Vətən savaşı şəhidlərinə sonsuz
ehtiramla...
2020-ci ilə qədər rəngləri
ilə könül oxşayan, sərinliyi ilə yaydan çıxmış isti
qəlblərə sərinlik
bəxş edən, yağışı ilə
susuz qalmış torpağın könlünü
oxşayan qızıl
payızın ilk ayı, üç aylıq yay tətilindən sonra yeni tədris ilinin başlanğıc ayı idi sentyabr.
Sentyabr qapının kandarında görünər-görünməz
payız mehi ruhumuzu, yeni dərs ilinin təlaşı isə bütün vücudumuzu sarardı...
Üç il
öncəyə qədər...
Üç il
öncə sentyabr ayı Azərbaycan tarixinə əbədi həkk olunmaq üzrə elə yazıldı ki, bu zamana qədərki
bütün öhdəliklərini
kölgədə qoydu.
2020-ci ilin sentyabr 27-də
başladı xalqımızın
taleyi 180 dərəcə
dönməyə, məhz
o gün təcəlla
etdi İlahi ədalət, həmin gün başladı bu millətin azadlıq yolu, qələbə sevinci...
Bəli, üç
il öncənin bu günü mənfur düşmənin
ölkəmizə qarşı
başlayan növbəti
hərbi təcavüzünə
cavab olaraq, qəhrəman ordumuz Ali Baş Komandanın
rəhbərliyi altında
işğal altındakı
torpaqlarımızın azad
edilməsi məqsədilə
Vətən müharibəsinə
başladı. Bu müharibə azğınlaşmış
düşmənə "dur!"
çağırışından daha çox, illərdir atəşkəs
dövründə belə
şəhid verməsinə
baxmayaraq, səbr edən, sülhə inanan, hər iki tərəfdən qan tökülməməsi
üçün var gücü ilə çalışan, amma torpaqlarından da bir an belə
olsun vaz keçməyən, danışıqlarla
problemin həlli yolunu axtaran bir xalqın daşan səbri, "sümüyə dayanan bıçağı" idi.
Nəhayət, millətimizin illərdir gözlədiyi "İrəli!"
əmri Ali Baş Komandanımız tərəfindən səsləndirilmişdi.
Vətəni tərəfindən
köməyə, Komandanı
tərəfindən savaşa
səslənən bir
xalq daha durardımı ki? Əsla!
Elə ilk
gündən ölkəmizin
suverenliyi və ərazi bütövlüyü
uğrunda gedən mübarizədə rəşadət
göstərən əsgər
və zabitlərimiz, arxa cəbhədə çalışan mülki
insanlarımız, bütövlükdə
xalqımız əzm
və iradə, bir yumruq kimi
birlik və həmrəylik nümayiş
etdirərək, düşmənə
sarsıdıcı zərbələr
endirməyə başladı.
İlk saatlardan acı məğlubiyyətini
anlayan düşmən
öz hiyləgərliyindən
qalmadı, əlbəttə.
Müzəffər Azərbaycan
Ordusunun zəfər yürüşünə dözə
bilməyərək təxribatlara
əl atdı, günahsız mülki insanları hədəfə
almaqla müharibə cinayətləri törətdi.
Amma bütün bu təxribatların ən layiqli cavabını igid oğullarımız, qəhrəman
ordumuz cəbhədə,
düşmənin gözlərinin
içinə dik baxaraq verdi.
Müharibə itkisiz olmaz, əlbəttə. Bizim də sentyabrın 27-si başlanan və 44 gün davam edən Vətən müharibəmiz, haqq savaşımız şəhidlərimizin,
qazilərimizin canı,
qanı bahasına başa gəldi, torpaqlarımız onların
sonsuz vətən sevgisi və dönməz iradəsi nəticəsində uzun illik işğaldan azad olundu. Bu
müharibədə Silahlı
Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhadətə
ucaldı, yüz nəfərdən artıq
hərbi qulluqçumuz
itkin düşdü,
min nəfərdən
artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirdi.
Ancaq heç
bir itki, heç bir məhrumiyyət, heç
bir təxribat ordumuzu və xalqımızı fikrindən
geri döndərməyi
bacarmadı. Bizim bir yolumuz vardı:
qələbə! Və
44 gün sonra möhtəşəm Zəfərlə
Qarabağımız düşmən
tapdağından azad olundu.
Şübhəsiz, bu qələbənin memarları-mübariz, qəhrəman
oğul və qızlarımızın şücaəti
hər zaman yüksək qiymətləndirilir,
bütün şəhidlərimizin
ruhuna ehtiram göstərilir, xatirəsi
daim uca tutulur. Məhz bunun bariz nümunəsi
kimi, Vətən müharibəsində qəhrəmancasına
döyüşmüş, Azərbaycan Bayrağını
işğaldan azad edilən torpaqlarımızda
dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda
canlarını fəda
etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə
dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə
hər il sentyabrın 27-si Azərbaycan
Respublikasında Anım
Günü kimi qeyd edilir.
Artıq üç
ildir ki, sentyabrın təkcə
27-ci günü yox, bütün ay olaraq şəhidlərimizin,
Vətən müharibəmizin
anım ayı kimi keçir.
Maraqlıdır ki, sentyabr ayının
savaş mistikası bununla bitmədi. Ötən ilin 12 sentyabrında məğlub
düşmən yenidən
təxribatlara əl atdı və ordumuz tərəfindən
layiqli cavablarla susduruldu. Təəssüf
ki, bu təxribatlar
da itkisiz ötüşmədi və
ordumuz bir daha şəhidlər verdi. Üstündən bir il keçdi,
bir neçə gün öncə - 19 sentyabr 2023-cü ildə erməni quldurların mina terroru törədərək
polislərimizi və mülki şəxslərimizi
şəhid etməsi
Qarabağda lokal antiterror tədbirlərini
zərurətə çevirdi.
24 saata yaxın davam edən bu tədbirlər sentyabrın 20-də, saat
13:00-da əldə olunan
razılığa əsasən
dayandırıldı. Nəticədə
dövlət suverenliyimiz
tam mənada bərpa olundu. Artıq Xankəndi, Xocalı, Ağdərə
və daha neçə-neçə torpaqlarımız
da üç il öncə azadlığına qovuşan
digər torpaqlarımız
kimi rahat nəfəs almağa başlayır!
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Vətən savaşında canından keçən şəhidlərimizi ehtiramla anırıq!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2023.- 27 sentyabr.- S.9.