İlyas Tapdıq: 90
ilin aynasında
Ədəbi mühitə, söz aləminə gələn
gündən İlyas Tapdıqın adını
eşitmiş, şeirlərini oxumuşdum. Sonra özüylə
tanış olmuş, poeziya gecələrində, "Natəvan"
klubunda keçirilən tədbirlərdə
çıxışlarını dinləmişdim.
Bir vaxtlar Azərbaycan televiziyasında xalq ədəbiyyatı,
aşıq poeziyası ilə bağlı verilişlərinə
də maraqla qulaq asmışdım. Ona görə
"maraqla" deyirəm ki, İlyas Tapdıq ədəbiyyata
saz-söz mühitindən gəlib. Elə şeirlərində
də o saz səsini, o səsin həzinliyini, duruluğunu hiss
etmişəm.
İlyas Tapdıq ədəbiyyata əllinci illərdə
gəlib və səhv etmirəmsə, ilk şeiri -
"Bakının gecəsi" 1953-cü ildə, "Azərbaycan"
jurnalında dərc edilib. Deməli, elə bir vaxtda ədəbiyyata
gəlib ki, poeziya meydanında Səməd Vurğun,
Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim,
Əhməd Cəmil kimi ustadlar vardı, qırxıncı
illərdə yaradıcılığa başlayıb əllinci
illərdə artıq bir şair kimi tanınmağa
başlayan Bəxtiyar Vahabzadə, Qabil, Hüseyn Arif, Nəbi
Xəzri, Əliağa Kürçaylı kimi cavan, istedadlı
şairlərin də varlığını unutmaq olmazdı.
Belə bir dövrdə tələbə-şair İlyas
Tapdıq öz şair fərdiyyətini ortaya qoymalı,
tanınmalıydı. O illərdə şeir meydanı indiki
kimi belə gur, sıx deyildi. O zaman ustadlara, poeziya korifeylərinə
hörmət, məhəbbət və sədaqət vardı,
Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul
Rzanın bircə xoş sözü o şairin taleyinə az
qala hökm kimi yazılırdı. İlyas müəllim əllinci
illərdə təhsil aldığı APİ-nin dil və ədəbiyyat
fakültəsində keçirilən şeir gecələrini,
o gecələrdə S.Vurğunun, M.Hüseynin, S.Rüstəmin,
M.İbrahimovun çıxışlarını, cavan
şairlərə ustad tövsiyələrini
ömrünün ən gözəl xatirələri kimi
anırdı. Və o illərdəki canlı, sırf ədəbiyyat,
sənət mübahisələri üzərində qurulan ədəbi
diskussiyaları da unutmurdu...
İllər keçəcək, İlyas Tapdıq ədəbiyyatda,
poeziyada yeni bir ab-havanın yarandığı 60-70-ci illərin,
yeni sənət meyarlarının formalaşdığı
80-90-cı illərin canlı, heç zaman unudulmaycaq ədəbi
hadisələrinin şahidi olacaq, müstəqillik
dövrünün poeziyaya, şairin duyğu və
düşüncələrinə, mənəvi aləminə
necə təsir etdiyini elə yaradıcılığında
hiss edəcəkdi. Onun bu illər ərzində rus dilində
də ona yaxın şeir kitabı nəşr ediləcək,
tərcümə kitabları da işıq üzü görəcəkdi.
Uzun illər (1957-1992) nəşriyyatlarda çalışacaq
(redaktor, böyük redaktor, baş redaktor), özünün
dediyinə görə müxtəlif müəlliflərin
dörd mindən artıq kitabnı redaktə edəcək,
çapa hazırlayacaq, istedadlı gənc şairlərə
qayğısını əsirgəməyəcək, bəzilərinin
"xatalı" şeirlərini "Qlavlit"
senzurasının "olmaz!" maneəsindən xilas edəcəkdi.
Bir müddət Türkiyədə də işləyib
yaşayacaqdı. Beləliklə, yaşa dola-dola gəlib yeni
əsri də adlayacaq, ağsaqqal şair kimi
tanınacaqdı.
İlyas Tapdıqın poeziyası son yetmiş ilin Azərbaycan
şeirinin keçdiyi yolun mənzərəsi barədə
müəyyən təsəvvür yaradır. Təkcə
uğurları ilə deyil, hətta çətinlikləri ilə
birgə. Və bu mənzərədə İlyas
Tapdıqın da öz yeri görünür.
İlyas Tapdıqın
yaradıcılığında Azərbaycan
torpağının, təbiətinin gözəllikləri əks
olunub, Azərbaycanla, Xəzərlə, onun nadir təbiətinin
nişanələri olan qədim abidələrimitzlə,
qalalarımızla bağlı yüzlərlə şeirlər
yazıb və indi də yazmaqdadır. O, Gədəbəydə
doğulub və sizə də məlumdur ki, Gədəbəy
Azərbaycanın nadir təbiət lövhələrini,
xalqımızın şanlı keçmişini özündə
əks etdirən gözəllikləri ilə məşhurdur.
Mənim fikrimcə, İlyas Tapdıqın ən gözəl
və deyərdim ki, şah şeiri elə Gədəbəyə
həsr olunub. Bəzən olur ki, hansı şairlərinsə
Naxçıvana, Lənkərana, Qarabağa, Qubaya, ya Qazaxa həsr
edilən şeirlərindən məkan adlarını dəyişəndə,
o şeirə heç bir xələl gəlmir, Qubanı
Qazaxla, Naxçıvanı Qarabağla əvəz et, mahiyyət
dəyişmir, çünki o şeirdə təsvir edilən
məkana aid xarakterik, konkret cizgilər yoxdur. Amma
İ.Tapdıqın "Gədəbəydədir"
şeirini oxuyandan sonra bəzi ümumi cizgilərə
baxmayaraq, sənin qarşında yalnız Gədəbəy
canlanır. Buyurun, həmin şeirdən bir neçə bəndi
xatırladım:
Soruşdun hardanam, Şirin xaloğlu,
Ömrümün binası Gədəbəydədir.
Anamın boynuma dolanan qolu,
Yuxumun laylası Gədəbəydədir.
Daşlardan tökülən gur şəlalələr,
Çəmənə od salan yanan lalələr,
Ayaz gecələrdə düşən jalələr,
Otların sırğası Gədəbəydədir.
Gəzib dolaşanda binələrini,
Əzmə çiyələyin dənələrini,
Dərənin dərini, suyun sərini,
Dağların qocası Gədəbəydədir.
"Dəli Koroğlu"ya çəkilən zillər,
Çeçələ barmaqla vurulan güllər,
Gözəllər eşqinə gözəlləmələr,
"Sarıtel" havası Gədəbəydədir.
Cığırlar yollara calaq-calaqdır,
Çeşmələr çaylara budaq-budaqdır,
Qayalar təpədə daraq-daraqdır,
Koroğlu qalası Gədəbəydədir.
İ.Tapdıqın bu şeiri sanki gözəl bir rəsm
əsərini xatırladır və deyim ki, şairin bir
çox şeirlərində poeziya ilə rəssamlıq
duyğusu birləşir, Azərbaycan torpağının bənzərsiz
gözəllikləri barədə əyani təsəvvür
yaradır.
Şairlərin adı qarşısında "təbiət
şairi", "gözəllik şairi", "sevgi
şairi" və s. belə ifadələr işlədilir və
əlbəttə, bunu şərti mənada anlamaq
lazımdır. O şair ki, təbiəti duyur və bu
duyğu şeirdə öz poetik əksini tapırsa,yəni bənzərsiz
bədii təsvir vasitələri ilə süslənirsə,
əlbəttə, o şairi elə bu mənada təbiət
şairi adlandırmaq olar. İ.Tapdıqın bu tipli şeirlərində
təkcə təbiətin gözəllikləri vəsf
olunmur, həm də təbiətin ağrısı qələmə
alınır. Bir ağacın kəsilməyi, ya qocalıb
görkəmini, gözəlliyini itirməsi də
ağrıdır və bu ağrını İlyas Tapdıq
bir çox şeirlərində içindən keçən
bir ağrı kimi təsvir edib:
Dayandı boy-boya, çiyin-çiyinə,
Deyildi hər sözü, sirri yollara.
Döndü yolçuların yaşıl evinə,
Düşdü yarpaq-yarpaq ömrü yollara.
Dayanıb daş olduq əli qoynunda
Quruyan ağacın sahibi kimdir?
Çinar torpağında, palıd yurdunda
Ağacı quruyan yollar yetimdir.
Öncə dedim ki, İlyas Tapdıq ədəbiyyata
saz-söz mühitindən gəlib. Onun şeirlərində
bir çox obrazlar (Dağ, Qaya, Bulaq və s.) var ki, onlardan da
biri SAZdır. Deyərdim ki, bu obraz təkcə simvolik məna
daşımır, həm də çox canlı İlyas
Tapdıqın şeirlərində səslənir. Saz onun
şeirlərində Kərəm naləsidir, Qərib səsidir,
zərif duyğuların zərif səsidir, yaralı
durnanın qərib səsidir, Kərəm
yanğısıyla gileylidir. Onun şeirlərində
"Göyçə gülü" çiçək-çiçək
açılır.
İ.Tapdıq ənənəyə möhkəm
bağlı olan və onun təəssübünü çəkən
şairlərdəndi (hərçənd, onun sərbəst
şeirləri də var) və bu təəssübkeşlik
onda öz ifadəsini tapıb ki, qələmə
aldığı qoşma və gəraylılarında, heca vəznli
digər şeirlərində ənənəni yaşada bilib.
Əl elədin - baxdın mənə,
Gözlərinin yaşı düşdü.
Parıldadı - elə bildim,
Üzüyünün qaşı düşdü.
Bu nə idi axşam vaxtı,
Bir çay olub qatar axdı.
Saçlarını sərpib baxdın,
Ürəyimin başı düşdü.
Poeziyamızı düşündürən hansı
mövzular olubsa, İlyas Tapdıq o mövzularda öz
sözünü deyə bilib. Həm də özünəməxsus
şəkildə. Amma bu yazıda bir məqamı xüsusi vurğulamaq
istəyirəm - o da İlyas Tapdıqın gözəl bir
uşaq şairi olmasıdır. Son 60 ilin uşaq
poeziyasını İlyas Tapdıqın
yaradıcılığı olmadan təsəvvür eləmək
mümkün deyil. Burada görkəmli yazıçı-tənqidçi
Elçinin təxminən 27 il əvvəl yazılmış
və indi də aktuallığını itirməyən
"Azərbaycan uşaq ədəbiyyatı haqqında" məqaləsinə
müraciət etmək istəyirəm. Elçin müəllim
yazırdı: "Azərbaycan uşaq ədəbiyyatının,
xüsusən şeirinin istedadlı nümunələrində
məhz bu cəhət, yəni sözün ən sadə,
lakin emosional təsir baxımından tez sirayət edən,
rahat qavranılan, yaddaqalan, təmtəraq, elitarlıq və
quramaçılıqdan uzaq xəlqi çalarından istifadə
etmək bacarığı özünü göstərir.
M.Ə.Sabirin, A.Səhhətin, A.Şaiqin uşaq şeirlərində
formalaşan və Azərbaycan uşaq poeziyasının
M.Seyidzadə, M.Rzaquluzadə, T.Elçin, X.Əlibəyli kimi
görkəmli nümayəndələri tərəfindən
cilalanıb inkişaf etdirilən həmin poetik xətt bu
gün Məstan Əliyev, Tofiq Mahmud, İlyas Tapdıq, Zahid Xəlil
kimi uşaq şairlərinin əsərlərində estetik
bir leytmotiv rolunu oynayır və uşaq poeziyasının
effektli mütaliə və idrak materialına çevrilməsinə
münbit zəmin yaradır".
Qeyd edim ki, İlyas Tapdıqın gözəl bir
uşaq şairi olmasından, şeirlərində uşaq
psixologiyasına bələdliyindən və bu sahədə
ardıcıl fəaliyyət göstərməsindən digər
müəlliflər də söz açmışlar. Onun
"Meşənin mahnısı", "Çiçəklərim,
güllərim" şeirlər-poemalar kitabları bir
neçə nəslin yaddaşında həkk olunan poeziya
örnəkləridir.
İlyas Tapdıq uşaq şeirlərində
romantikaya meydan açıb, uşaqları təkcə
dünyanın bilməcələri ilə tanış
olmağa deyil, həm də gələcəyə
qanadlandırıb. Bir nümunə göstərək:
Nənənin evində gəbə var.
Gəbənin üstündə dəvə var.
Dəvənin belində təpə var.
Təpənin üstündə nəvə var.
Dəvənin yunundan toxunur gəbələr,
Gəbələr üstündən boylanır dəvələr.
Dəvələr belində dayanıb təpələr.
Təpələr üstündə oynaşır nəvələr.
Bu, xalis uşaq şeiridir: uşağa çox sadə
şəkildə bir gəbə, onun üzərində nəqş
olunmuş şəkil barədə əyani təsəvvür,
məlumat vern, dəqiq informasiya yaradan (həm də necə,
poetik detallarla) bir şeirdir. Təfərrüata varmadan deyə
bilərəm ki, İlyas Tapdıq əsl uşaq şairidir.
Bu şeirlərin çoxunda o, Azərbaycan şeirinə məxsus
alliterasiyalardan məharətlə istifadə edib (xüsusilə,
yanıltmaclarda). Məsələn, onun çox qısa bir
şeirini nümunə gətirək: "Daşkəsən
dağ şəhəri, Dağlarin ağ şəhəri".
Allah İlyas Tapdıqın ruhunu şad eləsin!
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet .- 2024.- 10 dekabr(№226).-S.11.