Onu şeirləri yaşadacaq
Unudulmaz şairimiz Qafar Süleymanın xatirəsinə
O, haysız-haraysız, səs-səmirsiz
yaşayıb-yaradır, erkən yaşlarından, orta məktəb
illərindən şeir yazırdı. Şeirləri ötən
əsrin 70-ci illərinin dövri mətbuatında arabir
çap da olunurdu. Bu o vaxtlar paytaxtdan kənarda, kiçik əyalət
şəhərində yaşayan cavan müəllif
üçün böyük nailiyyət idi. Sonralar neçə-neçə
kitabı çıxdı. Şeirləri rus dilinə tərcümə
olundu.
Gah kədərli, gah sevincli-nəşəli -
Mənim günüm belə keçib həmişə.
Bu torpağa ayaq basıb düşəli,
Mənim günüm belə keçib həmişə...
- deyə 73 illik bir ömür yaşayan Qafar
Süleyman indi, 40 gündür ki, öz haqq dünyasında əbədi
günlərini keçirməkdədir.
Qeyd etdiyim kimi, ədəbi yaradıcılığa
erkən - orta məktəb illərindən
başlamışdı. İllər keçdi. Qafar
Süleyman 10-dan çox şeir kitabının müəllifi
oldu. Yazıçlar Birliyinə üzv oldu. Bir ara qəzetdə
çalışmışdı. Publisistik yazıları
maraqla oxunurdu. Yaxşı saz çalmağı var idi.
Aşıqlarla da oturub-dururdu. Azərbaycan Aşıqlar
Birliyinin də üzv qəbul edildi.
2007-ci ilin qışın astanada olduğu dekabr
ayının soyuq günlərinin birində
"Şabran" ədəbi məclisinin fəaliyyətinin
30 illik yubileyi o zaman rayona yenicə İcra Hakimiyyəti
başçısı təyin edilmiş Novruz Novruzovun - qələm
dostumuz Novruz Nəcəfoğlunun təşəbbüsü əsasında
təntənə ilə qeyd edildi. O tədbirdə paytaxtdan,
AYB-dən nümayəndələr, adlı-sanlı sənətkarlar,
hətta Milli Məclisin deputatlarından iştirak edənlər
də var idi.
Ən çox sevinən, sevincindən qol-qanad
açan Qafar Süleyman idi. Axı, neçə illər idi
ki, həmin məclisə rəhbərlik edirdi. Hər il məclis
üzvlərinin əsərlərindən ibarət toplu
hazırlayıb çap etdirirdi. Bölgədə ədəbi
mühitin canlanmasına çalışırdı.
lll
Qafar hal-xasiyyətcə çox həlim, sakit,
ünsiyyətcil, əliaçıq, səxavətli, qonaqpərvər
adam idi. Bakıdan, bölgələrdən neçə-neçə
tanınmış, adlı-sanlı qələm dostları
darısqal evində o geniş qəlbli insanın halal
duz-çörəkli süfrəsinin qonağı
olmuşdular.
Vəfatından sonra əslən Qubadan, Qonaqkənddən
olan dostumuz şair Tofiq Nurəli ilə zəngləşdik.
Tofiq, Qafarın vəfatından gec xəbər tutduğunu,
yaxınlarına, doğmalarına onun
başsağlığını
çatdırmağımı xahiş edib sonra da:
- Aydın, dünyasını dəyişən
dostumuzla bağlı yəqin ki, heç zaman
unutmayacağım bir xatirəm var, - dedi, - yazıb
yollayacağam sənə.
Və telefon zəngimizin elə ertəsi gün indi bu
yazımda bir neçəsini iqtibas gətirdiyim cümlələri
yazıb yolladı:
"Günlərin bir günü telefonuma zəng gəldi.
Qafar Süleyman idi.
- Yaxın bir qələm dostumla kəndinizə -
Yerfiyə yolumuz düşmüşdü, - dedi, - həmkəndlilərinizdən
sizin evinizin yerini soruşduq. Nişan verdilər. Qarın
içində, dədə-baba mülkünüzün qənşərində
lal-dinməz durub evinizə, evinizin söykəndiyi
sıldırımlı qayalara xeyli baxdım. Ağlıma gəldi
ki, burdan bir daş götürüb gətirim. Bax o daş
indi Şabranda, bizdədir. Könlünə nə vaxt Qonaqkəndə,
Yerfiyə getmək düşsə, amma getmək imkanın
olmasa, gəlib o daşla bizdə görüşə bilərsən..."
Tofiq xatirəsini kövrək cümlələrlə
tamamlamışdı: "Düzü, Qafara deməyə
söz tapmadım. Bu, Yerfidən "dalımca gələn"
ikinci doğma daş idi. Birinci daşı Yerfidən ata-baba ocağından
səhərə köç edəndə anam gətirmişdi.
Həyətimizdən ikinci daşı şair Qafar Süleyman
gətirdi..."
Şabranda doğulmuşdu, Şabranda
böyüyüb boya-başa çatmışdı. Əmək
fəaliyyətinə başlamışdı.
Ömrünün axırınacan da burada yaşadı.
Anası Qubanın qaim-qədim Çiçi kəndindən
idi. Dünyadan köçəndə Güldənə
xanımı oğlanları vəsiyyətini yerinə yetirib
dünyaya göz açdığı Çiçi kəndində,
dədə-baba qəbiristanlığında torpağa
tapşırdlar.
Uzun müddət yataq dustağı olan Qafar
Süleyman əcəlin yaxınlaşdığını
duyaraq doğmalarına, yaxınlarına son vəsiyyətini
etdi. Çapa hazırladığı kitablarının nəşrini
yox, onu da anasının yanında dəfn etmələrini
xahiş etdi. Analar övladları üçün nə qədər
darıxıb görüşməyə tələssələr
də, təkcə axirət günündəki
görüşün uzun çəkməsini arzulayarlar. Bir
oğul kimi, Qafarsa, yəqin ki, məzarının
yanındakı qəbrində bir vaxt beşiyi başında
laylalarını, oxşamalarını eşitdiyi
anasının səsi üçün
darıxmışdı, qəribsəmişdi. Anasının
bayatıları, laylaları, oxşamaları ilə körpə
qəlbində şeirin, sənətin ilk
qığılcımları oyanan Qafar Süleyman müqəddəs
bildiyi sözün gücü ilə məzarda da qələmə
sarılacağına, bəlkə də, inanırdı, o ki,
qaldı anasının dilindən çıxan sözlər
ola...
lll
Ömrünün 65-ci ilinin tamamına həsr etdiyi
şeirində belə bir bənd də yer alıb:
Nə dizdə taqət var, nə canda dözüm,
Nə vaxtdır açılmır, gülməyir
gözüm,
Əgər məndən sonra qalmırsa izim,
Onda nə mənası yaşayım daha?
O vaxt canındakı ağrı-acıların qalxmasına
hələ xeyli var idi...
İnsandan qalan təkcə yollarda,
cığırlarda ləpirlərinin saldığı izlər
deyil...
Qafar Süleymanı soraqlayanlara, izini axtaranlarasa onun
ürəyində-qəlbində yaşada-yaşada
istedadının gücü çatanacan yazdıqları,
qoyub getdiyi şeirləridir.
Ruhun şad, məkanın cənnət olsun, unudulmaz
Qafar Süleyman!
Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri
525-ci qəzet .- 2024.- 11 dekabr(№227).-S.13.