"Atom
kralı"
BASARKEÇƏRDƏN NEVADAYA QƏDƏR
Biz xalqımızın
yetişdirdiyi və fəxr etməli olduğumuz soydaşlarımıza
yetərincə qiymət
verməyi bacarırıqmı?
Bu bacarıqlarımızı
başqa xalqlarla müqayisədə verərək
fərqi görmək
istəyirəm. Məsələn,
İtaliyanın Paqanini
adlı bir skripka ifaçısı
o qədər reklam edilib, loru dildə
desək, "şişirdilib"
ki, 1840-cı ildə vəfat etsə də, onu 36 il sonra - 1876-cı ildə dəfn ediblər. Baxın, bu adam adi
bir (bəlkə də qeyri-adi) skripka ifaçısı olub, təbii ki, XIX əsrdən bu günə onun nə video
görüntüləri qalıb,
nə səs yazıları, nə digər irsi, onu görənlər, ifasını dinləyənlər
də çoxdan dünyasını dəyişiblər.
Ancaq indi hansı italiyalıdan xəbər alsan, onun bütün tərcümeyi-halını əzbər
deyər və mütləq qeyd edər ki, Paqanini
dünyanın ən dahi şəxsiyyətlərindən
biridir. Onun adına küçələr,
parklar, musiqi mərkəzləri, onunla
bağlı kitablar, albomlar, daha nələr, nələr...
Bizim Paqaninin şöhrəti ilə əsla işimiz yoxdur. Başqa xalqların bu sahədə olan təcrübəsi, yəni
öz şəxsiyyətlərinə
dəyər vermək,
onları dünyaya tanıtmaq, bununla da xalq haqqında
təsəvvürləri təkmilləşdirmək
təşəbbüsləri çox yaxşı haldır və bu gün müstəqil
ölkə kimi bizim də bu
təşəbbüslərə qoşulmaq imkanımızın
olduğunu nəzərə
almalıyıq. Ancaq edirikmi? Müxtəlif adlı Rusiya imperiyalarının boyunduruğu
altında olarkən imkanlarımız məhdud
idi, bizim xüsusi istedadlı övladlarımız rus mədəniyyətinə, elminə,
səhiyyəsinə, incəsənətinə
xidmət etməyə
cəlb edilirdi, ölkəmizdə olan şəxsiyyətlər isə
"sapı özümüzdən
baltalarla" yaralanır,
ləkələnir, ən
yaxşı halda unutdurulurdu. Bu gün müxtəlif səbəblərdən dünyanın
ayrı-ayrı ölkələrinə
səpələnmiş, hələ
də yaxşı tanımadığımız soydaşlarımızı
xalqımıza tanıtmaq
və həmin şəxsiyyətlərlə dünyaya
milli qüdrətimizi
nümayiş etdirmək
hər birimizin borcudur.
Bu gün
belə unudulmuş soydaşlarımızdan biri
haqda danışacağıq.
Onun
soyadı da özü və həyatı kimi qeyri-adidir - Çayxorski. Çayxor - bizim anlamda "çay həvəskarı", "çay
xoşlayan" deməkdir.
O isə nə çay həvəskarı
olub, nə də çay içən. Özünün
yazdığına görə,
o zaman insanlar, xüsusən də tanınmış, yaxud tanınmaq iddiasında olanlar özlərinə doğulduğu yerin adı, həm də rus dilindən
gələn "skiy"
sonluğu ilə soyad götürərmişlər
- Şuşinski, Kəngərlinski,
İrəvanski, Şəkinski
və s. Babaları islam dininin qatı
təəssübkeşi olduğuna
görə, qohumları
ona doğulduğu Basarkeçər rayononun Çaxırlı kəndinin
adı ilə soyad götürməyi qəti
qadağan edirlər.
"Çaxırlinski" soyadı nəslin adının çaxırla,
şərabla bağlanması
sayıldığına görə
tamamilə yolverilməz
hesab edilir. Beləliklə, gənc və müdrik Abbas özünə "çaxır"la yox,
"çay"la bağlı
soyad götürmək
qərarına gəlir.
Çox düşünəndən
sonra "Çayski",
"Çayiçənski", "Çayxoşlayanski" kimi
variantlardan "Çayxorski" variantının
üzərində qalır,
bu zaman həmin sözün doğulduğu
Çaxırlı kəndi
ilə oxşar səslənməsi də
həlledici rol oynayır.
Beləliklə, ən gizli tədqiqatlarla
məşğul olduğuna
görə keçmiş
SSRİ-də adı heç yerdə yazılmayan, İqor Kurçatov, Sergey Korolyov kimi "məxfi alimlər" siyahısında olan Abbas Çayxorskinin bu müəmmalı soyadı uzun illər hamıdan, o cümlədən, doğma
xalqından da gizlədilmişdir. Ancaq dəmir pərdələr
götürüldükdən sonra istedadlı həmyerlimizdən bircə
addım irəlidə
olan İqor Kurçatova 3 dəfə
Sosialist Əməyi Qəhrəmanı, 3 dəfə
"Lenin" ordeni, başqa çoxsaylı ordenlər verildiyi, bir neçə dəfə SSRİ Ali Sovetinin deputatı seçildiyi, saysız-hesabsız
təltiflərlə mükafatlandırıldığı,
dövlət hesabına
onun üçün hər bir şəraiti
olan xüsusi imarət inşa edilib şəxsi mülkiyyətinə verildiyi,
o dövrdə yalnız
SSRİ-nin ən yüksək rəhbərlərinin istifadə
etdiyi ZİS-110 avtomobilinin
bağışlanıldığı, maaşının ikiqat artırıldığı, ona
və həyat yoldaşına SSRİ ərazisində
dəmiryolda, su və hava nəqliyyatında
pulsuz gediş-gəliş
haqqı və digər çoxsaylı imtiyazlar verildiyi halda 12 il SSRİ nüvə reaktorlarının
qəbulu üzrə Dövlət Komissiyasının
sədri vəzifəsində
çalışmış Abbas Çayxorskiyə heç bir diqqət yetirilməmiş,
onun aldığı yeganə təltif (müharibə təltiflərini
saymasaq) 2004-cü ildə
Azərbaycan Milli Elmlər Akademiyasının
fəxri doktoru adı olmuşdur. Üstəlik, 1997-ci ildə
(80 yaşında) ədalətsizliklərdən
bezərək ABŞ-a, oğlunun
yanına köçmək
istəyən Abbas Çayxorskiyə qarşı
növbəti hörmətsizlik
nümayiş etdiriblər.
Rusiya Federasiyasının
xüsusi xidmət orqanları onun SSRİ dövründə gərgin,
halal əməyi ilə əldə etdiyi bütün elmi adları, titullarını geri almış, həmçinin
öz elmi istiqaməti sahəsində
heç bir ölkədə danışmamaq
və tədqiqat aparmamaq haqqında rəsmi razılıq sənədi imzalatmışlar.
Bununla da, keçmiş SSRİ-nin tarixi boyu tətbiq
etdiyi qanunlarda olduğu kimi, şəxsiyyətlərin, hətta
dünyanın qəbul
etdiyi şəxsiyyətlərin
obyektiv motivasiyalı qərarına məhəl
qoymadan, haqsız olaraq, onların hər şeyini əlindən aldığı
kimi, Rusiya Federasiyası da Abbas Çayxorski kimi böyük xidmətləri olan bir şəxsiyyəti elmin tarixi səhifələrindən
silmək istəmişdir.
Halbuki... 1947-ci ildə ali məktəbi
bitirəndən sonra
(1939-cu ildə Bakı
Dövlət Universitetinin Kimya fakültəsinə daxil olsa da, 1941-ci ildə müharibə başlandığına görə
təhsilini yarımçıq
qoyub cəbhəyə
yollanır, 1945-ci ildə
qayıdıb
BDU-ya bərpa edilir. Tezliklə onu təhsil əlaçısı kimi
SSRİ Xalq Komissarları
Sovetinin qərarı ilə Leninqrad Universitetinin Kimya fakültəsinin dördüncü
kursuna, yenicə açılmış radiokimya
bölməsinə köçürürlər,
bu barədə bir qədər ətraflı aşağıda
qeydlər olacaq) təyinatla Çelyabinskdə
təşkil olunmuş
Atom mərkəzinə
işləməyə göndərilən
Abbas Çayxorski sovet nüvə texnologiyasının atası
sayılan İqor Kurçatovun yanında işləməyə başlayıb.
Çelyabinskin yanında
sovet rejimi üçün xarakterik olan qapalı bir şəhərcik mövcud idi. "Çelyabinsk - 40" adlanan
ərazidə çalışan
Kurçatov uran reaktoru üzərində işləyirdi. Bütün
SSRİ-dən ən savadlı gənc kimyaçılar məhz buraya göndərilirdi. Abbas da onlardan
biri olmuşdur.
Qısa müddətdə
Abbas Çayxorski İqor Kurçatovun diqqətini cəlb edir. Aparılan tədqiqatlar zamanı xüsusi vakuum qurğusunun yaradılması
zərurəti yaranır.
Bu qurğu olmasa, atom bombasının
yaradılmasından söhbət
gedə bilməzdi. Kurçatov bu barədə Moskvaya məlumat verir. Moskvadan ona deyirlər
ki, buradakı son texniki imkanlarla
həmin qurğunun yaradılma prosesi ən azı bir il çəkə
bilər. Tədqiqatlara
isə ara vermək olmazdı, ona görə Kurçatov alternativ yollar axtarmağa başlayır. Qərara gəlir ki, yanında çalışan
gənc kimyaçılara
bu məsələdən
danışsın. Belə
də olur. O, gəncləri toplayır və iclasda onlara bu qurğunun
qısa müddətdə
hazırlanmasının vacib
olduğunu bildirir. Kimyaçılardan yalnız
Abbas bu işi öhdəsinə götürür. İqor
Kurçatov qafqazlı
bu oğlanın cəsarətinə heyrət
olaraq ona vaxt verir. Abbas
Çayxorskinin iti zəkası bu hadisədən sonra daha qabarıq şəkildə ortaya çıxır. Belə
ki, cəmi bir ay müddətində
Abbas vakuum qurğusunun layihəsini Kurçatova təqdim edir. Bu barədə
Abbas Çayxorski xatirələrində yazır:
"Qaydalara görə, biz hər dəqiqə Kurçatovun yanına girə bilməzdik. Yalnız həftədə
bir dəfə onunla görüşmək
imkanımız var idi. Layihəni ona təqdim etməli idim və təcili olaraq qəbul otağına yaxınlaşdım.
Kurçatovun qapısında
həmişə polkovnik
rütbəli hərbçilər
dayanırdı. Onlara
məruzə etdikdən
sonra bir saat gözlədim, nəhayət məni
içəri buraxdılar.
Kurçatov layihəyə
baxıb məni yola saldı. Bir saat sonra
yenidən çağırtdırdı.
Gözlərinə inana
bilmirdi. Təəccüblə
"Afərin", - dedi.
Dərhal, elə mənim yanımdaca sevinə-sevinə Moskvaya zəng edərək vakuum qurğusunun layihəsinin hazır olduğu barədə məruzə etdi. Moskvadan layihəni götürmək üçün
xüsusi təyyarə
göndərdilər. İki
aydan sonra isə vakuum qurğusu artıq Çelyabinskdə idi".
Nəhayət, 8 iyun 1948-ci ildə ilk sovet atom
reaktoru işə salındı. ABŞ-ın
Naqasaki və Xerasimoya atdığı atom bombalarından cəmi üç il sonra SSRİ-nin öz nüvə
silahını əldə
etməsində, müstəqil
və güclü dövlət kimi mövcud olmaq imkanının yaradılmasına
yol verən silah plutoniyasının yaradılmasında Abbas
Çayxorskinin müstəsna
xidmətləri olmuşdur.
Radioaktiv elementlərin
kimyəvi xassələrinin
tədqiqi ilə məşğul olan qrupa daxil edilən
həmyerlimiz elmi işçi kimi uğurla fəaliyyət göstərmişdir. Bu dövrdə alim nüvə reaktorunun təhlükəsiz istismar
proseslərini intensiv şəkildə tədqiq
etmiş və uran reaktorunda sənaye qrafitinin dağılma dərəcəsini
tez və keyfiyyətlə müəyyən
etməyə imkan verən "Çayxorski
portveyni" yaratmışdır.
...Abbas Abbasəli
bəy oğlu Çayxorski 1917-ci il yanvarın 21-də Qərbi
Azərbaycanın Göyçə
mahalı, Basarkeçər
qəzasının Çaxırlı
kəndində dünyaya
gəlmişdir. Cəmi
bir il sonra
- 1918-ci ildə ermənilər
tərəfindən öz
doğma yurdlarından
qovulan azərbaycanlılar
arasında onun valideynləri də olmuşdur. Onlar əvvəlcə Ağdama,
sonra isə Ağdaşa gəliblər.
O vaxt uşaq olan Abbasın yeniyetməlik illəri də elə Ağdaşda keçmişdir.
O, burada orta məktəbi bitir və sənədlərini
Bakıda texnikuma verir. 1939-cu ildə - 22 yaşında Azərbaycan
Dövlət Universitetinin
(indiki BDU) Kimya fakültəsinə daxil olaraq təhsilini davam etdirir.
İkinci Dünya
müharibəsi başlayanda
Abbas üçüncü
kursda oxumasına baxmayaraq, təhsilini yarımçıq qoyaraq
könüllü cəbhəyə
yollanır. O, iki ay Bakı artilleriya
məktəbində təhsil
alır, 1941-ci ilin avqustunda Krım cəbhəsinə yollanan
Abbas Cənubi Qafqaz və Şimali Qafqaz cəbhələrində vuruşur.
1942-ci ildə isə ağır yaralanır. Onu tərxis etmək istəsələr
də, razı olmur və yaralı
halda yatdığı
hospitaldan qaçaraq birbaşa cəbhəyə
qayıdır. O, baş
serjant rütbəsi ilə ön cəbhəyə gedir və 48-ci atıcı alayında telefon rabitəsi bölməsinə
başçılıq edir.
Müharibənin bitməsinə
üç ay qalmış (1945-ci ilin yanvar ayında) Kalininqrad istiqamətində
gedən döyüşlərdə
ikinci dəfə ağır yaralanan Abbas bu illər
ərzində göstərdiyi
şücaətə görə
3-cü dərəcəli "Şöhrət" ordeni
ilə təltif olunur. Yenə də cəbhəyə qayıdır və 1945-ci il aprel ayının
21-də Pillau (indiki Baltiysk, Kalininqrad vilayəti) şəhəri
uğrunda gedən döyüşlərdə iştirak
edən Abbas qəhrəmanlıqlarına görə
fərqlənir və
iyun ayında ona Qızıl Ulduz ordeni təqdim
edilir.
Hamının təhsilini davam etdirməyəcəyini, etdirsə
belə, heç bir nailiyyət əldə edə bilməyəcəyini düşündüyü
Abbas Çayxorski müharibədən sonra Bakıya qayıdır, universitetdə təhsilini
davam etdirməyə başlayır və tezliklə onu təhsil əlaçısı
kimi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Leninqrad Universitetinin Kimya fakültəsinin dördüncü kursuna, yenicə açılmış
radiokimya bölməsinə
köçürürlər. "Elmsiz həyatım öz mənasını itirmiş olardı", -
deyən Çayxorski
BDU-da təhsil aldığı illərdə
elmi fəaliyyətlə
ciddi maraqlanırdı.
O, yaxşı akademik
göstəriciləri və
digər uğurları
ilə qrup yoldaşları və həmkursları arasında
həmişə fərqlənir
və Stalin təqaüdü alırdı.
Məhz buna görə onu Leninqrad Dövlət Universitetində yeni "Radiokimya" şöbəsində
təhsilini davam etdirmək üçün
SSRİ-nin bütün
aparıcı ali məktəblərinin ən
yaxşı tələbələri
siyahısına daxil etmişdilər.
1947-ci ildə o, Çelyabinskdə təşkil
olunmuş Atom mərkəzinə işləməyə
göndərilir və
burada İqor Kurçatovla birlikdə fəaliyyət göstərir.
Tələbə yoldaşı
ilə ailə qurur və 1953-cü ildə Çelyabinskdə övladı
Aleksandr dünyaya gəlir.
Tezliklə ailə
Leninqrada qayıdır
və Abbas Çayxorski Radium institutunda işləməyə
başlayır. Həmin
dövrü xatırlayaraq
oğlu Aleksandr yazır:
"Bilirdim ki,
atam ciddi və qapalı elmi tədqiqatla məşğuldur və çox məxfi sistemdə işləyir, ancaq uzun illər
onun hansı vəzifəni tutduğu, hansı rütbəni daşıdığı mənim
üçün sirr idi. Xatırlayıram ki, birinci dəfə
onun general rütbəsində olduğunu
eşidəndə heyrətdən
gözüm kəlləmə
çıxdı. Bütün
ömrü boyu o, çox təvazökar insan olub, işə
piyada gedirdi, onun vacib fiqur
olduğunu təsdiq edəcək heç bir simvol və
imtiyaza sahib deyildi, heç maşını da yox idi. Onun
fəaliyyətinin məxfiliyinin
yeganə əlaməti
o idi ki, evə qonaq gələndə (qonaq isə ya mənim,
ya da anamın
yanına gəlirdi, atam qapalı insan idi) atam
şkafda düzülmüş
və ixtisasına aid olan kitabların
üstünü yaşıl
vərəqlə qapayırdı...
Hətta uzun illər sonra, artıq Amerikada yaşayanda atam işi barədə heç nə danışmırdı və
deyirdi: "İndi
ABŞ-da olmağım,
SSRİ-nin daha mövcud olmamağı o demək deyil ki, sirr açmamaqla
bağlı üzərimə
götürdüyüm öhdəliklər
qüvvədən düşüb..."
O illərin ab-havasını
əyani göstərən
daha bir faktı Aleksandr belə xatırlayır:
"Məni 1973-cü ildə
Leninqrad universitetindən
qovdular, həmin vaxt rektor atamın yaxın dostu idi. Ancaq
bu dostun nə Aleksandrın oradan qovulmasından, nə də ümumiyyətlə həmin
universitetdə tələbə
olmasından xəbəri
var idi. Bir sözlə, "tanışlıq", "tapşırma"
kimi imtiyazlar Abbas Çayxorskiyə tamamilə yad idi ki, bu
da həmin insanın və dövrün dəyərlərini
əyani əks etdirir".
Yeri gəlmişkən,
ali məktəbdən
qovulan Aleksandr orduya xidmətə yollanır və 2 il hərbi xidmətini
Bakıda - "Salyan kazarmaları"nın yaxınlığında
yerləşmiş Mülki
müdafiə alayında
çəkir, 2 il ərzində neft mədənlərində, Bakı
Şin zavodunda və s. yerlərdə baş verən yanğınların söndürülməsində
iştirak edir, işinin öhdəsindən
uğurla gəldiyinə
görə (atasına
görə yox!) hərbi xidmətdən sonra yenidən universitetə bərpa olunur.
1969-cu ildə Abbas Çayxorski atom enerjisindən dinc məqsədlərlə
istifadə üzrə
SSRİ Dövlət Komissiyasının
rəhbəri təyin
olunur və bu vəzifədə
SSRİ-nin süqutuna
qədər uğurla
fəaliyyət göstərir.
Bununla yanaşı,
o, nəzəri elmi tədqiqatlarını da davam etdirir və
yüksək qiymətləndirilən
nəticələr əldə
edir. Abbas Çayxorski neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı
hesab edilir, hələ 1970-ci ildə hazırladığı elementlərin
dövri sistemi cədvəli (Mendeleyev cədvəlinin modifikasiyası)
SSRİ-də radiokimya
sahəsində müvafiq
fakültələrin tədris
proqramına daxil edilmişdi.
Abbas Çayxorski
1950-ci illərdən etibarən
kimyanın nəzəriyyəsi
ilə də məşğul olmağa
başlayır və
"Neptun kimyası"
adlı monoqrafiya yazır. Bu monoqrafiya dünyada həmin mövzu üzrə yazılan yeganə elmi əsərdir. Əgər
nəzərə alsaq
ki, radiokimya sənayesində neptunium yalnız uran və plutoniumdan geri qalaraq çox
əhəmiyyətli yer
tutur və dünyada bu elementin əsas tədqiqatçısı məhz
Abbas Çayxorskidir, onda istedadlı həmyerlimizin
dövrün yüksək
mükafatlarına layiq
görülməməsi ancaq təəssüf doğurur.
Çünki Moskvada
1978-ci ildə nəşr
olunmuş neptunium kimyasına həsr olunmuş bu yeganə monoqrafiya dünyanın aparıcı
elmi mərkəzləri
tərəfindən yüksək
səviyyəli əsər
kimi qəbul edilmişdi. Digər tərəfdən, Abbas Çayxorski dünya miqyasında qəbul olunan Nils Bor, Volfqanq Pauli, Dmitri Mendeleyev
kimi alimlərin ideyalarını, hipotezlərini,
prinsiplərini ciddi təhlil etmiş, özünün daha mükəmməl olan alternativ ideyasını irəli sürmüşdür.
O, öz ideyasını
təkcə nəzəri
mühakimələrlə yox,
apardığı mürəkkəb
və çoxsaylı
təcrübələrinin nəticələri ilə
əsaslandırmışdır.
Abbas Çayxorskinin
təklif etdiyi sxem əsasında xüsusi vakuum qurğusunun yaradılması
uran-qrafit tipli reaktorların təhlükəsiz
istifadəsini təmin
etmiş və bunun nəticəsində nüvə tədqiqatları
sahəsində daha uğurlu nəticələr
əldə edilmişdir.
Kimyəvi elementlərin
atomlarının xassələrinin
daha yaxşı öyrənilməsinə imkan
verən beşinci kvant ədədinin kimyaya gətirilməsi də Abbas Çayxorskinin
adı ilə bağlıdır. Məhz
bu kvant ədədinin əvvəllər
məlum olan dörd kvant ədədi ilə birgə istifadə olunması elementlərin atomlarının xassələrini
daha dərindən öyrənməyə imkan
vermişdir.
Abbas Çayxorski
Mendeleyevin elementlərin
dövri sistemi cədvəlindən daha mükəmməl cədvəl
tərtib etmişdir və bu cədvəl
artıq dünya kimyaçılarına ən
müasir və təkmil cədvəl kimi məlumdur. 1949-1985-ci illərdə Abbas Çayxorskinin 96 elmi və texnoloji işi
məxfi tədqiqat kimi çap olunmuşdur və yalnız Rusiya Federasiyasının Qapalı
elmi ədəbiyyatları
arxivində saxlanılır.
SSRİ-nin süqutundan
sonra Abbas Çayxorski həyat yoldaşı ilə birlikdə yaşamaq üçün ABŞ-a, artıq
orada yaşayan oğlunun yanına yollanır. Bu, 1997-ci ildə baş verir və həmin
vaxt onun artıq 80 yaşı vardı. Oğlu Aleksandr xatırlayır ki, atası hələ uşaq olarkən bir qaraçının söylədiyi
fala inanırmış:
falçı ona məşhur alim olacağını və
90 il yaşayacağını
söyləyibmiş. O cür
də olur: Abbas Çayxorski artıq 1950-ci illərdə
böyük alim idi, ömrünü isə 91 yaşında başa vurur.
O, ABŞ-da da
elmi fəaliyyətini
davam etdirir, molekulyar biologiya ilə maraqlanır, biokimyəvi fizika problemi ilə məşğul olur, nəzəri hesablamalarla bitki antioksidantlarının
potensial fəaliyyətini
öyrənir.
Bütün həyatı boyu ürəyi Azərbaycanla
döyünən Abbas
Çayxorski ömrünün
son illərində dəfələrlə Bakıya
gəlir, Azərbaycan
Milli Elmlər Akademiyasının fəxri
doktoru seçilir, Azərbaycan elminin nüfuzunu yüksəltməyə
çalışaraq, AMEA-nın
elmi jurnallarında bir sıra fundamental
əsərlərini nəşr
etdirir. Yaxınları
qeyd edirlər ki, o, təkcə SSRİ-nin nüvə sənayesi sahəsində
deyil, həm də Azərbaycanda atom energetikasının inkişafına kömək
edən mütəxəssis
kimi xatırlanmağı
arzulayırdı. Özü
dəfələrlə qeyd
edirdi ki, Azərbaycan elminin inkişafına yardım etmək üçün
ABŞ-da olan hər bir şeyi
- yüksək pensiyanı,
evi, biofizika sahəsində maraqlı işi qurban verməyə hazıram.
Həmişə vətən sevgisi ilə yaşayan Abbas Çayxorski ölümündən əvvəl,
onu Bakıda dəfn etməyi vəsiyyət etmişdi. Ancaq təəssüf ki, onun bu
arzusunu reallaşdırmaq
mümkün olmur. Görkəmli həmyerlimiz 2008-ci il avqustun 27-də ABŞ-da vəfat edir
və yalnız bir ildən sonra - 2009-cu ildə Azərbaycana gələn oğlu Aleksandr Çayxorski Bakıya atasının külü
olan urnanı gətirir. Onun nəşinin külü,
öz istəyinə uyğun olaraq, Bakının köhnə
qəbiristanlığında dəfn edilir. Abbas Çayxorski öz şərəfli həyatı, zəhməti,
istedadı və nailiyyətləri ilə sübut edir ki, ad və
soyad insanları məşhurlaşdırmır, hər kəs öz bacarığı ilə ən uğursuz hesab edilə bilən adı, soyadı da tarixin yaddaşına
yaza, ona şöhrət gətirə
bilər.
SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri, neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı, kimya elmləri doktoru, professor, general-mayor Abbas Çayxorski xalqımızın yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir. Hesab edirəm ki, vətənimizin belə ləyaqətli övladlarını yaxından tanımaq, dəyərləndirmək, dünyaya tanıtmaq hər bir azərbaycanlının müqəddəs vəzifəsidir.
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
525-ci qəzet.- 2023.- 8 sentyabr.- S.10;11.