"Nizami və Azərbaycan
mədəniyyəti"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı Bakı Xoreoqrafiya Akademiyasının müəllimi,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Aysel Məmmədəliyevadır. Onunla Xalq rəssamı
Oqtay Sadıqzadənin "Nizami və dünya mədəniyyəti"
silsiləsindən "Nizami və Azərbaycan mədəniyyəti"
əsəri haqqında danışmışıq.
Oqtay Sadıqzadə sənətin mənəvi və
bədii dərinliyini mükəmməl ifadə edən sənətkardır.
Xalq rəssamı mədəniyyətimizin zəngin irsini
müasir rəssamlıq üslubu ilə birləşdirərək
incəsənət tariximizdə unudulmaz iz qoyub. Onun əsərləri
milli kimliyi ifadə edən yüksək bədii nümunələrdir.
Rəssamın yaradıcılığının səciyyəvi
xüsusiyyətləri kimi klassik kompozisiya qurmaq məharətini,
əsərlərinin məna və məzmun
dolğunluğunu, surətlərinin dəqiq bədii işlənilmə
həllini və xarakterik xüsusiyyətlərinin ifadəliliyini,
kolorit zənginliyini, əlvan işləmə
manerasını və digər xüsusiyyətlərini də
qeyd etmək olar. Onun sənət dünyası təkcə rənglərin
harmoniyasını deyil, həm də mənəvi dərinliyi
və estetik kamilliyi ifadə edir. Oqtay Sadıqzadə ədəbiyyatı
təsviri sənətə gətirən sənətkar kimi
sözə rəng qatmağı bacarırdı.
Rəssamın Azərbaycan xalqının görkəmli
şəxsiyyətlərinin portretlərindən ibarət rəsmlər
qalereyası milli mədəniyyətimizə dərin hörmət
aşılamaqla yanaşı, nadir kolorit
bütövlüyü və səlisliyi ilə də səciyyələnir.
Yaratdığı portretlər Azərbaycan ədəbiyyatı
və tarixinin ölməz şəxsiyyətlərinin ruhunu
yaşadan bədii salnamələrdir. Rəssamın hər
bir əsərində tarixin izləri, mənəvi dəyərlər
və zamanın iztirabları insan ruhunun ifadəsi kimi təqdim
edilir.
Oqtay Sadıqzadənin obrazların təkrarolunmazlığı,
kompozisiya üsullarının müxtəlifliyi və rəngkarlıq
həllinin mükəmməlliyi ilə seçilən
"Nizami Gəncəvi və dünya mədəniyyəti"
adlı monumental silsilə əsərləri, Qətran Təbrizinin,
Xurşidbanu Natəvanın portretləri, "1937-ci il
repressiyasının qurbanları" tablosu və
"Hüseyn Cavidin aləmi" triptixi məhz bu qəbildəndir.
- Aysel xanım, "Nizami Gəncəvi və dünya
mədəniyyəti" silsiləsi necə yaranıb?
- 1993-cü ildə Nizami adına Ədəbiyyat muzeyi
mərkəzi salonununda asılacaq ekspozisiya üçün
Xalq rəssamı Oqtay Sadıqzadəyə sifariş verilir.
Divarın böyük sahəsi rəssamın öz
mülahizəsinə görə doldurulmalı idi.
İstedadlı sənətkar uzun müddət
düşündükdən sonra bir-birilə əlaqəli 5
böyük silsilə əsər yaratmaq qərarına gəlir.
Ortada (235x130) ölçüdə, onun sağ və sol tərəflərində
nisbətən kiçik (220x100) ölçüdə tablo
yer alır. Rəssam böyük hazırlıq işləri
görüb Nizaminin dövrü, o dövrün
memarlığı, incəsənəti, geyimləri barədə
material toplayır. Bu tablolara Oqtay Sadıqzadə 6 ildən
çox vaxt sərf edir və nəhayət, 1999-cu ildə əsərlərin
təqdimat mərasimi keçirilir.
Silsiləyə daxil olan hər bir kompozisiyanın bədii
həllində obrazların dəqiq və ekspressiv formada təsviri
diqqəti cəlb edən nüanslardandır.
- Sözügedən əsərin rəng həlli necədir?
- Rəssam zəngin sənət metodlarına əsaslanaraq,
uğurlu kolorit həlli, əlvan rəng keçidləri və
mahiranə rəng yaxıları ilə uğurlu əsərlərin
yaradılmasına nail olub. İstifadə olunan
qızılı, mavi və torpaq rəngləri həm mənəvi
əzəməti, həm də doğma torpağın ruhunu əks
etdirir. Oqtay Sadıqzadənin rəng palitrası və
kompozisiya quruluşu Azərbaycan miniatür sənətinin
elementlərini xatırlatsa da, tamamilə müasir təsviri sənət
dilində təqdim olunur. Əsərdə isti, soyuq, torpaq
tonları və tünd rənglərdən istifadə olunub.
İsti rənglər əsərin ön planda olan
fiqurlarında daha çox nəzərə çarpır.
Göygöl mənzərəsinin rəng palitrası sakit və
təbii tonlardan ibarətdir. Mavi və göy rənglər mənzərənin
əsasını təşkil edir. Yaşıl tonlar isə təbiətin
zənginliyini və həyatla harmoniyasını
simvollaşdırır. Bu rənglər, həmçinin Gəncə
ərazisinin özünəməxsus landşaftını
göstərir və təbii gözəlliklərə olan bədii
münasibəti ifadə edir.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- "Nizami və Azərbaycan mədəniyyəti"
Azərbaycan təsviri sənətində monumental bədii irs
nümunəsidir. Bu əsər rəssamın Nizami Gəncəvi
şəxsiyyətinə və onun yaratdığı mədəni
irsə olan dərin ehtiramını əks etdirir. Əsərin
kompozisiyası sənətkarlıq baxımından
çoxşaxəli və konseptual baxımdan zəngin
quruluşa malikdir. Bu işdə rəssamın əsas prinsipi
ciddi və sakit ritmdə böyük müstəvi üzərində
qurulmuş kompozisiyanı inkişaf etdirmək idi. Monumental
tablonun sağ və sol hissəsində yeddi fiqur yerləşdirilib. Tabloda
yalnız Nizami Gəncəvi obrazı deyil, həm də Azərbaycan
mədəniyyətinin inkişafında mühüm rol
oynamış tarixi şəxsiyyətlər, ədəbiyyat
və sənət xadimləri təsvir olunub. Bu, milli mədəniyyətin
zaman və məkan daxilindəki təntənəsini sənət
vasitəsilə əks etdirən bənzərsiz
kompozisiyadır. Hər bir fiqur O.Sadıqzadənin
üslubunda, öz dövrünün və sosial rolunun
xüsusiyyətlərinə uyğun olaraq incə detallarla
işlənib.
Yuxarıdan aşağıya doğru istiqamətlənən
kompozisiyanın mərkəzində, bir qədər yuxarı
hissədə Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi Nizami Gəncəvinin ayaq üstə
dayanmış obrazı yer alıb. Şairin təsviri dərin
düşüncələrə qərq olmuş, əbədiyyətlə
danışan müdrik obraz kimi təqdim edilir. Obrazın əlindəki
kitab həm biliyin, həm də maarifin simvoludur. Nizami Gəncəvi
obrazının fonunda Azərbaycanın füsunkar təbiəti,
əsrarəngiz təbiət incisi Göygöl, uzaq planda əzəmətli
Kəpəz dağı təsvir edilib. Ətrafda isə
müxtəlif tarixi və mədəni simalar Azərbaycanın
zəngin mədəni irsinin canlı şahidləri kimi
sıralanıb. Mərkəzi obrazın ətrafında və
aşağı planda rəssam böyük mütəfəkkirin
müasirlərini və sonrakı dövrlərin
tanınmış simalarını əks etdirib.
Nizamiyə yaxın planda, tablonun sol hissəsində
milli geyimdə, başından yerə qədər uzanan üzəri
nəbati naxışlarla bəzədilən zərif
tülünü əli ilə tutan vəziyyətdə Məhsəti
Gəncəvinin, əlində müəllifi olduğu
Möminə Xatun türbəsinin maketini tutmuş Əcəmi
Naxçıvaninin obrazları yer alır. Onların diqqətli
nəzərləri ehtiramla şairə dikilib.
Aşağı planda isə Oqtay Sadıqzadə Şah
İsmayıl Xətainin, Məhəmməd Füzulinin və
Nəsirəddin Tusinin obrazlarını oturan vəziyyətdə
əks etdirib. Rəssam kompozisiyada dinamik harmonikliyə nail
olub, obrazları bir-biri ilə əlaqələndirib,
onların arasında sanki canlı təmas yaradıb. Müxtəlif
dövrlərdə yaşamasına baxmayaraq, bu şəxsiyyətlərin
arasında təbii bağlılıq, həmrəylik hiss
olunur. Tabloda Məhəmməd Füzuli ilə Şah
İsmayıl Xətai söhbət edən yerdə təsvir
edilib, onlardan xeyli əvvəl ömür sürmüş Nəsirəddin
Tusi isə əlini qoynuna qoyaraq maraqla onları dinləyirmiş
kimi təsvir olunub.
Nizaminin sağ tərəfində rəssam Üzeyir
Hacıbəylinin və Səməd Vurğunun surətlərini
yaradıb. Səməd Vurğunun Nizamiyə dikilmiş nəzərlərində
həm diqqət, həm də şair
dalğınlığını görmək
mümkündür. Səməd Vurğun Azərbaycan ədəbiyyatının
ən böyük şairlərindən biri olaraq, əsərdə
müasir dövrün ədəbi təmsilçisi kimi yer
alır. Üzeyir Hacıbəyov Azərbaycanın musiqi mədəniyyətinin
əsasını qoyan şəxsiyyət olaraq əsərdə
yer alır. Onun fiquru Azərbaycan musiqisinin
inkişafını və bu sahəyə verdiyi böyük
töhfələri simvollaşdırır.
- Bir sözlə, portret janrının ustası kimi
şöhrət qazanan sənətkar bu janrın verdiyi
imkanlardan məharətlə yararlanıb.
- Bəli. Bu əsərdə kompozisiyanı təşkil
edən hər bir obrazın güclü xarakteri, zəngin
daxili aləmi yüksək sənətkarlıqla təsvir
edilib. Portretlərin hər birində insan xarakteri, intellektual dərinlik
və mənəvi zənginlik hiss olunur.
- Tablo hazırda harada saxlanılır?
- "Nizami Gəncəvi və Azərbaycan mədəniyyəti"
əsəri də daxil olmaqla "Nizami Gəncəvi və
dünya mədəniyyəti" silsiləsindən olan
bütün əsərlər Nizami adına Ədəbiyyat
muzeyinin mərkəzi salonunda saxlanılır.
- Oqtay Sadıqzadə yaradıcılığının
özünəməxsus xüsusiyyətlərini bu əsərdə
necə görürük?
- Oqtay Sadıqzadənin yaratdığı əsərlərin
fərqli və ortaq cəhətlərini analiz edərkən zəngin
rəng palitrası, klassik kompozisiya qurmaq məharəti və
bədii surətlərin dəqiq işlənməsi diqqəti
çəkir. Rəssam həm qrafika, həm də rəngkarlıq
sahələrində işləyərək portret, monumental
tablolar və tarixi mövzulara aid silsilələr yaradıb. Bədii-fəlsəfi
məna, kolorit və rəng həllini rəssamın əsərlərinin
ortaq cəhəti kimi götürə bilərik. Oqtay
Sadıqzadə yaradıcılığında milli mədəniyyət
və tarixə bağlılıq ön plandadır.
"Nizami və dünya mədəniyyəti" silsiləsi,
"Hüseyn Cavidin aləmi" triptixi və "Qətran Təbrizinin
portreti" kimi işlərində milli və bəşəri
dəyərlərin ahəngdar birləşməsi
görünür. Həmçinin rəssam əsərlərində
canlı və simvolik rənglərdən istifadə edərək
kompozisiyaya daha təsirli təsvirlər verir. Bu xüsusiyyətlər
onun həm tarixi portretlərində, həm də monumental əsərlərində
özünü göstərir.
Oqtay Sadıqzadə həm tarixi-mədəni
mövzulara, həm də sosial problemlərə toxunan əsərlər
yaradıb. "1937-ci il repressiyasının qurbanları" əsəri
daha dramatik ruhda işlənib, digər tarixi portretlər isə
simvolizmlə zəngindir. O, müxtəlif janrlarda - portret, mənzərə
və süjetli tablolarla yanaşı, bədii qrafika sahəsində
də mühüm işlər görüb. Əlvan boyalar və
detallı təsvirlər rəssamın fərqli
üslublarını ortaya qoyu.
- Sizcə, rəsm bizə nə deyir?
- "Nizami və Azərbaycan mədəniyyəti"
əsərində rəssam bədii təsvir vasitəsilə
keçmişlə gələcək arasında körpü
yaradır. Burada tarixi ənənələrə dərin
bağlılıqla yanaşı, gələcəyə inam və
mədəni davamlılıq ideyası da öz əksini
tapır. Rəssam mədəniyyətin
zamanla necə inkişaf etdiyini, tarix və mədəniyyətin
bir-birini necə tamamladığını və bu
inkişafın davamlılığını
simvollaşdırır. Bu əsər bizə mədəniyyətimizi
qorumağa və zənginləşdirməyə olan məsuliyyətimizi
xatırladır.
Aytac SAHƏD
525-ci qəzet .- 2024.- 11 dekabr(№227).-S.12.