Onuncu və sonuncu...

YAXUD "AZƏRBAYCANDA AZƏRBAYCAN ƏDƏBİYYATI GÜNLƏRİ"

 

(Əvvəli qəzetimizin 2 sentyabr tarixli sayında)

 

 

Sonra Xalq şairi Sabir Rüstəmxanlı söz aldı. Sirus Təbrizli kimi onun çıxışında da giley-güzar motivləri yox deyildi və ilk baxışdan bəlkə də Heydər Əliyevin natiqlərdən təkidlə tələb etdiyi "ədəbiyyat söhbəti" adlanmaqdan müəyyən qədər uzaq  sayıla bilərdi. Amma bu, ilk baxışdan belə görünə bilərdi. Ədalət naminə danışsaq, Sabirin "giley-güzarı" da necə deyərlər, ümummilli səciyyə daşıyırdı. Çünki həqiqi yazıçı ilk növbədə toplumun bütün problemləri ilə məşğul olan ictimai xadim kimi tanındığından onun dedikləri cəmiyyət və mənəviyyat, ədəbiyyat və ictimai əxlaqla sıx bağlı idi. Ona görə də Sabir bəy söhbətinə müstəqilliyin mənəvi aspektləri kimi həssas məsələdən başladı: "Söhbət müstəqil dövlətin müstəqil mənəviyyatından gedir. Yalnız mənəviyyat səviyyəsində söhbət qurulanda onda bu görüşün mənası daha aydın görünür. Çünki müstəqil dövlətimiz var, müstəqil dövlətimizin müstəqil ideologiyası var. Amma təəssüf ki, mənəviyyat məsələlərinin tam formalaşması, köhnə, totalitar rejimdən, imperiyadan qopub yeni müstəqil dövlətə keçiddə bu sərbəstliyə, müstəqilliyə, bu müstəqilliyin gətirdiyi əziyyətlərə dözmək və bunların bədii ifadəsini ədəbiyyata gətirmək çox çətin məsələdir. Halbuki bu, çox zəruridir.   Bizim təzə cəmiyyətimiz bunsuz  formalaşa bilməz".

Sabir Rüstəmxanlı çıxışında Heydər Əliyevlə bağlı əslində bütün ədəbiyyat və mədəniyyət adamlarının yekdil istəyi olan bir arzusunu da dilə gətirdi: "Kaş siz Azərbaycana müharibə dövründə rəhbərlik etməyəydiniz. Kaş dinc vaxt olaydı və mən təsəvvür edirəm ki, onda mədəniyyətə, ədəbiyyata Sizin nə qədər vaxtınız qalardı və Azərbaycan mənəviyyatı Sizin rəhbərliyinizlə nə qədər böyük uğurlar qazanardı. Çünki doğrudan da Siz fikirlərinizin bütün yönləri ilə yanaşı, əslində həm də böyük mədəniyyət adamısınız. Azərbaycan siyasi həyatında belə deyək, Sizin siyasi mübarizənizlə son illər gözümüzün qabağında baş verən irəliləyişlər xalqımızın hazırkı münaqişədən çıxmasına real mühit yaradır. Ona görə də hesab edirik ki, indi mədəniyyət və mənəviyyat haqqın da düşünməyə bir az daha çox vaxtınız qalacaqdır".

Sirus Təbrizlidən fərqli olaraq Sabir yazıçı və şairlərin böyük əksəriyyətinin çətin məqamlarda, ağır günlərdə ruhən və qəlbən Heydər Əliyevlə birlikdə olduqlarını, onu müdafiə etdiklərini dedi. Böyük şəxsiyyət və millətin ağsaqqalı kimi əslində kiminsə müdafiəyə ehtiyacı olmayan Heydər Əliyevin simasında çoxsaylı həmkarlarının ziyalılığı, Azərbaycanın gələcəyini müdafiə etdiklərini bildirdi. Yaradıcı ziyalıların bu gün də həmin mövqedə dayandıqlarını vurğuladı. Təbii ki, həqiqəti ifadə edən bu sözlərlə razılaşmamaq qeyri-mümkün idi.

Müstəqil dövlətdə milli mündəricəli, müstəqil istiqamətli yeni mənəvi mühit formalaşdırılmasından danışarkən Sabir Meydan hərəkatında iştirak edən ziyalıların ucdantutma qaralanmasına etirazını bildirdi. Cəsarətlə ziyalıları bu şəkildə bir-birinə qarşı qoymağın, parçalamağın, yaradıcılıq təşkilatlarını gözdən salmağın Azərbaycanın mənəviyyatına ağır zərbələr vurduğunu, qarşısı alınmazsa, bundan sonra daha ciddi zərbələr vuracağını  dilə gətirdi: "Mən bu mənada məhz yaradıcı birliklərin qorunub saxlanmasının tərəfdarıyam. O bir mənəviyyat yuvasıdır və onun öz ab-havası var. Bu hava Azərbaycanın gələcək böyük milli-mənəvi havasının təməl daşlarını yaradır. Əgər o birliklər dağılsa, onda Azərbaycanın bütün ziyalıları yalquzağa dönər. Mən demirəm ki, Yazıçılar Birliyi kimisə yazıçı edir. Amma o ittifaqlar köhnə şəkildə olmasa da, müəyyən dəyişikliklərlə Azərbaycanın milli düşüncəsinin mərkəzi kimi həmişə yaşamalıdır. Mənə elə gəlir ki, Sizin bugünkü söhbətləriniz son dərəcə yerindədir və bu məsələlərdə bizə düzgün istiqamət verir".

Sabir özünəməxsus prinsipiallıqla mədəniyyət siyasəti və milli-mədəni birliklə əlaqədar yol verilən bəzi neqativ hallara da toxundu. Cənubi Azərbaycandakı soydaşlarımızla böyük həssaslıq tələb edən məsələlərdən danışıdı. Onları müstəqil ölkəmizdən uzaqlaşdıra biləcək mənəvi aşıntılara - laqeydliyə, biganəliyə toxundu. Prezidentin xarici səfərlərdə azərbaycançılıq ideyası ətrafında topladığı soydaşlara münasibətdə göstərilən ayrı-seçkiliyə etirazını bildirdi. Və təsadüfi deyil ki, Heydər Əliyevin geniş şərh verdiyi çıxışlardan biri də Sabir Rüstəmxanlının dedikləri oldu.

Aşağıda sitat gətirdiyim sözləri yalnız Heydər Əliyev kimi böyük ürəyə, həqiqi ağsaqqallıq keyfiyyətlərinə malik olan, millətin taleyində şair və yazıçıların rolunu dəqiq qiymətləndirən bir şəxs deyə bilərdi: "Sabir, mən hesab edirəm ki, o vaxtlar həqiqətən xalqın oyanmasında, inkişaf etməsində fəaliyyət göstərmiş adamlara indi heç kəs mənfı münasibət göstərə bilməz və göstərməməlidir. Məsələn, şəxsən sənin özün haqqında danışsaq, mən o vaxtlar sənin fəaliyyətini çox heyranlıqla müşahidə edirdim. Mən Moskvada yaşayırdım, bəzən meydandakı mitinqi Moskva televiziyası göstərirdi. Səni orada tribunada görəndə mən sevinirdim. Çünki yadımdadır, mən burada işlədiyim zaman sən gənc yazıçı, şair kimi, ümumiyyətlə, bizim cəmiyyətdə, o cümlədən, mənim nəzərimdə çox hörmətli bir adam idin. Görəndə ki, Sabir Rüstəmxanlı xalqın qarşısında çıxış edir və ədalətsizliyi ittiham edir, bu, məni sevindirirdi".

Bir daha təkrar edirəm: başqa bir ölkənin dövlət başçısının ədəbiyyat adamı haqda belə səmimi, ürəkdən gələn sözlər deməsini, fəaliyyətini belə böyük səxavətlə qiymətləndirməsini sadəcə olaraq təsəvvürə gətirmək mümkün deyil. Bunu yalnız Heydər Əliyev edə bilərdi. Həm də yalnız Sabir Rüstəmxanlıya münasibətdə deyil, hətta ədəbi-ictimai fikrin ondan daha az tanınan təmsilçilərinə də belə yüksək diqqət göstərdiyi, yüksək qiymət verdiyi hallar az olmamışdı.

Vaxtı ilə keçmiş Yazıçılar İttifaqının rəhbərlərindən biri olmuş, həmin dövrdə Baş nazirin müavini vəzifəsində çalışan Xalq yazıçısı Elçinin səmimi çıxışı daha çox Heydər Əliyevin Azərbaycan ədəbiyyatı nümayəndələrinə yaxın, doğma münasibəti ilə bağlı faktlar və xatirələr üzərində qurulmuşdu. Çıxışda Prezidentin ana dilinə böyük məhəbbətindən, keçmiş Sovet İttifaqı şəraitində Cənubdakı soydaşlarımızın tarixinin, ədəbiyyat və mədəniyyətinin öyrənilməsi ilə bağlı atdığı cəsarətli addımlardan bəhs edildi. Başqa qələm dostları ilə müqayisədə dövlət başçısıyla daha çox və sıx təmasda olan Elçin yazıçı kimi maraqlı bir müşahidəsini də bölüşdü: "Bir müşahidəmi də demək istəyirəm, - hörmətli Prezidentlə bəzən telefon danışıqlarında və yaxud bilavasitə danışıqlarda açıq-aşkar müşahidə etmişəm ki, dediyim geniş mənada mədəniyyətdən söhbət düşdükdə, ədəbiyyatdan söhbət düşdükdə məndə elə bir təəssürat yaranır ki, cənab Prezident elə bil mənən bir az dincəlir. Əgər bu iş-gücün, problemlərin çoxluğu içində "dincəlmək" sözü yerinə düşürsə. Həqiqətən belədir və bir qələm əhli, yazıçılıqla, yazı-pozu ilə məşğul olan adam kimi, sözsüz ki, buna mən daxilən çox sevinirəm, məndə daxilən böyük ruh yüksəkliyi əmələ gəlir".

Fikrin dəqiqliyini və həqiqiliyini şəxsi təcrübəmdən çıxış edərək bir daha təsdiq edə bilərəm. Heydər Əliyevin birbaşa rəhbərliyi altında işlədiyim dövrdə dəfələrlə elə olmuşdu ki, iş günlərinin sonunda, xüsusən də xarici səfərlər zamanı Prezident sanki məni imtahana çəkirmiş kimi "Sən ədəbiyyatçısan, dilçisən, bu barədə nə fikirləşirsən?" - deyə oxuduğu bir əsər, yaxud bu və ya digər yazıçının, şairin yaradıcılığı haqqında fikirlərimlə maraqlanırdı. Yaxud özü yazıçılarımızın, musiqiçi və rəssamlarımızın həyatından biri-birindən maraqlı hadisələr danışırdı. Bunların arasında bəzən səmimi və nəcib yumorla dolu səhnələr də olurdu. Və bu zaman Prezidentin sifətindəki işıqlı ifadədən, rahatlıqdan onun mənən dincəldiyini hiss etmək olurdu.

Aradan on illər keçsə də, Prezident sarayında 1997-ci ilin 28 oktyabrında keçirilən görüşün bir sıra təfərrüatları indiyə qədər yaddaşımdan silinməyib. Həmin axşam biz Heydər Əliyevi ən müxtəlif ipostaslarda - tələbkar dövlət başçısı, xalqının şəksiz lideri, milli ideoloq, ədəbiyyat bilicisi və təəssübkeşi, yazıçıların yaxın dostu, yaradıcılıq qurumlarının hamisi kimi gördük.

Yadımdadır ki, söhbət uzansa da, danışmaq, söz demək istəyən çox idi. Amma Prezident xəfif bir yumorla görüşə yekun vurdu: "Söhbətimiz elə olsun ki, qurultayda da deməyə söz qalsın. Yoxsa bunların hamısını burada desək, qurultaya gələcəyik, deyəcəklər ki, hər şeyi demişik. Ola bilər hələ kimsə məni günahlandırsın ki, Heydər Əliyev bizi ora yığdı, sözlərimizi dedik, qurultaya qalmadı. Buna görə də gəlin sözlərimizi qurultaya da saxlayaq, əsas söhbəti qurultaya saxlayaq ki, o, həqiqətən mənalı, məzmunlu keçsin, dərin fikirlərlə dolu olsun".

Bu sözləri dediyi zaman adama elə gəlirdi ki, qurultayın gedişi, öz işini uğurla başa vurması bu işə birbaşa məsuliyyət daşıyan yazıçı və şairlərdən, Yazıçılar Birliyinin rəhbərlərindən daha çox Heydər Əliyevi maraqlandırır, düşündürür...

Bu, özünü Azərbaycan yazıçılarının  forumu ilə bağlı dövlət başçısının həm arzu və tələb, həm də xeyir-dua kimi səslənən aşağıdakı sözlərində də göstərdi: "Mən güman edirəm ki, bu qurultay açıq-aydın, aşkar, sərbəst şəraitdə keçməlidir. Mənim fikrim belədir. Hərə öz sözünü deməlidir, öz fikrini bildirməlidir. Fikir sərbəstliyi, azaldığı təmin olunmalıdır. Güman edirəm ki, qurultay bizim yazıçılarımızın, tək yazıçılarımızın yox, yazıçıların ətrafına toplaşan yaradıcı qüvvələrin bundan sonra daha da sıx olması və daha yaxşı fəaliyyət göstərməsi üçün imkan yaradacaqdır".

"Qurultaya gələcəyik" kəlmələrindən də göründüyü kimi, həmin məqamda o, özünü yazıçılardan ayırmırdı, qurultayı ümumi işimiz hesab edirdi...

Ağsaqqal yazıçılarla görüş belə xoş bir əhval-ruhiyyədə başa çatdı.

İlk baxışdan elə təəssürat yarana bilərdi ki, Azərbaycan ədəbiyyatının aparıcı simalarının iştirakı ilə keçirilən və üç saata yaxın davam edən interaktiv söhbət qurultayqabağı əhval-ruhiyyəni, problem və gözləntiləri aşkara çıxarmaq baxımından kifayətləndiricidir. Birlik üzvlərinin nə istədikləri, hansı əhval-ruhiyyədə olduqları bilinir. Artıq əminliklə qurultaya getmək olar. Amma Heydər Əliyev bununla kifayətlənmək istəmirdi. Yaradıcılıqda nəsillər probleminin həssas, bəzən də ağrılı məsələ olduğunu yaxşı bilən Prezident gəncləri də dinləmək, fikir və mövqelərini öyrənmək istəyirdi. Onların qurultaya hansı əhval-ruhiyyə və ideyalarla gəldiklərini bilmək istəyirdi. Bugünkü ağsaqqalların, "korifeylərin" yerini sabah kimlərin tutacağını öz gözü ilə görmək istəyirdi. Necə deyərlər, "qablarında nə olduğunu" şəxsi ünsiyyət və müşahidə zəminində sınaqdan keçirib dəqiqləşdirmək istəyirdi. Ona görə də vaxtını və enerjisini gənclərdən əsirgəməmək qərarına gəlmişdi. Azərbaycanda "Azərbaycan ədəbiyyatı günləri"nin növbəti günü gənclərə həsr olunmuşdu.

Söhbətin əvvəlində dövlət başçısı üzünü gənc nəslin nümayəndələrinə tutaraq dedi: "Dünən Yazıçılar Birliyinin rəhbərləri, üzvləri, xalq şairləri ilə, yaşlı nəslə mənsub şair və yazıçılarla görüşümüz oldu. Xahiş etdim ki, gənclərlə də görüşək. Bu, mənim keçmişdə belə məsələlərə münasibətimlə müəyyən dərəcədə bağlıdır. Keçmiş zamanlarda da Yazıçılar İttifaqı ilə çox sıx əlaqədə olmuşam".

İkinci bir ölkədə ədəbiyyata, onun yaşlı və gənc nümayəndələrinə, sənətin yaradıcılıq uğurlarına və problemlərinə bu cür diqqəti təsəvvürə gətirmək özü belə çətindir. Bunun üçün yalnız ədəbiyyatı sevmək yox, izləmək və bilmək lazımdır. Fərqli fikir və düşüncə sahibləri ilə danışmağı bacarmaq lazımdır. Mübaliğəsiz demək olar ki,  Heydər Əliyev bunu geniş məlumat dairəsi, təmkin, maraq və ustalıqla bacarırdı. Bir neçə il ərzində müxtəlif ölkələrin dövlət başçılarını yaxından müşahidə etmək imkanına malik olduğumdan əminliklə deyə bilərəm ki, Heydər Əliyev ədəbiyyata, qələm adamına münasibət baxımından onların arasında tam bir istisna təşkil edirdi.

Dövlət başçısı rəsmi toplantılarda çıxış edənlərə bir qayda olaraq dəqiqlik və tələbkarlıqla yanaşırdı. Müzakirə edilən məsələlərlə bağlı olunan konkret məlumat və münasibət tələb edirdi. Mövzudan kənara çıxanları dərhal dayandırırdı. Yaradıcılıq sahələrinin nümayəndələri ilə görüşlərdə isə onlara tam sərbəstlik verirdi, mövzu ətrafında "gəzişmələrinə", hətta dəxli olmayan məsələlərdən bəhs etmələrinə imkan yaradırdı. Bəzi hallarda belə görüşlərdə ədəbiyyat və sənət söhbətlərini ən çox ortaya atan, yeni təklif və mülahizələrlə çıxış edən Heydər Əliyev özü olurdu.

Prezidentlə ikinci görüş də bu cəhətdən istisna təşkil etmədi.

Beləliklə, qurultaya bir gün qalmış - oktyabrın 29-da Prezident sarayında bu dəfə "gənc nəsildən olan şair və yazıçılarla" Heydər Əliyevin görüşü keçirildi. Əlbəttə, burada "gənc" təyini kifayət qədər şərti xarakter daşıyırdı. Çünki o dövrdə də "gənc yazıçı və şair" kimi təqdim olunanların arasında kifayət qədər tanınmış, elmi-ədəbi dairələrdə nüfuz qazanmış müəlliflər (Nizami Cəfərov, Rafael Hüseynov, Ələkbər Salahzadə, Saday Budaqlı, Vaqif Bəhmənli, Rüstəm Behrudi və b.) vardı. Yeri gəlmişkən bu "gənc" məsələsi Heydər Əliyevin həssas diqqətindən də yayınmadı. Yeni Azərbaycan Partiyasının işləri ilə əlaqədar müəyyən qədər tanıdığı Səyyad Aran təqdim olunanda gülümsəyərək "O, yaşına görə gənc sayılır, yoxsa yaradıcılığına görə?" - deyə sərrast və yerinə düşən bir sual da verdi.

Yazıçılar Birliyi üzvlərinin sayının çoxluğu bəzən narazılıq doğurur. Xüsusən, hələ ədəbiyyatda öz sözünü deyə bilməmiş gənc qələm sahiblərinin birlik üzvü olmağa can atmalarına ağız büzənlər də tapılır. Uzun illərdir ki, kəmiyyət və keyfiyyət ətrafında mübahisələr, "yazıçı və şair bolluğu" məsələsi  gündəlikdən düşmür. Lakin Heydər Əliyev bu məsələyə də özünəməxsus nikbinliklə yanaşırdı. Hətta indiki şəraitdə gənclər arasında Birliyə göstərilən marağı müəyyən mənada ədəbi fədakarlıq hesab edirdi: "Dünən mənə dedilər ki, Yazıçılar Birliyinə üzv qəbul olunmaq üçün 100-dən artıq müraciət var. Bu, sevindirici haldır. Çünki indi yazıçıların sosial vəziyyətinə qayğı və yaxud maddi imkanlar keçmişə nisbətən çətinləşib, yaxud da yox dərəcəsinə gəlib çatıbdır. Amma belə bir vəziyyətdə yazıçı və şair olmaq, özünü bu sənətə həsr etmək, yazıçılar ittifaqlarının bəzi yerlərdə hətta dağıldığı halda bu ittifaqa qəbul olunmaq, ona üzv olmaq istəyən gənclər Azərbaycanda çoxdursa, bu, mədəniyyətimiz və ədəbiyyatımız üçün olduqca sevindirici haldır".

Bu sözlərdə hər şeydən əvvəl ədəbi-mədəni həyatın, mənəvi təkamülün gələcəyi ilə bağlı düşüncə və gözləntilər əks olunmuşdu. Təbii ki, Yazıçılar Birliyi sıralarındakı yüzlərlə şəxsin hamısının yüksək ədəbi istedada malik olmamasından Heydər Əliyev xəbərsiz deyildi. Sadəcə, birlik üzvlüyünə ədəbi məsuliyyət və təcrübə məktəbi, ədəbi yarış və sınaq meydanı kimi baxdığından say çoxluğu onu  narahat etmirdi. Bilirdi ki, böyük Sabir demişkən "çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxıb ayranı ayranlıq" olacaq. Sonda həqiqi istedadlar öz yerlərini tutacaqlar.

Gənclərlə görüşün ssenarisi bir qədər fərqli düşünülmüşdü. Yazıçılar Birliyinin sədri Anarın qısa çıxışından sonra tənqidçi Vaqif Yusifli şərti olaraq gənc adlandırdığımız qələm dostlarını bir-bir təqdim etdi, onların hər birinin şəxsiyyət və yaradıcılığının qısa xarakteristikasını verməyə çalışdı. Heydər Əliyevin çıxışa çox diqqətlə qulaq asmasından, yerinə düşən replika və düzəlişlərindən bugünkü görüşün mövzu və predmetinin də ona yad olmadığı aydın görünürdü.

Həm yaşlılar, həm də gənclərlə görüşdə dövlət başçısı sadəcə deyilənləri dinləməklə kifayətlənmirdi. Həm də operativ qərarlar qəbul edirdi. Sanki yazıçıların ortaya atdıqları problemlərin hamısını həll edə bilməməyindən bir qədər sıxılaraq danışsa da, bir sıra əməli tədbirlər də gördü. Məsələn, "yaşlılarla" görüşdə xalq şairləri Bəxtiyar Vahabzadə və Məmməd Arazın mənzil məsələləri həll edildi. "Gənclər"lə görüş isə ildə  bir sayı çıxan "Ulduz" jurnalının saylarının artrılması üçün lazımi maliyyə vəsaitinin ayrılması ilə nəticələndi (Yeri gəlmişkən, müharibə aparan, yüz minlərlə qaçqın-köçkünü olan ölkədə Yazıçılar Birliyinin digər ədəbi-bədii orqanları - "Ədəbiyyat qəzeti", "Azərbaycan", "Literaturnı Azerbaydjan" və "Qobustan" jurnalları üçün daha əvvəl eyni xarakterli yardım göstərilmişdi).

Jurnalların tirajının az olması da onun diqqətindən yayınmadı. "Ədəbi sexin" nümayəndələrindən təklif almaq əvəzinə Heydər Əliyev özü onlara yol göstərdi - jurnalların daha geniş yayılması üçün hər bir sayın televiziya vasitəsi ilə təbliğinə diqqəti artırmağı, bu yolla da oxucu dairəsini genişləndirməyi tövsiyə etdi: "Mən belə bir fikrə gəlirəm ki, bəlkə də biz bu jurnalları, bu əsərləri televiziya vasitəsilə yaxşı təbliğ etmirik. Bir var ki, ayrı-ayrı əsərlər barədə ədəbi verilişlər hazırlansın, bir də var ki, jurnalın hər bir nömrəsi təbliğ olunsun, orada dərc edilən əsərlərin məzmunu haqqında məlumat verilsin. Yəni insanlarda marağı artırmaq üçün. Televiziyada deyilsə ki, "Ulduz" jurnalı çıxıbdır, orada bu hekayə, şeir dərc olunubdur, - onda oxucuların da marağı artacaqdır. Həyat keçən dövrə nisbətən çətindir. İnsanları da qınamaq olmaz, bəziləri necə yaşamaq haqqında fikirləşir. Ancaq mən hesab edirəm ki, biz bu təbliğatı da gücləndirsək, yaxşı olar. Yaxşı, bu problemi mən həll edərəm".

Heydər Əliyev "yaşlılara" olduğu kimi "gənclərə" də səxavətlə vaxt və diqqət ayırmışdı. Söz demək, fikir bildirmək istəyənlərin hamısını səbrlə dinləmişdi. Görüş iştirakçıları ilə maraqlı dialoqa girmiş, bəzi təklif və təşəbbüsləri yerində dəyərləndirib icrası ilə bağlı tapşırıqlar vermişdi. Qurultayqabağı görüşdə şairə Mahirə Abdullayeva, şair Əjdər Ol, yazıçı-jurnalist Səyyad Aran, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, tənqidçi Şəlalə Həsənova, yazıçı, filologiya elmləri doktoru, professor Rafael Hüseynov, şair Musa Urud, şairlərdən İlqar İlkin, Dəyanət Osmanlı, Salam Sarvan çıxış etmişdilər. Fikir mübadiləsinə qatılanların sayı, toxunulan məsələlərin genişliyi və müxtəlifliyi baxımından gənc ədəbi qüvvələrin dövlət başçısı ilə görüşünü müəyyən mənada həm də "gənc yazıçıların qurultayı" səciyyələndirmək olardı.

Yeri gəlmişkən "yaşlılarla" görüşdə Sirus Təbrizlinin oynadığı detonator rolunu Prezidentin "gənclərlə" söhbətində şair Rüstəm Behrudi öz üzərinə götürmüşdü. Sirus kimi o da ərklə danışırdı. Öz nəslinin mənafeyini müdafiə etməyə çalışırdı. Bəzən mübaliğəyə varsa da, inanıram ki, sözlərində və inancında səmimi idi: "Qələm dostlarımın məişət məsələlərinə toxunaraq demək istəyirəm ki, burada oturan cavanların çoxunun evi-eşiyi yoxdur. Burada əyləşənlər Azərbaycanın milli sərvətidir. O adamlar hamısı küçədədir. Mən bunlarla bir yerdə oturub-duran, onların halına yanan adamam. Bu adamlara kömək etmək lazımdır. Azərbaycanın gələcəyi bir sərhəddə keşik çəkən döyüşçüdən, bir də bu adamlardan asılıdır".

Sirus Təbrizli kimi Rüstəm Behrudi də  əxsi təcrübəsindən danışmağı unutmadı. İndiyə qədər əlində avtomat cəbhə bölgələrində erməni işğalçılarına qarşı döyüşdüyünü, amma həmkarlarının demək olar ki, heç birinin bu fədakarlığı təkrarlamadığını xüsusi vurğuladı. Əslində Rüstəm ciddi bir məsələyə toxunmuşdu. Əslində bizə o qədər də aidiyyəti olmayan müharibənin başlandığı gün Azərbaycanın ən ünlü şairi "Bilsin ana torpaq, eşitsin vətən! Müsəlləh əsgərəm mən də bu gündən" deməyi özünə borc saymışdı. Amma "öz müharibəmizdə" nədənsə "silahlı" (məcazi mənada) şair və yazıçılarımız o qədər də gözə dəyməmişdi. Sanki Azərbaycan əsgəri də onların sözünə, çağırışına ehtiyac duymamışdı.

Gənclərlə görüşdə söylədiyi əhatəli yekun sözündə Prezident onları yersiz inkarçılıqdan qaçmağa, keçmişi öyrənib gələcəyə baxmağa çağırdı: "Mən gənc nəsil üçün bir məsələni də demək istəyirəm. Sizin üstünlüyünüz nədir? Siz artıq müstəqil Azərbaycanın yazıçıları, şairlərisiniz və sərbəst, azad, müstəqil bir dövlətdə yaşayırsınız. Mən keçmişimizi heç vaxt pisləməmişəm və heç vaxt pisləməyəcəyəm. Tarixdə həmişə böyük nailiyyətlərlə itkilər, müsbət və mənfi hadisələr yan-yana olubdur. Hər şey heç vaxt tam gül-çiçək içində olmayıbdır. Biz keçmişdə hansı itkilər vermişik, amma hansı nailiyyətlər də əldə etmişik - hamısı məlumdur. Ona görə də keçmişi pisləmək lazım deyil. Keçmişdə pis olana pis, yaxşı olana yaxşı demək lazımdır. Mən belə fikirdəyəm. Ancaq bununla yanaşı, bizim keçmişimizdə nə qədər yaxşı nailiyyətlərimiz, ədəbiyyat, mədəniyyət sahəsində əsərlərimiz olsa da, hesab edirəm ki, gələcəyimiz onlardan qat-qat üstün olacaqdır. Çünki biz artıq müstəqil dövlətik, xalqımız azaddır. Bu, hər şeydən üstündür".

Heydər Əliyev dərin təhlil və ümumilədirmələrə əsaslanan yekun sözünü ilhamverici çağırışla bitirdi: "Mən gənclərə üzümü tutub deyirəm, - sizin qarşınızda çox gözəl imkanlar, perspektivlər var. Şübhə etmirəm ki, siz böyük uğurlar qazanacaqsınız, ədəbiyyatımızı inkişaf etdirəcəksiniz. Şübhə etmirəm ki, sizin içinizdən Azərbaycan xalqının ədəbiyyatını, mədəniyyətini daha da yüksəklərə qaldıran böyük şairlər, yazıçılar, ədəbiyyatçılar, ədəbiyyatşünaslar çıxacaqdır. Mən buna heç şübhə etmirəm. Çünki indiyədək yaşadığımız dövr və əldə etdiyımiz nailiyyətlər buna belə deməyə tam əsas verir. Şərait daha da sərbəst olanda, insan daha müstəqil, azad olanda, şübhəsiz ki, onun daxilində olan imkanlar daha çox açılır və öz bəhrəsini verir".

Azərbaycanda "Azərbaycan ədəbiyyatı günlərinin" ibrətamiz və maraqlı keçən iki günü arxada qalmışdı. Oktyabrın 30-da yazıçıların növbəti - X qurultayı öz işinə başlayırdı. Hamıda maraq yaranmışdı - işi başından aşan, yazıçılarla ünsiyyətə görə neçə vacib görüşünü təxirə salan dövlət başçısı altı saata yaxın vaxtını itirdiyi iki "mini qurultaydan" sonra əsas foruma qatılacaqmı? Buna lüzum görəcəkmi?

Amma Heydər Əliyev gəldi.

Tək özü gəlməklə kifayətlənmədi.

Komandasının "yaradıcılıq təsərrüfatı" ilə bu və ya digər şəkildə bağlı olan, əməli iş görən, qərar verə bilən bütün üzvlərini də özü ilə gətirdi.

Qurultayın işində əvvəldən axıra qədər iştirak etdi. Məruzələrə və çıxışlara çox diqqətlə qulaq asdı. Fasilədə yazıçılarla sərbəst ünsiyyət qurdu.

Eyni zamanda təkcə dinləyici, seyrçi kimi qalmadı. Əvvəlki qurultaylarda olduğu kimi, bu dəfə də yazıçıların qarşısında geniş, əhatəli bir nitq söylədi...

Bu nitqin incələnməsi artıq başqa bir söhbətin mövzusudur.

 

(Davamı olacaq)

Vilayət Quliyev

525-ci qəzet.- 2023.- 30 sentyabr.- S.12-13.