Qobustan
dünyası: qıpçaqlar və Azərbaycan
Bu il Türkiyənin paytaxtı Ankara şəhərində
keçirilən X Beynəlxalq Türk dili Qurultayında
iştirak edirdim. Təsadüfən professor Çingiz
Alyılmaz adlı bir elm adamı ilə tanış oldum.
Əslən azərbaycanlı olan professor 1966-cı ildə
Qars vilayətində dünyaya gəlib. O, Ərzurum
Atatürk Universitetinin ədəbiyyat fakültəsindən məzun
olub, orada magistraturanı bitirib, əlaçı tələbə
kimi həmin universitetdə saxlanıb. Burada
çalışdığı dövrdə dissertasiya
müdafiə edib fəlsəfə doktoru olub, 2006-cı ildə
dosent, 2012-ci ildə professor elmi adını alıb. Bir
neçə il Monqolustanda, Çin Xalq Respublikasında
müsafir professor kimi işləyib, türk mədəniyyətinin
qaynaqlarını araşdırıb, Göytürk
yazılı abidələrini yerində incələyib.
Hazırda Bursa Uludağ universitetinin professoru vəzifəsində
çalışır.
28 kitabın müəllifi olan Çingiz bəyin bu
araşdırmaları nəticəsində
"Moğolistandaki Türk anıtları projesi albomu",
"Orhon yazıtlarının bugünkü durumu" (Ankara,
2005), "Göktürk harfli yazıtların izinde" (Ankara
2007), "Tonyukuk yazıtı" (Ankara 2018) kimi sanballı tədqiqat
əsərləri nəşr olunub. Ç.Alyılmazın
elmi fəaliyyətində, tədqiqatları arasında azərbaycanşünaslıq
məsələləri də önəmli yer tutur. Türkiyədə
onun bu sahədə "Türkiye türkcesi - Azərbaycan
türkcesi askeri terminoloji anahtar kitabı" (İst.1995),
"Azerbaycan Türkcesi - Türkiye türkcesi askeri terminoloji
sözlüyü" (İst.1997) adlı kitabları
işıq üzü görüb.
Bunlardan əlavə, o, Azərbaycan ədəbiyyatını
və mədəniyyətini Türkiyədə yorulmadan təbliğ
edən, yurdumuzu layiqli şəkildə təmsil edən elm
adamlarından biridir. Belə ki, o, Nəbi Xəzrinin
"Peyğəmbər - saflıq hekayələri"
kitabını, Əzizə Cəfərzadənin "Azərbaycanın
aşıq və şair qadınları" kitabını,
Təhmasib Fərzəliyev, İsrafil Abbasov və Nailə
Hacıyevanın "Dualar, alqış və
qarğışlar" adlı kitabını tərcümə
edib Türkiyədə nəşr etdirib.
Mənim fikrimcə, professor Ç.Alyılmazın Azərbaycan
tarixi-mədəni irsinə ən böyük xidməti isə
öz dəsti-xəttilə imzalayıb mənə hədiyyə
etdiyi iri həcmli nəfis şəkildə nəşr
olunmuş 700 səhifəlik "Qobustan gizəmi -
qıpçaqlara gedən yol" (Ankara 2024) kitabıdır.
Qeyd etmək
lazımdır ki, Çingiz bəy Azərbaycana qəlbən
bütün varlığı ilə bağlı bir elm
adamıdır. Bu kitab da alimin Qobustan dövlət tarixi-bədii
qoruğunda uzun illər aparılmış
araşdırmalarının nəticəsi kimi ortaya
çıxıb. Məlumdur ki, Qobustan abidələri bəşəriyyətin
qədim yaşayış məskənlərindən, möhtəşəm
təbiət möcüzələrindən biri kimi dövlət
tərəfindən qorunur və bu daşlar üzərində
yaşayan tarixə böyük əhəmiyyət verilir. Ona
görə Azərbaycan arxeoloqları, etnoqrafları bu
bölgədə uzunmüddətli ekspedisiyalar təşkil
edib, tədqiqat aparıb, bu petroqlifləri sistemli şəkildə
araşdırıb təsnif ediblər. Mərhum professor
İshaq Cəfərzadə başda olmaq üzrə bir
sıra görkəmli Azərbaycan alimləri bu mövzuda
sanballı kitablar nəşr etdiriblər. Ümumi fikir belədir
ki, Qobustan möcüzəsi yeni eradan əvvəlki VIII-V
minilliklərin (Ç.Alyılmazın fikrincə 12 min il)
yadigarıdır. Burada inventarlaşma aparılıb, üzərində
petroqlif olan (Böyük daş dağı, Kiçik daş
dağ, Cingir dağı) çox sayda irihəcmli qaya, daş
müəyyən edilib. Lakin ilk dəfədir ki, professor
Çingiz Alyılmaz Qobustan probleminə türk mədəniyyəti
kontekstində yanaşmağa təşəbbüs göstərib.
Həm də türk dünyası petroqlifləri və
damğaları ilə müqayisəli planda.
Bu dəyərli bilik mənbəyi kitab 3 əsas
bölmədən ibarətdir:
1. Qobustan, qobu sözü və onun türk dillərində
məna xüsusiyyətləri; 2. Qobustandakı petroqliflər;
3. Qobustanda damğalar.
Kitabın ön sözündə Xalq şairi
B.Vahabzadənin aşağıdakı misraları epiqraf kimi
verilib:
"Ey dilim,
Səndə mənim xalqımın qəhrəmanlıqla
dolu tarixi vərəqlənir,
Səndə neçə minillik mənim mədəniyyətim,
şan-şöhrətim saxlanır".
Elə bu epiqrafdan yola çıxaraq müəllif
Qobustan toponiminin kökündəki qobu sözünün
etimologiyasını geniş və müqayisəli planda həm
qədim türk dilləri, həm də müasir türk dilləri
və şivələri üzrə müqayisələr
apararaq təhlil edib. O müəyyənləşdirib ki, Azərbaycan
dilindəki qobu/qobı leksik vahidi bir sıra qədim və
müasir türk dillərində eyni tərkibdə işlənməklə
yanaşı, bu söz bəzi türk dillərində
kobı, kuba, koba, kovı variantlarında da
çıxış edir. Müəllifin XI əsr abidəsi
"Kutadqu bilik"də işlənmiş
"kıvçak kovı" qoşa sözünü də
müqayisə məqsədilə tədqiqata cəlb etməsi
çox tutarlı və əsaslı (isabətli) olub. Müəllif
bu qənaətə gəlir ki, qobu sözünün ilkin mənası:
1. içi boş, uğursuz, faydasız, yarasız,
mal, miras;
2. kiçik çay, dərin arx, düzənlik, susuz
çay yatağı, çuxur, çuxur yer olub. Orta
türk dövrü abidələrində bu sözün ikinci
bir məna - sarı, sarışın, solğun mənası
qazandığını da görürük. Qədim türk
yazılı abidələrindəki
kıbçak/kıvçak leksik vahidindən
çıxış edən müəllif qıpçaq
etnoniminin də qobu/qobı/kobı/kovı leksik vahidi ilə
eyni mənşəli olduğu fikrini irəli sürüb.
Müəllif bu faktların ümumiləşdirilməsindən
belə nəticə çıxarır ki, qobu/qıpçaq
boy adı ağacdan törəmə inancı ilə
bağlı meydana çıxıb. Alim qobu/qobı
sözünün boy adlarında (etnonim kimi) işlənməsinə
aid türk dünyası kontekstində xeyli nümunələr
aşkara çıxarıb, onları təhlil edib. Daha sonra
o, qobu/qobı və onun törəmələrindən ibarət
daha geniş arealda, coğrafiyada yayılmasına aid yer
adlarını, etnotoponimləri üzə çıxararaq
müqayisəli şəkildə araşdırır.
Ç.Alyılmaz çox doğru olaraq Azərbaycanın
şimal bölgələrində Zaqatala, Qax, Şəki, Quba
şivələrində qıpçaq təsirinin, elementlərinin
çox güclü olmasından çıxış edərək
göstərir ki, Azərbaycan xalqının etnogenezində
qıpçaq ünsürü oğuz komponenti ilə
başabaş iştirak edib, önəmli rol oynayıb. Onun
fikrincə bunun bir örnəyi də Qobustan abidələridir.
Məlumdur ki, petroqlif termini qayalara, daşlara həkk
olunmuş təsvirlər məfhumunu ifadə edir. Dil işarələr
sistemi olduğu üçün petroqliflər də bu
işarələr sisteminin bir həlqəsini təşkil
edir. Bu təsvirlərlə insanlar təbiət, ətraf
mühit haqqında öz düşüncə və
duyğularını, qayğı, qorxu və istəklərini
ifadə etmişlər. Bu funksiyasına görə petroqliflər
bir növ ibtidai yazı, şəkli yazı, piktoqramları
xatırladır. Müəllif petroqliflərlə dil
arasındakı əlaqələrdən bəhs etdikdən
sonra Qobustan qayalarındakı ov səhnələrini əks
edən petroqliflər üzərində dayanır. Bu faktlar ov
və ovçuluğun qədim insanın məişətində
önəmli yer tutduğunu göstərir. Bu məsələnin
izahına türk dünyası kontekstində yanaşan müəllif
doğru olaraq qeyd edir ki, ümumiyyətlə bu təsvirlərdəki
ov, ovçuluq gücü simvolizə edir, iqtidarda
olmağı təmsil edir. Bu baxımdan Böyük
daşdakı əlində ov quşu at üzərindəki
insanın təsviri haqqında alimin şərh və
izahı diqqəti cəlb edir. Kitabda Xəzər dənizi
bölgəsinə yaxın olduğuna görə Qobustan
qayalarındakı çoxsaylı qayıq təsvirlərinin
izahı da diqqətəlayiqdir. Bu nəqliyyat vasitələrinin
baş tərəfində günəş təsvirlərinin
öz əksini tapması müəllifin gözündən
yayınmayıb və ona görə də Böyük
daşda daha çox təsadüf edilən bu günəş
təsvirinin türk mifoloji inancları ilə bağlı olan
petroqliflərin geniş yer tutması üzərində
ayrıca dayanıb.
Müəllif Qobustandakı heyvan təsvirləri,
qurd, at, buğa, öküz, keyik, təkə, maral petroqliflərinin
çoxluq təşkil etməsinə diqqəti yönəldir
və bunu həmin heyvanların qədim dünyada totem
olması ilə izah edir. Böyük daşdakı
insanların toplu rəqs, bəlkə də yallı rəqslərinin
təsvirindən ibarət olan petroqliflər müəllifin
diqqətini daha çox çəkib. Məhz buna görə
yallı mərasimlərini əks etdirən çox sayda
fotoşəkillər kitaba daxil edilmiş və alim bu
materialları türk dünyasının digər bölgələrindəki
petroqliflərlə uğurlu şəkildə müqayisə
edib. Bu kütləvi xalq oyunlarının tanrı ilə
bağlılığı və insanların qədim mifoloji
inanclarını əks etdirməsi zəngin görsəl
vasitələrlə, foto şəkillərlə əsaslandırılıb.
Qobustan damğaları bölməsi kitabın
mühüm bir hissəssini təşkil edir. Doğrudur,
Qobustan qoruğunda petroqliflər sayca damğalara nisbətən
çoxdur. Petroqliflərdən fərqli olaraq damğalar
ümumiyyətlə insanlar arasında mühüm ünsiyyət
vasitəsi olan yazının formalamasında, inkişafı
tarixində mühüm bir mərhələ təşkil
edir. Maraqlı bir fakt kimi qeyd edək ki, alimlərin ümumi qənaətinə
görə qədim türk runik əlifbası məhz
türk damğaları əsasında meydana
çıxıb. Ona görə də bu bölmədə
müəllif "Qobustan damğaları və türklər"
problemi kontekstində mühüm fikirlər söyləyib.
Müəllif göstərir ki, damğalar islamiyyət öncəsi
türk həyat və inanc sistemi içərisində ən
önəmli ifadə vasitəsi olub və fərqli məqsədlər
üçün işlədilib. Türklər dağları,
təpələri, zirvələri uca tanrıya yaxın
olduğu üçün müqəddəs hesab edib, ona
görə də türk dünyasının dağlıq
bölgələrindəki qayalar, daşlar üzərinə
damğaları, simvol və işarələri həkk ediblər.
Elə buna görə də o, bir sıra damğaları ana
damğa, ortaq damğa, sonrakı damğaları isə fərdi,
yeni damğalar adlandırıb. Məhz bu səbəbdən
alim Qobustan qoruğunda daha çox təsadüf edilən
ortaq, ana damğa adlandırdığı qobu damğası,
təkə damğası, kağan damğası, az
damğası üzərində geniş şəkildə
dayanmış, bu damğaların türk dünyası
kontekstində əhəmiyyətini, mahiyyətini, ümimiyyətlə
damğaların qədim dövrdə, türk
dünyasında rolunu tədqiq və şərh edib.
Professor Ç.Alyılmaz Qobustan damğları üzərindəki
araşdırmalarının yekununda çox doğru olaraq bu
qənaətə gəlir ki, "Qobustandakı
damğaların kimlər tərəfindən, nə zaman, nə
məqsədlə istifadə və tətbiq edildiyi, digər
coğrafiyalardakı türk damğaları ilə əlaqələri,
tarix, epiqrafiya, antropologiya, etnologiya baxımından önəmləri
hələ ətraflı şəkildə
araşdırılmayıb. Halbuki qrafik dil vasitələrinin ən
çox anlam daşıyanların ən xarakterik örnəklərini
təşkil edən Qobustandakı damğalar, həm tarixdə
yaşayan türk boylarının, həm də bu gün
bölgədə yaşayanların keçmişləri, mədəni
kimlikləri, yaşayış və inancları haqqında
önəmli ipucları verəcək, bir çox bilinməyən
mətləblərin aydınlaşdırılmasına
işıq tutacaqdır. Qobustandakı mədəniyyət və
sivilizasiya əsərlərini, qrafik dil vasitələrini
türk boyları ilə bağlamağımıza imkan verən
bəzi damğalar haqqında bilgi verib görüntülərini
paylaşmaq mövzu ilə bağlı araşdırma
aparanlara yol göstərəcəkdir".
Ktabın elmi əhəmiyyətini daha da artıran məziyyətlərindən
biri də burada Qobustan və türk dünyası
coğrafiyasının petroqlif və damğalarını əks
etdirən 800-ə yaxın rəngli fotoşəkil verilməsindən
ibarətdir. Bununla da bu dəyərli 700 səhifəlik qaynaq əsəri
kitab-albom da adlandırmaq olar. Beləliklə, Bursa Uludağ
universitetinin professoru Çingiz Alyılmazın "Qobustan
gizemi: qıpçaqlara gedən yol" əsəri Qobustan
dünyasını "Qıpçaqlar və Azərbaycan"
problemi baxımdan araşdıan ilk dəyərli monoqrafik əsərlərdən
biri kimi diqqəti cəlb edir və inanırıq ki, bu kitab
azərbaycanşünaslığa, türk
dünyasının birliyinə layiqli bir töhfə
olacaqdır.
20.11.2024
Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü
525-ci qəzet .- 2024.- 6 dekabr (№224).- S.12.