Şimal-qərb bölgəsinin
folkloru: sənətkarlıq təzahürləri
Şimal-qərb bölgəsində yaşayan əhalinin
müxtəlif sənət sahələri ilə məşğul
olması ilə bağlı xeyli sayda folklor örnəklərinə
rast gəlirik. Bölgənin sənətkarlıq mərkəzi
olan Şəkidən toplanan epik örnəklərdə
yaşadılan sənət sahələri daha maraq doğurur.
Folklorşünas alim Ləman Vaqifqızı "Şəki
folklor mühiti" monoqrafiyasında yazır: "Şəki
sənətkarlığının yüksək səviyyədə
inkişafı, təbii ki, folklorda da öz izlərini buraxmaya
bilməzdi. Şəki ərazisində sənətkarlıqla
bağlı folklor nümunələri
saysız-hesabsızdır. Şəki sənətkarlığı,
demək olar ki, bütün folklor janrlarında iz qoyub".
Ləman Vaqifqızının qeyd etdiyi kimi, Şəkidə
yaşadılan sənət sahələrinin izlərini biz
bölgədən əldə olunan bütün folklor örnəklərində
görürük. Qeyd edək ki, təkcə bölgənin
folklorunda deyil, həmçinin yazılı ədəbiyyatında,
bölgədə yaşayan yazıçı və şairlərin
yaradıcılığında da müxtəlif el sənətlərinə
aid sahələr yaşadılır.
Dəmirçilik, misgərlik, zərgərlik,
papaqçılıq, dabbaqlıq,
xalçaçılıq, ipəkçilik, dulusçuluq vəsair
sənət sahələri Şəkinin sənət məbədinin
başlıca sahələrini təşkil edir. Şəkinin
qədim sənət kökləri həm də bu torpaqda
yaşayan əməksevər insanlarının hünərinə
bağlıdır. Şəki ustalarının düzəltdiyi
zərif sənət məhsulları ölkə
hüdudlarından kənarda da geniş şöhrət
qazanmışdır.
Dəmirçilik bölgənin ən çox
geniş yayılan və yaşadılan sənət sahələrindən
biri olub. Dəmirçiliklə bağlı məhz bölgədən
çoxlu sayda həm lirik, həm də epik folklor örnəkləri
əldə edilib. Həmin örnəklərdə dəmirçilik
sənətinin sirlərindən danışılır, dəmirçilik
peşəsinə olan rəğbət təbliğ olunur.
Bölgədən toplanmış "Dəmirçinin
aqibəti" rəvayətində ən qədim el sənətlərindən
olan dəmirçilik sənətinə vurğunluq nəzərə
çatdırılır. Rəvayətdə belə nəql
olunur: "13-14 yaşlı Əlibala dəmirçixanada sərbəst
işləyir, ustasının tapşırıqlarını
yerinə yetirirdi. Əlibala artıq dəmirçiliyin
bütün sirlərinə yiyələnmişdi. Onu şəhərdə
hamı tanıyırdı. Əlibala qazandığı pulu
hər axşam aparıb ustasının qabağına
qoyurdu". Rəvayətdən gördüyümüz kimi,
Əlibala ustasının öyrətdiyi sənətin sirlərinə
dərindən yiyələnir, artıq şəhərin
tanınmış dəmirçisinə çevrilir. Rəvayətdə
Əlibala tanınmış dəmirçi olmaqla
yanaşı, əxlaqi keyfiyyətləri ilə də
seçilir. Ustası ona vəsiyyət edərək dəmirçixananı
ona bağışlayır. O da dəmirçilikdən əldə
etdiyi gəlirlə həm öz ailəsinə, həm də
ustasına dəstək olur. Rəvayətin mövzu və
ideyası bizlərə bu qədim el sənətinə olan məhəbbəti,
həmçinin Əlibalanın timsalında bu sənətin
sevərək yaşadıldığını bizlərə
aşılayır.
Bölgədən əldə edilmiş daha bir folklor
örnəyində dəmirçilik sənətinin adı
çəkilir. "Allaha təvəkkül" adlı rəvayətdə
dəmirçi bir oğlan Xan tərəfindən
sınanılır. Dəmirçi oğlan öz peşəsinə
olan sevgisi sayəsində xanın
tapşırığını yerinə yetirir. Rəvayətin
məzmunundan göründüyü kimi, oğlan xan tərəfindən
tapşırılan 4 min mismarı düzəltmək
mümkünsüz olsa da, o, gecə-gündüz işləyərək
öz öhdəliyini yerinə yetirir. Bu işi həm də
o, sənətinə olan vurğunluğu ilə bacarır.
"Qalayçı ilə çoban" rəvayətində
isə dəmirçilik sənətinin bir qolu olan
qalayçılıq sənəti haqqında bəhs edilir.
Qalayçılıq da şimal-qərb bölgəsi
üçün ənənəvi olan ən qədim sənət
sahələrindən biridir. Xüsusən bölgənin sənətkarlıq
mərkəzi olan Şəkidə qalayçılıq sənəti
daha geniş inkişaf etmişdir. Təəssüf ki, bu qədim
el sənəti çağdaş dövrdə artıq o qədər
də geniş işlənmir, yalnız xalqın
yaratmış olduğu folklor nümunələrində
özünü yaşatmaqdadır. Bölgədən
toplanmış həmin rəvayətdə nəql olunur:
"Kəndə bir qaleyçı gəlir. Ho, mis qabları
qaleyliyıp gümüşə
çörürdü. Bunu görən kəndin
çobanı didi: sən ki, həblə gözəl ustasan
qab-qacağı gümüşə çörürsən,
məəm də təknəmi gümüşə
çöör". Rəvayətin məzmunu bizə
böyük dramaturq Mirzə Fətəli Axundzadənin
"Hekayəti Molla İbrahimxəlil kimyagər"
komediyasını xatırladır, bir növ rəvayətin məzmunu
böyük dramaturqun bu məşhur komediyası ilə səsləşir.
Komediyanın məzmundan bilirik ki, misi gümüşə
döndərən bir "kimyagər" peyda olur. Cahillər
yalançı kimyagərin "möcüzəsinin
işığına" aldanaraq soyulurlar. Rəvayətdə
də çoban mis qabları qalaylayıb gümüşə
çevirir. Acgöz bir çoban da qalayçıdan təknəsinin
gümüşə çevrilməsini xahiş edir. Əlac
qalıb qaleyçi təhnəni körüyün
ocağının üstünə qoyur. Körüyü
basannan sonra təhnənin ortası yanıb deşilir.
Çoban tamahkarlığının qurbanı olur.
Bölgədə yaşadılan el sənətləri
içərisində dulusçuluq sənətinin də
adını xüsusi qeyd etmək lazımdır. Bölgə
əhalisinin məişətində və həyat tərzində
dulus qablardan istifadə geniş yayılıb. Xüsusilə
bölgənin sənətkarlıq mərkəzi olan Şəkidə
dulusçuluq sənəti çox məşhur olub. Şəkinin
elə kəndi olmasın ki, orada dulus məhəlləsinə
rast gəlməyəsən. Şəhərin özündə
də çoxlu dulus məhəlləri indi də vardır.
Şəkidə dulusçuluq sənətini
yaşadan sənətkarlardan söz düşəndə məşhur
dulusçu Şöyüb Məmmədovun oğlanları
usta Hümmət və Əhədin adlarını çəkməyə
bilmərik. Onlar Şəkidə "Şöyüb
oğulları" kimi də tanınırlar. Bölgə əhalisi
bu qədim el sənətini öz folklor örnəklərində
də yaşadıb. Bölgədən toplanan xeyli folklor
nümunələrində dulusçuluq sənətinə aid
örnəklərə rast gəlirik.
Bölgədən əldə edilmiş
"Dulusçunun şəyirdi" rəvayətinə nəzər
salaq. Rəvayətdə dulusçuluq sənətindən bu
sənətin sirlərindən danışılır. Rəvayətdə
bəhs olunur ki, qədim zamanlarda Hümmət adlı
dulusçu bir usta bu sənəti yaşatmaq üçün
yanında şəyird saxlayıb sənətini onlara öyrədirdi.
Şəyird ustanın yanında 3 il dayanmalı idi. 3 il tamam
olduqdan sonra usta şəyirdini sınayırdı, şəyird
bu sınaqdan çıxarsa, halallığını verib onu
yola salardı. Ancaq tam kamil usta olmaq üçün şəyird
təzədən 3 il də ustanın yanında işləməli
idi. Rəvayətin ideyası və məzmunu bizlərə
göstərir ki, bu qədim el sənəti şimal-qərb
bölgəsində olduqca məşhur olub,
tanınmış ustaların adları xalq tərəfindən
folklor örnəklərində də yaşadılır,
onlarla bağlı rəvayətlər düzüb qoşulur.
Şimal-qərb bölgəsindən toplanmış
daha bir folklor örnəyinə diqqət edək.
"Ananın öyüdü" adlı bu folklor nümunəsində
də dulusçuluq sənətindən bəhs edilir.
Nağılda ana üç övladı olan Əkbər,
Əhməd, Sübhana öyüd edərək onlara peşə
dalıycan getməyi tövsiyə edir. Böyük oğlu
Əkbər ticarətçi, ortancıl oğlu Əhməd
dulusçu, Sübhan isə nəqqaş peşəsinə
yiyələnir. Ana övladına nəsihət edir ki, onlar hər
zaman bir olsunlar, birgə işləsinlər. Qardaşlar ilk əvvəl
hərəsi ayrılıqda öz peşələriylə məşğul
olurlar, ancaq heç bir uğur qazana bilmirlər. Onların
mallarını heç kim almır, hər gün evə əliboş
dönürlər. Ana övladlarını başına
yığaraq tövsiyə edir ki, siz təsbeh dənələri
kimi bir olsanız, niyyətiniz saf olsa, Allah-Təala işinizə
bərəkət verib ruzinizi artırar. Qardaşlar ananın
öyüdündən ibrət aldılar. Əhməd dulus
qablar düzəldər, Sübhan onlara nəqqaş vurar,
Əkbər də onları bazara çıxarıb
satardı. Qardaşlar ananın öyüdündən sonra
böyük uğur əldə etdilər. Əhməd
tanınmış dulusçu, Sübhan isə kamil nəqqaş
oldu. Nağılın ideyasındakı birlik, bərabərlik,
ananın qardaşlara bir olmaq öyüdü bizə böyük Azərbaycan
yazıçısı Cəlil Məmmədquluzadənin
"Anamın kitabı" əsərini xatırladır.
"Ananın öyüdü" nağılında da
qardaşlar ilk əvvəl ananın tövsiyəsinə
baxmayaraq, birlikdən uzaq düşürlər. Sonradan
ananın sözündən ibrət alaraq səhvlərini
düzəldirlər. "Anamın kitabı" əsərində
isə təəssüf ki, biz bunu görmürük.
Şimal-qərb bölgəsində yaşadılan el
sənətlərindən biri də zərgərlikdir. Zərgərlik
bölgənin sənətkarlıq mərkəzi olan Şəkidə
daha geniş yayılıb. Mənbələrə görə,
Şəkidə zinət istehsalının iki sahəsi - zərgərlik
və gümüşbəndlik yüksək inkişaf
etmişdir. Tədqiqatçı alim Arif Mustafayev yazır ki,
şəkili zərgər Eyyub Mehdioğlunun düzəltdiyi
zərgərlik məmulatı 1896-cı ildə Nijni-Novqorodda
keçirilən Ümumrusiya sərgisində yüksək
mükafata layiq görülüb. Bu qədim el sənətinin
izləri bu gün də bölgədə
yaşadılmaqdadır. Bölgədən toplanan xeyli sayda
folklor nümunələri içərisində zərgərlik
sənətinin də adı çəkilir, bu sənət
sahəsi folklor vasitəsi ilə də gələcək nəsillərə
ötürülür. Bölgədən əldə
olunmuş "Yaxşı oğul niynir ata malını, pis
oğul niynir ata malını" nağılında qeyd
olunur ki, cavan bir oğlan varlı atası vəfatdan etdikdən
sonra təmiz müflisləşir, artıq o həddə
çatır ki, o, başqa bir ölkəyə gedir, orada dilənçilik
edir. Həmin ölkədə qoca bir dilənçiylə
tanış olur, onlar bir müddət birgə dilənirlər.
Bir gün onlar təsadüfən gecə vaxtı bir torba
qızıl tapırlar. Hər ikisinin bəxtləri üzlərinə
gülür. Onlar bazardan bir zərgər dükanı
alırlar. Qoca dilənçi zamanında məşhur bir zərgər
olmuşdu, yaxşı əl qabiliyyəti vardı. Oğlana
zərgərlik sənətinin sirlərini öyrətməyə
başlayır. Oğlan öyrəndiyi sənətlə
artıq öz zəhmətiylə pul qazanır.
Nağılın ibrətamiz məzmunu bizə halal
yaşamağı, hər hansı bir sənətə sahib
olmağı başa salır. Oğlan öz sənətini
yaşatdığı kimi, sənəti də onu
dolandırır, ehtiyac içində buraxmır. Qoca dilənçi
cavan oğlana zərgərlik sənətini öyrətməklə
onu yaşadır, sənətini təbliğ etmiş olur.
Bölgədən qeydə alınmış başqa
bir folkor örnəyində də zərgərlik sənətindən
danışılır. "Yarımçıq qolbaq"
adlı nağılda nəql olunur ki, şah qızı
kasıb bir zərgər oğlanı istəyir. Qızın
özü də nəqqaş olur. Atası bunu bilib
qızı qala tikdirib oraya göndərir. Qız atasından
xahiş edir ki, hər gün zərgər oğlandan bir bəzək-düzək
şeyləri alıb göndərsin. Atası
razılaşır. Zərgərdən hər gün bir
üzük, bir qolbaq gəlir. Qız olara naxış vurub
oğlana göndərir. Bir gün zərgər oğlan
ölür. Bunu qıza bildirmək istəmirlər. Başqa
bir zərgərin düzəltdiyi yarımçıq
qolbağı qıza göndərirlər. Sən demə,
qız ölən zərgərlə naxış vurmaqla məktublaşırmış.
Qolbağı alan kimi qız başa düşür ki, bunu o
düzəltməyib. Qolbağa naxış vurmur, onu geri
qaytarır və özünü qaladan atır.
Nağılın məzmunundan gördüyümüz kimi,
qız və oğlan öz sənətlərində mahirdirlər,
sənətlərinin sirlərini yaxşı bilirlər.
Nağılda həm zərgərlik, həm də nəqqaşlıq
sənəti təbliğ olunur.
Azərbaycanın şimal-qərb bölgəsindən
əldə olunmuş epik folklor örnəklərində sənətkarlıq
nümunələrinin əksinin təhlili göstərir ki,
bölgənin zəngin mədəniyyəti, sənətkarlığı
xalq tərəfindən də yaşadılmış, gələcək
nəsillərə ötürülüb. Toplanmış
folklor örnəklərindəki sənənətkarlıq
nümunələrinin əksi tədqiqatı ilkin səciyyə
daşıdığı üçün elmi cəhətdən
maraq doğurur. Bölgənin sənətkarlığına
daxil olan dəmirçilik, dulusçuluq, zərgərlik,
xalçaçılıq və sair el sənətlərinə
aid xeyli sayda bölgədən yeni folklor örnəkləri
toplanıb. Bu da bölgənin zəngin sənətkarlıq
kodeksinin onun məişətində, folklorunda, yazılı ədəbiyyatında
dolğun şəkildə əhatə olunmasının bariz
nümunəsidir.
Tural ADIŞİRİN
525-ci qəzet .- 2024.- 6 dekabr (№224).- S.15.