İsveçdə ədəbiyyat
mükafatları
Sizcə, Azərbaycanla eyni qədər - 10 milyon nəfər
əhalisi olan İsveçdə hər il neçə ədəbiyyat
müsabiqəsi keçirilir? Fikrinizdə bir rəqəm
tutun...
Kitabın, ədəbiyyatın İsveç toplumunun
həyatında oynadığı rola aid çox
yazmışam. Məsələn, ölkənin ikinci
böyük şəhəri - Yöteborqda hər il
keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasından bəhs
edən "Ədəbiyyatı dünya hadisəsinə
çevirən xalqın kitab mədəniyyəti"
yazısı. 1985-ci ildən keçirilən sərgi
Şimali Avropanın ən kütləvi mədəniyyət
tədbiri sayılır, ziyarətçi sayı bəzi illərdə
100 mini ötür. Ölkənin hər yerindən on minlərlə
insan el şənliyinə gəlirmiş kimi axışıb
sərgiyə gəlir, pul verib bilet alır, 800-dək eksponata
baxmaq, 300-dək seminarda iştirak etmək fürsətini dəyərləndirir,
illik kitab tədarükünü görür.
Bu yazıya məni sövq edən müxtəlif ədəbiyyat
müsabiqəsi haqda reklamların, elanların rastıma
çıxması oldu. Maraq məni götürdü,
axtarış verib yüngülcə araşdırdım və
heyran qaldım.
Bir neçəsini sizinlə də tanış eləyim.
...Avqust Ədəbiyyat Mükafatını
İsveç Naşirlər Birliyi 1989-cu ildə
yazıçı Avqust Strindberqin şərəfinə təsis
edib. Bədii, elmi-populyar və uşaq ədəbiyyatı
kateqoriyaları üzrə hər il verilir. Mükafat fondu hər
nominasiya üzrə 100 min İsveç kronudur, təxminən
10 min avro.
Müsabiqədə ölkənin bütün nəşriyyatları
iştirak edə bilər. İsveç Naşirlər
Birliyinin müəyyən etdiyi 5 nəfərlik jüri heyəti
müsabiqəyə təqdim olunan kitablardan hər nominasiya
üzrə altısını seçib seçim
komissiyasına ötürür. Naşirlərdən,
kitabxanaçılardan və ədəbi tənqidçilərdən
ibarət seçim komissiyası gizli səsvermə yolu ilə
qalibləri müəyyənləşdirir. Avqust Strindberqin 3
kiloluq tunc büstü və 100 min kron hər ilin noyabr
atında Stokholmda təşkil olunan qala-konsert zamanı qaliblərə
təqdim edilir.
...Astrid Linqren Xatirə Mükafatını (ALMA)
2002-ci ildə İsveç hökuməti dünyaca məşhur
uşaq yazıçısı Astrid Linqrenin (bizim nəsil onu
uşaqlıqdan tanıyır - "Balaca və damda
yaşayan Karlson" əsəriylə) şərəfinə
təsis edib. ALMA dünyanın ən böyük uşaq ədəbiyyatı
mükafatı sayılır. Mükafat fondu 5 milyon krondur və
hər il dünyanın dörd bir tərəfindən
qatılan namizədlər arasından seçilmişlərə
verilir.
Qalibləri 12 nəfərdən ibarət jüri heyəti
müəyyən edir. Heyəti 4 il müddətinə
İsveç Mədəniyyət Şurası nüfuzlu
yazıçılar, ədəbiyyatşünaslar, rəssamlar,
tənqidçilər arasından seçir. Jüri heyətinə
yazıçının nəvəsi Yohan Palmberq də
daxildir.
Yaradıcılığında Astrid Linqren ruhunu
yaşadan yazıçılar, illüstratorlar, qiraətçilər,
uşaq ədəbiyyatı təbliğatçıları və
başqaları müsabiqədə iştirak edə bilər.
...Bern Mükafatını 1966-cı ildən
İsveç PEN klubu yaradıcılığında Stokholm
şəhərinin mədəni həyatını təcəssüm
etdirən yazıçı, jurnalist, yaxud fotoqraflara təqdim
edir. Mükafatı 1963-cü ildə şair,
yazıçı, tərcüməçi Yohannes Edfelt
qardaşı Arne ilə birlikdə "Berns Salong"un 100
illik yubileyi münasibətiylə təsis ediblər.
"Berns Salong" Stokholmun mərkəzində yerləşən
Berzeli parkı ətrafında özündə hotel, restoran,
gecə klubu, əyləncə mərkəzini birləşdirən
şirkətdir.
Laureatları İsveç PEN klubunun idarə heyəti
seçir. Mükafat fondu 20 min krondur.
...İsveç radiosu bir neçə ədəbiyyat
mükafatı təsis edib. Hekayə, roman, şeir, uşaq ədəbiyyatı
mükafatlarının hər birinin məbləği 30 min
krondur. Müsabiqəyə təqdim olunan hekayələri
nüfuzlu ədəbiyyat adamları seçir.
Seçilmiş hekayələr radioda səsləndirilir. Dinləyicilərin
ən çox səs verdiyi müəllif qalib elan olunur.
Roman mükafatı 1993-cü ildə təsis edilib və
hər il nəşr olunan romanlar arasından seçilir.
Seçimi ədəbiyyatla maraqlanan dinləyici qrupları
edir.
Şeir müsabiqəsi isə ən qədimidir, onu
radionun mədəniyyət bölməsi 1958-ci ildən
keçirir.
Radio uşaqları da unutmur. Mənə ən
maraqlı gələn elə bu müsabiqə oldu. 2010-cu ildə
təsis edilən müsabiqə "Uşaq radio-kitab
mükafatı" adlanır. Qalibləri 9-16 yaş arası
dinləyicilər qrupu seçir.
...Kral Elmlər Akademiyasının 1862-ci ildə
yaratdığı "Letterstedts" Tərcümə
Mükafat Fondu başqa tərcümə mükafatlarından
konkretliyi ilə fərqlənir, əsasən klassiklərin əsərləri,
eyni zamanda elmi-fəlsəfi ədəbiyyatın tərcüməsi
üçün nəzərdə tutulub. 150 illik qaliblər
siyahısına baxanda dünya yazılı ədəbiyyatının
şedevrləri ilə yanaşı Qalileyin
"Dünyanın iki sistemi haqda dialoq"unu da görürsən,
"Quran"ı da.
Bu mükafat XIX əsrin birinci yarısında
yaşamış İsveç iş adamı Jakob
Letterstedtsin adı ilə bağlıdır. 1860-cı ildə
İsveç Kral Akademiyasına üzv seçilən
Letterstedts bir neçə mükafatın, həmçinin
sözügedən mükafatın təsis edilməsinə
ianələr verib. Mükafat fondu 100 min İsveç kronudur.
"Elza Tulin" Tərcümə
Mükafatını İsveç Yazıçılar Birliyi
1960-cı ildə təsis edib. Elə ilk mükafat da tərcüməçi
Elza Tulinin özünə verilib. Mükafat döş
nişanından və 20 min krondan ibarətdir.
"De Nios" Tərcümə Mükafatını
"De Nios" İcması (Samfundet De Nio) 1970-ci ildə təsis
edib. 9 nəfərlik (nio İsveç dilində doqquz deməkdir)
idarə heyəti olan icma 1913-cü ildə isveçli
yazıçı, feminist, filantrop Şarlotta fon Kremerin
yazdığı vəsiyyət əsasında
yaradılıb. Müxtəlif illərdə 15 adda ədəbiyyat
mükafatı təsis edən icmanı vəsiyyətə əsasən
9 daimi ədəbiyyat adamı idarə edir. Bu
mükafatların məbləği əsasən 100, 150, 200
min krondur. Ən böyük fond "De Nios Stora Pris"
mükafatınındır: 400 min kron.
"Təbiət və Mədəniyyət Fondu"
Tərcümə Mükafatını İsveç
Akademiyası isveçcəyə və isveçcədən
ən layiqli tərcümələr üçün 1985-ci
ildə təsis edib. Mükafat hər biri 60 min İsveç
kronu olmaqla iki nəfərə verilir.
60 min kron mükafat fondu olan İsveç
Akademiyasının Şifahi Tərcümə Mükafatı
1965-ci ildə təsis olunub. Mükafat "İsveç
poeziyasının xarici dildə ən yaxşı təfsiri"
üçün verilir.
Akademiyanın hər biri 100 min kron dəyərində
ayrıca esse, ədəbi tənqid mükafatları da var.
lll
Nümunələrin sayını çox uzatmaq olar.
Başqa mükafatları demirəm, təkcə ədəbiyyat
mükafatlarının sayı onlarcadır. Bələdiyyələr,
universitetlər, ictimai birliklər, nəşriyyatlar, qəzet
və jurnallar, şəxsi fondların, ağla gələn və
gəlməyən onlarla ictimai institutun təsis etdiyi
mükafat fonduna rast gələrsən.
Araşdıranda 20-dək müsabiqə saydım,
sonra sayını itirdim. Bilmirəm siz fikrinizdə hansı rəqəmi
tutmuşdunuz...
Hər il bütün dünyanın gözü dikilən
Nobel mükafatına gəlincə, 1901-ci ildən verilən 1
milyon avroluq mükafatı qalibə hər il dekabrın 10-u
Stokholmda keçirilən təntənəli mərasimdə
İsveç kralı təqdim edir.
Ümid edirəm bizdə də çoxsaylı ədəbiyyat
mükafatları təsis olunar və Nobel mükafatını
bir gün bizim də bir yazıçımız alar...
3 dekabr 2024
Helsinqborq, İsveç
Vahid QAZİ
525-ci qəzet $g 2024.- 5 dekabr (№223).- S.13.