Müqəddəslik zirvəsi

44 günlük Vətən müharibəsinin zəfərlə başa çatması uğrunda canını fəda edən qəhrəman oğullardan biri də Pərvin Təbriz oğlu Salmanzadədir.

Pərvin Salmanzadə 17 sentyabr 1991-ci il Astara rayonunun Pensər kəndində anadan olub. 1997-ci ildə Astara rayon Mirzə Fətəli Axundzadə adına Pensər kənd 1 saylı tam orta məktəbin birinci sinifinə daxil olub, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini başa vurub. 2009-cu ildə Astara rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan P.Salmanzadə 2011-ci ildə hərbi xidməti başa vurur. Üzüağ əsgəri xidmətdən kəndinə dönən Pərvin  özünü əmək meydanında sınayır.  O, 2020-ci ildə sənədlərini təqdim edib orduda "MAHHXHQ" kimi xidmət etməyə başlayır. Pərvin xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlir, işğal altında olan Vətən torpaqlarını düşməndən geri almaqdan ötrü hərbi sirləri  mükəmməl öyrənir. Çox keçmir düşmənlə mübarizə aparmaq üçün özündə tükənməz qüvvə hiss edir.

Nəhayət, bütün Azərbaycan xalqının arzuladığı gün gəlir.

27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayanda Pərvin Vətən yolunda can qoyan qeyrətli oğlanlara qatılıb döyüş bölgəsinə yollanır. Ağdərə, Xocavənd istiqamətlərdə  gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Çavuş olduğu dəstəyə sözü belə olur: "Vətən torpağı müqəddəsdir, onun bir qarışı da gərək yağıya qismət olmasın".

Cəsur döyüşçü Cəbrayılda, Füzulidə hər qarış torpaq uğrunda can qoymaqla, sarsıdıcı zərbələri ilə düşməni darmadağın edir. 6 noyabr 2020-ci ildə Şuşa şəhərinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə komandiri əsgər yoldaşlarını xilas edərkən özü qəhrəmancasına şəhid olur. Şəhidin nəşi 6 noyabr 2020-ci il doğulduğu Astara rayonunun Pensər kəndinə gətirilir Seyid Cəmaləddin türbəsində dəfn olunur.

Azərbaycan Prezidentinin imzaladığı sərəncamlarla çavuş Pərvin Salmanzadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" , "Şuşanın azad olunmasına görə" "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

 

Zəfər ORUCOĞLU

525-ci qəzet  2023.- 15 sentyabr.- S.13.