Təndir UNESCO-da
Təndir çörəyinin sorağı bu dəfə
Paraqvaydan gəldi.
Bu günlərdə Paraqvayın paytaxtı Asunsion
şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni
irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin
19-cu sessiyasında "Azərbaycanda təndir sənətkarlığı
və çörəkbişirmə" adlı milli
nominasiya faylının UNESCO-nun Qeyri-maddi mədəni irs
üzrə reprezentativ siyahısına daxil edilməsi qərara
alındı. Bununla da UNESCO-nun Qeyri-maddi Mədəni İrs
üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin
sayı 24-ə çatdı.
Bu elementlərin içərisində lavaş
hazırlanması və paylaşılması mədəniyyəti,
dolma hazırlanması və paylaşılması ənənəsi
və çay mədəniyyəti birbaşa mətbəximizi
təmsil edir. Təndir sənətkarlığı da daxil
olmaqla bunların hər biri xalqımızın mədəniyyətinə,
məişətinə, həyat tərzinə dair çox
şey deyir.
Ümumiyyətlə, bu kimi məsələləri
şərh edərkən məsələyə yalnız məişət
nöqteyi-nəzərindən baxmaq olmaz. Çünki bir
xalqın mətbəxi onun coğrafiyası, dini, tarixi ilə
birbaşa bağlıdır.
Bəs görəsən, təndir bizim mədəniyyətimizdə
hansı yeri tutur?
Mövzu ilə bağlı AMEA Folklor İnstitutunun
"Mərasim folkloru" şöbəsinin aparıcı
elmi işçisi Atəş Əhmədli ilə söhbətləşdik.
Onun sözlərinə görə, bu ənənə olduqca
vacib məqamlardan xəbər verir: "Ən qədim
xalqların çörəkbişirmə adətləri olub.
Azərbaycan xalqının da çörəkbişirmə ənənəsinin
tarixi qədimdir. Sözügedən ənənənin
UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ
Siyahısına daxil edilməsi xüsusi əhəmiyyətə
malikdir. Bu, Azərbaycan xalqının özünəməxsus
adətlərinin olmasından, mədəni həyatından,
müəyyən tarixi mərhələni keçməsi kimi
məsələlərdən xəbər verir.
Biz bilirik ki, çörək təxminən, altı
min il bundan qabaq istehsal olunub. Bu, Sürixdə müxtəlif
çörək nümunələrini tədqiq edən alimlərin
qənaətidir. Azərbaycana gəldikdə isə əvvəlcə
qeyd edək ki, təndir əkinçiliklə birbaşa
bağlıdır. Çünki təndir çörəkbişirmənin
yeni bir vasitəsidir. Maraqlıdır ki, odun əldə
olunmasına qədər də çörəkbişirmə
ənənəsi olub. Məsələn, qədim dövrlərdə
insanlar qızmar günəş altında isti daşların
üzərinə xəmir qoyarmışlar. Mingəçevir
ərazisində aparılan araşdırmalarda bizim eradan əvvəl
- birinci minilliyə aid darı nümunəsi tapılıb. Azərbaycan
dünyanın ən qədim əkinçilik mədəniyyətinə
sahib olan ölkələrdəndir. Təndirdən istifadə
isə odun əldə olunmasından sonrakı mərhələdir.
Təndir çörək bişirmə prosesində
böyük təkamül hesab olunur".
Folklorşünasın sözlərinə görə,
hələ qədim dövrlərdən bəri
xalqımız təndiri müqəddəs hesab edib: "Bizim
müqəddəs ocaq, sakral məkan hesab etdiyimiz təndirlə
mənəvi bağlılığımız var. Hətta bəzi
tədqiqatçılar təndiri "Tenqri" sözü
ilə də əlaqələndirir. Bilirik ki, qədim
türklər həm də Günəşi Tenqri
adlandırıblar. Günəşə tapınmaq tanrıya
tapınmağa bənzəyirdi. Təndir də Novruz vaxtı
qalanan tonqal kimi günəşin yerdəki kiçildilmiş
modeli hesab olunurdu. Bilirik ki, insanlar ocağa da tapınıblar.
Bizdə ocaq təkcə yanan halda yox, həm də dədə-baba
yurdu kimi xarakterizə olunaraq müqəddəsləşdirilir.
Odun kəşfi insanların həyatında
sıçrayış idi. Odda bişən yeməklər
daha keyfiyyətli və dadlı olurdu. Zamanla insanların bu
cür fayda götürdükləri yerlə
bağlılığı yaranmışdı. Çörəkbişirmə
təkcə qidalanma ilə bağlı məsələ
olmayıb, eyni zamanda mədəni bir proses hesab olunurdu. Bu kimi
məqamlar xalqın maddi-mənəvi mədəniyyətinin
bütövləşməsindən xəbər verir".
Atəş müəllim qeyd etdi ki, bölgələrə
görə təndirin xüsusiyyətləri də dəyişir:
"Təndirin müxtəlif növləri var. Bunlar bölgələrə
görə dəyişir. Məsələn, cənub bölgəsində
təndirlər əsasən, aşağı hissəsi
geniş, yuxarıya doğru isə daralan formada olur. Şirvan
bölgəsində də palçıqdan hazırlanan bu
cür nümunələrə rast gəlinir. Ancaq Lahıc ərazisində
təndir yerdən qoyulur və ətrafına qənbər
daşları hörülür. Çünki daş
qızanda enerjini itirmir, istiliyi özündə daha
yaxşı saxlayır. Bu cür yerdən olan təndirlərə
analarımız, nənələrimiz əyilərək
çörək yapırdılar. Fikrimcə, bu proses
çox çətin olsa da, texnika olaraq daha münasibdir.
Çünki istiliyin itməməsi üçün yer təndiri
daha effektivdir. Ancaq bayırda olan uzunsov təndirlərin hava
şəraitindən asılı olaraq, divarları soyuyur və
yenidən yandırılması lazım gəlir"
Bu işin çətinliyi haqqında hər gün
çörək aldığım Zeynəb xala ilə
ayaqüstü söhbətləşirəm. Necə deyərlər,
illərdir ki, çörəyi təndirdən çıxan
Zeynəb xala deyir ki, əvvəllər bu iş ona çətin
gəlsə də, artıq öyrəşib: "Xüsusən
də, yay vaxtı isti təndirə girmək dözüm tələb
edir. Ancaq hər şey vərdiş məsələsidir.
Sobada çörək bişirməklə təndirdə
bişirməyin fərqləri çoxdur. Söhbət təkcə
bişirmə üsulundan yox, həm də xəmirin
hazırlanmasından gedir. Çörəyin yaxşı
çıxması tək bizdən asılı olan məsələ
deyil, burada təndirin də böyük əhəmiyyəti
var. Yaxşı təndirdən yaxşı da çörək
çıxır. Dadlı çörəyə həmişə
tələbat var. Düzdür, yay aylarında çörək
alanların sayı lap çox olur, ancaq indi də müştəri
sarıdan korluq çəkmirik. Əsas odur ki, ruzimiz həmişə
olsun".
Aytac SAHƏD
525-ci qəzet .- 2024.- 7 dekabr (№225).- S.15.