praktik tədris, məcburi 2 staj, dil faktorlarının inkişafı (həm xarici, həm türk), eləcə , özgüvən, fərqli dünyagörüşü kimi bir çox müsbət cəhətləri ilə seçilir".

 

Havar ŞƏFİYEVA

525-ci qəzet.- 2023.- 1 sentyabr.- S.7.