Sadiq bir məktuba sözardı

 Rəvan Cavid

Bu ilin Nobel mükafatlarının veriləcəyi tarix açıqlanıb (2-9 oktyabr). Dünyanın bir çox mədəniyyət saytlarında Ədəbiyyat üzrə Nobel mükafatının bu il hansı kriteriyalara əsaslanacağı müzakirə olunur. Görünən odur ki, siyasi tərəflər, üslublar yeni dünyanın məngənəsində forma dəyişən mövzular bu böyük mükafata həmişə təsir etdiyi kimi, bu il təsir edəcək.

Sağçı-solçu davaları, estetlər ənənəçilərin ədəbiyyatın gələcəyi haqqında tərəddüdləri, süni zəkanın tərəfdarları ədəbiyyatın sabahı üçün qara-qara düşünənlər, hələ müqəddəs olan yazının gələcəyə verdiyi ümidlərdən bəhs edənlər bir ay sonrakı elm sənət bayramı haqqında proqnozlar verirlər.

Orta Şərqin müharibələrə fasilə verdiyi, Avropada raketlərin, dronların uçuşduğu, Qərbdə məzənnələrin hər on saatdan bir dəyişdiyi, Uzaq Şərqdə robotların misirli qullar kimi çalışdığı bir dövrdə yazılan hansı romanlar ədəbiyyatın gələcəyini, sənətin sabahını müəyyən edəcək? Hansı yazıçı, Borxesin təbirincə desək, gələcək üçün körpü quracaq əsl sənət ağırlıqlı romanlarını təqdim edəcək Nobelə?

Ədəbiyyatın sabahının bu qədər məchul olduğu bir dövrdə yadıma Pablo Nerudanın dostu Mayakovskiyə ölümündən sonra yazdığı məktub düşdü. İki solçu şairi bir-birinə doğmalaşdıran təkcə siyasi fikirləri deyildi, onların poeziyası da öz dövrünə görə əsl solçuluq nümayişi idi.

Mayakovski ədəbiyyatın siyasətə qurban verdiyi növbəti fidan idi. Nerudanın həmin məktubunu tərcümə etmək istəyim ədəbiyyatın gələcəyinə öz içimdə ümid səpmək ehtiyacındandı.

Qardaşım Mayakovski

Böyük ədəbi mübahisələrin uzun müddət düşməni olduğumu deməyə çalışmıram, amma bu mübahisələrin mənim mahiyyətim olmadığını da etiraf edirəm. Ədəbi mübahisələrin qızğın azarkeşiyəm. Mənim mahiyyətim isə şeirin özüdür.

Mayakovski haqqında mübahisəsiz danışmaq çətin olsa da, böyük şair bütün bunları aşıb göy üzünün sonsuzluğuna bir qartal kimi yüksəlsə , faydalı bir yaşamdan şanssız ölümdən danışmaq istəmirəm. Sevgiylə sadə tərzdə danışacağam ondan.

Mayakovski Partiyanı işçi sinfi öz şeirlərində birləşdirib bunlardan böyük bir şeiriyyat yaradan ilk şairdir. Bu, inqilabdır bütöv ədəbiyyat sahəsində Bodler, ya da Vitmanınkına uyğun bir dəstəkdir çağdaş şeirə. Bu vəsiləylə Mayakovskinin dəstəyinin qurama yox, bir şair rəftarıyla özünü göstərdiyini vurğulamaq istəyirəm. Məzmunundakı yeniliyi dərk etmədikcə bu yeniliyin düşünməyimizə göstərilən yad təsirlərdən fərqi yoxdur.

Mübarizənin əzabverici mövzuları, qardaşlığının məğzi Mayakovsinin şeirlərində əsas yoldur. Şeirlərində bu mövzular əsrarəngiz silaha çevrilər, sanki qırmızı portağal çiçəkləri açılır.

Bu, şeir siyasi olmalıdır tərəf tutmalıdır kimi anlaşılmasın, ancaq Mayakovskini oxuyan gerçək şair həqiqi şeir yazmaq üçün qarşısındakı yollardan ən uyğununu seçə biləcəkdir.

Mayakovski söndürülməsi mümkün olmayan bir atəşdir. Məhsuldar şairdir. Mən bunu Federiko Qarsiya Lorkada olduğu kimi sezirəm - şeirinin çatdığı inkişaf nöqtəsinə görə hələ yazılacaq, nəğmələri oxunacaq bir xammala sahibdir. İntellektuallıqlarının ən pik nöqtəsində ölən bu iki gənc şair haqqında danışarkən onları dağlar boyda divə bənzətməkdən çəkinmirəm. Onları aça bilən açarlar yalnız özlərində idi bizim şanssızlığımızdır ki, bu açarlar Rusiya İspaniya torpaqlarında gömülüb.

Mayakovski sözləri riqqətə gətirən şairdir. Onun poeziyası fosfor kimi parlayan gözlənilməz şəkillərin kataloqudur. Tez-tez hərəkət edən davakar, eyni zamanda ən dərin insani duyğularla doldurulmuşdur. Şeirin həm atası, həm övladı olan Mayakovski sərt, həm mehriban insandır.

Bütün bunlara onun satiraya olan meylini əlavə etmək lazımdır.

Mayakovskinin bürokratiyanı hədəf alan tənqidləri bu gün Rusiya səhnəsində uğurla sərgilənməkdədir. Onun kiçik burjuaziyaya yönələn sancmaları əzabvericidir nifrətinin təzahürüdür. Eyni dünyagörüşündə olmaya bilərik, bir sistemin insanları kirlətməyinə qarşı mübarizə apara bilərik, amma böyük satiriklər daima şişirdilmiş yazıblar. Məsələn, Svift, Qoqol.

Sovet ədəbiyyatında həm çox yaxşı, həm çox pis kitabların yazıldığı qırx il boyunca Mayakovski, mənim fikrimcə, həmişə inkişafda olan təsiredici bir şair olmuşdur. Onu ölkəmizin hər küncündən görə bilirik. Bu gənc divin əllərini, ayaqlarını, başını görürük. O, bütün şəxsiyyəti ilə, bədəniylə, başıyla, əlləriylə yazdı. Ağılla, incəliklə, mübarizəyə adanmış bir əsgərin gücüylə yazdı.

Böyük qardaşımız Mayakovskinin şeiriyyatı şəxsiyyəti önündə əyilirəm.

Bənzərsiz nəğmələrini söyləyə biləcəyi bu gündə xatirəsini bir gül, tək bir qırmızı güllə anıram.

Pablo Neruda

Ədəbiyyatı yox etməyə nəyin, kimin gücü çatar? İnsanların odu kəşf etdiyi gündən, qorxuya və zəfərə ad tapdığı gündən var sənət. Dünya dəyişdikcə sənət də, onun sərhədləri də dəyişdi. Müharibələr, fəlakətlər onu da bir formadan başqa formaya saldı. Süni zəkanın dünyanı lap əvvələ qaytaracağı düşünülür. Olsun, deməli, ədəbiyyat da öz əvvəlki mahiyyətinə geri dönəcək. Belə olmadığı halda isə o, yenə üfiqlərini genişləndirməklə məşğul olacaq.

Mifləri dinə, dinləri yenidən mifə, müharibələri nəğməyə, siyasəti poeziyaya, həyatı bütün çılpaqlığı ilə yazıya çevirən ədəbiyyat, əlbəttə, robotlarla da eyni cür rəftar etməyi bacaracaq. Ona lazım olan isə gerçək silahdaşlardır. Ədəbiyyatdan, onun sonsuz dostluğundan və əbədiyyətindən qorxmayan fədailər.

525-ci qəzet.-  2023.- 9 sentyabr.- S.19.