Vətən sevdalısı
İkinci Qarabağ
müharibəsində Vətən,
torpaq uğrunda şəhid olub adını tarixə yazan minlərlə igidlərdən biri də Zaur Nizami
oğlu İsmayılzadədir.
29 iyul 1995-ci ildə Lənkəran
rayonunun İstisu qəsəbəsində anadan
olan bu Vətən
sevdalısı həyatı
dərk edən gündən ana yurdu Azərbaycanın hər qarışına ürəkdən bağlanır.
Odur ki, Vətənin harayına birincilər cərgəsində
gedir, torpaqlarımızın
azadlığı naminə
ömrünün ən
gözəl zamanında,
25 yaşında əbədiyyətə
qovuşur. Vətən,
xalq adı dastana düşən qəhrəman oğlunu bağrına basmaqla bərabər, layiq görüldüyü "Vətən
uğrunda", "Cəsur
döyüşçü", "Müharibə iştirakçısı",
Füzulinin, Şuşanın
azadlığına görə
medalları, 3-cü dərəcəli
"Vətənə xidmətə
görə" ordeni
gələn nəsillərə
yadigar qalır. Onun əziz xatirəsinə ucaldılan
bulaq isə lənkəranlılar üçün
müqəddəs and
yerinə dönüb.
Şəhid adı özündə torpağına, millətinə
ilahi bir sevgi yaşadan, həmişə ehtiramla xatırlanan Zaur İsmayılzadə 2013-cü ildə
müddətli hərbi
xidmət keçməkdən
ötrü səfərbər
olunur. Sərhəd Qoşunlarının Zaqatala
və Balakəndəki
hərbi hissələrində
əsgəri qulluq keçir, nümunəvi Vətən keşikçisi
kimi tanınır, komandirlərin bütün
tapşırıqlarını məsuliyyətlə yerinə
yetirir.
2014-cü ilin yanvarında Müdafiə
Nazirliyinin Təlim və Tədris Mərkəzində təşkil
edilən müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu
(MAHHXHQ) hazırlığı kursunda oxuyur, qatıldığı təlimlərdə
xüsusi peşəkarlıq
göstərməklə zabitlərin,
əsgərlərin sevimlisi
olur, kursu bitirib hərbi hissədə xidmətə
başlayır.
Şanlı tariximizə yazılan
2016-cı ilin aprel ayındakı məlum 4 günlük müharibəyə
Zaur da qatılır.
Və torpaq uğrunda gedən ölüm-dirim mübarizədə
göstərdiyi şücaətlə
ad qoyur, Lələ-təpə yüksəkliyinə
qələbə bayrağımızı
sancan qəhrəmanlardan
biri olur. Zaur Vətən müharibəsi başlayan
andan - 27 sentyabrdan əlinə silah alıb odun-alovun içinə atılır.
Müharibə meydanında
düşmənləri məhv
edib Vətən torpaqlarını azad görmək eşqi ilə döyüşür.
Füzuli, Xocavənd uğrunda gedən haqq savaşımızda girdiyi döyüşlərdə
ön sıralarında
olur, yağı düşməni qanda boğmaqla ona böyük itkilər verir. Oktyabr ayının 7-də isə
namərd düşmən
gülləsi ondan da yan keçmir...
Şəhidlik ən müqəddəs bir yoldur. Zaur
İsmayılzadə də
qısa ömrünü
belə yaşadı.
İllər keçəcək,
həmişə onun adı Vətənlə qoşa çəkiləcək.
Zəfər ORUCOĞLU
525-ci qəzet.- 2023.- 7 sentyabr.- S.14.