İntizarla gözlədiyim
"Ədəbi köşk" və məyusluğum
Sevimli "525-ci qəzet"də təqdim edilən
"Ədəbi köşk" və "Facebook" səhifələrini
maraqla oxuyuram. Səmimiyyətlə deyirəm, Nadir
Yalçın və Sevinc Qarayevanın aktual mövzulara həsr
olunan bu materialları həmişə diqqətimi cəlb
edir. Nadirin "Ədəbi köşk"də yer alan,
qeyri-adi tərzdə təqdim edilən "Mirzə Ələkbər
Sabir bayağıdır?!" yazısını oxuyanda bilmədim
gülüm, ya ağlayım.
Nadir Yalçının yazı manerası üstə
kökləndim. Ayxan Ayaz, Mehdi Dostəlizadə və
"Kulis"in baş redaktoru Ulucay Akifin M.Ə.Sabirlə
bağlı fikirləri yadıma iki hadisəni saldı.
Birincisi, Xoşqədəm Hidayətqızının
verilişinin qəhrəmanlarından biri, ərindən
ayrılaraq Bakıda yaşamaq həvəsinə düşən
Gülxanımın qeyri-adi sözləri yadıma
düşdü. Gülxanımın
ölçüsüz-biçimsiz danışmağı məclisdə
cəm olan müğənniləri, musiqiçiləri və
aşıqları onunla məzələnməyə sövq
etdi. Gözlənilmədən Gülxanım dedi: "Siz mənim
hesabıma özünüzə reytinq
yığırsınız?"
İkincisi isə bir müddət bundan əvvəl
ömründə bir misra belə şeir yazmayan, görkəmli
şairlərimizi təftiş edən bəzi siyasətçilər
meydana gəlmişdi: "Görün mən kimləri tənqid
edirəm" - deyə hədyan-hədyan
danışırdılar. Müğənni və
musiqiçilər Gülxanımın hesabına reytinq
yığdığı kimi, onlar da görkəmli şairlərimizin
hesabına reytinq yığmaq həvəsinə
düşmüşdülər. Ulu öndərimiz onların
hərəkətini mənəviyyatsızlıq
adlandırandan sonra, həmin sözün mənasını
ordan-burdan öyrəndilər və susdular.
Vaxtaşırı bizi dünyada tanıdan Nəsimi,
Şah İsmayıl Xətai, Füzuli, Sabir, Hüseyn Cavid, Səməd
Vurğun, Rəsul Rza kimi poeziyamızın zirvəsində
dayanan, məktəb yaradan dünya şöhrətli şairlərimizin
bostanına söz adamlarının daş atması təəccüb
və təəssüf doğurur.
Akademik İsa Həbibbəylinin ümumi redaktəsi
ilə çap olunan oncildlik "Azərbaycan ədəbiyyatı
tarixi"nə nəzər salsaq, görərik ki, minlərlə
sevimli şairlərimiz vardır. Təkcə M.Ə.Sabirin vətəni
Şamaxıdan altı görkəmli şair
çıxmışdıır. Üzdə olan, dünyada
tanınan şairlərimizi aşağılamaq təkcə bəndələrə
deyil, Allaha da xoş gəlməz. Başa düşmürəm,
"Kulis"çilərin qeyri-obyektiv münasibəti
haradan qaynaqlanır? Axı, onların reytinq yığmağa
və ya özünü təsdiqə heç bir ehtiyacı
yoxdur.
Sabirin yaradıcılığına
günümüzün gözü ilə baxmaq heç bir
ölçüyə sığmır. Qeyrət simvolumuz M.Ə.Sabirin
yaradıcılığını bəyənməmək məyusluq
doğurur. Sabir nəinki Azərbaycanda, eləcə də
Türkiyədə, İranda, xüsusən də İraqda
sevilən, "Hophopnamə"si əl-əl gəzən
qüdrətli şairdir.
Görkəmli kürd şairi Abdulla Qoran ərəb,
fars və Azərbaycan dilinin İraq türkman ləhcəsini
mükəmməl bilir və Kərkükdə dərs
deyirdi. Azərbaycanda olmuşdu. "Xəzər dəryasının
sahil qızı" adlı şeirini Bakıya həsr
etmişdi. Siyasi baxışlarına görə Kərkükdə
zindana atılan şairin yeganə arzusu Sabirin "Hophopnamə"sini
əldə etmək olub və arzusuna çatıb. Abdulla
Qoranın "Zindan şeirləri" toplusu "Hophopnamə"nin
təsiri altında yazılıb.
Onu da deyim ki, professor Abbas Zamanovun Bağdadda iraqlı
soydaşlarımızın "Qardaşlıq" dərgisində
Sabir haqqında maraqlı məqalələri
çıxmışdı. Mənim təqdimatımda
şairin "Əzrailin istefası" şeiri və Məhəmməd
Xurşid Daquqlunun "Sabirin uşaq şeirləri" məqaləsi
də "Qardaşlıq" dərgisində çap
olunmuşdu. Bütün bunlar böyük əks-səda
doğurmuşdu.
Yuxarıda dediyim kimi, M.Ə.Sabirin "Hophopnamə"si
Türkman elində çox məşhurdur. Ərəb
qrafikasında çap edilmiş "Hophopnamə"ni xalq
ruhunda şeirlər yazan, uşaq nağıllarını nəzmə
çəkən Mustafa Gök Qayanın kitab
mağazasında şəxsən görmüşdüm.
"Hophopnamə"ni satmırdı. Arzu edənlər gəlib
mağazada oxuya bilərdilər. Məncə, bu alverin incə
bir üsulu idi. Mağazada oturub "Hophopnamə"ni və
başqa kitabları oxuyanlara təmənnasız
çay, kofe və su verilərdi. Mağazanı tərk edəndə
onlar qələmdən, dəftərdən, kitabdan və sair
bir nəsnə alardılar.
Vaxtaşırı M.Ə.Sabirin ikicildlik "Hophopnamə"sini
vərəqləyirəm. Həmişə də fikirləşirəm.
Bu qeyri-adi, qorxmaz, qeyrətli şairi mollalar, nadanlar,
iranlılar, qoçular necə olub öldürməyiblər?
Axı, şairin tənqid hədəfi əsasən onlar idi.
M.Ə.Sabir bizim Qeyrət, Füzuli Heyrət
qalamızdır. Xalq şairi Zəlimxan Yaqub bunu dərindən
duymuşdu və qələmə almışdı:
Gözəlliyə, gözələ
könlünü bağlayanda
Füzuli "Heyrət" - dedi.
Millətinin halına güləndə, ağlayanda
Sabirim "Qeyrət" - dedi.
Heyrət ilə Qeyrəti yoğurdular, yapdılar,
Bu ölümlü dünyada bir ölməzlik
tapdılar!
Hər biri bu dünyada həyat qədər qalası,
Azərbaycan şerinin
Biri Heyrət qalası
Biri Qeyrət qalası.
Gəlin, M.Ə.Sabirin bostanına daş atmaq əvəzinə,
ondan öyrənək.
Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü, Əməkdar elm xadimi, professor
525-ci qəzet.- 2024.- 6
aprel,№ 60.- S.12.