YOLU ÜRƏYİMİN ÜSTDƏ GEDİRƏM

 

 

 

Odur ən güclüsü dayaqlarımın,

Yolu ürəyimin üstdə gedirəm.

Xəbəri varmıdır ayaqlarımın

yolu ürəyimin üstdə gedirəm?

 

 

Göylərə şöhrətin başı tez dəyir,

Yanağa gözlərin yaşı tez dəyir.

Tikanı tez batır, daşı tez dəyir,

Yolu ürəyimin üstdə gedirəm.

 

 

Bu adam bir ömür barışda deyin,

Haqq üçün savaşda, yarışda, deyin.

Qorxub eləməsin qarışqa, deyin

yolu ürəyimin üstdə gedirəm.

 

 

Yerin qulağı var, eşidə bilir,

Beş gözəl sevmişəm, beşi bilir.

Meşədə qurdu da, quşu da bilir

yolu ürəyimin üstdə gedirəm.

 

 

Ömür bitəbitdə, gün batabatda,

Can hansı qatdadı, ruh hansı qatda...

Başqa yol qalmayıb Allahın altda,

Yolu ürəyimin üstdə gedirəm...

 

 

BAŞIMDA

 

 

Qalmasa da o dağların havası,

Qalır ancaq qarı mənim başımda.

Gözlərində çiçəkmi saçlarım,

fırlanır arı mənim başımda?..

 

 

Ömür deyil, bu elə bir səfər ki,

Səfər boyu bitməyəcək bu şərqi.

Varı kimin, pulu kimin, fərqi,

İpi mənim, darı mənim başımda.

 

 

Darıxmışam zaman ki kəm olub,

Məni elə mən eləyən qəm olub.

Kimlər kimin ətrafında cəm olub,

Lalı mənim, karı mənim başımda...

 

 

Adamların ölümü var, qeybi yox,

Bundan belə yaşamağın keyfi yox.

Oyunun var, oyna qardaş, eybi yox,

Yarıyırsan, yarı mənim başımda...

 

 

Bürküsündə sıxıla kim, sıxa kim,

Sazağında yelçəkən kim, yuxa kim...

Kim qaldı ki, yenə qalxa, çıxa, kim,

Yermi qoydu Tanrı mənim başımda?..

 

 

DAHA NƏ FƏRQİ VAR...

 

 

Qoşulub beləcə günün boşuna

əldən-ayaqdan, haldan düşəsən...

qaxınc ola ömür başına

yaşayıb abırdan, ardan düşəsən...

 

 

Dünyada bəxtmi var qara gəlməyən,

Tuş olub borana, qara, gəlməyən?..

Lap elə bir arzun kara gəlməyə,

Düşəsən, lap elə kardan düşəsən...

 

 

Nolar sıxılasan sıxılanda da,

Sıradan çıxasan çıxılanda da.

Deyirəm, kaş elə yıxılanda da

çətindən yıxılıb, dardan düşəsən.

 

 

Özünlə davan da özündən düşə,

Yanğın da odundan, közündən düşə.

Ay özü özünün gözündən düşən,

Daha fərqi var hardan düşəsən?..

 

 

MƏN ADDA BİRİ VAR...

 

 

Kim deyir, tək elə fikir çəkənəm,

Çəkir gözümə gözüm şəklini.

Mən həm çox gözəl şəkil çəkənəm,

Çox gözəl çəkirəm sözün şəklini...

 

 

Gündüz gülər görüb surətimi ,

Aldanma, çəksəm gecə çəkirəm.

İllərdi mən sənin həsrətini

gülüm, bilirsən ki, necə çəkirəm...

 

 

Canımın bir gizli sirri yox artıq,

Vicdan dedikləri baş tərəzidi.

Dünyada mən adda biri yox artıq,

Mən adda biri var ? daş tərəzidi...

 

 

Dərdi tuturam dilə, çəkirəm,

Kənardan eşidib, duyanı olmur.

Vallah, ağrını da elə çəkirəm

bir qram o yanı, bu yanı olmur...

 

 

O NECƏ GEDİŞDİ, BU NECƏ GƏLİŞ...

 

 

O necə gedişdi, bu necə gəliş,

Gərək elə gedən belə gəlməyə...

Tutub da yükünü dərddən, kədərdən,

çiynində dağ boyda şələ gəlməyə...

 

 

Satılıb getsən , bahadan-baha,

Çevrilib, dönsən , şah oğlu şaha.

Elə gələsən ki, dalınca daha

bəla arxasınca bəla gəlməyə...

 

 

Demirəm çevrilib qula gələsən,

Gözlərin bulud tək dola, gələsən.

Lap, elə əcəlin gələ, gələsən,

Baxasan... Ölümün gələ, gəlməyə...

 

 

Olub da belə car qayıtmayasan,

Çuğlaya boran, qar, qayıtmayasan.

Bu qədər tarimar qayıtmayasan,

nəyinsə tapıla ələ gəlməyə...

 

 

Axtarma, nəyini qoymusan kəsir,

Bıçaq saplamağa kürək gəzir?..

Məndə o əvvəlki ürək gəzir

dilə tutulmağa, yola gəlməyə...

 

Kəmaləddin QƏDİM

525-ci qəzet.- 2023.- 8 sentyabr.- S.15.