Qazax Dövlət Dram Teatrının yubileyi Bakıda qeyd olunub

 

Azərbaycan Teatr Xadimləri İttifaqında Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının "Qonaq teatr" layihəsi çərçivəsində Qazax Dövlət Dram Teatrının 85 illiyi münasibətilə "İnan mənə" tamaşası təqdim olunub.

Tamaşadan əvvəl İttifaq sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov "Qonaq teatr" layihəsi haqqında məlumat verib.

Sonra istedadlı aktyorların iştirakı ilə Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin quruluşunda Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun müəllifi olduğu "İnan mənə" tamaşası göstərilib.

Sonda Qazax Dövlət Dram Teatrı milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və 85 illiyi münasibətilə Xəzər Gəncəli "İnan mənə" tamaşasına verdiyi uğurlu quruluşa görə, Ağalar İdrisoğlu ölkə teatrları ilə uğurlu əməkdaşlığa görə, teatrın aktyoru Aydın Orucov 60 illik yubileyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə təltif olunublar.

Fəxri fərmanları qəbul edən Qazax Dövlət Dram Teatrının baş rejissoru Musa Eyyubov və digər mükafatlandırılanlar göstərilən diqqətə görə İttifaqa və tamaşaçılara dərin təşəkkürlərini bildiriblər.

 

ŞAHANƏ

525-ci qəzet.- 2023.- 27 sentyabr.- S.10.