Şahmat daşları:
qədim tarix və maraqlı simvolika
Şahmat
təkcə intellektin,
strategiyanın yaşanıldığı
bir dünya, yaxud rəqabət aparılan vasitə deyil, həm də qədim dövrdən bəri var olmuş mədəniyyətlərin
tarixi köklərinin
əksidir. Qeyd edək ki, şahmat tarixində Müqəddəs
Genadionun fiqurları kimi də tanınan
Mozarab şahmat daşları
10-cu əsrin əvvəllərinə
qədər ən qədim şahmat daşları hesab edilirdi. Onlar dörd kiçik parça fil sümüyündən
hazırlanmış və
İspaniyanın Leon şəhərindəki
Mozarabik monastırında
qorunub saxlanılıb.
Bəzi
mülahizələrə görə,
Avropanın ən qədim şahmat daşları fil sümüyündən
hazırlanmış italyan
şahmat fiqurlarıdır.
Təxminən eramızın
980-ci ilinə aid edilən
həmin daşlar İtaliyanın Venafro şəhərində tapılıb
və hazırda Napoli
arxeoloji muzeyində nümayiş etdirilir. Parçalar 1932-ci ildə
Roma dövrünə aid məzarlıqda
aşkar edilmişdi. Maraqlıdır ki, bu gün belə ərəb formalı həmin şahmat daşlarının Roma dövrünə
aid bir məzarlığa
necə gəlib çıxması heç
cür izah oluna bilmir.
İndi
67-si Britaniya Muzeyində,
11-i isə Edinburqdakı
Milli Antik Əşyalar
Muzeyində saxlanılan
Lyuis şahmat daşları da maraqlı,
orijinal nümunələrdir.
Fiqurlar dörd müxtəlif şahmat dəstinə aiddir. Lyuis parçaları
1831-ci ilin martında Şotlandiyanın Xarici Hebrid adalarında Lyuis adasının qərb sahilindəki yeraltı bir otaqda inəyini axtaran Calum nan Sprot adlı
yerli kəndli tapmış, sonralar daşları Britaniya Muzeyinə satmışdı.
Ehtimala görə, parçalar 1150-ci ildə
skandinavlar tərəfindən
morj dişindən hazırlanıb. Onun İslandiya mənşəli
olduğu düşünülür.
Tarix elmləri namizədi
İsaak Linder keçmiş SSRİ-də dərc olunan "Şaxmatnoe
obozrenie-64" ("Şahmat
icmalı-64") jurnalının 1991-ci il
noyabr nömrəsində
çap edilmiş
"Adəm də şahmat oynayardımı?"
başlıqlı yazısında
1972-ci ildə Özbəkistan
torpaqlarındakı "Dəlvərzin
Təpə" adlı
arxeolojik məkanda tapılan oyun daşlarının önəmindən
bəhs etmişdi.
Bir qədər sonra, daha dəqiq desək, 1977-ci ildə tarixçi Yuri Buryakovun rəhbərliyi altında
Əfrasiyab (Səmərqənd)
kəndində miladdan
sonra 760-cı ilə
aid edilən 7 şahmat
daşı tapılıb.
Rusiyanın müxtəlif bölgələrində
- türk mədəniyyətinə
aid yerlərdə də
şahmat dəstlərinə
rast gəlinib. Bəzi rus müəllifləri
bu daşların və şahmatın Xəzər Volqa boyundan gətirildiyini irəli sürürlər.
Halbuki həmin bölgələrdə tapılan
daşlar Əfrasiyab daşları ilə bənzərlik təşkil
etməkdədir.
Qeyd edək ki, ilk şahmat taxtası və daşlarının dizaynerlərindan
biri 1790-cı ildə
Con Kalvert olub. Onun tərtibatında şah və vəzir fiqurlarının
dəlikli tacları vardı. Şahmat daşlarının başqa
dizayn modelləri
(Lund, Merrifield, Barleycorn, Selenius ve St George) də məlumdur. İngilis şahmat ustası Hovard Stauntonun 1849-cu ildə dizayn etdiyi materialı taxtadan olan şahmat
daşları isə hazırda şahmat yarışlarında istifadə
olunan ən son model hesab edilir.
İndi isə şahmat daşlarının qısa
tarixi və onların simvolik anlamları barədə məlumat vermək istərdim.
Beynəlxalq şahmat arenasında
adı Şah kimi qəbul olunmuş fiqurun həyatdakı prototipi hökmdardır, dövlət
başçısıdır. Ən əsas odur, rəqib onu ələ keçirirsə, oyunda məğlub oluruq. Oyunun qaydalarına görə, fəda edilməyən yeganə fiqurdur, mütləq qorunmalıdır. Şahmat
tarixində bu günədək onun oyundakı gedişi heç vaxt dəyişməyib. O, şahmat
taxtasında hər istiqamətə yalnız bir addım irəliləyə bilir. Oyundakı bu yavaş hərəkətinə
görə onu psixoloji baxımdan təmkinin simvolu hesab edə bilərik. Anatomiya elminin gözü ilə baxsaq, şah fiquru insan orqanlarından
başla müqayisə
oluna bilər. Siyasi nöqteyi-nəzərdən
isə o, hakimiyyətin
rəmzi sayılır.
Təxminən, 1500 il bundan əvvəl
şahmatın ən qədim forması olan hind oyunu çaturanqada gedişi yalnız öz durduğu xananın çarpazında bitişik
olan dörd xana ilə məhdudlaşdığı
üçün Vəzir
oyunun ən zəif fiquru sayılırdı. Bu fiqurun
Hindistandakı adı
bizim şahmat leksikonumuzda işlədilən
"Vəzir" termininin
qarşılığı olan "Mantri" idi. Oyun İranda oynanılmağa başlanılan
vaxtlarda adı "müdrik adam" mənasını verən
"Firzan" olmuşdur.
Bizdəki adı isə ərəbcə
"vzr" kökündən
olan, "vazir",
"vəzir" kimi
tələffüz edilən
sözdən götürülüb.
Bu sözün mənası
"ağırlıq", "öz ürəyinə yük gətirən",
"vəzifə daşıyan"
deməkdir. Ərəblərin
vasitəsilə İspaniyaya
gedib çıxan oyunda bu fiqurun
adı ispan dilində "xanım"
anlamını daşıyan
"Dama" oldu. Sonralar Avropa mədəniyyətinə uyğun
adı kral olan şaha təbii olaraq bir həyat yoldaşı ehtiyac duyulduğundan bu fiqur bir sıra
qərb ölkələrində
öz dillərində
"kraliça" mənasını
verən terminlərlə
adlandırılmışdı. Bu mənada o, şahın həyat yoldaşını
xarakterizə edir. Deməli, şah kişidir, onun ən yaxınında olan isə arvadıdır.
Müşahidə etsək,
görərik ki, şahmatda
cütlüyə önəm
verilir. İki top, iki fil, iki at, səkkiz piyada. Bu cür yanaşsaq, şah da tək deyil, qadını ilə bərabərdir.
Amma bu bərabər səviyyə eyni zamanda paradoksal sayıla bilər. Çünki oyunda ən dəyərli (şah) ən güclüyə (vəzir)
bərabər hesab edilmir. Göründüyü
kimi, bu bərabərlikdə eyni zamanda bərabərsizlik də vardır. Şahmatda ən dəyərli olan ən güclü, ən güclü olan isə ən
dəyərli deyil. Maraqlıdır, hər halda...
Qərb
ölkələrində Vəzirin
Kraliça adlandırılmasının
önəmli səbəblərindən
biri də şərq mədəniyyətində
daima "müdrik adam" və ya "məsləhətçi"
xüsusiyyəti ilə
mövcud olan vəzirlik postunu tam olaraq qarşılayacaq bir anlayışın qərb dünyasında olmamasıdır.
1470-ci illərdə Vəzirin gedişlərinə onun ən güclü fiqur halına salınması məqsədilə
dəyişikliklər edilib,
o, top və filin birləşdirilmiş gücü
ilə təchiz olunub. Təsadüfi deyil ki, həmin dövrdən başlayaraq
italyanlar bu yeni xüsusiyyətləri ilə
vəzir fiqurunu "çox şiddətli",
hətta "qəzəbli",
"qudurmuş" mənalarını
daşıyan "furioso" termini ilə adlandırmağa başlayıblar.
Bizim şahmat leksikonumuzdakı
Vəzir ən güclü fiqurdur (nominal
dəyəri 9 baldır).
Atdan başqa bütün fiqurların və piyadanın gedişini yerinə yetirə bildiyinə görə hərtərəfliliyin
simvolu sayıla bilər. Hərtərəfliliyin
mütləq deyil, nisbi anlayış olması vəzirin atın gedişini edə bilməsində təzahür tapır.
Beynəlxalq şahmat arenasında
bu fiqurun adı "queen" ("şahzadə",
"kraliça") olaraq
qəbul olunsa da, o, indi də şərq
ölkələrində vəzir
anlamını daşıyan
terminlərlə ifadə
olunmaqdadır.
Top - Vəzirin ən güclü fiqur halına gəldiyi XV əsrə qədər olan dövrdə top şahmat taxtası üzərində ən güclü fiqur hesab edilirdi. Bu fiqur o qədər əhəmiyyətli idi
ki, bir oyunçu rəqibin topuna hücum edərkən eynilə bu gün şaha hücum olunarkən "şah" deyərək rəqibi xəbərdarlıq
etdiyimiz kimi, o dövrdə də
"top" deyərək rəqibi
xəbərdar etmək
lazım idi. Bu fiqur ayrı-ayrı ölkələrdə fərqli
cür adlandırılmışdır.
Onun Hin-distandakı ilk
adı atların daşıdığı iki
təkərli "döyüş
arabaları" anlamını
daşıyan "Ratha"
olmuşdur. Bu fiqur bir müddət Avropada ərəbcə olan "Rukh" adını
daşımış və
italyan dilində "qala" mənasını
verən "rocco"
adı ilə adlandırılmışdır. Sonralar Avropanın bir sıra ölkələri
bu fiquru öz dillərində
"qala" anlamını
daşıyan sözlərlə
ifadə etmişdir. Məsələn, fransızlar
"tour" terminini işlətmişlər.
Digər ölkələrdə
isə italyanların təsiri ilə bu fiqur "Rocco" sözünün səs və ya anlam
baxımından oxşarı
olan terminlərlə ifadə olunmuşdur. İngilislərin verdiyi
"Rook" adını buna misal çəkmək olar. Türkcədəki
"Kale" adı həm
italyan dilindəki
"rocco" sözü,
həm də oyunda istifadə edilən həmin fiqurun ənənəvi forması ilə bağlıdır. Hazırda
vəzirdən sonra ən güclü fiqur hesab edilir.
Şahmat taxtasında
üfiqi və şaquli istiqamətlərdə
bir və ya daha çox
xana irəliləyə
bilir.
Əslində beynəlxalq şahmat
arenasında qəbul olunmuş "rook" ("qala")
adı düzgündür.
Qala möhkəmliyin,
dayanıqlılığın rəmzi sayılır. Bizim şahmat leksikonumuzda işlədilən
Top ən güclü
və uzaq vuran döyüş silahlarından biridir. Buna görə onu möhkəmliyin, uzaqgörənliyin
rəmzi hesab edə bilərik. Oyundakı nominal dəyəri
5 baldır.
Fil - Hindistandakı orijinal adı da fil olan və ərəblərin əl-fil dediyi bu fiqur ilk vaxtlar
bugünkündən çox
zəif olub hərəkətləri çarpaz
istiqamətdə, lakin
indikindən fərqli
olaraq başqa fiqurların üzərindən
sıçrayıb iki
xana irəliləmə
imkanı ilə məhdud idi.
Avropalılar həyatları boyunca
heç vaxt fil görmədikləri üçün
təbii olaraq bu heyvana öz
krallıq məqamlarında
vəzifə verməkdə
çətinlik çəkmişdilər.
İtalyanlar ona "bayraqdar" anlamına gələn "alfiere"
demiş, almanlar "qaçışçı" mənasını daşıyan
"laufer" adını
uyğun görmüşlər.
Fransızlar isə Hindistanda istehsal olunmuş şahmat fiquru olan fillərin
sadələşdirilmiş təsvirini sarayın şapqalı təlxəyinə
bənzətdikləri üçün
ad olaraq bu anlama uyğun
gələn "fou"
sözünə üstünlük
vermişlər. İngilislərə
gəlincə, onlar bu fiqurun üst
hissəsini keşiş
tacına oxşatdıqlarına
görə ona "keşiş", "yepiskop"
mənalarını verən
"bishop" adını vermişlər.
Şahmat
arenasında əsasən
filin atla eyni gücə malik olması fikri qəbul olunsa da, əslində oyun zamanı qapalı vəziyyətlərdə at, açıq
vəziyyətlərdə fil daha üstün sayılır. XV əsrin sonunadək fil "fiqurların
üzərindən sıçramaq"
gücünü itirmiş,
öz rənginə uyğun xanalar üzrə diaqonal istiqamətdə həm irəli, həm də geri hərəkətetmə
imkanına sahib olmuşdur.
Bizim şahmat leksikonumuzda işlədilən "fil" ən nəhəng savaş silahıdır. Onu təmsil etdiyi heyvana görə vahimə və qorxunun rəmzi, ezoterik anlamına görə isə əkslikləri xarakterizə edən ziddiyyətlərdən doğan
birliyin simvolu saya bilərik. Beynəlxalq şahmat arenasında bu fiqurun adı
"bishop" ("keşiş",
"yepiskop") kimi qəbul olunmuşdur. Bu mənada dinin idarəçilikdəki yerinə
işarə oluna bilər. Ezoterik məlumatların işığında
baxsaq, fərqli rəngli "keşiş"lər
"ağ" və
"qara", yəni
"xeyir" və
"şər" qüvvələrə
də işarə ola
bilər. Oyundakı
nominal dəyəri 3 baldır.
At - Təxminən 1500 ildən
bəridir ki, görünüşü
və gedişi dəyişikliyə uğramayan
bu fiqur Hindistanda, İranda, ərəb dünyasında
və bir sıra Avropa dövlətlərində "at" mənasını daşıyan
adlara malik olmub. Məsə-lən, hindlilər
at fiquruna "qxora",
yaxud "asp", farslar
"fərəs", taciklər
"əsp", azərbaycanlılar
"fərəs", "əsb" və
"at" demişlər. Lakin bəzi Avropa ölkələrində, məsələn,
İngiltərə və
Fransada at onu minən şəxsin adına uyğun olaraq "cəngavər"
mənasını verən
"knight" termini ilə ifadə olunub.
Ən qəribə fiqur sayılan atın şahmat taxtası üzərindəki hərəkəti
"L" hərfinə bənzəyir.
Bizim şahmat leksikonumuzda işlədilən "at" sağı-solu
bəlli olmayan, həm hücum, həm də müdafiədə işə
yarayan savaş vasitəsidir.
Beynəlxalq şahmat arenasında
bu fiqurun adı "knight" ("cəngavər")
kimi qəbul olunmuşdur. Bu mənada, şərhə ehtiyac yoxdur. Müharibə cəngavərlərin savaş
meydanıdır. Cəngavər
qoruyuculuğun, mühafizənin
simvolu sayıla bilər. Oyundakı nominal
dəyəri 3 baldır.
Şahmat
terminologiyasında vəzir
və top ağır,
fil və at yüngül
fiqurlar adlandırılırlar.
Analoji bölgü həyatda özünü
belə göstərə
bilər: nüfuzlu, xarizmatik, ağırbaşlı
insanlar və bunun əksi...
Piyada şahmat taxtasındakı
ən zəif daşdır. Hindistandakı
ilk adı "padati"
olmuşdu. Bu söz latınca "ayaq" mənasını verən
"pedis" sözü ilə
eyni kökdən gəlir. Şahmatda özlərindən daha güc-lülər üçün
yolları açır,
maneələri aradan qaldırır və ordularının zəfər
çalması üçün
özlərini qurban verməkdən belə çəkinmirlər.
Tarix boyu gedişi bir xana irəli
getmək olmuşdur. Geriyə getmək imkanı olmayan piyada çarpaz istiqamətlərin hər
ikisinə hücum etmək imkanına malikdir.
Zamanla iki fərqli xüsusiyyət də qazanıb. Bunlardan birincisi, hərəkət
etməmişsə, öz
yerindən iki xana irəliləyə bilmək. İkincisi, rəqibə doğru irəliləyə bilsə,
ən son səkkizinci
xanaya çatdıqda
şahdan başqa istənilən fiqura çevrilə bilmək. Həyatda eyni ilə bir tırtılın
kəpənəyə çevrilə
bilməsi kimi piyada da çevrilə bilmə keçirəcəyi
anın xəyalı ilə yaşayır.
Piyadanı hər aspektdən
yanaşaraq izah edə bilərik. Müharibədə əsgərləri
xarakterizə edir. Digər prizmadan yanaşsaq, çoxluğu,
kütləni təmsil
edə bilər. Onu zəifliyin simvolu kimi qiymətləndirənlər
də vardır.
Beynəlxalq şahmat arenasında
"pawn" ("piyada") adı qəbul olunmuşdur. Oyundakı
nominal dəyəri 1 baldır.
Beləliklə, şahmat daşlarının
tarixinə qısa yolçuluq və onların simvolik anlamları onu deməyə əsas verir ki, şahmat oyunu qədim sivilizasiyaların harmonik vəhdətini ehtiva etməklə bir sıra keçmiş mədəniyyətlərin izlərini
yaşadır.
Yunis
XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin
Hüquq fənləri
kafedrasının baş
müəllimi, hüquqşünas
525-ci
qəzet.- 2023.- 28 sentyabr.- S.12.