Ucalıq
Azərbaycan Ordusunun əsgəri Nahid
Vahid oğlu Məmmədov
27 sentyabr 2020-ci ildə
işğal altında
olan ərazilərin azad edilməsi uğrunda savaşa könüllü gedib. 14 oktyabr 2020-ci ilə kimi addım-addım, kənd-kənd torpaqlarımızı
azad edən qəhrəmanların sırasında
olub. İndisə Xəzər rayonu Binə qəsəbəsində
Şəhidlər xiyabanında
uyuyur.
Anası
Səadət xanımın
danışarkən hələ
də "uşağım"
dediyi Nahid birdən-birə azad olunmuş torpaqlarda ucalan bayraqlarla birlikdə böyüyüb-ucalıb:
"Qardaşı Elməddin
ilk nəvə olduğundan
hamı onu daha çox əzizləyirdi. Mənsə
daha çox Nahidə bağlıydım.
Onu elə uşaq kimi əzizləyərdim. Mənimçün
böyüməmişdi elə
bil. Anayam, bəlkə ondan tez ayrılacağımı,
onu daha az görəcəyimi hiss
edirdim. Müharibəyə
gedəndə ayıldım
birdən. Oğlum o qədər böyüyüb
ki, vətəni azad etməyə gedir - deyə düşündüm".
Ana nə qədər özünü toparlamağa
çalışsa da, gözündəki
damlalar yanağından
süzülmürdü, bütöv
düşürdü... Adama
elə gəlirdi ki, yer kürəsidir ananın gözlərindən
düşən. Müharibələrdən
bezən, ağrıyan
Yerdir...
1996-cı
il iyunun 11-də elə
Binədə dünyaya
göz açmışdı
Nahid. Bütün uşaqlar
kimi sevinmiş, ayaq açıb yerimişdi. 2002-2013-cü illərdə
Binədəki R.Sadıxov adına
136 saylı məktəbdə
orta təhsil almışdı.
2013-2014-cü
ildə Azərbaycan Memarlıq və İnşaat universitetinin nəzdindəki İnşaat
kollecində oxumuşdu.
2014-2015-ci
ildə Gəncədə,
sonra Ağdamın sərhəd kəndində
illərlə düşmən
qonşuların hərbi
cinayətlərinin şahidi
olan Xındırıstanda,
sonra Yenikənddə müddətli
həqiqi hərbi xidmət keçmişdi.
Baş əsgər və baş atıcı idi. Xidmət hissəsindən
ailəyə tərifnamələr,
təşəkkürnamələrlə qayıtmışdı. Həqiqi
hərbi xidmətdən
sonra təhsilinə davam edib, İnformasiya
texnologiyaları ixtisasına
yiyələnmişdi. Müxtəlif
yerlərdə işləmişdi.
Kənardan sakitcə yaşayırmış kimi
görünsə də,
Nahid sərhəddə keçən
xidməti günlərini
unuda bilmirmiş.
Atası
Vahid Məmmədov: "Hər
gün işğalda olan torpaqları görmək çox çətindir. Adam döyüşmək,
torpaqları azad etmək istəyir" deyirdi tez-tez. Nə edəsən ki, Azərbaycanın taleyinə
də belə namərd qonşular düşüb. Ev deyil ki, satıb köçəsən. Bu, vətəndir.
Onu qorumalısan. Məncə, vətəni
sevən hər bir kəs torpaqlarımızın
ermənilərin işğalında
olmasından narahat idi. Döyüşməyə
hazır idi. Oğlanlarım məktəbli
olanda da torpaqlarımızın
ermənilərdə olmasından
narahat olurdu. Sindirə bilmirdi iki oğlum da. Bu işğalla barışa
bilmirdilər. Tovuz hadisələri zamanı,
Polad Həşimovun ölüm xəbəri yayılanda gedib ikisi də könüllü
yazılmışdı. Heç
sorğu-sualı olmadı.
Əksinə, qürur
duydum oğlanlarımla.
Mən sevinirəm ki,
ləyaqətli oğullar
böyütmüşəm. Belə oğullar böyüdən ata-analar
qürurlu olmalıdır.
Məni aparsaydılar,
özüm də gedib döyüşərdim.
Nahidə qismət
imiş. Qardaşını
aparmadılar. Düzdü,
çox cəsur idi, "erməniyə can
verməz" deyə
düşünsəm də,
şəhid olacağını
hiss eləmişdim".
Hər bölükdə seçilmiş
əsgərlər olur.
Onlar həmişə
öndə gedir. Şəhidləri, yaralıları
çıxarmağa da onlar
gedir. Düşmən
əlinə keçməsin
deyə şəhidləri,
yaralıları döyüş
bölgəsindən çıxarmaq
da hər döyüşçünün
bacardığı iş
deyil. Bunun üçün
möhkəm iradə,
cəldlik, psixoloji və fiziki güc gərəkdir.
Nahid Məmmədov məhz
belə döyüşçü
idi. Şəhidləri
təhlükəli ərazidən
çıxarmaq, yaralıları
xilas etmək döyüşməkdən asan
deyildi. "Bizim xilasedici"miz idi"- deyir döyüş yoldaşları.
14 oktyabr... 530 yüksəkliyi
uğrunda gedən döyüşlər ən
ağır döyüşlərdən
oldu. Yüksəklik güclü müdafiə
olunurdu. Texnika ilə getmək mümkün deyildi. Yaxın məsafədə,
üzbəüz atışmalarla
irəliləyən oğulları
təsəvvür edin...
Tərtər-Ağdərə yolunun üstündə yerləşən yüksəklik
Ağdərənin açarı
idi.
Füzuli
Balakişizadə də
çoxu kimi 27 avqust 1999-cu ildə İkinci Qarabağ savaşından illər sonra anadan olub.
Orta təhsilini bitirdikdən sonra
2016-2020-ci illərdə Gəncə
Dövlət Universitetində
təhsil alıb.
Sonra Həqiqi hərbi
xidmətə yollanıb:
"Ərazilərimizin işğalda
olmasıyla barışa
bilmirdim. Elə bilirdim ki, mütləq mən döyüşməliyəm.
Hərbi xidmətə
gedəndə özümü
savaşa gedən kimi hiss edirdim. Torpaqların azadlığı
fikri beynimə oturmuşdu. Bəlkə elə uşaqlıqdan adımla birlikdə ruhuma hopmuşdu. 26 sentyabrdan 27-nə keçən
gecə artıq döyüşə hazır
idik. Müharibənin
necə ağır olduğunu bilsək də, hamımız sevinirdik. İlk gündən
özümü qalib
hiss edirdim. Nahid könüllülərdən
idi. Əslində komandirlər könüllüləri
qabağa buraxmamağa
çalışırdılar. Amma Nahidi saxlamaq olmurdu. "öndə gedəcəm" deyə
inad edirdi. Dayanan kimi "nə vaxt irəli
gedirik" deyirdi. Hücumda, döyüşdə
həmişə öndə
getmək döyüş
bacarığı, psixoloji
hazırlıq, cəsurluq
tələb edir ki,
Nahid belə oğul idi. Ağdərə, Suqovuşan uğrunda döyüşlərdən keçmişdik.
Suqovuşan azad idi. 530 yüksəkliyini almalıydıq. Nəsə
sakitlik yarandı. 14 oktyabr döyüş yoldaşımız Anarın
doğum günü idi. Döyüş tapşırığını da yerinə yetirmişdik. Sevinirdik. Anarı sözlə də olsa təbrik etmək istədik. Mina yağışı başladı.
3-5 metr məsafədə
düşdü minalardan
biri. Qəlpələr
üstümüzə yağdı.
Yaralandım. Anar da yaralandı. Yarası nisbətən yüngül
olduğundan bizi o təxliyə etdi. Gözüm Nahiddə idi. Nahidin şəhid
olduğunu hiss etdim. Müharibənin ən ağrılı tərəfi
döyüş yoldaşlarını
itirməkdi. Hələ
də unuda bilmirəm o səhnəni.
"Yüksəkliyə birinci
özüm qalxacam"
deməyini unuda bilmirəm. Yüksəkliyə
qalxmağı elə
arzulayırdı ki..."
Kədərləndi Füzuli. Mən də ona onsuz da unuda
bilmədiyi anları bir daha yaşatdığım
üçün kədərləndim.
Həm də sevindim. Sevindim ki, bizim hələ uşaq dediyimiz bu oğullar işğalda olan torpaqların azadlığı
kimi tarixi xoşbəxtlik yaşadılar.
Səadət xanımın xatirələrindən:
"Dördüncü sinifdə
oxuyurdu. Bir gün həyacanla evə gəldi. "Ana, müəllim
"Mənim arzum"
mövzusunu yazmağı
tapşırıb. Özü
də on cümlədən
çox olmasın. Yazım, sən də baxarsan - dedi. Oxudum maraqla.
Yazısı qəzetdə
də çap olundu: "Vətənim Azərbaycandır. Onun hər qarış torpağı mənim üçün doğma və əzizdir. Arzu edirəm ki, tezliklə işğal altındakı 20 faiz torpağımız azad olunsun. O günü səbirsizliklə gözləyirəm.
Əgər mən də böyük olsaydım torpaqlarımızın
müdafiəsinə qalxardım".
Belə yazmışdı Nahid Məmmədov "Mənim arzum" mövzusunu. Bu arzuyla böyüdülər qeyrətli oğullarımız. O qədər böyüdülər ki, ən uca zirvəyə qalxdılar elə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azadlığına görə" medallarına layiq olan Nahid Məmmədov kimi...
Kamalə
ABİYEVA
525-ci qəzet.- 2023.- 7 sentyabr.- S.14.