Nizami Gəncəvi irsinin

yorulmaz tədqiqatçısı

 

GÖRKƏMLİ ALİM, PROFESSOR XƏLİL YUSİFLİNİN VƏFATINDAN BİR İL KEÇDİ

 

Professor Xəlil Yusifli 1998-ci ildə Bakı Dövlət Universitetində (BDU) nəşr edilən "Dil və ədəbiyyat" jurnalının 2-ci nömrəsində "Şeyx Nizaminin oğlu Məhəmmədin şairliyi və bir beyti" məqaləsində yazırdı: "Hələ otuz il bundan öncə, Bakıda işlədiyim vaxtlarda Tehran Universitetinin Mərkəzi Kitabxanasının kataloqlarını gözdən keçirdiyim zaman maraqlı bir qeydə rast gəlmişdim. Həmin kitabxanada saxlanılan bir cüngdə başqa şairlərlə yanaşı, Nizaminin oğlu Məhəmmədin də şeiri olduğu göstərilirdi. İran alimi Daneş Pejuh Tehran Universiteti Mərkəzi Kitabxanasının əlyazma kitablarının kataloqunun XIV cildində aydın şəkildə yazırdı ki, həmin kitabxananın əlyazmaları şöbəsində saxlanılan 4715 saylı cüngdə Ənvəri, Əmir Xosrov Dəhləvi, Əssar Təbrizi, Əbdürrəhman Cami, Sədi və başqa şairlərin şeirləri ilə yanaşı, Nizaminin oğlu Məhəmmədin də şeiri qorunmaqdadır. Düz otuz il bu cüngü görmək, bu qeydin nə dərəcədə doğru olduğunu müəyyənləşdirmək arzusunda olmuşam. Mən elə düşünmürəm ki, bu, qeyri-adi bir hadisədir. Ancaq Nizami kimi bir dühanın tərcümeyi-halı, onun övladı Məhəmmədin həyatı ilə bağlı bir dəlil kimi, məncə, qiymətlidir.

Nəhayət, 1998-ci ilin fevral ayında həmin cüngü görə bildim... Əlyazmaları şöbəsinin əməkdaşları məni gülərüzlə qarşıladılar və istədiyim əlyazmanı tezliklə mənə gətirdilər. Bu işdə mənə ehtiramla qulluq edən əlyazmaları şöbəsinin əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm!"

Xəlil müəllimin əldə etdiyi əsər - Məhəmmədin şeiri bu idi:

 

Pəs əz omri şəbi baline xod an aşeyan didəm,

Məne-meskin beomre-xiş asayeş həman didəm.

 

Tərcüməsi:

 

Ömür keçdi, gecə balıncımı mən o məkan gördüm,

Yazıq mən ömrüm ərzində rahatlıq o zaman gördüm.

 

Əməkdar elm xadimi, professor Xəlil Yusiflinin elmi irsindən gətirdiyimiz bu nümunədə məqsəd, əlbəttə ki, görkəmli alimin Nizami Gəncəvi yaradıcılığına vurğunluğunu göstərməklə yanaşı, eyni zamanda örnək, nümunəvi bir alim ömrünün sözlə çəkilmiş portretini təqdim etmək istədik.

Düz 30 il bu qədər istək həyəcanla gözləmək! Bu hadisə Xəlil müəllimin dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyətinə, irsinə, şəcərəsinə olan məhəbbətinin sadəcə bir anıdır. Hətta deyərdim ki, bizim görə oxuya bildiyimiz bir an! Ancaq Xəlil müəllimin Nizami Gəncəviyə olan bizim görə, duya bilmədiyimiz sevgi isə ölçüyəgəlməz idi! Onun Nizami Gəncəvi ilə ruhi bağlantılarını isə ancaq o özü bilirdi yaşayırdı.

Professor Xəlil Yusiflinin Nizami Gəncəvi tədqiqatlarının, araşdırmalarının sadəcə kiçik bir məqamını, damlasını özündə əks etdirən bu hadisə özlüyündə bir tədqiqatçının həm sağlığında, həm özündən sonra gələn nəsillər üçün müəyyənləşdirdiyi bir proqram, yol xəritəsidir. Bu yol xəritəsi eyni zamanda səmimi əziyyəti, əzablı, keşməkeşli yolları, istiqamətləri göstərsə , bu işin müsbət nəticəsini, meyvəsini göstərən bir fəaliyyətdir. Bu istiqamət hər bir insanı potensial imkanlarından istifadə etməyə çağırır. Bu məqamda dahi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında səsləndirdiyi Xəlil müəllimin tez-tez ifadə etdiyi bir beyti xatırlamaq yerinə düşərdi:

 

Çox iti zehinlər yatan oldular,

Axırda saxsı qab satan oldular.

 

Professor Xəlil Yusifli hər zaman gəncləri çalışqan olmağa, həvəslə, ardıcıl, davamlı elmi fəaliyyətlə məşğul olmağa çağıraraq yenə Nizami Gəncəvinin sözləri ilə bizə yüksək elmi istiqamət verir deyirdi: "Nizami Gəncəvi yazır ki, elə bir gün olmayıbdır, yeni bir şey öyrənmədən başımı yastığa qoyum". bu örnəklərlə o, bizi gerçək elmə, yaradıcı zəhmətə çağırırdı.

Professor Xəlil Yusifli bir Nizami aşiqi idi. Xatirimdədir, 15-18 iyul 2022-ci il tarixində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilmiş "Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri" mövzulu konfransda iştirak etmək üçün Bakı şəhərinə gələn Pakistan İslam Respublikasının Lahor Dövlət Kollec Universitetinin alimləri - həmin universitetin Urdu dili kafedrasının müdiri, professor Saima İram, kafedranın dosenti Almaz Xanum, Ərəbşünaslıq İslamşünaslıq kafedrasının müdiri Dr. Hafiz Məhəmməd Nayem, Fars dili kafedrasının dosenti Dr. Babar Naseem Assi, Urdu dili kafedrasının dəvət olunmuş məruzəçisi Məhəmməd Hammad Niyazi başqaları  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə 17 iyul 2022-ci ildə Gəncə şəhərinə - Nizami Gəncəvi məqbərəsini ziyarətə gəldilər. Əlbəttə, burada məqsəd həm dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət edib onun bu torpağın yetirməsi olduğunu əyani olaraq göstərmək, həm qardaş dövlətin alimlərinə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni, onun tarixini, ədəbiyyatını, tarixi abidələrini, mühitini, 44 günlük Vətən müharibəsində düşmənin xain təxribatları nəticəsində şəhərin şəhər əhalisinin məruz qaldığı qırğınları, dağıntıları göstərməklə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun mərd xalqımızın əldə etdiyi tarixi qələbəni qonaqlara çatdırmaq idi. Həmin gün Xəlil müəllim ilə birlikdə gün boyunca qonaqlarla birlikdə olduq. Baxmayaraq ki, həmin ərəfələrdə havalar olduqca isti, eyni zamanda Xəlil müəllimin səhhətində bəzi narahatlıqlar var idi, ancaq o, bu qarşılamada, qonaqlara tarixi mənbələrə əsaslanmaqla sevgi ilə, həvəslə məlumat verdi. Bu hadisə öz növbəsində biz gənclər üçün Vətənimizə, klassik irsimizə, milli-mənəvi dəyərlərimizə olan məhəbbətin bir örnəyi idi.

Xəlil müəllim öz nadir hafizəsi qədim əlyazmalara olan vaqifliyi ilə dünyanın hər yerində Nizami Gəncəvinin milli mənsubiyyətini, Azərbaycan mütəfəkkiri olmasına kölgə salmağa çalışanlara qarşı mübarizə apararaq şairin xatirəsini qoruduğu kimi, Nizami ruhu da daim onu qoruyar hifz edərdi. Bir gün maraqlı bir söhbət etdi: "1968-ci ildə yazdığım "Nizaminin lirikası" kitabında yazmışam ki, Nizami özü deyir, biz türkük, biz Əfrasiyab nəsliyik. Nizami Gəncəvi hər zaman türklüyü uğrunda, bu ərazinin qədim türk ərazisi olması olması uğrunda mübarizə aparıb. Nizami deyirdi ki, biz Türk Midiyanın davamıyıq. Ərəb coğrafiyaçıları yazırlar ki, Qafqaz dağları Bərdənindir. Yəni bütün bu dağlararası Alban dövləti, Türk dövləti olub. Nizami məhz bunları əsərlərində əks etdirib". Mən soruşdum ki, Xəlil müəllim, sovetlər dönəmində bunları demək mümkün idi?! Cavab verdi ki, mümkün deyildi, sadəcə mən hər zaman hiss etmişəm ki, Nizaminin ruhu məni çox böyük bəlalardan hifz edibdir.

Professor Xəlil Yusiflini ömrünün son dövrlərində ən çox fərəhləndirən, sevindirən hadisələrdən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi İli" elan etməsi ilə bağlı imzaladığı Sərəncam oldu. Hədsiz dərəcədə sevinirdi bu hadisəyə. 24 dekabr 2021-ci ildə "Respublika" qəzetinə verdiyi "Nizami Gəncəvi İli" dahi şairin ölməz irsinə yaradıcı münasibətdə yeni mərhələdir" başlıqlı müsahibəsində deyirdi: "Nizami Gəncəvi yaradıcılığına xüsusi diqqətin, dahi şairin ölməz ədəbi irsinə qayğının təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. O, hakimiyyətə gəldiyi ilk günlərdən bütün ədəbi tədbirlərdə, ədəbiyyat, incəsənətlə bağlı bütün mərasim yubileylərdə Nizami Gəncəvini təkcə Şərqin deyil, dünya ədəbiyyatının görkəmli nümayəndəsi kimi dəyərləndirmiş, dahi şairin yaradıcılığına xüsusi qiymət vermişdir. Nizami Gəncəvinin Gəncə şəhərindəki möhtəşəm məqbərəsi Ulu öndərin Nizami irsinə ehtiramının ifadəsidir... Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı Nizami Gəncəvi irsinə ehtiramın təcəssümü müstəqillik dövrü Azərbaycan nizamişünaslığının inkişafına yönəlmiş qiymətli bir tarixi sənəddir".

Professor Xəlil Yusifli XX XXI əsrlərin Azərbaycan dünya nizamişünaslarının ən tanınmış isimlərindən biridir. Onun adına, yaradıcılığına, elmi irsinə Avropa, Asiya eləcə Amerika qitəsində Şərq fəlsəfəsi ilə, ədəbiyyatı ilə məşğul olan görkəmli elm adamları, ictimai-siyasi xadimlər hər zaman yüksək dəyər vermis böyük hörmətlə xatırlamışlar. Xüsusilə vurğulamaq lazımdır ki, dahi mütəfəkkirin 870 illik yubileyi ərəfəsində professor Xəlil Yusiflinin təkcə nizamişünas alim deyil, eyni zamanda klassik ədəbi irsimizin görkəmli tədqiqatçısı kimi fəaliyyəti yalnız azərbaycanlı alimlərin deyil, həm xarici ölkələrin görkəmli alimləri dövlət adamları tərəfindən yüksək qiymətləndirilmişdi. Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin həmsədri, Misirin "İsgəndəriyyə" kitabxanasının sabiq direktoru İsmayıl Seragəldin, İngiltərənin Oksford Univeritetinin professor Syuzan Qrinfild kimi alimlər Xəlil Yusiflinin tədqiqatlarının, araşdırmalarının olduqca əhəmiyyətli olduğunu vurğulamışdılar.

AMEA prezidenti akademik İsa Həbibbəyli X.Yusifli haqqında yüksək fikirlər söyləyib: "Professor Xəlil Yusifli Azərbaycan nizamişünaslarının klassik ədəbiyyatımızın tədqiqatçılarının bir neçə nəslini formalaşdıran alim idi".

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun fikrincə isə, "İkiqat, üçqat əziz Xəlil müəllim varlığı ilə Gəncənin elm mühitinə sanbal gətirən qiymətli bir alim idi".

AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevə görə, professor Xəlil Yusifli o nizamişünas alimlərdən idi ki, onun tədqiqatları, əsərləri Nizami Gəncəvinin ən qədim əlyazmalarına əsaslanırdı, onların əsasında qururdu işlərini".

Ruhu şad, məqamı uca olsun unudulmaz Xəlil müəllimin!

 

Əlimuxtar MUXTAROV

AMEA Gəncə Bölməsi Nizami Gəncəvi

Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2023.- 21 sentyabr.- S.12.