"Bizim dağlar
yerindəmi?!"
XALQ ŞAİRİ CABİR NOVRUZ İLƏ BAĞLI
XATİRƏLƏR VƏ DÜŞÜNCƏLƏR
İndi neçə illərdir ki, hər
görüşümüzdə daha
məndən Xızı dağlarını xəbər
alan yoxdur...
...O gün elə bil saatın əqrəbləri
yerində donub qalmışdı, gecə keçmirdi. Bəlkə
də yuxum qaçdığından idi... Əlimə
aldığım kitablar da, vərəqlədiyim səhifələr
də yatmaq istəsəm də, məni yorub "qaçan
yuxumu" qaytara bilmirdi.
Kitablardan bezib radionu açdım. Kanalları bir-bir
tutmağa başladım. Qəmli-hüznlü bir ifa:
Yavaş-yavaş gecə keçər,
Heç bilmirəm necə keçər.
Səni durub düşündükcə
Qoşun çəkər xatirələr...
Şirin günlər, şirin çağlar
Bir-bir gəlib düşər yada,
Ürək deyər: ayrılığın
Üzü dönsün bu dünyada.
Qəfil qonaq, sən demə, heç də təkcə
gözləmədiyin bir vaxtda, məqamda anidən
qapını döyüb taqqıldadanlar deyilmiş. Xatirələr
də elə qəfil qonaq kimidirlər. İndi gəl bu
"qoşunun" qabağında duruş gətirib dur... Məmmədbağırın
yanıqlı səsi məni yerimdən eləmişdi. Həmin
gecə bu ifaya qulaq asa-asa "üzü dönmüş
ayrılıq" bu nisgilli-xiffətli, qəmli misraların
müəllifini, sevimli şairimiz, unudulmaz dostum Cabir Novruzu bir
daha yadıma saldı. "Qoşun çəkdi xatirələr..."
lll
Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı
deyin,
Sağlığında yaman deyin yamanlara.
lll
İstəmirəm vaxt-vədəsiz şöhrəti
mən,
Bir an ömrü
milyon qızıl ölüm gələ, dəyişmərəm...
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm...
"Sağlığında qiymət verin
insanlara!" - hay-harayı ilə adamlara üz tutan Cabir Novruz
elə sağlığında layiqli qiymətini almış
az sayda sənətkarlardan idi.
Əməkdar incəsənət xadimi, Xalq şairi
idi. Millət ona etimad göstərib öz vəkili
seçmişdi. Cabir Novruz bir çağırış Milli
Məclisin üzvü idi.
"Şair misrasına oxşasın gərək"
deyən Cabir Novruz da elə öz misralarına
oxşayırdı.
Şair misrasına oxşaya gərək,
Misrası səslənə məramı kimi,
Bütün əsrlərdə yaşaya gərək,
Həyatı şerinin davamı kimi,
Şeri həyatının davamı kimi...
Və Cabir Novruz da elə öz misralarına
oxşayırdı - misraları kimi sadə idi, duru idi, isti
idi, kövrək və səmimi idi...
Vətənə, el-obaya, insanlara məhəbbət məramlı
misraları da şairin özünə oxşayırdı...
lll
Şairin haylı-haraylı "Tələsin,
insanlar" şeirindəki:
Səs salın səmaya, suya, torpağa,
Bu yola çağırın nəsilləri də,
Tələsin, adamlar, əldən tutmağa,
Fəqət ev yıxmaqda qalın geridə.
- misraları soyuq qəlbli neçəmizi diksindirib
yerindən eləmişdi, dərindən düşünə-düşünə
ölçüb biçməyə vadar etmişdi.
Tələsin yaxşılıq daşımağa
siz,
Onun yollarını tutub kəsməyin,
Tələsin ömr edib, yaşamağa siz,
Ölməyə, ölməyə çox tələsməyin...
...Ömrü boyu insanları "əldən
tutmağa, yaxşılıq etməyə tələsin"
deyən, xeyirxah işlər görməyə elə
özü də tələsən, ölməyəsə tələsməməyi
arzulayıb, tövsiyə edən Cabir Novruz özü isə
ölümə tələsdi...
Ömrünün 69-cu ilində haqq dünyasına
qovuşdu.
lll
Cabir Novruz bir şair kimi misralarının
üstündə ən doğması, əzizi, ən qiymətli
xəzinəsi, sərvəti kimi əsim-əsim əsirdi:
Misralarım, sözlərim,
ən mehriban kəslərim...
Doğma torpağım qədər
Doğmam, müqəddəslərim...
Şair həm də arxayın idi. İnanırdı
ki:
Məndən xatirə kimi
qalarsınız, bəsimdir.
Ölüm belə bacarmaz
Hətta sizi öldürə!
Yoxdur elə bir qüvvə,
Şeri, sözü öldürə!
Kitabları əllərdə, şeirləri dillərdə
gəzirdi. Sözlərinə yazılmış "Həyat,
sən nə qəribəsən", "Tələsin,
insanlar!", "Cavanlığım", "Məhəbbət",
"Ayrılıq olmayaydı", "Tələbəlik
illəri", "Dünya bir nəğmə idi",
"Gözüm görə-görə qocalır anam",
"Bir ana qucağında bir körpə
aparırdı...", "Bulaq suyu, dağ havası",
"Duyğularım", "Əlvida"... kimi nəğmələri
isə dodaqlarda dolaşırdı...
lll
Aradan keçən illərin uzaqlığında
böyük dostumla, şair Cabir Novruzla ilk
görüşümü xatırlayıram.
Siyəzənlilər öz həmyerliləri ilə -
anadan olmasının 50 illik yubleyini onlarla keçirən Cabir
Novruzla görüşə gəlmişdilər.
Onda 1983-cü ilin güllü-çiçəkli bir
yaz günü idi. Siyəzən şəhər Mikayıl
Müşfiq adına orta məktəbin təşəbbüsü
ilə neftçilərin mədəniyyət sarayında
toplaşan oxucuları Cabir Novruzun anadan olmasının 50 illik
yubiley tədbirinə toplaşmışdılar. Şair bu tədbirə
öz qələm dostları - Ağasəfa və Hafiz
Baxışla birgə gəlmişdi.
Çıxışçılar bir-birini əvəz
edib şairə öz ürək sözlərini
çatdırır, musiqi nömrələri bir-birini əvəz
edirdi. Onsuz da kövrək olan Cabir Novruz daha da mütəəssir
olmuşdu. Axır ki, söz yubilyara veriləndə,
çıxışına başlayanda indiyəcən
neçə-neçə belə tədbirlər
görmüş şairin bu dəfə səsi titrəyirdi.
Tədbirin keçirildiyi sarayın açıq pəncərələrindən
içəri sərin meh dolurdu. Şairi kövrəldən bəlkə
də elə o meh idi, axı, o meh doğulub boya-başa
çatdığı Xızı dağları tərəfindən
əsirdi...
Hər dəfə görüşlərimizdə
şahidi olurdum ki, şairin yaddaşında bizim bölgə
ilə bağlı neçə-neçə isti, kövrək
xatirələr yaşayır...
Gənclik illərində qarlı-şaxtalı bir
qış günü yük maşınının
açıq banında həmyaşıdları ilə o zaman
Siyəzən rayonunun mərkəzi olan Qızılburun qəsəbəsinə
şagird yoldaşları ilə yaşadığı Giləzi
kəndindən necə gəldikləri, burada komsomola qəbul
olunduqları gün haqqında danışanda elə kövrəlirdi
ki, elə bil bütün bunlar dünən olmuşdu.
lll
Həmin gün rəsmi tədbirdən sonra məktəbin
direktoru, respublikamızda o illərdə tanınmış
pedoqoqlardan biri olan mərhum İxtiyar Niftəliyev
qonaqların şərəfinə xudmani bir süfrə
açdırmışdı. Köhnə dostum ziyafət məclisinə
məni də dəvət edərək təkidlə əvvəlcədən
tamadalığı da boynuma qoymuşdu. Necə deyərlər,
dil-dil ötən sinədəftər vaxtlarım idi. Dost məclislərində
oturub durduqlarım xahiş-minnətlə adətən masabəyliyini
mənə həvalə edirdilər.
Ancaq indi tanınmış, adlı-sanlı
qonaqların - söz sərraflarının iştirak etdiyi bir
məclisdə masabəylik etmək məsuliyyətli,
ağır yük idi.
Əlbəttə, həyəcanlı idim. Əllərində
dolu badələri hazır tutmuş məclis əhli deyəcəyim
sağlığı gözləyirdi. Təbii ki, o vaxt dediklərimi
təfsilatı ilə xatırlamasam da məzmunu hələ də
yadımdadır.
...Sözümə uzaqdan başlamışdım.
...Öz yeraltı, yerüstü sərvətləri
ilə çox zəngin olan bir məmləkətdə
onları üzə çıxarıb hasil etmək
üçün yerli kadrları yoxdursa, bu, faciə deyil. Dövlət
müqavilə bağlayıb başqa ölkələrdən
mütəxəssislər gətirdə bilər. Ehtiyac olan
digər sahələrin mütəxəssislərini də
ödənilən pulun müqabilində dəvət etmək
olar.
Lakin xalqın qəlbindən-ürəyindən
keçənləri, hiss və duyğularını sözə
çevirməyə, tərənnüm etməyə maddi vəsait
hesabına əcnəbi ölkədən qələm
adamı dəvət etmək mümkün deyil. Hər bir
xalqın şairi, yazıçısı öz içindən,
öz aralarından çıxmalıdır! Bu gün şərəfinə
açılmış məclisin səbəbkarı Cabir
Novruz da belə sənətkarlarımızdandır.
Dediyim tost alqışlarla qarşılandı. Məclis
əhli badələri sevimli şairimizin
sağlığına nuşcanlıqla içdi.
Sözlərim, deyəsən, Cabir Novruzun da xoşuna
gəlmişdi.
Uzun illər boyu davam edən
yaxınlığımız-ülfətimiz də
aramızda, xeyli yaş fərqi olsa da, o gündən beləcə
başladı.
(Ardı var)
Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri
525-ci qəzet $g 2024.- 4 dekabr (№222).- S.15.