Öz içində gizli adam
...1990-cı illərdə mərhum Aydın Məmmədovun
başçılıq etdiyi Tərcümə Mərkəzində
müavin işləyirdim və Kamal Abdullanı da elə o
vaxtlar Aydın müəllimin dostu kimi tanıdım. Daha
doğrusu, o zamandan başlanan
tanışlığımız sonradan dostluğa çevrilərək
indiyə kimi davam edir desəm, yanılmaram.
Əgər Kamal Abdullanı bir neçə sözlə
ifadə etmək lazım gəlsə, mən onu ÖZ
İÇİNDƏ GİZLİ ADAM kimi səciyyələndirərəm.
Məncə, onun bu xarakteri və obrazı istər ictimai fəaliyyətində,
istərsə də əsərlərində özünü
göstərir. Nədənsə tez-tez mənə elə gəlir
ki, hətta bizlər də, ən yaxın dostları da bu
soyuqqanlı, sakit, təmkinli görkəmin arxasındakı,
içindəki gerçək Kamal Abdullanı
tanımırıq. Hansısa ağrı, ya sirr var ki, bunu da
yalnız yazıçı özü bilir. Əsərlərinin
də bu qeyri-adi biçimi, ovqatı, üslubu, hətta fərqli
dili onun yazdığı mövzuların içərisində
gizli qalmaq istəyindən, öz ağrılarını pərdələmək
niyyətindən və dünyanın bütün
dadını duyub görmüş insana xas müdrikliyindən
irəli gəlir. Bunu yazıçının ən məşhur
əsərləri olan "Yarımçıq əlyazma",
"Sehrbazlar dərəsi"ndə də müşahidə
etmək mümkündür. Məncə, bu fərqlilik,
qapalılıq heç də sadəcə, müasir, yeni ədəbiyyat
yaratmaq, yaxud orijinal görünmək xatirinə deyil. Yəqin
ki, bu, həm də doğmalarını, dostlarını
qayğıları ilə yükləməmək istəyindən,
təvazökarlıqdan, müdriklikdən irəli gəlir.
Kamal Abdullanın böyük hadisələrə, dərdlərə,
problemlərə bir az ironik, soyuqqanlı yanaşmasında,
insanların bütləşdirdiyi, doqmaya çevirdiyi məsələləri
sakit tərzdə yazmasında onun xarakteri, həyata
baxışı özünü göstərir.
Doğrusu, Kamal müəllimin "sirlərini
açmaq", əsərlərindən görünən,
gündəlik proseslərdə müşahidə edilən, bəzən
bir kiçik detalla, bəzən böyük hadisələrlə
"özünü təqdim edən"
yazıçını hər kəsə tanıtmaq kimi bir
niyyətim yoxdur.
İllər öncə Kamal Abdullanın "Kamal
Mehdi" imzasıyla yazdığı şeirlərdə də
onun qeyri-adi xarakteri nəzərə çarpırdı.
Yadımdadır, o şeirləri oxuyub onlardakı sirrin, sehrli
auranın səbəbi barədə xeyli
düşünmüşdüm. Görünür, mərhum
rejissor Vaqif İbrahimoğlunun da Kamal Abdulla
yaradıcılığına meylinin, marağının əsas
səbəblərindən biri bu idi. Fərqli estetikası ilə
seçilən "YUĞ" Teatrında Kamal müəllimin
əsərləri tez-tez səhnələşdirilirdi, elə
indi də teatr bu silsiləni davam etdirir.
Kamal Abdullanın nəsrindən danışanda
çox zaman "Yarımçıq əlyazma" və
"Sehrbazlar dərəsi" romanlarından söz
açılır. Yazıçı bu əsərləri ilə
Azərbaycan nəsrinin xaricdə tanınmasına, təbliğinə
də öz töhfələrini verib. Bu əsərlər
rus, ingilis, ərəb, fransız, ispan və neçə-neçə
başqa dillərə tərcümə olunub, müxtəlif
ölkələrdə işıq üzü görüb. Hələ
o zamanlar "Yarımçıq əlyazma"nın kitab
halında çapından öncə doğurduğu fərqli,
təzadlı fikirlər məni
düşündürmüşdü. Əsəri oxuyub fikirlərimi
yazmışdım və müəyyən parçaları
"525-ci qəzet"də yayımlamışdıq. O
vaxtlar qəzetimizin təsis etdiyi "İlin bədii əsəri"
mükafatını da bu romana görə Kamal Abdullaya təqdim
etmişdik. Bundan öncəki illərdə isə həmin
mükafatı Elçinin "Sarı gəlin", Anarın
"Ağ qoç, qara qoç" əsərləri
almışdı.
Hesab edirəm ki, Kamal Abdullanın "Unutmağa kimsə
yox" romanı son illər Azərbaycan
romançılığında ən yaxşı əsərlərdən
biridir. Çağdaş dünya
romançılığının, müasir nəsr
estetikasının bütün tələblərinə cavab
verən bu roman Kamal müəllimin ən sevdiyim əsəridir.
Doğrusu, ədəbi tənqidin və mühitin bu əsərə
lazımi reaksiya verməməsi, əsərin alt qatlarına
enən dəyərli təhlili yazıların
azlığı məni heyifsiləndirir.
Kamal Abdulla, özü demiş, janrı bəlli
olmayan yeni bir kitab nəşr etdirib: "Seçmələrin
seçməsi - qranulalar". Xalq yazıçısı
Kamal Abdulla fərqli olmağı, yenilik etməyi sevir və
bunu bacarır. Polemikanı da xoşlayır: "Sən əgər
əlinə qələm alıb yazmağa başlayırsansa,
artıq tənhasan". Ona görə mən də əziz
Kamal müəllimə sualla başladım bu qranulamı: “Bəs
qələmsiz yazırsansa, onda da tənhasanmı?”
"Qranula cümlədən (mətndən)
bütün artıq hissələri siləndən sonra yerdə
qalan cövhərdir". Bir növ daha çevik,
yığcam, dolğun cümlələr, qısa təəssüratlar,
sevimli şeir parçaları və sair. Kamal müəllim
kitabın ön sözündə bu qranulaların həm
özlərini, həm də aid olduqları ilkin mətnləri
xatırladacaqlarına ümid edir və kitabın oxucusuna hələlik
son hədiyyəsi olduğunu söyləyir. Kitabın nəşrinə
onu ruhlandıranlar da sanballı ədəbiyyat biliciləridir
və qranulaları oxuduqca düşünürsən ki, haqlı
ruhlandırıblar. Nəşrin texniki tərtibatı və
dizaynı nəfis, səliqəli və fərqlidir. Qranulalar
hərəsi bir səhifədə yerləşdirilib. Bu da
oxuduqca nəfəs dərməyə və düşünməyə
imkan verir. Bu kitab Kamal Abdulla yaradıcılığına bələd
olan oxucunu onun tanış əsərlərinə qaytarır,
sevimli mövzularını, obrazlarını
canlandırır, təkrarlayır, yada salır. Kitab müəllifi
yeni oxuyanlar üçün də maraqlıdır. Üzdən
oxuyanlar üçün kitab tez bitir, bu da "kitabı oxuyub
bitirdim" deyə bir özgüvən yaradır. Amma bu
kitabı layiqincə "həzm eləmək", Xalq
yazıçısının daxili dünyasına,
düşüncələrinə dalmaq üçün
kitabı aram-aram, nəfəs dərərək oxumaq vacibdir.
Kitab haqqında geniş danışmaq olar. Amma mən də,
kitabın janrına uyğun olaraq, təəssüratımın
qranulasını yazdım...
Fikrimcə, Xalq yazıçısı Kamal Abdulladan
danışarkən, onun ancaq Azərbaycan nəsrinə bəxş
etdiyi romanlarından söz açmaq heç də kifayət
etmir. Çünki Kamal Abdulla həm də böyük
qorqudşünas alimdir. Onun uzun illərdən bəri Türk
dünyasının möhtəşəm yazılı abidəsi
olan "Kitabi-Dədə Qorqud" dastanını dərindən
tədqiqi, bir-birindən dəyərli töhfələri ilə
qorqudşünaslığı daha da zənginləşdirməsi,
eləcə də dastanın bütün dünyaya bir daha ən
yaxşı şəkildə tanıdılması
üçün gördüyü işlər Azərbaycan
filologiyasının mühüm mərhələsini təşkil
edir.
Kamal Abdulla dastana birtərəfli yanaşmır, onu
daha dərindən, ən gizli mətləblərinə
vararaq, bəzən bir qorqudşünas, bəzən bir
dilçi, bəzən də sanki bir xəfiyyə kimi
araşdırır, öyrənir və öyrədir. Onun
"Gizli Dədə Qorqud", "Sirr içində dastan,
yaxud Gizli Dədə Qorqud - 2", "Mifdən Yazıya,
yaxud Gizli Dədə Qorqud" kimi bir-birini tamamlayan silsilələri,
"Kitabi-Dədə Qorqud"un poetikasına giriş"
monoqrafiyaları mövzuya elmi baxışıdırsa,
"Yarımçıq əlyazma" romanı,
"Casus", "Beyrəyin taleyi" pyesləri, şeirləri,
esseləri isə bədii yanaşmasıdır.
Son illərdə akademik Rafiq Əliyevlə
yazıçı Kamal Abdullanı tədbirlərdə və
məclislərdə birgə çox görürəm,
polemikalarının da şahidiyəm. Və bu birgəlik
2022-ci ildə Xalq yazıçısı, akademik Kamal Abdulla və
AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllifliyi
ilə “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq”
adlı kitabın ərsəyə gəlməsinə səbəb
oldu. Kitabda qədim dastanımız “Kitabi-Dədə
Qorqud”un “dərinində gizlənən
düşüncə tərzinin qeyri-səlis məntiqin dörd
sütununa aid olan spesifik məntiqi sxemlərin
formalaşmasına gətirib çıxarmasından,
dastanımızda qeyri-səlis məntiqə dair kifayət qədər
geniş dil materialının” olmasından söz
açılır. Kamal Abdulla və Rafiq Əliyev indi də
bu yaradıcılıq birgəliyini davam etdirirlər, bundan
sonra da qeyri-səlis məntiq və ədəbiyyatla
bağlı xeyli məqamların yeni kitablarda üzə
çıxacağını gözləyirik.
"Kitab oxumadan da bic, hiyləgər,
çoxbilmiş, işini bilən, hətta ağıllı,
yaxşı, səmimi, mərhəmətli, dəyanətli, cəsarətli,
bir sözlə, sevimli olmaq mümkündür. Belə
adamları həyatda görür və tanıyırıq. O
zaman kitab oxumaq bizə nə verir?! Niyə biz hamını elə
davamlı olaraq kitab oxumağa məcbur edirik?! Bu paradoksu necə
yozmaq, necə həll eləmək lazımdır - mən bunu
bilmirəm. Əsl sirli və həlledilməz məqam da elə
budur..." Bu fikirlər Kamal Abdullanın bir zamanlar "525-ci
qəzet"də dərc olunan esselərindəndir. Orda ədəbiyyat,
yazıçı taleyi haqda maraqlı fikirlər var! Eko ilə
görüşün təsviri də füsunkar və
canlıdır. Rahat oxunan bu iki səhifəlik esselərdə
düşünməyə, müzakirə və mübahisə
etməyə çoxlu məqamlar var. Amma nədənsə mənim
beynimdə məhz yuxarıda gətirdiyim fikirlər ilişib
qalıb. O vaxtdan bu vaxta nə qəbul edə, nə də əksinə
arqument tapa bilirəm! Müəmmayla doldurur zehnimizi Kamal
Abdulla, fərqli yollara işarə edir, bu yollarla cavablar
axtarışına çıxırsan onunla birgə.
Özü isə hər suala cavabında yeni suallar yaradır.
Misraları, cümlələri dillərə
düşür, az qala şüara çevrilir. Çox zaman
heç sözlərinin dərininə gedilmir də! Bir də
görürsən, sonadək dəyişməyənləri,
etibarlı və faydalı olsalar da, maraqsız
adlandırır! “Maraqlı olanlar dəyişən
dostlardı!” - deyir. Yenə bir sualla üz-üzə
qalırsan! Nə dedi bununla Kamal Abdulla?! Sadiq olanlar,
etibarlı dostlar maraqsızdı?! Narahatlıq verənlər,
etibarsız davrananlar orijinaldı, maraqlıdı yəni?!
Yoxsa dostlarını hərəkətə, dinamikaya
çağırır, diri olmaları üçün bu
cür qıcıqlandırır?!Sonralar feysbukda on il boyunca
paylaşdığım statuslarımdan, sms-esselərimdən
ibarət "Qələmsiz yazılanlar" kitabımda Kamal
Abdullanın bu esselərini xatırladım.
Düşündüm ki, statusların bəzilərində
akademik Kamal Abdullanın həmin o yığcam və dərin
mənalarla yüklənmiş esselərinin təsiri hiss
olunur. Bununla bağlı Kamal müəllimə öz təşəkkürümü
çatdırdım və esselərinə görə minnətdarlığımı
bildirdim. Onun münasibəti də məni mütəəssir
etdi.
Bir dəfə Bakı Kitab Mərkəzində Kamal
Abdullanın rumın dilində dərc olunan "Sehrbazlar dərəsi"
kitabının təqdimatında iştirak etdim. Tədbir
iştirakçıları ilə birlikdə əvvəl kitabın
tərcüməçisinə qulaq asdıq, sonra
yazıçının fərqli fikirlərini dinlədik.
Gün Kamal Abdulla Günü idi. Ondan bir neçə saat
öncə Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin yubiley tədbirində də
maraqlı çıxış etmişdi. Kamal müəllim
protokolu da nəzərə alır, məmurluqdan doğan tələblərə
riayət edirdi, amma yazıçılığını da
unutmur - şablon, standart, çərçivəli
danışmır, obrazlarla, yığcam detallarla hadisələrə
bədii yük qatır, düşündürürdü...
Kamal Abdulla həmişə
düşündürür... Yazdıqlarıyla da, söylədikləriylə
də! Əsas da çoxqatlı mətnləriylə!
"Yazmaq üçün təcrid əsasdır" deyib
"sivilizasiyadan uzaq" bir guşəyə çəkilir
tez-tez! Sonra üzə
çıxıb yeni yazılarıyla düşünməyə
mövzu verir, bizi işıq axtarışına, sözlə
ünsiyyətə sövq edir!.. "Unutmağa kimsə
yox" - deyir! Yəni unudulası kimsə qalmayıbmı,
hamı yaddadırmı?! Amma "Kimsə yox
xatırlamağa" da deyir axı... Bilmirsən,
"hamını unutmuşam" deməkdir bu, ya "dostlar
hamısı yerindədir, unudulmalı kimsəm yoxdur!" - mənasındadır?!
Mənə görə, Kamal müəllimin ən
qabarıq və indiki zamanda xeyli fərqli tərəflərindən
biri istedadlı adamı dəyərləndirməsi, istedada
qiymət verməsidir. Həm də Kamal müəllimin bunu
sadəcə, gündəlik işi kimi, işlərinin tərkibi
kimi etməsi xeyli təsirləndiricidir. O,
yaxşılığı özünütəsdiq
üçün, yaxud da dost məclislərində mövzuya
çevirib təriflənməkdən ötrü eləmir.
Elədiyi yaxşılıqları çox zaman unudur.
Yadımdadır, məclislərin birində Kamal müəllimin
əl tutduğu, dəstək olduğu neçə-neçə
adam haqqında danışılanda onun bütün bu deyilənləri
xatırlamadığını və səmimi təəccübləndiyini
müşahidə etmişdim. Kamal müəllimin gənc nəslə
qayğısını, köməyini Bakı Slavyan
Universitetinin rektoru işlədiyi vaxtlardan da hər kəs
müşahidə edib. Bir müddət mən də həmin
universitetdə dərs demişəm və tələbələrin
öz rektorları haqda səmimi, xoş sözləri,
başqa universitetlərlə müqayisədə BSU-da
yaradılmış demokratik mühit barədə dedikləri
yaxşı yadımdadır. Böyük oğlum bu
universitetdə təhsil alıb, onun da tələbəykən
görüb müşahidə etdikləri, azad mühit,
obyektiv imtahan sistemi haqda danışdıqları Kamal müəllimin
rəhbər kimi qurduğu sistemin fərqliliyini göstərirdi.
Bu gün də media mühitində BSU-nun Jurnalistika fakültəsinin
məzunları xüsusi hazırlığı, savadı ilə
seçilirlər. Onun rektorluğu dövründə Slavyan
Universitetində Yaradıcılıq fakültəsinin fəaliyyətə
başlaması, neçə-neçə istedadlı gənci
öz ətrafında birləşdirməsi də çox
mühüm məqamlardan biridir. Hazırda rektoru olduğu Azərbaycan
Dillər Universitetində də eyni yaradıcı ruhla rəhbərlik
etdiyinə əminəm.
Ədəbi, elmi və insani məziyyətləri ilə
ÖZ İÇİNDƏ GİZLİ ADAMın
ehtişamlı, sehrli aurası haqqında danışarkən
niyyətim bu yazıda hansısa sirri açmağa
çalışmaq, qeyri-adi şərhlər verməyə cəhd
göstərmək deyil, yuxarıda sadaladığım
bütün mühüm məqamları ilə Kamal
Abdullanın bundan sonra da uzun illər boyunca ədəbiyyatımızda,
elmimizdə və dostluqda var olmasını arzulamaqdır.
Rəşad Məcid
Mətbuat Şurasının sədri
525-ci qəzet .- 2024.- 7 dekabr (№225).- S.12;13.