Qeyri-səlis məntiqdən
xatirələrə...
Dekabrın
4-ü əziz dostum, Ustadım Kamal müəllimin doğum
günüdür. Kamal müəllimi yaxından
tanıdıqca onun haqqında yazmaq da çətin olur.
Bəlkə,
kimsə başqa cür düşünür, amma məndə
belədir. Səbəbini bilmək istəsəm də, ciddi
bir qənaətə gələ bilmirəm...
Dünyada
Kamal müəllim qədər öz mətnləri ilə
iç-içə olan ikinci bir yaradıcı
tanımıram. Onun bütün mətnləri bir
bütövün, tamın içərisində olduğu
kimi, sanki özünün mifləşmiş obrazı da
sirli-sehrli bir küpün içərisindədir.
"Küp"ün yerinə fərqli bir predmet də yaza
bilərdim, amma nə olursa olsun, o predmet gərək haradasa
dünya modelinə uyğun gəlsin.
Ağlıma
çox "həlim" bir fikir gəlir: Bəlkə, onunla
bağlı xatirələrimi qələmə alım?
Çünki xatirələr dünyanın özünə
daha çox oxşayır, dünya kimi qeyri-standart,
sürüşkən, dəyişkən və qeyri-müəyyəndir.
Bəzən onlara "təhrif olunmuş" yaddaşın
qarabasmaları da deyə bilərik. Hər nə isə, xatirələr,
necə deyərlər, əsl qeyri-səlis məntiq
xammalıdır. Onlarda ağ-qara, pis-yaxşı qütbləri
çox az olur, sözlər çox ehmalca seçilib
adıçəkilən qütblərin arasında yerləşdirilir.
Keçək
əsas mətləbə.
Haqqında
yazdığıma, əsərlərini pis-yaxşı təhlil
etdiyimə görə Kamal müəllim heç bir zaman
"əla-hiddə" sevinc hissi keçirməyib. Heç
buna ehtiyacı da yoxdur. Çünki həm bizdə, həm də
xaricdə onun barəsində yetərincə gözəl mətnlər
yazıblar və bu, davam edir. Heç vaxt
yaradıcılığını əhatəli bir şəkildə
tədqiq etmək istəyimlə də razılaşmayıb.
"Niyə"sini də bugünəcən
soruşmamışam.
Əksinə,
o, "dilimi açdığı"na, məni yazmağa
ruhlandırdığına və imzamın ədəbi cameədə
daha parlaq görünməsinə görə sevinib həmişə!
Dövlət müşaviri olduğu - vaxtının lap az
olduğu zamanlarda "Mən konteksti düşünürəm"
kitabımın əlyazmasını üç dəfə
oxuyub. Oxuyub, qaytarıb. Qeydlər edib, yenə qaytarıb!
Özü də poçtla göndərib! "Buranı belə
yazsan, daha yaxşı alınar", "bu fikirləri əlavə
etsən, gözəl olar", "bax buranı
çıxsan, mətn qazanar" qeydləri ilə bir yerdə!
Hətta qrammatik və üslubi səhvlərimə də əl
gəzdirib. O mənə kitabın nəhayətsiz
doğuluş həzzini yaşadıb; amma sən demə, bəni-insandan
fərqli olaraq kitabın köbəyi doğuluşundan xeyli əvvəl
dəfən-dəfən kəsilirmiş...
Hərdənbir
kitabımı vərəqləyirəm... Ürəyimdə
sonsuz minnətdarlıq hissi baş qaldırır,
dodaqlarıma izaholunmaz bir təbəssüm qonur...
lll
Açıq
deyəcəyəm, məni yaxından tanıyan və
tanımayanlar zaman-zaman heyrətləniblər: nə əcəb
Kamal müəllimlə uzun illərdir dostluq edə bilirsən?
Demişəm, nə mənada? Deyiblər, xasiyyəti
tünddü, çöndüsə, qurtarıb getdi. Bizimki Mətn
dostluğudur. Burada fərdin zahiri və daxili
disharmoniyaları çox da vacib rol oynaya bilmir. Daha doğrusu,
ikimiz də demokratik Mətn imperiyası altındayıq. Sərbəstik.
Bir-birimizin arxasınca düşüb getməsək də, Mərn
bizi hara aparsa, gedəcəyik...
lll
Bir dəfə
söhbət əsnasında Kamal müəllim qəfildən
dedi:
-
Çox dostlarım sonralar mənimçün maraqsız
oldular.
Sual
vermədim ki, niyə? Çünki ədəbi prinsiplərinə
və xarakterinə az-çox bələd idim. Mətnlərində
mübhəmliyi sevdiyi kimi, şifahi nitqində də buna əməl
edirdi. Beynimi xeyli çək-çevir edəndən sonra səbəbini
özümçün tapdım. İnsan o zaman maraqsız
olur ki, bir yerdə sayır, yeniləşmir və ümumiyyətlə,
bu haqda heç düşünmür də. Belə
adamların Kamal müəllimlə dostluqları tutmaz.Və
belədir də...
Ustadın
gözündən düşüb maraqsız olmamaq
üçün bacardığım qədər
şablonlardan və sxematik yollardan qaçmağa
çalışıram.
lll
İkimizin
arasında olan bir söhbəti heç vaxt unutmaram. Təzəcə
bitirdiyim yazıdan söhbət açdım və dedim:
- Bu
yazını bitirmək lap əzab oldu.
-
Yazanda əzab çəkirsən ki?
- Hərdənbir
olur.
-
Əzab çəkirsən, yazma!
Çox
kəskin dedi. Hiss elədim ki, fikrimi dürüst ifadə edə
bilməmişəm. Ona görə də tezcənə əlavə
etdim ki (Guya özü bilmirmiş), Sartrın fikridir:
"Yazmaq əzab, mütaliə isə bayramdır". Dodaqlarına
təbəssüm qondu. Belə məqamlarda dostların təbəssümü
"mənalı" tordan başqa bir şey deyildir;
düşürsən, nə qədər çabalayırsan
çabala, onsuz da xeyri yoxdu, özünü xilas edə bilməzsən.
Və əslində, onların sənə ən böyük
lütfü də o təbəssümdür ki, var...
Lap
bu yaxınlarda Rafiq Əliyevlə yazdığı
"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatında
Xalq şairi Ramiz Rövşənin
çıxışından öyrəndim ki, yazmaq məsələsində
Kamal müəllimin dünyada tayı-bərabəri
yoxmuş... Təxminən fikir belə idi ki, dünyada Kamal
Abdulla qədər yazmaqdan həzz alan ikinci bir
yazıçı tanımıram.
lll
"Sehrbazlar
dərəsi"nin ilk səhifəsini oxuyan kimi ağlıma
gələn fikir bu oldu ki, bəlkə roman hansısa qədim
və mistik bir musiqinin içərisinə
yığılıb?! Və ya unutduğumuz hansısa qədim
melodiyalar yığılıb bu romanın içərisinə?!
O melodiyalar nə idisə, onları geri "qaytarmaq" gərək
idi. Necə ki, romanın qəhrəmanı Səyyah Sehrbaz,
karvanbaşının cəllad atası Məmmədqulunun
ruhunu çağırıb geri qaytarır..
Bu
haqda Kamal müəllimə də bildirdim. Dedi, maraqlı
fikirdir. Amma mətni yazıb qurtarandan sonra nəsə
alınmadığını hiss etdim. Yenidən eksperiment
aparıb Soltan Hacıbəylinin musiqisi üzərindən mətni
yığdım.
Deyəsən,
bir az alınmışdı...
lll
"Adəm
və Həvvanın cənnətdən
çıxarılması" (qovulması yox!)
miniatüründə (Təbriz, 1550-1560-cı illər) mifizm,
mistik realizm və simvolizm üzvi şəkildə birləşir.
Adəm və Həvva yarıçılpaqdırlar. Birincisi əjdaha
(və ya böyük qanadlı ilan), ikincisi isə
tovuzquşu belində cənnəti tərk edir. Məlum
olduğu kimi, ilan və tovuzquşu iblisə bələdçilik
etdiyindən onlar da Tanrı tərəfindən cənnətdən
çıxarılma cəzasına məhkum olurlar.
Geniş
rakursdan yanaşdıqda, cənnətdən
çıxarılma, bəlkə də ən bəşəri
və ən əzəmətli bir ayindir. Biz buna möhtəşəm
"yolasalma" da deyə bilərik. Miniatürçü rəssamlar
bu fikri, açıq olmasa da, eyhamla bizə bildirirlər.
Sözügedən miniatürdə də çoxsaylı
qanadlı məxluqların müşayiəti ilə baş
tutan bu ayin söylədiyimiz fikri simvolizə edir...
Biz əgər
Rafiq Əliyev və Kamal Abdulla prizmasından, yəni qeyri-səlis
məntiqlə yanaşsaq, "möhtəşəm
yolasalma" daha uğurlu ifadədir. Həm də ulu
babamız Adəmi və Həvva nənəmizi haradasa yersiz
suçlama, qınaq və töhmətlərdən xilas
etmiş oluruq.
lll
Bərabər
məsafələrdə basdırılmış işıq
dirəkləri insanoğlunun ahəngdarlığa hansı
riyakar yollarla nail olması haqda təsəvvürlərimizi
genişləndirir. Həyatda beş-altı işıqlı
adamın eyni fikir müstəvisində
"sıralandığını"
gördünüzmü?!
Kamal
müəllimlə münasibətlərimiz də çox
çətin sınaqlardan keçib. Bizimki sonralar əsl
dostluğa çevrilən klassik Ustad-şəyird münasibətidir.
"Casus"un Lənkərandakı preymerasında əlimi
ona uzatdım. O isə:
-
Bilmirəm, səninlə görüşüm, ya yox - dedi.
Təbii
ki, görüşdü... Amma aramıza çökən
sükutu pozmağa ikimizin də gücü çatmadı...
lll
Məşhur
Niderland rəssamı Yan Vermeerin "Rəssamlığın
alleqoriyası" adlı bir əsəri vardır. Tablo rəssamın
emalatxanasını simvolizə edir. Burada təsvir olunan hər
bir detal danışır. Əslində, hər bir sənətin
özünəməxsus alleqoriyası - simvolları
olmalıdır. O cümlədən,
yazıçılığın da... Yox, söhbət təkcə
yazıçı, dünyasını dəyişəndən
sonra onun ev-muzeyində nümayiş etdirilən əşyalardan
getmir...
Burada
iki istisnanı qeyd etmək istəyirəm. Biri hiperrealist Mirzə
Cəlilin, digəri isə "fikir zadəganı" (Kamal
Abdulla) Hüseyn Cavidin ev-muzeyindəki əşyalardır. Məhz
onlar epoxal qüssə və ağrının rasional və
metafizik alleqoriyasını planetar formatda bizə yansıda
bilir...
Bəs
əziz dostum Kamal müəllimdə bu predmet-detal nə ola
bilər?
Bir qədər
sürreal və ya absurd səslənsə də: yalnız
Sükut...
Sükut
Kamal müəllimin obrazında "Hüdudsuz Mətn"
statusunu qazanır.
Ədəbiyyat
sükutla "oynamaq" elmidir...
lll
Markes
"Patriarxın payızı"nı nikaraqualı şair
Ruben Darionun poeziya dili üzərində qurduğunu deyir. Kamal
Abdullanın "Yarımçıq əlyazma"sının
isə "Dədə Qorqud" eposu və Şah
İsmayıl dövrünün dili üzərində
qurulduğu şəksizdir. Hər iki əsər çox
maraqlı alınıb! Bir yerdə durmaq lazım deyil, bir qədər
də "irəli" gedib, tutaq ki, totalitarizm dövrü təcəssüm
etdirən hər hansı bir əsəri Hüseyn Cavid,
Süleyman Rüstəm, Mikayıl Müşfiq, Səməd
Vurğun, Məmməd Rahim, Rəsul Rza, Süleyman Rəhimov
və başqalarının dili üzərində
qurmağınız gərəkir...
Bu
haqda Kamal müəllimlə də söhbətim olub.
Çünki daxilimdə bir səs mənə deyir ki, bunu
Kamal Abdulla qədər möhtəşəm bir halətdə
heç kəs qələmə ala bilməz. Çünki o,
fərqli zamanları onların öz dilində - "Azərbaycan
dilinin potensialında" danışdıra bilir. Təsəvvür
edin ki, Süleyman Rüstəmin "Azərbaycana gəlsin"
şeirinin dili ilə İblisin monoloqu (Hüseyn Cavid) verilir.
Və ya sehrbazın təkcənəlik vaxtına girib onu
soyan tacir dodaqlarının altında Vurğunun
"Partiyamızdır" şeirini həzin-həzin
zümzümə edir. Burada təkcə fərqli zamanlar deyil,
həm də Ana dilin düşdüyü epoxal faciəvi
situasiyalar danışacaq...
lll
Səsin
mahiyyət olduğuna inanmaq üçün ucalıqlardan
dağ çayını seyr etməyiniz yetər... Kamal
müəllim ən mürəkkəb, qəliz məsələləri
sadə bir dillə, dinlədikcə adama rahatlıq gətirən
həlim bir səslə ifadə etməyə qadirdir.
lll
Hər
bir nəsnənin özünəməxsus missiyası var.
Ən qədim mətnlər də belədir. Götürək
"Dədə Qorqud" eposunu. Bir anlıq düşünək
ki, minilliklərin o üzündən vur-tut bircə boy gəlib
çatıb bizə. Və ya bircə qoca, yorğun külək!
Lap olsun 6, 8, 10, 11... Azdır, çox azdır!
Yarımçıq harmoniya yoxdur!
Əgər
12 boyun cəmini yazıçı intiutiv olaraq
"Yarımçıq əlyazma" adlandırırsa,
hansı harmoniyadan danışmaq olar?! Həmin
harmoniyasızlığın altşüurdakı ilkin
aclığı idi ki, romana "On üçüncü
boy" deyənlər də oldu. Bu arada tarix bizi sensasion bir xəbərlə
də müjdələdi: Gerçəkdən eposun 13-cü
boyu da tapıldı! Qoy bir xəbər də mən verim:
ehtimal var ki, "Yarımçıq əlyazma"nın mabədi
də yazılsın. Çünki yenə boşluqlar var, yenə
də nəsə çatmır. İndilikdə romanın
eposdan çox oxunma səbəbini də burada axtarmaq
lazımdır. Müəllif özünü
"natamamlığın bütövlüyü"nə
inandıra bilib. Özgə yolu yoxdur, bu inam olmasaydı, roman
yazıla bilməzdi. Amma hər bir "söküntü"
(dekonstruksiya) daha çox boşluqların yaranmasına səbəb
olur. Amma və lakin göstərilən çabaların
özü də nəhayətsiz boşluqlara atılmaq deyil,
bəs nədir?!
Əgər
biz yazdıqlarımızdan daha yaxşısını
yazmağa qadiriksə, onda Simnar kimi tikdiyimiz mətnin
başından aşağılara yuvarlanmağa məhkumuq...
Kim nə qədər çox yuvarlansa, o, ölməzlik
qazanar...
Kamal
müəllim hər an yuvarlanmağa hazırdır...
lll
Lap
bu yaxınların söhbətidir. Kamal müəllim
İstanbulda olarkən telefonla danışdıq. Özümlə
bağlı bir məsələni ona xatırlatdım.
Anındaca ərkyana dedi:
- Sənin
heç ağlın yoxmuş ki?
İstədim
zarafata salıb deyəm ki, ağıl biclik alətidir, demədim.
Söhbəti tezcənə dəyişdim:
-
Özünüzü qoruyun, Kamal müəllim!
O da
cavabında:
- Siz
bizi qoruyursunuz, - dedi.
Səsindəki
o istilik, o inam bir ömür yetər bizə.
Siz
XXI əsrdə Azərbaycan xalqının ən böyük
dəyərlərindən birisiniz, Kamal müəllim!
Sizi
Tanrı qoruyur!
Biz də
dəyərlərimizin keşiyindəyik, əziz Kamal müəllim!
Redaksiyadan:
Xalq yazıçısı, akademik Kamal Abdullanı doğum
günü münasibətilə ürəkdən təbrik
edir, ona möhkəm sağlamlıq, ədəbi
yaradıcılığında və elmi-təşkilati fəaliyyətində
yeni uğurlar arzulayırıq!
Mehman
QARAXANOĞLU
525-ci qəzet $g 2024.- 4 dekabr (№222).- S.10;11.