Aslanın erkəyi, dişisi olmaz

Qənirə xanım Paşayevaya

 

Aslanın erkəyi, dişisi olmaz, deyib dədələrimiz. Özümü bilən gündən ailəmdə eşitdiyim bu kəlam ən çətin anlarımda, həyatın imtahanlı məqamlarında təsəllim, ümidim olub. qədər doğrulda bilmişəm mənə olan etibarı, bilmirəm, amma ömrüm boyu rastıma çıxan oğul qeyrətli, əsl kişi xislətli qadınlarımızı, qızlarımızı gördükcə bu kəlamın sehrinə, möcüzəsinə valeh olmuşam.

 

İstiqlal şairi Əli Tudə yazır ki:

 

İstedad baxtda, yaşdadır,

Yox! Yox! Bir ürəkdə, bir başdadır...

 

İstedadlı jurnalist, ürəyi Vətən, millət sevgisi ilə dolu Qənirə Paşayevanı ilk dəfə 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının Birinci Qurultayında gördüm. Arıq, uzun saçlı, efirdən sərrast nitqi ilə od püskürən, amma həyatda şirindil, xoş ünsiyyətli, xoş simalı bir qız, işinə ürəkdən bağlanmış bir mütəxəssis təsiri bağışladı mənə. Uzun zamandan sonra bəzi tədbirlərdə təsadüfən görəndə həmin ilk təəssürat hər dəfə özünü doğrultdu. Qiyabi olaraq tanıdığım bu qadına heyranlığım birə min artdı. İndi Qənirə Paşayeva millət vəkilidir, sözün əsl mənasında millətin vəkilidir. Onsuz da ANS televiziya kanalında işlədiyi müddətdə bu missiyanı yerinə yetirirdi.

Cəmi bir neçə dəqiqəlik ünsiyyətim olub. Həmin qurultayda o, müsahibini gözləyən zaman arada bir neçə dəqiqəlik fasilədə mənə yaxınlaşdı, həmkarı kimi işlədiyim televiziya kanalında vəziyyətlə maraqlandı. Amma söhbətimiz yarıda qaldı. "Zəngləşərik" - deyib ayrıldı. Sonra bir neçə dəfə cəhd göstərib onu axtarsam da, tapa bilmədim. Gah səfərlərdə, gah da çəkilişlərdə oldu. O zaman onu arayıb axtarmağımın səbəbi vardı. "Nəzər nöqtəsi" proqramında hansı yüksək mənsəb sahibi olmasına baxmayaraq, işində buraxdığı haqsızlığı, ədalətsizliyi, nöqsanları  sərt, amansız sözlərlə müsahibinin üzünə söyləməsinə, Amerikanın İraqı bombardman edib dinc əhalini qırdığı zaman Qənirənin qrad atəşinin, bombaların qığılcımı fonunda, əlində mikrofon, qorxmaz baxışlarla gözünü kameraya dikib birbaşa yayımda İraqdan Azərbaycanla canlı bağlantı qurmasının onun peşəsinə bəslədiyi məhəbbətinə görə Qənirəyə hörmətim heyranlığa çevrildi. Bəzən vəzifəli, el içində deyirlər "qılıncının dalı da, qabağı da kəsən" sanballı, dağ boyda kişilərin bu mərd, zərif qızcığazın qınayıcı suallarından çəkinərək efirə gəlməməsi Qənirənin ironiyalı gülüşünə səbəb olurdu haqqı tapdanan tamaşaçı bununla təskinlik tapırdı. Belə bir xanımla ünsiyyətə girib həmyaşıdım olsa da, bir mütəxəssis kimi ondan bəhrələnmək istəyirdim.

Qənirə Paşayeva öz bacarığı, işgüzarlığı, səriştəsi sayəsində bu gün yüksək məqamlarda əyləşib. Amma qabiliyyətinə istedadına görə Azərbaycanda o, daha layiqli vəzifələrdə işləyərək, xalqının, dövlətçiliyinin şərəfini həm Azərbaycanda, həm Azərbaycandan kənarda layiqincə qoruya bilən kadrlardan biridir desəm, yanılmaram.

Gürcüstanda Azərbaycan türklərinin halına acıyıb, Axıska türklərinə qarşı ədalətsizliyə haqq səsini qaldırdı. Bəzi vəzifə sahiblərindən, millət vəkillərindən fərqli olaraq bahalı salonlarda, beşulduz otellərdə, hər cür şəraitlə təchiz olunmuş kabinetlərdə deyil, soyuq, şəraitsiz salonlarda, ayağı gilə-palçığa yapışa-yapışa kənd evlərini gəzərək millətinin durumuna ürəkdən yanmağını, şaxtadan avazımış rəngini, gömgöy kəsilmiş dodaqlarını görəndə Qənirənin heç dəyişmədiyinin şahidi oldum.

Qənirə Paşayeva türklüyü ilə qürur duyan bir vətəndaşdır. Milli Televiziya Radio Şurasının böyük əks-səda doğuran Türkiyədə istehsal olunan serialların dublyaj edilməsi ilə bağlı qərarın əleyhinə çıxaraq, etirazını kəskin şəkildə bildirib söylədi: "Azərbaycan bu gün türk xalqlarının qurultayına evsahibliyi edir. Azərbaycan xaricdəki Azərbaycan Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyətini önə sürən bunun üçün addımlar atan bir ölkədir. Belə olan halda bu cür qərarların qəbul edilməsi anlaşılmazdır... Bir millətin yalnız bir dili ola bilər".

Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi çıxışlarında yenə millətinin haqqının müdafiəsinə qalxaraq bu illər ərzində ona verilən imtiyazlardan istifadə edib var qüvvəsi ilə bu xalqın mənafeyi üçün çalışmaqdadır. Heç zaman itirmədiyi sadəliyi ilə bu xalqın içində olub, çəkinmədən xalqın etirazlarını müəyyən instansiyalara bildirməkdən usanmır. Nəinki Avropada, bütün dünyada bir diaspora komitəsinin bütövlükdə görə biləcəyi işlərin öhdəsindən bəzən təkbaşına gəlir.

Mən, xalqımı məni həm Azərbaycanda, həm Azərbaycandan xaricdə haqqımızı hüququmuzu müdafiə etmək iqtidarında olan millət vəkili kimi Qənirə Paşayevaya böyük ümidlər bəsləyirəm. Qənirə Paşayevanın qeyrəti, şərəfi namusu ilə yüksək postlarda oturub şəxsi mənafeyini güdən bir çoxlarından üstünlüyünə görə daha məsuliyyətli işlərə cəlb olunmasına ümid edirəm. Ümidlərimin doğrulacağına inanıram. Həmkarım olaraq onu bütün uğurlarında, işlərində dəstəkləyirəm. Azərbaycanın hər yerdə belə gənc, səriştəli, layiqli mütəxəssisə ehtiyacı var. Ağır məsuliyyətləri zərif çiyinlərində daşıdığına görə atalarımızın necə haqlı olaraq söylədiyi kəlamın böyüklüyünə, qüdrətinə bir daha heyrət edirəm.

Bu zəhmətkeş mərd bacımız üçün ağır günlərdir. Amma əminəm ki, o, bu ağır günlərdən keçəcək o gülər üzlə bizə qayıdacaq. Bütün dualarımız onunladır.

 

Afaq MUSTAFA

525-ci qəzet.- 2023.- 27 sentyabr.- S.11.