Ədəbi qaynaqlara
aid yeni və dəyərli araşdırma
Ədəbiyyatımızın qədim tarixi, zəngin
qaynaqları, çoxəsrlik maraqlı ədəbi ənənələri
vardır. Bu prizmadan məsələyə yanaşdıqda az
öyrənilmiş Şərq islam təsəvvüf ədəbiyyatı
və onun qaynaqları diqqəti çəkir. Təsəvvüf
ədəbiyyatının banilərindən, Şərq ədəbiyyatının
dahilərindən olan Şeyx Fəridəddin Əttar
yaradıcılığı şairin dövründən
günümüzədək islam-Şərq ədəbiyyatına,
o cümlədən, bizim ədəbiyyatımıza da
güclü təsir göstərib, tanınmış Azərbaycan
şairləri Əttarın əsərlərinə və
obrazlarına sevə-sevə müraciət ediblər. Lakin təəssüf
hissilə qeyd edək ki, sovet dövründə təsəvvüf
ədəbiyyatının araşdırılmasına
qadağalar qoyulduğu üçün Şeyx Fəridəddin
Əttar yaradıcılığı da Azərbaycanda
çox az tədqiq edilib, Əttar şəxsiyyətini və
yaradıcılığını hərtərəfli əhatə
edən əsərlər yazılmayıb. Bu baxımdan Nəzakət
Fətəli qızı Məmmədlinin "Şeyx Fəriddədin
Əttar və Azərbaycan ədəbiyyatı" (Bakı,
Ecoprint, 2022, 380 s.) monoqrafiyası olduqca vacib və aktual bir
mövzuya həsr olunub. Belə ki, böyük sufi şair və
mütəfəkkir, təsəvvüf ədəbiyyatının
görkəmli nümayəndəsi Şeyx Fəriddədin
Əttar (1119-1230) islami Şərq ədəbiyyatının
tarixində, bu ədəbiyyatın inkişafında
mühüm rol oynayıb, bu qüdrətli söz sənətkarının
çoxşaxəli yaradıcılığı intibah
dövrü klassik didaktik ədəbiyyatımızın
yüksəlməsinə güclü təsir göstərib.
Şərəfli bir ömür yolu keçmiş, 114 il
yaşamış bu müdrik şəxsiyyət zəngin ədəbi
irs qoyub gedib. Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələri Məhəmməd Füzuli,
İmadəddin Nəsimi, Şeyx İbrahim Gülşəni,
Seyid Yəhya Şirvani, Şeyx Səfiəddin Ərdəbili,
Seyid Mirhəmzə Nigari, Hüseyn Cavid və başqa klassiklərimiz
Əttarın əsərlərindən faydalanıb, öz əsərlərində
Əttar beytlərindən nümunələr gətirib, ona nəzirələr
yazıblar. Eyni zamanda onu da qeyd edək ki, Əttar
yaradıcılığı Azərbaycan tərcümə ədəbiyyatının
inkişafına diqqətəlayiq təsir göstərib. Onun
"Təzkirətül-övliya", "Məntiqüt-teyr",
"Əsrarnamə", "Pəndnamə" və sair əsərlərinin
Azərbaycan türkcəsinə
çoxsaylı tərcümələri mövcuddur. Bir
çoxu əlyazması halında olan bu tərcümələr
istər ədəbiyyat, istərsə də dil tarixi
baxımından olduqca dəyərli mənbələrdir. Bu əsərlərin
aşkara çıxarılması, tədqiqi, nəşr
edilərək ədəbiyyatımıza
qazandırılması olduqca önəmli məsələlərdəndir.
Qeyd etmək lazımdır ki, Əttarın bu əsərlərinin
bir çoxunun əlyazma nüsxələri AMEA-nın Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun zəngin xəzinəsində
öz tədqiqatçılarını gözləyir. Bu
institutun baş elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru, dosent Nəzakət Məmmədli 20 ildən
artıqdır ki, bu xəzinədəki həmin materiallar əsasında,
yorulmadan, gecəni gündüzə qataraq Əttarın həyat
və yaradıcılığı haqqında Azərbaycan ədəbiyyatşünaslığında
ilk dəfə tam və kompleks bir araşdırma aparıb, nəticədə
dəyərli bir monoqrafiya meydana çıxıb. Nəzakət
Məmmədlinin dəyərli
tədqiqat işi olan "Fəridəddin Əttar və
Azərbaycan ədəbiyyatı" monoqrafiyası giriş,
4 fəsil-18 bölmə, nəticə və istifadə
olunmuş mənbələrin siyahısından ibarətdir.
Birinci fəsil "Şeyx Fəridəddin
Əttarın dövrü, həyatı, şəxsiyyəti,
yaradıcılığının ədəbi qaynaqları və
təsir dairəsi" adlanır. Bu fəsil
"Əttarın dövrü və həyatı", "Sənai
və Əttar", "Əttar və Mövlana" adlı
3 bölmədən ibarətdir. Burada Əttarın
yaşadığı, yazıb-yaratdığı dövr
haqqında müfəssəl məlumat verilir, onun
yaradıcılığında Mahmud Qəznəli və səlcuq
hökmdarı Sultan Səncərin müsbət bədii
obrazlarının əks olunması qeyd edilir. Bu fəsildə
Əttar yaradıcılığı ilə Sənai Qəznəvi
və Mövlana Cəlaləddin Rumi
yaradıcılığı müqayisəli şəkildə
faktlar əsasında təhlil süzgəcindən
keçirilir.
İkinci fəsil "Şeyx Fəridəddin
Əttarın əsərləri"nə həsr olunub, burada
böyük filosof sənətkarın 22 əsəri
yazılma tarixinə görə xronoloji ardıcıllıqla
ətraflı şəkildə ilk dəfə kompleks şəkildə
araşdırılıb. Burada müəllif tam doğru qeyd
edir ki, "Fəridəddin Əttarın "Təzkirətül-övliya"
əsəri Haqdan gələn
saysız bəla və möhnətləri əziz bir nemət
kimi qəbul edən.., qəlbləri daim ilahi həsrətlə
çırpınan fövqəladə insanların, həqiqi
aşiqlərin (peyğəmbər və imamların) həyatından
nümunələrdir". Daha sonra qüdrətli təsəvvüf
şairinin şah əsəri sayılan, ən çox oxunan,
məşhur olan və sevilən "Məntiqüt-teyr"
məsnəvisinin irfani və poetik xüsusiyyətləri təhlil
olunur. Bu, tanrıdan feyz alaraq
yazılmış, ilahi həqiqətləri sistemli, məntiqi
şəkildə açıqlayan yüksək poetik dəyərlərə
malik bir əsərdir. Ona görə də Əttarın
davamçıları bu mövzuya müraciət edərkən
əsərin ilk qaynaqlarından deyil, bilavasitə Əttar
yaradıcılığından bəhrələniblər,
divan ədəbiyyatımızda bu əsərin rəmz və
məcazlar sistemindən geniş istifadə olunub,
ayrı-ayrı obrazlarına müraciət edilib.
"Əttar və Azərbaycan klassikləri"
monoqrafiyada üçüncü fəsildir yeddi bölmədə
təqdim edilir: "Xaqani və Əttar
yaradıcılığında bəzi müştərək
məqamlar", "Nizami və Əttar
yaradıcılığında müştərək obraz və
rəmzlər", "Şeyx Fəridəddin Əttar və
Seyid Yəhya Şirvani", "Nəsimi və Əttar
yaradıcılığında irfani və poetik paralellər",
"Əttar və Şeyx Səfiəddin Ərdəbili",
"Əttar və Füzuli yaradıcılığında
"cünunluq" anlayışı", "Əttar və
Mövlana ənənələri Seyyid Nigari
yaradıcılığında". Burada tədqiqatçı
alimin klassiklərimizin divanlarına və ayrı-ayrı əsərlərinə
nə qədər dərindən bələd olduğunu, bu ədəbi
xəzinəni ən incə detallarına qədər
araşdırdığını görürük.
Monoqrafiyada Əttar və Azərbaycan ədəbiyyatı
probleminə çox geniş - təxminən, 100 səhifə
- yer ayrılması təsadüfi deyil. F.Əttar Xaqani
Şirvani, Nizami Gəncəvi ədəbi irsindən bəhrələndiyi
kimi, böyük təsəvvüf şairinin ədəbi
yaradıcılığı Nəsimi, Füzuli, Mirhəmzə
Nigari, Hüseyn Cavid kimi böyük sənətkarlar
üçün də ilham qaynağı olub, bir sıra əsərləri
orta əsrlərdə Azərbaycan dilinə tərcümə
edilib, oxucular tərəfindən böyük maraqla, sevilə-sevilə
mütaliə olunub, mənəvi qida mənbəyinə
çevrilib.
Tədqiqatçının XIX əsrin böyük
sufi şairi və mütəfəkkiri Mir Həmzə Seyid
Nigari və Əttar arasında müəyyən etdiyi
maraqlı paralellər, bu paralellərlə bağlı
apardığı araşdırmalar da Nigarinin Əttara nə
qədər sevgi və hörmətlə
yanaşdığını, onun
yaradıcılığından bəhrələndiyini
faktlarla göstərir.
Sonuncu - dördüncü fəsildə "Əttar əsərlərinin
türkcə tərcümə və şərhləri"
araşdırılıb. Burada beş istiqamətdə -
beş bölmədə tədqiqat aparılıb:
"Şeyx Fəridəddin Əttarın "Təzkirətül-övliya"
əsərinin tərcümələri", "Məntiqüt-teyr"
tərcümələri", "Əsrarnamə" tərcümələri",
"Əttarın "Pəndnamə" əsərinin
türkcə tərcümələri". Kitabın bu fəsli
ilə tanış olarkən, Əttarın "Təzkirətül-övliya",
"Əsrarnamə", "Pəndnamə" əsərlərinin
nə qədər fərqli tərcüməçilər tərəfindən
dilimizə çevrildiyini görüb heyrət etməmək
mümkün deyil. Bu tərcümələr Əttar irsinə
olan böyük maraq və sevginin göstəricisidir.
Monoqrafiyanın bu fəslində indiyə qədər bizə
məlum olmayan bir çox tərcümə əsərləri
barədə qiymətli bilgilər alırıq. Təqdirəlayiq
haldır ki, müəllif bu əsərləri orijinalları
ilə müqayisə edərək fərqli və bənzər
cəhətləri aşkara çıxarır. Fikrimizcə,
monoqrafiyanın bu bölməsi tərcümə ədəbiyatımızın
öyrənilməsi üçün dəyərli olduğu
kimi, bir sıra dil faktlarının müəyyənləşdirilməsi
baxımından dil tariximiz üçün də çox dəyərlidir.
Təsəvvüf ədəbiyyatının banilərindən
sayılan Sənai-Əttar-Mövlana üçlüyünə
də alimin sələf-xələflik kontekstindən
yanaşması və Əttarı ən bariz sələfi və
xələfinin fonunda təqdim etməsi, fikrimizcə, tamamilə
doğrudur.
İndiyə qədər Əttarın dövrü,
şəxsiyyəti, həyat və
yaradıcılığı, sələfləri və xələfləri
barədə Azərbaycanda geniş tədqiqat
aparılmadığı üçün alimin bu sahədə
verdiyi bilgilər yeni və aktualdır. Sevindirici haldır ki,
N.Məmmədli Əttarşünaslıqda
formalaşmış, daşlaşmış fikirlərə də
bəzən tənqidi yanaşır, orta əsr mənbələrinə,
ilkin qaynaqlara əsasən öz fərdi yanaşmasını
və mövqeyini bildirir.
Fikrimizcə, monoqrafiyanın strukturu doğru müəyyənləşdirilib,
ortaya qoyulan problemlər düzgün seçilib və tədqiqat
prosesində hərtərəfli əhatə edilib.
Monoqrafiya elmi yeniliklərin zənginliyi ilə diqqəti
çəkir. İlk dəfə bu monoqrafiyada Əttarın
Xaqani və Nizami yaradıcılığından bəhrələndiyi,
Seyyid Yəhya Şirvaninin "Şərhi-əsrari-məratibi-qülub",
"Mə lə buddə batiniyyə", "Qisseyi-Mənsur" və digər
məsnəvilərlərində Əttar
yaradıcılığından təsirlənməsi, hətta
onun əsərlərindən nümunələr gətirməsi
göstərilir, Füzulinin "Leyli və Məcnun"unda
Məcnunun Əttarın "Məntiqüt-Teyr" əsərində
olduğu kimi, sufi yolunun tələb, eşq, tovhid, heyrət
istiğna, fəna-bəqa məqamlarını keçdiyi
haqqında dəyərli məlumatlar verilir. Füzulinin "Həft
cam" əsərinin də Əttardakı mənəvi
yolçuluğun məqamları ilə paralel şəkildə
araşdırılması təqdirəlayiqdir. Əttarın
"Bər aməd" rədifli qəzəlinə
hürufiliyin banisi Fəzlullah Nəiminin və böyük
ideallar şairi Nəsiminin nəzirə yazması, bu qəzəllərin
müqayisəli təhlil edilməsi də monoqrafiyanın elmi
yeniliklərindəndir.
Monoqrafiya aydın, səlis elmi üslubda
yazılıb. Müəllifin istər farsdilli, istərsə
də türkdilli əsərlərlərlə peşəkarlıqla
işləməsi, onları incəliklərinə qədər
tədqiq etməsi onun öz sahəsini yaxşı bilən,
təsəvvüf ədəbiyyatının dərinliklərinə
bələd bir mütəxəssis olduğunu göstərir.
İnanırıq ki, Nəzakət Məmmədlinin "Fəridəddin Əttar və
Azərbaycan ədəbiyyatı" monoqrafiyası qədim
tarixi və ənənələri olan zəngin Azərbaycan ədəbiyyatımızın
qaynaqlarını öyrənmək baxımından bu sahədə
qələmə alınmış ilk kompleks əsər
kimi şərqşünaslarımız,
ədəbiyyatşünaslarımız tərəfindən,
bu sahənin elm adamları tərəfindən maraqla
qarşılanacaq.
Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü
525-ci
qəzet.- 2023.- 29 sentyabr.- S.11.