"Əziz dost" haqqında söz
Telman Orucov
(Əvvəli ötən çərşənbə
sayımızda)
Kitab ruhları təmizləyir,
saflaşdırır, lakin əlbəttə, bu, ruhun
özünün vəziyyətindən də çox
asılıdır. Təmiz olanlar
üçün hər şey təmizdir. Pozulmuş mədəyə yaxşı yemək də
pis qida kimi təsir edir. Qüsurlu
ağıl ən yaxşı kitabdan da bəd əməllər
üçün istifadə edə bilər. Yararlı olmayan ərzaqdan yaxşı yemək
hazırlamaq mümkün olmadığı halda, ən pis
kitabdan belə, ağıllı və düşüncəli
oxucu çox şey öyrənə və özü
üçün aydınlaşdıra bilər. Ona görə də ağıl üçün
qida seçərkən bizə sərbəstlik verilmişdir.
İnsan mədəsi hər şeyi həzm
etdiyi halda, adamlar yeməkdə ölçü gözləyirlər.
Biz kitabları seçərkən öz qabiliyyətlərimizi
inkişaf etdirmək, kamilləşdirmək
qayğısına qalırıq. Moisey yəhudiləri
Sinay səhrasından keçirərkən ac qalan əhaliyə
Allah səma mannası göndərdi və onları
aclıqdan yaranan ölümdən xilas etdi. Allahın ayırdığı qida
ölçüsü bütünlüklə onlara kifayət
edirdi. Ruhi qida məsələsində isə
ölçü hissi adamın özü tərəfindən
müəyyən olunur. Çar Solomon
çox oxumağın bədənə yorğunluq gətirdiyini
qeyd edirdi. Lakin heç bir müdrik adam
kitab oxumağın qeyri-qanuni olduğunu iddia etmirdi. Yorğunluğu ləğv etmək isə o qədər
də çətin məsələ deyildir.
Kitab oxumaq şifahi nitqi dinləməkdən daha səmərəlidir. Yaxşı
söhbət ruhlandırıcı təsir etsə də,
kağızda yazılmış mətn oxunduqda onu mənimsəmək,
təhlil etmək daha asan olur. Çünki
kitab oxumaq nitqin, demək olar ki, hipnotik təsirini heçə
endirir. Çarlz Persi Snou yazırdı ki,
Lev Trotski bəzən öz nitqinin cazibəsi altına
düşürdü. Bu istedada malik olan
natiqlər başqa adamlara asanlıqla təsir edə bilirlər.
Kitab oxumaq isə bunlardan azaddır. Bəzən yazı yazmaq da çoxlarına fikirləşməkdə
daha çox kömək edir və onlar öz
düşüncələrini kağızda dala yaxşı
ifadə edirlər. Yazı fikirlər
bulağının suyunun fasiləsiz axmasına şərait
yaradır. Yazıda fikirlər daha təmiz,
şəffaf olur. Ona görə də
yazılı ədəbiyyat şifahi nitqdən daha çox və
daha monumental söz abidələri yaratmışdır.
Kitaba sevgi bəzən qadına olan məhəbbətdən
nəinki geri qalır, hətta ona da üstün gəlir. Kitab mütaliəsi
insana fərəh, sakitlik və istirahət verən ən
intim və asan mənbəyə çevrilir. Böhranlar dövründə isə mütaliə
xüsusən faydalı olur, adama çətinliyi aradan
qaldırmaqda kömək edir. Kitaba məhəbbət
yarandıqdan sonra, ən xoş dəqiqələrdə də
o, səni öz ağuşundan buraxmır. Mütaliə öz yerini heç bir məşğuliyyətə
vermir. ABŞ prezidentləri içərisində Tomas
Ceffersondan sonra ən çox mütaliə etməsi ilə fərqlənən
Teodor Ruzvelt bir dəfə demişdi ki, o, heç yerə, hətta
Afrikanın cəngəlliklərinə də özü ilə
oxumaq üçün kitab götürməmiş getməzdi.
O, hətta ova gedəndə də özü ilə bir-iki
kitab götürürdü.
Müəyyən kitabları oxumaq barədə qoyulan
qadağalar, bir qayda olaraq, əks nəticə verir, həmin
kitaba maraq artır. 90-cı illərdə Salman Ruşdinin
"Satan's verses" - "İblis ayələri"
kitabının və sovet dövründəki dissident ədəbiyyatın
oxucular arasında yayılması buna misaldır.
Bəzi adamlar kitablara öz cahilliyi səviyyəsindən,
özünün mədəniyyətinin piqmey boyu çərçivəsindən
qiymət verməyə cəhd edir. Belə üzdəniraq
bir "ziyalı" ilə tanışam və onun çox
vaxt təhqiramiz rəylərini eşitmək məcburiyyətində
də qalmalı olmuşdum. Ömründə heç
bir kitab oxumamış bu adam daim öz
"biliyi"ni nümayiş etdirməyə
çalışır və lüzum olmadığı
anlarda da öz cəhalətini nümayiş etdirməkdən
həzz alır. Bir dəfə o, son vaxtlarda məddahlığı
ilə ad çıxarmış bir qoşma şairinə
müraciətlə dedi ki, dünyada cəmi üç
böyük şair olmuşdur, onların da hamısı bizim
xalqa məxsusdur və bu dahilərdən biri də olun rəyinə
görə, elə həmin mədhiyyə ustasıdır. Onun üçün dünyada heç bir müqəddəslik
olmadığı kimi, bilik aləmində o, heç bir
yüksəkliyi tanımır və özünün xırda
empirik bilik gölməçəsi ilə öyünür.
Siyasət aləmində özünəməxsus Şərq
məkrliliyindən istifadə etməklə uzun müddət
üzdə qalan bu adam həmişə az
saydakı təlxək təbiətli adamlarla, mənəvi
kvazimodolarla dostluq etmişdir, onların arasında qələm
sahibləri də var idi. Bizim ədəbiyyatımızda isə
bədbəxtlikdən, təlxəklər daim ölkə
Parnasının ən uca zirvələrində məskunlaşmağa
can atmışlar. Yaxşı məlumdur ki, peyin böcəkləri
həyat şirəsini, bal arısı
kimi, çiçəklərin nektarından deyil,
yaşadığı mühitin üfunətli məhsulundan
alır.
Mütaliə də pis adamı tam tərbiyə edə
bilmir, mütaliə olmadıqda isə o, öz axmaqlıq səltənətindən
heç cür əl çəkmək istəmir. Ağıllı
qızıl ovu həvəskarı qumda parıldayan dənələri
axtaran kimi, təcrübəli oxucu ən boş, zəif
kitabdan belə, azacıq da olsa qiymətli metalı yuyub, qumdan
ayıra bilir. Heyvanlar aləmində də
buna bənzər xüsusiyyətlərə rast gəlirik.
Hörümçək bütün qidasını ifraza və
tora sərf etdiyi, heç bir şey istehsal etmədiyi halda,
arılar uzaq çölləri gəzərək öz
qabiliyyəti, əməyi və bacarığı hesabına
öz evinə bal və mum gətirir. Təəssüf
ki, adamların arasında arıya bənzəyənlər
nisbətən az, hörümçəyə
bənzəyənlər isə çoxluq təşkil edirlər.
Belələri Fransua Viyonun sözləri ilə
desək, dişi qu quşunu da qara qarğa adlandırır və
ya Zevs özünü qu quşuna çevirib, Ledaya təcavüz
etdiyinin əksinə, cəmiyyəti öz bənzərinə
çevirib, onu zorlamaq istəyir.
İngilis filosofu Frensis Bekon kitabları zaman
dalğalarında gəzən və öz qiymətli
yükünü nəsillərdən-nəsillərə
eitiyatla daşıyan fikir gəmisi
adlandırmışdır. Əgər gəmi
qayırmaq sənətin möcüzəsi
sayılırdısa, yazının əhəmiyyətini biz
niyə yüksək qiymətləndirməməliyik,
çünki etiraf etməliyik ki, onlar da gəmilər kimi əlçatmaz
dənizlərdən kecərək, gələcək əsrlərə
müdrikliyin bəhrələrini və hansısa bir əsrin
kəşflərini verməklə, sonrakı nəsillərə
nümunə göstərir.
İngilis
şairi, nasir və dramaturqu Robert Sauti (XVIII əsrin sonu-XIX əsrin
əvvəli) yazıçı əməyinə
böyük qiymət verərək qeyd edir ki, heç vaxt
yazıçılardan başqa, heç bir adam
ömrünü öz arzuları və şəxsi meylləri
ilə böyük razılıqda keçirməmişdir. XV əsrdə yaşamış niderlandlı
ilahiyyat alimi Foma Kempiyski isə yazırdı ki, hər yerdə
rahatlıq arasa da, onu yalnız kitablarda tapdı.
Çoxları əyri yollarla qazandıqlarını
qiymətli əşyalara, daşınmaz əmlaka,
daş-qaşlara çevirirlər. Lakin ən ağıllı adam özünün o qədər də
çox olmayan vəsaitinin bir hissəsini kitab almağa,
özünə şəxsi kitabxana yaratmağa sərf edir. Bu adamların xəzinəsi dərin sandıqlara
yığılıb bağlanmır, açıq rəflərdə
yerləşir. Bir qayda olaraq, kitabın
içindəkilər onun üzlüyünü də bəzəyir.
Lakin kitabın xarici görünüşü
heç də həmişə onun həqiqi dəyərindən
xəbər vermir. İmkan düşən
kimi yaxşı kitabla qarşılaşdıqda, öz
dolanışığına sərf edilən vəsaitdən
kəsib, hökmən kitab almağa xərcləmək
lazımdır. Mən öz şəxsi
kitabxanamı ən böyük var-dövlətim hesab edirəm.
Bu kitabxana maraqlandığım hər bir məsələ
üçün istənilən vaxt məni lazım olan elmi
materiallarla təmin edir və başqalarına möhtac
olmaqdan xilas edir. Kitabxanamda elmin müxtəlif
sahələrinin mütəxəssisləri ilə,
dünyanın ən müdrik filosofları, mütəfəkkirləri,
yazıçıları, bütün dövrlərin, əksər
mədəni xalqların ən qabaqcıl nümayəndələri
ilə görüşmək, ünsiyyətdə olmaq, fikir
mübadiləsi aparmaq imkanı tapıram. Kitabxanam məni
şumer qəhrəmanı Qilameşlə
də, Homer, Zərdüşt, Konfutsi, Moisey kimi nəhəglərlə
də görüşməyə şərait yaradır. Burada mən Firdovsi və Sədi, Nizami və
Şekspir, Viyon və Stern, Höte və Hüqo, Dostoyevski və
Tolstoy ilə tez-tez görüşmək imkanı tapıram.
Burada qanunların yaradıcıları Hammurabi,
Solon, Manu, Moiseylə fikir mübadiləsi aparmaq olur.
Burada heç bir təmənna gözləmədən
hamı öz böyük dünyalarının
qapılarını taybatay sənin üzünə
açır, səni şah ləyaqəti ilə qəbul
edir və özünü aparmağı bacarırsansa,
müdrikləri eşitməyə həvəs və hövsələ
tapırsansa, onlarla ünsiyyətdə özünü nadan
göstərmirsənsə, elə ləyaqətlə də
yola salır və işarə edirlər ki, təkrar gəlişinə
də şad olacaqlar. Bu söhbətdən onlar
heç vaxt yorulmur, bircə şeyə ümid bəsləyirlər
ki, sən onları olduğu kimi başa düşəcəksən,
dərk edəcəksən, onların fikirləri ilə
razılaşmasan belə, bu fikirlər üzərində
düşünməyə başlayacaq və
ağlının qabiliyyəti və hazırlığı səviyyəsinə
uyğun olaraq onları həzm edəcəksən.
Ən yaxşı dostla uzun çəkən söhbət
adamı yorur, sevdiyin qadın da səni usandıra bilər, ən
ləzzətli xörəklərdən də sən doyduqdan
sonra imtina edirsən, yaxşı kitabdan, maraqlı kitabdan,
müdrik kitabdan heç vaxt doymursan, ona özündə daim
tələbat tapırsan və mütaliəni sevən adam
üçün bu, hava və su kimi həyati tələbata
çevrilir. Ona görə də kitab oxumaq
üçün vaxt tapmaq özü
ağılsızlıqdır, heç kəs hava udmaq və
su içmək üçün vaxt axtarmır. Mütaliə də həyatın,
varlığın, şüurlu varlığın bir hissəsinə
çevriləcəkdir.
İndiki dövrdə həyat çətin
olduğundan dostların sayı erkən yaz qarı kimi tez əriyib
sıradan çıxır. Dostların çoxu məslək
dostu yox, mənafe dostu olduğundan xırda qazanc imkanı
olmayanda, bu adamlar səndən, cüzamlı xəstələrdən
uzaqlaşdıqları kimi kənarlaşırlar.
İkinci Dünya müharibəsindən sonrakı dövrdə
ABŞ prezidenti olmuş Harri Trumen bir dəfə demişdi:
"Əgər istəyirsinizsə, bu şəhrdə
dostunuz olsun, evdə iz saxlayın". Onun dediyi
indi bizim reallığımızı təsvir edir. İt saxlamaq da əziyyətli işdir və onun da
dostluğunun ömrü azdır. Düzdür,
itlər insanlardan daha sədaqətlidir. Lakin elə bir
dost var ki, sənin azacıq ünsiyyətinə o, hər
şeyini qurban verir, sənin hər
şıltaqlığına dözür. Bu dost isə
yalnız kitabdır.
Kitabla ünsiyyətdə olmaq, adamların xəyanətkar
nankorluğundan təhqir olduğuna görə, onlardan
qaçıb təklikdə yaşamağa
başlamış, miladdan əvvəl V əsrdə
yaşamış afinalı Timonun seçimindən daha
yaxşıdır. Amma indiki dövrdə belə tənhalıq
da olduqca əlçatmaz olduğundan, yeganə ümid kitablar
dünyasındakı sakit və dolğun həyata qalır.
Çünki insan könlünə kitabdan yaxın olan
heç bir şey yoxdur, onlar bizim ürəyimizə daxil
olur, şairin şeirləri bizim qanımızın cərəyanı
ilə birləşir. Kitablardan biz başqa adamların
başına gələn əhvalatları öyrənirik və
bizə belə gəlir ki, bu, bizim taleyimizə məxsusdur.
İngilis tənqidçisi və esseisti Uilyam Hezlittin
yazdığı kimi, böyük işlər,
görüldükdən sonra yaddan çıxır. Qəsbkarlar,
dövlət xadimləri və krallar ona görə
yaşayırlar ki, onlar tarixin səhifələrində
möhürlənmişlər. Həm də
Hyum düzgün olaraq qeyd edir ki, adamlar Homer və Vergili
haqqında daha çox düşünürlər, nəinki
Aleksandr və Sezar haqqında. Doğrudan
da, şairlər daha uzunömürlü irqdir, nəinki qəhrəmanlar,
onlar başqalarından fərqli olaraq ölməzlik havası
ilə dərindən nəfəs alırlar. Homer və Vergilinin yaratdığı hər şey
dövrümüzün mövcudluqları kimi bizimlə
qalır. Ancaq demək olar ki, Aleksandrın
və Sezarın əməllərinin izləri indiki dünyada
o qədər də nəzərə çarpmır. Keçmişin yazıçıları canlı
adamlar olaraq qalırlar, öz yaratdıqları əsərlərdə
varlıqlarını nümayiş etdirirlər. Digərləri - dünyanın qəsbkarları isə
öz məqbərələrində toza çevrilmişlər.
Sözlər, ideyalar, hisslər zamanın
keçməsi ilə reallıqda təcəssüm olunur, əşyalar,
bədənlər, hərəkətlər ya izsiz yoxa
çıxır, ya da səsə, bəhrəsiz havaya
çevrilir. Çünki yalnız təkcə
insanın işləri onun özü ilə birlikdə yoxa
çıxmır, onun ləyaqətləri və qabiliyyəti
isə çox vaxt onun ölümü ilə ölür.
Təkcə zəka ölməzdir və
çürümədən gələcək nəsillərə
çatır. Söz vahid şeydir ki, əbədi
yaşayır. İohanın İncilində
Allahla bərabərləşdirilən söz, doğrudan da,
heç nə ilə müqayisə olunmayan ilahi qüdrətə
və qüvvəyə malikdir. Ona görə
də müdrik sözlə ünsiyyət böyük sevinc
yaradır. Bu sevinc hamıya nəsib ola
bilər, bircə qoy adamlarda mütaliə həvəsi olsun.
(Ardı
var)
525-ci qəzet .- 2023.- 20 sentyabr.-
S.14.