Cinayət və cəza
Nəsr
(Əvvəli ötən çərşənbə
sayımızda)
Müasir həbsxanalarda da qəddarlar, Balanda kimi iyrənc
nəzarətçilər heç də yoxa
çıxmamışlar. Bəziləri dustağın
qohumlarına gəlir mənbəyi kimi baxır,
görüşə görə onlardan rüşvət
alırlar. Dustağa evdən gətirilən xörəyə
də "şirə məxsus pay" kimi şərik
çıxırlar. Onlar "Balanda" əhvalatından nəticə
çıxarsalar, dustaqların nifrətinə sahib
olmalarını dayandırarlar.
Lakin nəzarətçiləri bütünlüklə
qaralamaq da düzgün deyildir, insafsızlıqdır. Həbsxana
rəisləri və nəzarətçiləri arasında əsl
humanistlər, filantroplar heç də az deyildir və onlar
hörmətə layiqdirlər.
Tanınmış yazıçı Azərbaycan
Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil
alarkən SSRİ rəhbəri N.S.Xruşşova göndərdiyi
məktubda donuz və eşşək şəkilləri
çəkmiş, altında müvafiq olaraq Xruşşov və
Mikoyan sözlərini yazmışdı. Bir müddət sonra
DTK işçiləri universitetə gəlib, onu auditoriyadan
götürüb aparmışdılar. Onlar qrafologiya
metodundan istifadə edərək, məktubun müəllifini
üzə çıxarmışdılar. Buna təəccüblənmək
lazım deyildir. Rumıniya diktatoru Nikolae Çauşesku
özü haqqında yazılmış məktubun müəllifini
tapmaq üçün, ölkədən az deyil, min yazı
maşınkasını yığdırmışdı.
Məhkəmə tələbəni 4 il müddətinə
azadlıqdan məhrum etmişdi. Dustaqlara qohumları xörək,
ərzaq gətirdikləri halda, bu kasıb tələbənin
uzaq rayonda yaşayan valideynləri bir dəfə də olsun
onu görməyə gəlməmişdilər. Dustaqxana rəisi
olan Muradəliyev soyadlı nəcib adamın nəzərindən
bu yayınmamışdı, ona görə də evdən
özünə gətirdiyi xörəklə birlikdə tələbə
dustağın da payını nəzərə alır və
onu öz kabinetində yeməyə məcbur edirdi. Sonralar tələbə
dustaq həbsdən azad olunub, universitetə bərpa edildi,
romanlar çap etdirməklə yazıçıya
çevrildi. Lakin o, heç vaxt həbsxana rəisinin ona
qayğıda ifadə olunan yüksək alicənablığını
yaddan çıxarmırdı, onu dərin ehtiramla
xatırlayırdı.
Dustaqxanalar son vaxtlarda həm də qəribə dini təhsil
ocağına çevrilmələri ilə də öyünə
bilərlər, bu məcburi həyat universitetləri
auditoriyası özgə təyinatlı məkanından xeyli
sayda dindar məzun buraxır. Cəzaya məhkum edilmiş bəzi
din xadimləri, dustaqların bekarçılıqdan yaranan
depressiyasına son qoymaq üçün, onları namaz
qılmağa, bəzi Quran ayələrini əzbərləməyə
öyrədirlər. Dustaq edilmiş bir siyasi xadim onunla bir
kamerada dözülməz sıxlıqda yaşayan şəhər
məscidlərindən birinin axundu Hacı Əbdülün
bu sahədəki fəaliyyətini çox tərifləyirdi.
Kameradakı dustaqlar növbə ilə az müddətdə
yatırmışlar, bu şərait də onları daha
artıq əzirmiş. Bunu hiss edən axund onların dini təhsili
ilə məşğul olmağa başlamış, yaranan
ümidsizlikdən onları xilas etməyi
bacarmışdı. Bunu söyləyən adam da, həmin
axund da indi həyatda yoxdur. Lakin dustaqxanadakı müsbət həmrəylik
ruhunu ifadə edən bu əhvalat dillərdə dolaşmaqda
davam edir.
Cəzalar törədilən cinayətə cavab kimi təqdim
edilir və onun məqsədlərindən biri cinayətlərin
sayının mümkün qədər
azaldılmasıdır. Həm də potensial caniləri xəbərdar
etməkdir ki, onlar cəzadan yayına bilməyəcəklər.
Məhkəmələr də səhvə yol verdikdə,
adamların həyatına, xoşbəxtliyinə zərbə
vurur. Əvvəllər əslində saxta olan ağır cəzalar
hətta onların həyatına son qoyurdu. ABŞ-da məhkum
edilənlərin bir neçə il sonra təqsirkar
olmadığı aşkar edilir və onlar dustaqlıqdan azad
edilirlər. Lakin elektrik stulunda səhv nəticəsində
canlarını tapşıranları artıq yenidən həyata
qaytarmaq mümkün olmur. Məhkəmənin, daha doğrusu,
jürinin, hakimin səhvi günahsız insanın cəzalanmasına
səbəb olduğu kimi, əsl təqsirkarın da cəzadan
yayınmasına yol açır.
Qanunlar cinayətkarlığa qarşı mübarizədə
Cinayət qanunçuluğu da bu xəstəliyə
qarşı mübarizədə mühüm rol oynayır.
Qanunverici orqan da qanunların hazırlanmasında və qəbul
edilməsində yüksək məsuliyyət daşıyır.
Mahiyyətə sahib olmamaqla, qanun öz yol göstərməsi
ilə məhkəmə səhvlərinə şərait
yaratmamalıdır. Qanun bütün cəmiyyət üzvləri,
hamı üçün eyni təsir gücünə və tətbiq
edilmə imkanına malik olmalıdır.
Qanunlar dövrün tələbinə uyğun olmaqla
yanaşı, həm də onlar, uzun müddət fəaliyyət
göstərmələri üçün strateji təfəkkürə
arxalanmalıdır. Qanun heç də qaralama yazı deyildir
ki, onu istənilən vaxt düzəlişə məruz
qoyasan. Qanun dövlət siyasətinin vacib hissəsi
olduğundan, onun meydana gəlməsinə mühüm
qayğı bəslənməlidir. Qanunlar gələcəyə
istiqamətlənmiş bu günün ümdə tələblərini
və müsbət qaydalarını əks etdirməlidir,
geriliyin, anaxronizmin təsirinə heç cür yol verməməlidir.
Xalqın öz keçmişinə, ənənələrinə
hörmət bəsləməsi, onun həyatında
yaşamaqda davam etsə də, qanuların mətnində
özünə yer tapmamalıdır.
Ənənələr,
miflər qanun yaradıcılığında arxa plana
keçməlidir. Mif bəzi canlılara da müqəddəslik
verməklə, onlara xüsusi qayğı göstərir. Qədim
Çində qurbağalar müqəddəs
sayılırdı, qurbağanın quruldaması yağış
yağacağından xəbər verirdi. Yağış isə
əkinçi üçün ən qiymətli hədiyyə
idi. Qurbağa az qala səma cisimlərinə bərabər
sayılırdı. Müasir çinli üçün bu həşarata
aludəçilik keçmişdə qalmışdır.
Çinlilər bəlkə də yeganə xalqdır ki, əsrlər
boyu dini ehkamları və baxışları inkar edərək,
əxlaq normalarının kvintessensiyası saydıqları
Konfutsi təlimini, onların daha canlı əvəzedicisi kimi
qəbul etmişlər. Bu, həm də xalqın həyatına
din bayrağı altında cəhalətin müdaxiləsinə
yol verilməməsinə əsasən şərait
yaratmışdır. Çin Xalq Respublikasının
qanunları miflərin və dini baxışların təsirindən
çox uzaqdır.
Bəzi xalqların mifləri cəmiyyət üzvlərinin
davranışına mənfi təsir göstərməmiş
qalmır. Mif adı altında həm də cəhalət
böyük gücə yiyələnir. Qərbi Afrika ölkələrində
ilan, miflər tərəfindən müqəddəslik
qazandığına görə, onu öldürəni
hökmən edam cəzası gözləyirdi. Zəhərli
ilanın məhvi mükafat əvəzinə, insanın
öldürülməsi ilə nəticələnirdi. Cinayətkar
da cəmiyyət üçün ilana bənzər bir rol
oynayır, onun orqanizmini zəhərləyir. Bəzi xalqlarda
ilana xüsusi qayğı göstərildiyi kimi, caniyə də
ifrat ədalətlilik göstərmək, bəzən onu cəzadan
uzaqlaşdırmaq cəhdi yalnız böyük zərər
vura bilər.
XXI əsr həyatda süni intellektin geniş
yayılmasına yol açmaqla, dini ehkamların nisbi dominantlığına
ağır zərbə vuracaqdır. İnsan özü
hansısa yaradıcıya ehtiyac duymadan, istənilən
canlı aləm nümunələrini yaratmağa özü
qadir olacaqdır. Öz məchulluğu ilə böyük təsir
gücünə malik olan Göylər də əvvəlki
sitayiş cazibədarlığını xeyli dərəcədə
itirməli olacaqdır.
Qanunun hərfinə və ruhuna əməl edilməsi
ilə yanaşı, törədilən cinayətin baş
verdiyi şərait, motivlər və cinayət etmiş
adamın şəxsi keyfiyyətləri, onun psixiki durumu da
öyrənilməklə, nəzərə
alınmalıdır. Axı bəzən
cinayətin yaranmasında mühit də öz təsirini
göstərməmiş qalmır. Cinayət heç də
boşluqda baş vermir, onun əmələ gəlməsində
başqa faktorlar da iştirak edir.
Qanun icra vasitəsi ilə öz gücünü və
ədalətliliyini göstərir. Bu mühüm sənəd
dövlətin adından elan edilir. Qədim Romanın böyük
şairi Horatsi yazırdı ki, "Caelo tanantem credidimus Jovem
Reqnare" - "Göydə ildırım çaxması,
Yupiterin hökmranlığına bizi inandırır".
Qanun icra edildikdə, heç də ildırımdan zəif səslənmir
və dövlətin sarsılmaz iradəsindən xəbər
verir. İldırım əgər Yupiteri yada salırdısa,
qanun isə birbaşa dövlətin adından elan edilir.
Dövlət isə yalnız xalqın səsinə əsaslanır.
Yenə də Qədim Roma zərb-məsəli köməyə
gəlir: "Vox populi - vox Dei" - "Xalqın səsi -
Allahın səsidir".
Ona görə də qanunun düzgün icra edilməsindən
də çox şey asılıdır. Musiqiçiyə
yaxşı musiqi aləti lazım olduğu kimi, alət də
yaxşı musiqiçi əlində daha təsirli səslənir.
Yaxşı qanun pis icra edildikdə, öz məzmununu və
mahiyyətini itirir, hərfini və ruhunu dəyişmiş
olur. Qanunlar ədalət prinsipindən, obyektivlikdən
uzaqlaşdıqda, hökmən qanunsuzluğa yol
açır. Onun icrasından hansısa bir seqment deyil,
bütöv cəmiyyət ziyan və əziyyət çəkir.
Bunu nəzərə aldıqda, ədalət qanundan
yuxarıda dayanır, çünki qanun qəbul edildikdə,
hansısa bir dolayı məqsəd güdülməsinə
yol verilməsi, onu hökmən gözdən salır.
Hakimlər hökmü qanuna əsaslanaraq
çıxarırlar, onların səhv etməyə
haqları yoxdur. Hökm istintaq materialına əsaslanır,
lakin bu o demək deyildir ki, hakim müstəntiqin rəyini
Quran ayəsi kimi qəbul etsin. Məhkəmənin hökm
çıxarması mexaniki deyil, məhz yaradıcı
işdir, hakim bunu bacarmalıdır. Hakimlər, yaxşı
olar ki, qədim romalıların "Memento mori"
maksimasını - "Ölümü yaddan
çıxarma" prinsipini daim xatırlasınlar. Rəvayətə
görə, hətta triumfda addımlayan Yuli Sezarın
arxasında həmişə bir qul gedirdi və onun
qulağına "Memento te esse mortalem" - "Yaddan
çıxarma ki, sən ölərisən" deyirdi. Hakimlərə
isə bu həqiqəti başqası deyil, özləri daim təkrar
etməlidirlər. Bu xəbərdarlıq onları səhvlərdən
hifz edə, həm də adamların taleyinə qanun çərçivəsində
həssaslıqla yanaşmağa sövq edə bilər.
Cəza çəkənlərin ləyaqət hissi
gözlənilməlidir
Cəza heç də sərtliyi ilə öyünməməlidir,
onun qiyməti obyektivliyində və ədalətliliyində
üzə çıxır. Azadlıqdan məhrum edilmə
barədə hökm, cəza çəkənin və məhkum
edilənin alçaldılmasına yol verməməlidir. Onun
sərbəstliyinin məhdudlaşdırılması insan
haqlarına hansısa bir şəkildə zərbə
vurmamalıdır. Cinayət heç vaxt özünü əvvəllər
törədilən kimi göstərmir, daim
orijinallığı ilə seçilir. Axı tarixdə də
heç bir hadisə mütləq dəqiqliklə təkrar
olunmur. Ona görə də hakimlər Birləşmiş
Ştatlardakı kimi keçmiş presedentlərə deyil,
yalnız qanuna əsaslanmalıdır. Özündən
razılıq, təcrübəsinə güvənmək
hakimə yalnız pis xidmət göstərə bilər.
Cinayətkara gəldikdə, o, çox vaxt cəsarətinə
görə deyil, qorxaqlığına görə qanunu pozmaq
yoluna düşür.
Dustağın ləyaqətinin tapdanmasına yol verilməsi
insan haqlarının kobud surətdə pozulmasıdır.
İttiham olunana və dustağa heç bir şəkildə
işgəncə verilməməlidir. Dustağı hədələmək
də yolverilməz bir qəbahət sayılmalıdır.
Fransada II Dünya müharibəsi vaxtı Peten hökumətinin
polisi, həbs edilmiş antifaşist qadının güllələnməkdən
qorxduğunu hiss edib, ona demişdi ki, bizdə güllələnməkdən
də betər daha dəhşətli cəza növləri
vardır. Lakin polisin öz aqibəti də acınacaqlı
oldu. Almanlar Fransadan qovulduğu kimi, onlarla əməkdaşlıq
edən Vişi rejimi də məhv oldu. Xainlər, almanlara
qulluq göstərənlər layiqli cəzalarını
aldılar, lakin onlar yalnız qanun qarşısında cavab
verməli oldular. Onlara qarşı başqa bir dəhşətli
cəza növü tətbiq edilmədi.
Dustağın şəxsiyyətinə hörmət
edilməməsi, həmin ölkədə insan
haqlarının pozulmasının əyani göstəricisidir.
İşgəncələrlə yanaşı, dustağın
mənəvi dünyasına həmlə, İspaniyadakı
biabırçı inkvizisiya ənənələrinin
reinkarnasiyası sayıla bilər. Müasir cəmiyyətə
inkvizisiya prinsiplərinin ayaq açması, dövlətin
Əsas Qanununa - Konstitusiyaya məhəl qoyulmamasından xəbər
verir. Konstitusiyaya xəyanət isə dövlətin
dayaqlarının zəifləməsinin, eroziyaya
uğramasının göstəricisidir.
Dustaqxanaya gəldikdə, onun nəzarətçiləri
öz təlimatlarına ciddi surətdə riayət etməlidirlər,
ona əməl edilməyəndə, nəzarətçi
öz səlahiyyəti daxilindəki fəaliyyəti ilə məşğul
olmaq əvəzinə, sui-istifadəyə yol verir və qanunu
kobud surətdə pozmuş olur.
Dustaqxana cinayətkara təlqin etməlidir ki, o, yenidən
normal vətəndaş kimi cəmiyyət sıralarında
yaşamağa başlayacaqdır, azad insan kimi bütün
hüquq və vəzifələrə sahib olacaqdır. Ona
görə də əvvəlki törətdiyi əməldən
peşman olmaqla yanaşı, özünü həbsdən
sonrakı həyata hazırlamalıdır. Təəssüf
ki, bir sıra hallarda dustaqxana islah əvəzinə,
dustağa əlavə cinayət vərdişləri
aşılamaqla məşğul olur. Belə dustaqxana
dustağın mənəvi sağlamlığna nail olmur, əksinə,
onu başqa mənəvi xəstəliklərə
sirayətləndirir. Cəmiyyət isə bundan yalnız ziyan
çəkir.
Dustaq heç vaxt özünün də insan
olduğunu unutmur və kəsmir. O, bəşər fərdinin
ləyaqətlərini irs kimi qəbul etməlidir.
Azadlıqdan məhrum olma operativ bir cəzadır və o, həyat
şəraitinin kəsilməyən qaydada azalmasına səbəb
olmamalıdır. Onun sərbəstliklərinin məhdudlaşdırılması,
heç də malik olduğu insan haqlarına zərbə
vurmamalıdır. Dustağın hansısa bir şəkildə
alçaldılmasına, mənəvi və fiziki cəhətdən
təhqir edilməsinə yol verilməməlidir.
Dustağın ləyaqətinin tapdanması faktı, məhz
insan haqlarının kobud surətdə pozulması kimi qiymətləndirilməlidir.
(Ardı var)
525-ci qəzet $g 2024.- 4 dekabr (№222).- S.14.