Torpağı tanıyanlar və
tanıdanlar...
Sabirabaddakı bir görüşün təəssüratı
Sabirabada çatar-çatmaz şəhərin mərkəzində
Mirzə Ələkbər Sabirin heykəli ilə
qarşılaşırsan. Hər dəfə Sabirin heykəlinin
önündən keçəndə bəxti gətirməyən
şairin həyatı, daha sonra bir neçə beyti beynimdə
canlanır və həqiqətən, bu yerlərin adamları
ilə Sabirin hekayəti arasındakı bağlar barədə
düşünürəm.
Təsəvvür edin, ömrünün ən çətin
anında doğma yurdundan köçən şair indiki
Sabirabad adlanan ərazidə müvəqqəti yerləşir,
orada sabun bişirib dolanır və məşəqqətli
günlərin sarsıntısı
yaradıcılığına təsir edir.
Vaxtilə Petropavlovka adlanan rayonun adını dəyişib
Sabirabad qoyurlar və bu adqoyma, əslində, böyük
şairimizin əzablı həyatını da özündə
ehtiva edir. Gərdişin cilvəsi...
Bu yerlərin insanları da zəhmət hesabına bu
boz çöllərə həyat gətirən, öz
güzaranlarını dişləri-dırnaqları ilə
yaxşılaşdırmağa çalışanlardır və
bunun nəticəsində, şoran torpaqlara can gəlib, daim bu
yerlər bərəkətli olub, öz səxavətindən
hamıya pay verib. Sabirabad daim ona sığınanların məskəninə
çevrilə bilib, güman yeri olub.
Vətənin o başı-bu başı olmaz deyiblər.
Amma o da həqiqətdir ki, hamımız üçün
coğrafi anlayışdan daha çox məna kəsb edən
yerlər var. O yerlər taleyimizə düyünlənib,
olanlarımızın, ölənlərimizin məskəninə-mədfəninə
çevrilib. Babamız o torpaqdan ayaq açıb, nəşi
o torpaqda qərar tutub. Sabirabadın da mənim
üçün mənəvi dəyəri bu amillərin
üzərində bərqərardır.
Tarixən Sabirabaddan barmaqsayı
yazıçı-şairlər parlayıb. Bir dəfə
dedilər ki, aran rayonlarında dağ yoxdur deyə, həmin
dağdan o yanda nəyisə təsəvvür etmək
mümkün olmur, ona görə də bu yerlərin
adamlarının təxəyyülü inkişaf etməyib.
Salyanlı yazıçı İlham Əziz bu söhbəti
eşidib həmin an dilləndi: "Oğul odur ki, o olmayan
dağı da təsəvvür eləsin, ondan o tərəfdə
qərar tutanları da... Ölçüsüz istedad
budur..."
Sabirabadlılar o dağı, ondan o tərəfdəkiləri
təxəyyülünə sığışdırmağa
bəzən macal tapmayıblar. Bəlkə də, həyat fəaliyyətləri,
gündəlik məişətləri buna icazə verməyib.
Bütün bunlarla yanaşı, Sabirabadda mütaliəyə
daim maraq olub və kifayət qədər savadlı insanlar
yetişib. Amma təəssüf ki, son onilliklərdə
kitabdan, ədəbiyyatdan uzaqlaşan rayonumuzu yenidən
mütaliəyə yaxınlaşdırmaq üçün
xüsusi addımlar atılmayıb.
Bu yaxınlarda Mədəniyyət Nazirliyinin dəstəyi,
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü
ilə Sabirabad rayonunun Mədəniyyət Mərkəzində
"Hophopnamə" kitab mərkəzi yaradıldı və
bu xəbər o boz çöllərin
yaşıllaşmasına bənzər mübarək bir
addım kimi bütün ədəbiyyat təəssübkeşlərini
sevindirdi. Sabirabadın kitaba qayıdışının yeni mərhələsi
"Hophopnamə" ilə başladı. Elə Sabir
"Hophopnamə" ilə camaatı işığa səsləmirdimi?!
Silsilə tədbirlərin, gürüşlərin təşkili
əhalidə maraq yaradıb. Nə vaxt yolum "Hophopnamə"yə
düşürsə, içəridə qələbəlik
görürəm. Deməli, Sabirabadda ədəbi mühiti
canlandırmaq, insanların kitaba sevgisini artırmaq
üçün belə bir vasitə lazım imiş.
Növbəti görüşün elanı
qarşıma çıxanda sevindim: "Sabirabadda Xalq
yazıçısı Anarla görüş keçiriləcək".
Sabirabad... Anar... Mirzə Ələkbər Sabir...
Böyük alim və pedaqoq Təhsin Mütəllimov
yazır ki, ənənə baxımından ən
böyük möcüzə Sabir idi! Sabir
yaradıcılığının ilk axtarışları ənənəvi
Şərq lirikasının məlum təcrübəsinə
söykənirdi. Lakin son altı ildəki satirik
yaradıcılığına klassik ədəbiyyatımızda
o qədər də zəngin örnək olmamışdı.
Doğrudur, satira milli ədəbiyyatımız
üçün heç vaxt ögey olmayıb. Şərqin
başqa ustadları bir yana, elə Xaqani, Nizami və Füzuli
yaradıcılığında müxtəlif motivli kəskin
tənqidlərə az təsadüf olunmur. Lakin sırf satirik
poeziya, özü də sabirsayağı yeni ifşa və
ittiham ədəbiyyatı bütün Şərqdə tam
yeni bir aləm idi!
Şərqdə yeni bir aləm olan Sabirin adını
daşıdığı, Kürlə Arazın
qovuşduğu rayonda Xalq yazıçısı Anarla
görüş... Anar da öz ədəbi nəsli ilə
yeni bir aləm deyildimi?
Sabir öz dövrünün yeni nəfəsi
olduğu kimi, Anar da nəsrimizin yeni səhifələrini
yazan müəlliflərdəndir. Anar özündən sonra
bizdən 100 il uzaqlaşacaq, daha da böyüyəcək
yazıçıdır. Necə ki, Mirzə Cəlil, Axundzadə,
Sabir bizdən 100 il uzaqlaşıb, böyüyüb, nəhəngliyini
bəyan ediblər... 100 il sonra da uzaq keçmişə
boylananda Anar görünəcək, necə ki, indi Sabir
görünür.
Mən ona görə sevinirdim ki, yurdumun adamları 100
il əvvəldən səsi gələn Sabirin heykəlinin
yanından ötüb Anarla görüşə gələcəklər...
Bu xoş xəbərin sədası ilə
"Hophopnamə"yə gedəndə Sabirin məşhur qəzəlini
öz-özümə dedim və yaddaşıma dodaqucu təşəkkür
etdim...
"Hansı bir müşküldü ki, səbir ilə
asan olmasın?.."
Görüşə gələn insanların
gözündəki sevinci izah etmək çətindir. Onlar
üçün belə tədbirlər yenidir,
nübardır... Anar müəllim indiyə qədər
çox görüşlərdə, nüfuzlu tədbirlərdə
iştirak edib. Amma əminəm ki, yaşından aslı
olmayaraq, bütün qələm adamları üçün
hər yeni görüş bir sevincdir. Anar müəllim də,
sabirabadlılar da sevinirdi. Mən isə onlardan ikiqat çox
sevinirdim. Çünki doğma yurdumda sevimli
yazıçımla görüş təşkil
edilmişdi...
Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan
Yazıçılar Birliyinin (AYB) sədr müavini Rəşad
Məcid, AYB-nin mətbuat xidmətinin rəhbəri,
şair-yazıçı Xəyal Rza, "Qanun" nəşriyyatının
layihə rəhbəri, yazıçı Əyyub Qiyas da
görüşdə iştirak edirdi.
Tədbirin aparıcısı Ağalar Məmmədov
çox hazırlıqlı idi. Tədbirin girişindəki
nitqi ilə hamını ələ almağı bacardı.
Hiss olunurdu ki, müsahibinin əsərlərini yaxşı
oxuyub. Düşünülmüş, məntiqli sualları
mütaliəli və məlumatlı olduğundan xəbər
verirdi... Bəzən yazıçılara, şairlərə
elə mənasız və çeynəlmiş sual verirlər
ki? adam söz tapmır. Həmişə belə
görüşlərdə mənasız suallar ünvanlanan
zaman adam özü utanır və yazıçının
üzündəki bezginliyi dərhal hiss edir. Zənnimcə,
Anar müəllim bu görüşün gedişatından məmnun
idi...
Əyyub Qiyas çıxışında ölkənin
sərhədlərindən kənarda Anar müəllimin necə
sevgi və hörmətlə qarşılandığından
da bəhs etdi: "Bir dəfə Anar müəllim, Elxan Zal və
Elçin Hüseynbəyli ilə birgə Qazaxıstana getdik.
Qazaxıstanın Yazıçılar Birliyinin keçmiş
sədri Berik Şaxanoğlu və onun ailəsi Anar müəllimin
yaradıcılığı barədə o qədər
gözəl, əhatəli danışdılar ki... Berik
xocanın oğlunun kitab rəfində Anar müəllimin
çərçivədə şəklini gördüm və
bu məni bir az keçmişə apardı. Anar müəllimin
50 illik yubileyində "Ədəbiyyat qəzeti"ndə
ağ-qara şəkli çıxmışdı və həmin
şəkli kəsib çərçivəyə
salmışdım, kitab rəfimə qoymuşdum. Bu dəfə
də belə bir mənzərə ilə
qarşılaşanda duyğulandım və bir daha Anar müəllimin
böyüklüyünü anladım..."
Əyyub Qiyasın xatirəsinin ardınca Anar müəllim
Qazaxıstanla bağlı başqa bir maraqlı söhbəti
xatırladı. Rəşad Məcid həmin hadisəni təfsilatı
ilə nəql etdi: "2012-ci ilin noyabrında Qazaxıstanda
keçirilən tədbirdə "Türk Dünyasında
İlin Ədəbiyyat Adamı" mükafatı Anar müəllimə
təqdim olundu. Qarlı bir gün idi. Restorana getməli idik.
Hava soyuq olduğundan əvvəlcədən taksi
çağırmaq üçün tədbir keçirilən
binadan çıxdım. Bir taksi tapdım və
sürücüyə dedim ki, indi maşına əyləşəcək
şəxs Anar müəllimdir, bizim yazıçımızdır,
"Türk Dünyasında İlin Ədəbiyyat
Adamı" mükafatını alıb. Sən də de ki,
televizordan bu xəbəri eşitmişəm, onu təbrik elə.
Bu sürücü də çox dilli-ağızlı idi.
Necə lazımdırsa, Anar müəllimi təbrik etdi. Bu da
Anar müəllimə çox ləzzət elədi. Restorana çatan
kimi tez qabağa düşdüm. Taksi sürücüsünə
dediklərimi qarderobdakı qızlara, ofisiantlara da öyrətdim.
Onlar da Anar müəllimi yüksək səviyyədə təbrik
etdilər. Anar müəllim də arif adamdır. Bildi ki,
bunlar mənim işimdir. Restorandan qayıdanda taksi sürücüsü
ilə əvvəlcədən danışa bilmədim. Oturan
kimi Anar müəllim dedi ki, Rəşad, bu sürücü
niyə məni təbrik eləmədi?.."
Xəyal Rza çıxışında Anar müəllimlə
birgə çalışmağın, hər gün ünsiyyətdə
olmağın yaşatdığı xoşbəxtlik hissindən
bəhs etdi. Xəyal bəyin "Günlərdən
şeir" layihəsi var. Tədbirdə bütün
çıxışçılar bir şeir dedi. Hətta
Anar müəllim də aparcının xahişi ilə Emin
Sabitoğluna həsr etdiyi şeirini dedi...
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin
rəisi Faiq Xudanlı, nə qədər gizlətməyə
çalışsa da, həyəcanlı idi. Tədbirdən əlavə,
Anar müəllimlə yaxından ünsiyyətdə olmaq da
hamı kimi onun sevincinə səbəb olmuşdu. Faiq müəllim
çıxışında "Gün keçdi" filmini
xatırladı: "Başa düşürsən ki, bəşəriyyətin
dahisi deyilsən. Başa düşürsən ki, həyatda sənin
kimilər çoxdur. Elə ki, bunları başa
düşdün, onda yaşamaq da asan olur... "Gün
keçdi" filmindən eşitdiyim bu cümlələrin mənim
həyatıma böyük təsiri olub".
Bu əsərlərin, filmlərin, Anar müəllimin
yazıçı kimi qənaətlərinin
xalqımızın həyatına təsiri bu sevginin qayəsidir.
Çox şey danışmaq və mübahisə etmək
olar. Ədəbiyyatda polemika qaçılmazdır. Amma bir əlahəzrət
fakt var: Anar müəllimin yaradıcılığı
sözü gözdən salmağa yox, sözü qiymətə
mindirməyə xidmət edib bütün dövrlərdə...
Çıxışların, yazılanların, deyilənlərin
ana xəttini də bu təşkil edir..
Görüşdə Anar müəllim bütün
suallara özünəməxsus cavab verdi. Həmişəki
kimi yumoru da öz yerində...
Mənə də söz verdilər və bir-iki kəlmə
danışdım. Ürəyimdəkiləri bir
çıxışa sığdırmaq mümkün deyil.
Elə bir yazıya da... Özümə borc bildim ki, Sabirabadda
doğulub boya-başa çatan mərhum şair Nisə Bəyimin
adını çəkim, onu xatırlayım... Nisə Bəyimin
qardaşı Əlihüseyn müəllim də tədbirdə
imiş...
Tədbir yekunlaşdı, qonaq otağına
keçdik. Çay süfrəsi
açılmışdı. Anar müəllim dedi ki, Nisə
Bəyimin məzarını ziyarət edək, o, istedadlı
şair idi...
Şamaxı qəbiristanlığı adlanan məzarlığa
getdik. Nisə Bəyimin ruhu şad, qardaşı
Əlihüseyn müəllimin könlü xoş oldu... Nisə
Bəyimi məzarı önündə yad etmək
bütün əli qələm tutan sabirabadlılara böyük
ehtiramın ifadəsi idi...
Tədbirdən sonra dostlarla rayonumuz barədə
diskussiya apardıq və bu an gördük ki, Azərbaycan
Televiziyasında Sabirabadın təsərrüfat həyatıyla
bağlı bir süjet gedir. Başlıq isə belədir:
"Torpağı tanı, sonra ək".
Sabir, Mirzə Cəlil, Mirzə Fətəli və digər
bütün istedadlı qələm adamlarımız öz məmləkətlərini,
ətrafındakı insanları, torpağı, havanı,
suyu, təbiəti yaxşı tanıdı, düşüncələrə,
hisslərə, duyğulara yaxşı bələd oldu.
60-cılar ədəbi nəsli insan düşüncələrinə
daha çox nüfuz etdi və mütləq qəhrəman
yox, orijinal xarakter yaratmağa çalışdı. Sadə
həyat lövhələri ilə böyük ədəbiyyat
ərsəyə gətirmək amalları oldu... Bu
torpağı tanıtmaq üçün tanımaq
lazımdır... Sağ olsunlar - tanıyanlar da , tanıdanlar
da...
Nadir YALÇIN
525-ci qəzet.- 2024.- 18
aprel,№ 66.- S.7.