Bir əli
keçmişdə, bir əli xalqın nəbzində
Bu suala həmişə cavab axtaracaqlar - bu gün də,
sabah da. Nədir Heydər Əliyev möcüzəsinin sirri? O,
qadir dövlətçi, dərin siyasətçi idi, mahir təşkilatçı,
ilhamlı qurucu idi. Hansı səmtə üz tuturdusa orada
misilsiz idi, qüdrətli idi. Bu daimi böyüklüyün,
tükənməz qüdrətin hikməti nə idi?
Bəlkə də çətindən-çətin
görünən bu sualın sadədən-sadə bir cavabı
var. Heydər Əliyev ömrü boyu dilimizə və elimizə
bağlı oldu. Dilimiz və elimizsə torpaqdır.
Torpağın üstündə nəsil-nəsil
yaşamış insanlardır, ata-babalarımızdır,
ata-babalarımızn minillər boyu yaratdığı mənəvi
sərvətlərdir. Heydər Əliyev ömrü boyu dilimizə,
elimizə, mənəvi sərvətlərimizə sahib oldu,
gücü onlardan aldı.
Qədim Antey haqqındakı əsatirdə ibrət
var. O, gücünü torpaqdan alırdı. Ayağı yerdən
üzülən kimi taqətdən düşməyə, zəifləməyə
başlayırdı. Heydər Əliyev mübarizələrdən
keçdi, savaşlardan adladı, sınaqlarla üzləşdi.
Heç vaxt gücü azalmadı, heç vaxt taqəti
tükənmədi. Həmişə müvəffəq oldu,
daim məqsədə yetişdi,
qarşılaşdığı dürlü sınaqlardan
müdam zəfərlə çıxdı. Çünki
möhkəm təməl üzərində
ucalmışdı, ona görə ki, ayaqları həmişə
ana torpağın üzərində idi, o səbəbdən
ki, həmişə dilimizə və elimizə bağlı
idi. Bu əbədi qaynaqlardan bəhrələnənlərin,
dildən və eldən qüvvət alanların gücü
tükənərmi?! Ömrü boyu dildən və eldən
enerji aldığından həyatı uzunu borcunu
qaytarmağı da ən ümdə vəzifəsi saydı,
dilimizi və elimizi daha möhtəşəm etməkçün
bacardığını əsirgəmədi. O üzdən də
Heydər Əliyevin hələ bundan belə nə qədər
yaşayacağı da dəqiq bəllidir - onun ömrü elə
dilimizin və elimizin ömrü qədər olacaq.
...Vaxtın insana öyrətdiyi əsas dərs
barışmaq qabiliyyətidir. Dünyayla, onun dəyişməz
həqiqətləri ilə barışmadan yaşamaqda davam
etmək mümkünsüz olardı. Barışmalı
olduğumuz ən kədərli gerçəkliksə bizə
əziz, doğma olan insanlardan əbədi
ayrılıqlardır. Dünənəcən səninlə
bir yerdə olan, duyğu, düşüncə
bölüşən, sənin və ətrafdakıların həyatını
daha mənalı edən əzizlər bir-bir gedir.
İnsanların ömürlərindən qopan yeridolmaz itkilərə
tab gətirərək, taleyin belə gərdişi ilə
razılaşaraq yaşamaqda davam etməsinin səbəbi
heç vəchlə tükənməyən, daim diri qalan
xatirələrdir. Özləri sönsələr də,
işıqları insanlara doğru yüzillərlə
uçmaqda davam edən uzaq ulduzlar kimi hafizədə qalan izlər
bizə munis olmuş insanları biryolluq getməyə qoymur,
bizimlə saxlayır, yaddaşımızdakı surətlərini
yeri düşdükcə məhrəm həmsöhbətlərimizə
çevirir.
Amma illərin arxasında qalmış o unudulmaz
axşam ki indi yenidən canlandırmaq istəyirəm, onu təzədən
bugünə qaytarmaq üçün yaddaşa güc gəlməyə
ehtiyac yoxdur. Çünki həmin axşam insan
yaddaşından qat-qat möhkəm bir hafizəyə həkk
olunub. Bir axşam Azərbaycan televiziyasında
görüşmüşdük, etdiyimiz söhbətlər,
yada saldığımız anlar hamısı
yazılmışdı, sonra həmin yazının əsasında
veriliş hazırladıq, o gün ertəsi axşamı
artıq həmin söhbəti Azərbaycan boyu ekran
qarşısında olanların hamısı eşitdi, hətta
növbəti illərdə də o yazı bir neçə dəfə
təkrarlandı, lakin sonra həmin söhbət əsnasında
masa arxasında oturmuşlar bir-bir dünyasını dəyişməyə
başladı.
O gün unudulmaz Heydər Əliyevi anmaq, onun
haqqında düşüncələrimizi, xatirələrimizi
bölüşməkçün toplanmışdıq.
Tarixçi, etnoqraf ailm, akademik Teymur Bünyadov idi, Milli Məclisin
deputatı, bir vaxtlar Naxçıvanda mədəniyyət
naziri, raykom katibi və digər yüksək vəzifələri
tutmuş, sözün əsl mənasında ağsaqqal olan Fəttah
Heydərov idi, görkəmli şərqşünas, akademik
Vasim Məmmədəliyev idi, Xalq şairi Fikrət Qoca idi,
bir də mən. İlk gedən Vasim müəllim oldu. Onu
2019-cu ilin 13 oktyabrında itiridk. 2020-nin 2 avqustunda Fəttah
müəllimdən ayrıldıq, 2021-in 5 mayında Fikrətsiz
qaldıq, 2022-nin 8 aprelindəsə Teymur müəllim bizi tərk
etdi. Anlayan yanında ən maraqlı bədii filmdən daha
çəkici və faydalı olan bu söhbət qalıb
Televiziya və Radio Şirkətinin arxivindəki bir rəfdə,
çətin ağlım kəsir ki, haçansa onu yenidən
bütöv halda efirə vermək yada düşsün. Ancaq
həmin söhbətlər gərək itməsin axı.
"İtməsin" decəyin, itməyəcək, arxivdə
qalmağına qalacaq. Lakin kimsəyə görünmədən,
eşidilmədən elə bir rəfdə illərcə
sükut içərisində qalmaq elə itmək kimi bir
şeydir. Ancaq istəyirəm ki, o əziz insanları
bugünə gətirim, həmin yaddançıxmaz axşamda
söylədiklərini köçürüm kağıza,
bu minvalla onlar özləri də, etdikləri söhbətlər
də, haqqında danışdıqları böyük Heydər
Əliyev də yenidən bizimlə üz-üzə
dayansınlar.
O axşam sözümüz mənəvi dəyərlərimiz
və Heydər Əliyevin bizi biz edən bu sərvətimizi
qoruyub yaşatmaq yolundakı çalışmaları barəsində
idi. Akademik Teymur Bünyadov söhbətini tariximizin
uzaqlarından başlamış, dövlətçiliyimizin
3000 ilə sığan tarixinə ötəri səfər edərək
müqayisə aparmışdı. Demişdi ki, bizim dünənimizdə
Manna dövləti var, onun assurlara, midiyalılara qarşı
vuruşan başçısı İzirtu olub, Makedoniyalı
İsgəndərə qarşı incə siyasət
aparmış, xalqını qorumağı bacarmış,
yunanlar sarıdan gələ biləcək təhlükələri
istisna etməkçün İsgəndərlə qohumluq əlaqələri
yaratmış Atropat, ərəblərə, iranlılara, xəzərlərə
qarşı vuruşmuş Cavanşir olub. Əlavə
etmişdi ki, bizim ən qüdrətli sülalələrimizdən
olan Atabəylər dövlət qurub, bu şəcərənin
Şəmsəddin Eldəgiz kimi mərd, tədbirli oğlu
varmış, sonra Qara Yusifin önündə getdiyi Qaraqoyunlu
dövləti, Uzun Həsənin idarə etdiyi Ağqoyunlu
dövləti gəlib, tarix növbəni yenilməz sərkərdə
və dövlət xadimi Şah İsmayıl Xətaiyə
ötürüb.
Və Teymur müəllim sidq ürəkdən təsdiqləyirdi
(özü "bütün cəsarətimlə deyə bilərəm"
söyləyirdi) ki, Heydər Əliyev bunların heç
birinə bənzəmir və onların hamısı birlikdə
bütöv, güclü Azərbaycan naminə Heydər
Əliyevin gördüyü işi görməyib. Həyatını
tariximizi və xalqın milli özünəməxsusluqlarını
öyrənməyə həsr etmiş alim Heydər
Əliyevin bütün universal bilik və qabiliyyətlərinin
fövqündə bu nadir şəxsiyyətin əsas
ixtisası və missiyasını müəyyənləşdirməyə
cəhd edərkən onu "xalqşünas"
adlandırmışdı.
O vaxt da bu ifadəni bəyənmişdim, indi də bu
sözün Heydər Əliyevə aid edilərkən tam
yerindəliyi, sərrast olması qənaətindəyəm.
Xalqşünaslıq xalqı yaxşı tanımaq, yurdun və
elin dəyərlərinə dərindən aşina
olmaqdır. Heydər Əliyev Azərbaycan dilini çox
sevirdi və Azərbaycan dili Heydər Əliyevin ifasında
tamam ayrı bir səslənişdə zühur edir, daha cazibədar
olurdu. Heydər Əliyevin xalqın ürəyində
özünə yer tapmasının əsas səbəblərindən
biri məhz onun ünsiyyət qura bilmək, qılıqlı
olmaq, hər kəsin qəlbinə yol tapa bilmək qabiliyyəti
idi.
Teymur müəllim Heydər Əliyevin insanlarla təmas
qurmasının, kimlərisə yaxına buraxıb, kimlərləsə
məsafə saxlamasının da gizlincini açaraq
demişdi ki, öndərlə bir neçə dəfə
görüşüb və onun insanlara münasibətində
mühüm bir özəlliyi tutub: "O,
qarşısındakı adamı tanıyanda, görəndə
ki, bu şəxs səmimidir, saf ziyalıdır, dövlətçiliyimizə
sadiq, xalqımızı sevən adamdır, Heydər
Əliyevdə bir uşaq təbiəti əmələ gələr,
qarşısındakını heyranlıqla dinləməyə
hazır olardı. Amma əks cəhəti də vardı ki,
ünsiyyətə girdiyinin millətə xəyanət edən,
etibarsız olduğunu bircə baxışı ilə tutunca
sifəti çönərdi, ümumən o, xalqın qəlbini
oxumaqda, bir başqasının ürəyində özünə
yuva qurmaqda nadir, bənzərsiz adam idi".
...Azərbaycan xalqının tanıdığı,
oxuduğu, sevdiyi çox kitablar var. Amma bu nəhayətsiz
karvandakı əsərlərdən ikisi millətimiz
üçün ən müqəddəs masaüstü
Kitablardır. Biri Əsas Qanunumuz, biri də Quran.
Və islami dəyərlərə Heydər Əliyev
ömrü boyu çox dərin rəğbət bəsləmişdi.
Hətta sovet dönəmində, kommunist rejiminin ən öndəgedən
rəhbərlərindən biri olduğu zamanda da,
özünün etiraf etdiyi kimi, həmişə o ideallar onun
içərisində yaşayırdı. Təbii ki, sovet
dönəmində bir kommunistin, xüsusən də partiya
işi sahəsində yüksək vəzifə tutan şəxsin
belə hisslərini evdən qırağa çıxarmaq
imkanı yox idi. Amma məgər Sovet İttifaqı boyunca
allahsızlığı özünə şüar etmiş
Kommunist Partiyasının sıralarındakı cibində
partiya bileti daşıyan və müəyyən vəzifələr
tutan milyonlarla müsəlmanın hamısımı rəsmi
ideologiyanın tələb etdiyi kimi ateist idi? Üzdə bəli,
özlərini o cür göstərməyə məcbur idilər,
ancaq o cəmiyyətin içərisində
yaşayırdıq, insanları tanıyırdıq, bilirdik,
görürdük axı əksəriyyət qəlbində
din-imanına sədaqətlidir, hər kəsin daxilində bir
Allah xofu və öz dininə inam var. Soyadı da,
atasının və özünün adı da İslam
müqəddəsləri ilə bağlı olan Heydər
Əliyev də, təbii, istisna deyildi və onun alın
yazısında İslam ziyarətgahlarının ən alisində
namaz qılmaq varmış. Qismət oldu ki, yeni müstəqillik
dövründə, təzədən hakimiyyətə
qayıdandan sonra ilk səfərlərindən birini Səudiyyə
Ərəbistanına etsin, Məkkədə Zəmzəm
quyusundan su içsin, Mədinədə Peyğəmbər məscidinin
qarşısında xəyala
dalsın.
Mənə də həmin səfərdə öndəri
müşayiət edən dəstəyə qoşulmaq
xoşbəxtliyi nəsib olmuşdu. Kim o qutsal məkanlarda
olubsa bilir. Orada istər-istəməz özün olursan, sanki
ilahi bir dalğa səndən keçir, Allah hüzurunda
dayandığını hiss edərək daha artıq təbiiləşirsən,
məhz Mövlananın söylədiyi sayaq,
göründüyün kimi deyil, olduğun kimi görünməyə
başlayırsan. Səudiyyə Ərəbistanına səfər
ərzində mənə Heydər Əliyevi lap yaxın məsafədən
müşahidə etmək fürsəti yaranmışdı
və onun davranışlarını, söylədiklərini
izlədikcə əmin olurdum ki, bu insanın
varlığında dinimizə, dini dəyərlərimizə,
dini dəyərlərin əsrlərcə Azərbaycan
insanına aşıladığı əxlaqi meyarlara nə
qədər dərin məhəbbət var.
Dəstəmiz böyük idi, ancaq barmaqla sayılacaq
qədər az adama həmin səfərdə Heydər
Əliev və ailəsi ilə birgə Həcər ül-əsvədin
- Qara Daşın yerləşdiyi Kəbə evinə daxil
olmaq imkanı çatdı. Ziyarətin bu həyəcanlı
mərhələsindən sonra Heydər Əliyev televiziyalar
üçün müsahibə verirdi, ancaq bu, bir müsahibədən
daha artıq böyük dövlət adamının Pərvərdigara
duası kimi səslənirdi: "Hər bir müsəlman
üçün bura ən müqəddəs ziyarətgahdır.
Hər bir müsəlmanın ömür vaxtı arzusu, niyyəti
olur ki, buranı ziyarət etsin. Şübhəsiz ki,
hamıya bu, nəsib olmur, qismət olmur. Ancaq bu gün bizə
bu qismət olubdur. Dünyada insanın çox arzuları
olur, çox istəkləri olur, çox niyyətləri
olur. Hansı yerinə yetirsə, ona xoşbəxtlik gətirir.
Ancaq bundan yüksək arzu ola bilməz və bu arzu bizim
üçün nəsib oldu. Buna biz nail olduq. Biz xoşbəxtik,
öz müqəddəs dinimizə bundan sonra da sadiq
olacağıq və güman edirəm ki, bizim başqa
arzularımız da müstəqil Azərbaycanın bu bəladan
xilas olması, Azərbaycanın işğal olunmuş
torpaqlarının azad olunması, müharibəyə son
qoyulması arzumuz da yerinə yetəcəkdir. Əgər
Allah bizim bu arzumuzu yerinə yetirməyə imkan veribsə, demək,
bu, arzularımızın da yerinə yetirilməsinə
kömək edəcək".
Bizim bu səfərimiz 1994-cü ildə baş
vermişdi və Heydər Əliyevin bütün millətin
arzusu olan həmin duası 26 il sonra yerinə yetdi.
2005-ci ilin 11 dekabrında, unudulmaz Heydər Əliyevlə
ayrılığın ikinci ilində masamız arxasında əyləşənlərdən
din məsələlərinə ən dərindən vaqif
Qafqaz Müsəlmanları İdarəsi Dini
Şurasının da üzvü olan akademik Vasim Məmmədəliyev
idi və söhbət bu yerə çatanda müdaxilə
etmişdi və Ulu Öndərin inanclı bir insan olması
ilə bağlı maraqlı müşahidələrini
bölüşmüşdü. Heydər Əliyevin hələ
sovet dövründə, ateizm siyasətinin tüğyan etdiyi
çağlarda incə din siyasəti aparması məsələsinə
toxunaraq demişdi ki, o zaman sovet dövləti miqyasında
allahsızlıq siyasəti həyata keçirilirdi və bu
siyasətin əsas hədəfi də İslam idi.
Vasim müəllim bu vacib məqama diqqəti səbəbsiz
yönəltmirdi. Baxmayaraq ki, ümumiyyətlə, ateizm
dövlətin ideoloji xətti idi, amma hətta burada da
ayrıseçkilik müşahidə edilməkdəydi.
İslama olan həmlə başqa dinlərə olan
hücumlardan dəfələrlə şiddətli idi. İmperiya
siyasəti elə qurulmuş və elə yönəldilirdi
ki, başlıca hədəf İslam idi, SSRİ-də hakim
xalqın bağlı olduğu xaçpərəstliyin ibadətgahına
da, sitayişçisinə də özününkü sayaraq
daha yumşaq yanaşma vardı və bu, Orta Asiyada, yaxud Azərbaycandakı
müəslmanlara münasibətlə kəskin fərqli idi.
Bu elə bariz idi ki, sadə insanlara da görünürdü,
amma Heydər Əliyev əvvəlcə Dövlət Təhlükəsizlik
Komitəsində, sonralarsa respublikanın partiya rəhbərliyində
çalışarkən, söz yox, belə
yanaşmaların alt qatından, məxfi tərəflərindən
də xəbərdar idi. Sənə, millətinə əks
mahiyyətdən xəbərdar olduğun halda özün də
həmin xətti yürütməyə borcluykən
manqurtlaşmamış insanın daxilində etiraz
duyğusunun yaranması labüddür.
Heydər Əliyevinsə öz milli ruhu və
çöhrəsini dövlət işində olduğu
bütün illərdə qoruyub-saxlaya bilməsi mənə
yalnız üzdə olan sübutlardan, ayrı-ayrı xatirələrdən
bəlli deyil. Buna kənar gözlərə qapalı qalan
Dövlət Təhlükəsizlik Komitəsi və Mərkəzi
Komitəsi Bürosunun arxivlərdəki "məxfi"
qrifli qovluqlardakı heyrətamiz cəsarət nümunəsi
olan sənədləri araşdırarkən yəqin kəsilmişəm.
Heydər Əliyevin birinci dəfə hakimiyyətdə
olduğu dövrdə, o zaman adı Zaqafqaziya Müsəlmanları
İdarəsi kimi gedən dini qurumun nüfuzunu, çəkisini
artırmaqçün xeyli iş gördüyünü
söyləyən Vasim müəllim Heydər Əliyevin
dinimizə belə münasibətinin kökünün ailədən
gəlməsi qənaətində idi: "Heydər
Əliyevin doğulduğu ailə inanclı, dindar bir ocaq idi.
Özü deyirdi ki, anam da, atam da namaz qılardılar.
Atasının adı "Əlirza" sözünün mənası
nədir? Tək kəlmədə iki imamımızın
adı qovuşub - birinci imamımız həzrət
Əlinin, səkkizinci imamımız İmam Rzanın
adları. Bəs özünün adı - Heydər, bu da həzrət
Əlinin ləqəblərindən biridir. Heydər - kükrəyən,
döyüş vaxtı qızğın şirə deyirlər.
Ailədəki başqa adları, qardaşlarını
götürək - Həsən, Hüseyn, Cəlal. Yəni
bunların hamısı "Quran"la əlaqədar
adlardır. Bu əlamətlərin hər biri ailənin
kökünün dinə bağlı olduğunu göstərir.
Mən bir anlığa təsəvvür edirəm ki, Heydər
Əliyev o qara daşı, Kəbədəki qara daşı,
- siz bir yerdə olmuşunuz, - nə cür məhəbbətlə
qucaqlayıb, öpüb, orada Azərbaycan xalqı
üçün necə səmimiyyətlə dualar edib. Mən
o ziyarəti ekrandan izləmişəm. Orada sifətində elə
səmimi ifadə vardı, elə ilahi ovqat hiss olunurdu ki,
doğrudan da, bu insanın ömrü boyu Məkkəyə
ziyarət etmək arzusunda olduğunu duyurdun. Ateizmin
tüğyan etdiyi şəraitdə bu, mümkün
olmayıbmış, dövlətimiz müstəqil olandan,
xalq tərəfindən ölkəyə rəhbər
seçiləndən az sonra Heydər Əliyev, bu nəhəng
şəxsiyyət ilk xarici səfərlərindən birini məhz
çoxdankı arzusunu yerinə yetirməyə həsr edib,
Allahın müqəddəs Evinə ziyarətə gedib, orada
illərdən bəri qəlbində gəzdirdiyi imanı,
inamı xoşbəxt məmnunluqla dilə gətirib".
Söz-sözü çəkmişdi və mən o
axşam həmin Məkkə ziyarəti əsnasında
baş vermiş bir əhvalatı
danışmışdım. Orada Səfa və Mərvə
adlı iki təpə var ki, ziyarətin bir şərti də
yeddi dəfə bu təpələrin ətrafında təvaf
etməkdir. Bir dövrə vurduq, ikinci dəfə dolandıq,
üçüncü dəfə yenə həmin çevrəvurmanı
təkrar edəndə Şeyx Allahşükür Paşazadə
Heydər Əliyevə üz tutdu ki, cənab Prezident, burada
arada dayanıb dincəlmək, sonra dövrəvurmanı davam
etdirmək mümkündür. Çünki ziyarətə gələnlərin
arasında fiziki cəhətdən zəiflər, hətta
şikəst insanlar da olur, onlar üçün də şərait
yaradılıb, təkərli arabalar var, ondan da istifadə edə
bilərlər. Elə biz də arada əyləşib nəfəsimizi
dərə bilərik, şəriət bunu məqbul hesab edir.
Şeyx belə deyincə dəstəmizdəki yaşlı
ziyarətçilərdən bir neçə nəfəri
ayaq saxladı, Ziya Bünyadov əyləşdi.
Heydər Əliyevsə Allahşükür Paşazadəyə
sarı çevrilərək ona xas səmimi zarafat tərzində
təbəssümlə dedi: "Görünür, şeyx
özü yorulub, ona görə belə deyir. Kim istəyir
otursun, mənsə axıracan dayanmadan gedəcəyəm".
Heydər Əliyevin şuxluq saçan bu sözlərinə
hamı gülüşdü, onun zərif zarafatı bir an
içində hamının əhvalını durultdu, hər
kəs şövqlə növbəti dövrələri
vurmağa yönəldi. Məsafə isə, həqiqətən,
qısa deyildi və şeyx də həmin təklifi səbəbsiz
etməmişdi.
Əslində bu hadisənin özündə də bir
rəmzilik vardı. Bu, Heydər Əliyevin xarakteri idi, o,
keçdiyi istənilən yolda məqsədə doğru sona
qədər gedirdi. O da insan idi, hamımız kimi, əlbəttə,
o da yorulurdu. Unutmamışıq ki - saatlarla auditoriyalar
qarşısında dayanırdı, izdihamların
önündə çıxış edirdi. Bəzən nitqləri
saatlarla uzana da bilirdi. Amma əvvəldən-sonacan şax,
farağat dayanaraq danışırdı. Hər kəs də
heyrətlənirdi ki, bəyəm bu insan yorulmur? Əlbəttə
yorulurdu, hər adamın dözümünün, taqətinin bəlli
hüdudu var. Amma Heydər Əliyevdə iradə o qədər
güclü idi ki, lazım gələndə yorulmaq hissini də
kənara qova bilirdi. Həm də Heydər Əliyev
bütün ömrü boyu belə olmuşdu.
Amma orada - Məkkə ziyarətində o təvaf mərasimi
başa çatanda Heydər Əliyevin yorğunluqdan əsər-əlamət
olmayan, sanki bir az da işıqlanmış çöhrəsinə
baxarkən düşüncəmdən bir ayrı ehtimal
keçdi. Həmin gün bir belə məsafə qət edəndən
sonra da onun bunca gümrah qalmasının gizlinci eşqdə
idi. İllərcə ürəyində bəslədiyi diləyinə,
nəhayət ki, yetişməsi elə bil ona qanad vermişdi,
sanki bu yeddi dövretmə heç addımlamaq deyilmiş, iki
müqəddəsləşmiş təpənin ətrafına
pərvanə kimi uçaraq dolanmaqmış.
Ürəyimdən, beynimdən keçən bu
mülahizələrimi 2005-in dekabrında, o qiymətli
insanların əhatəsindəykən söyləmişdim də
və Vasim Məmmədəliyev dərhal son sözlərimdən
tutmuşdu: "Çox gözəl deyirsən, həqiqətən,
bu, bir ilahi eşq idi. Axı bunu elə fərziyyə kimi
demirəm. O vaxt, həmin ziyarət bitəndə rəhmətlik
Heydər Əliyev fəxri qonaqlar kitabında təəssüratını
da yazıb. Bunlar nəşr də olunub, kitablara da
düşüb. Yazır ki, nəhayət, mən öz arzuma
çatdım. Yəni o ilahi istəyimə yetişdim,
Allahın Evini ziyarət etdim və Allahın
böyüklüyünü burada bir daha dərk edərək
bu böyüklüyə qane oldum. Bu sözlər onun illərcə
daxilən gəzdirdiyi imana ən gözəl dəlalətdir".
İbadətgahlara, ziyarət yerlərinə,
tapınaqlara insanlarımız həmişə inamla,
ümidlə yollanıb. Zəmanələr olub ki, pirlər,
məscidlər dağıdılıb, ya
dağıdılmayanları da bir başqa şəkildə
alçaldılaraq anbarlara döndərilib. Ancaq insanlar
iriliyindən-xırdalığından asılı olmayaraq həmin
qutsal məskənlərə daim Allah Evi kimi baxıb, o yerlərdə
ruhi asayiş tapıblar.
Yüksək mənəviyyat sahibi Heydər
Əliyevin ictimai vicdanımız qarşısında bir xidməti
də bu oldu ki, ziyarətgahlarımıza, ibadətgahlarımıza
xüsusi diqqət və nəvazişlə yanaşdı,
onların ömrünə ömür artırmaqçün əlindən
gələni etdi.
Həm də qabil rəssam olan böyük vətənpərvər,
Azərbaycan ziyalılığının və XX yüzilin
başlanğıcında millət quruculuğu səmtində
çalışanların ən fədakar simalarından
olmuş Əli bəy Hüseynzadənin fırçaya
aldıqları arasında Bibiheybət məscidinin rəsmi
varmış və günlərin birində maddi
sıxıntılar vadar edir ki, həmin tablonu satışa
çıxarsın. Bu lövhənin satışa
qoyulduğu dükana girmiş Bakıdakı ingilis konsulu rəsmi
görüncə bəyənir, beh də verir ki, az sonra gəlib
aparacaqlar. İş elə gətirir ki, təsadüfən
Hacı Zeynalabdin Tağıyev bu sövdələşmədən
xəbər tutur və ləngimədən rəsm
üçün elan edilmiş məbləği ödəyərək
deyir: "Rəva görmək olmaz ki, Azərbaycanın sərvəti
olan bir əsər buradan bir əcnəbi tərəfindən
alınıb kənara aparılsın".
Hacının bu xeyirxahlığı illər sonra
gerçəkləşəcək başqa bir nəciblikdən
ötrü təmələ çevrilir.
Şura hökuməti Bakıya kirli qədəmlərini
basanda ilk dağıdıb məhv etdiklərindən biri də
Bibiheybət məscidi olur. Guya fəxr olunmalı bir iş
görürlərmiş kimi gələcəkdə özlərini
ifşa edəcək əşya-yi dəlilə çevriləcək
bir kinoxronika da çəkilblər. Bibiheybət məscidinin
uçurulmasını əks etdirən o kadrlara baxırkən
indi də ürək ağrıyır.
Heydər Əliyevin millət qarşısında daha
bir ləyaqətli işi də bu oldu ki, zamanında xalqın
mənəvi dayaqlarını laxlatmağa yönələn
siyasət aparan, o gedişatda Bibiheybət məscidi kimi bir
memarlıq inci və ruh abidəsini dağıdanların xətasını
düzəltdi. Məscidi elə öz tarixi yerindəcə əvvəlkindən
də əzəmətli bir görkəmdə ucaltdı. Və
bu məqamda tarixdəki nəcibliklər səsləşdi.
Əli bəy Hüseynzadənin XX əsrin əvvəlində
çəkdiyi rəsm həmin yüzilliyin sonunda Bibiheybət
məscidinin bərpa edilməsində dada yetdi.
...Heydər Əliyevin zərbülməsələ
çevrilmiş deyişidir ki, Azərbaycan dünyaya Günəş
kimi parlayacaqdır.
Bu elə istəkdir ki, böyüklü-kiçikli hər
azərbaycanlının könlündə həmişə
var və bütün gələcəklərdə də belə
olacaq. Lakin bu sözləri demiş Heydər Əliyev sadəcə
arzulamır, ümid bəsləmir, Azərbaycanın həqiqətən
dünyanın hər nöqtəsindən görünən
bir Günəş kimi parlaması üçün gecə-gündüz
çalışırdı.
Azərbaycan tarixən dözümlülüyün, həmrəy
birgəyaşayışın, ən müxtəlif dillərdə
danışan və fərqli dinlərə tapınan insanlara
mehriban köksündə səxavətlə
yerayırmanın misilsiz meydanı olub. Əsrlər öncə
bunun məhz belə olmasının aynası İçəri
şəhərimizdir. Yüzillər qabaq qala divarları
arasında məscid də, kilsə də, atəşpərəst
məbədi də yanaşı olub və bu ənənə
nəsil-nəsil ötürülüb. XX əsrin
dünyanı dəyişən təlatümlü hadisələrlə
daşan son çərəyində dünyanın çox
yerində dinlər arasında ədavət toxumu səpənlər,
bu qızışdırıcılıqla bir çox
qanlı qarşıdurmalara rəvac verənlər də oldu.
Heydər Əliyev yeni müstəqillik dönəmində Azərbaycan
Respublikasına rəhbərliyinin lap
başlanğıcından bu həssas mövzunu daim diqqətində
saxladı, macal vermədi ki, əsrlərcə
qazandığımız və daim
öyündüyümüz tolerantlıq təcrübəsini
naşı, ya fitnəkar insanlar zədələsinlər.
Siyasətdə balanslaşdırılmış bir xətt tutaraq
Azərbaycan üçün beynəlxalq əlaqələrin
ən sərfəli və ağıllı düsturunu yaradan
Heydər Əliyev eyni yanaşmanı inanclar şəbəkəsinə
də tətbiq etdi. Özünün çox sərrast ifadəsi
vardı. Deyirdi ki, biz Sirat körpüsü kimi nazik bir yolla
irəliləyirik. Sağa və sola atılan yanlış bir
addım, istənilən büdrəmə uçuruma
yuvarlanmağa səbəb ola bilər.
Siyasətdə də, ölkədəki din siyasətində
də qızıl ortanı meyar olaraq götürməsi bir tərəfdən
Heydər Əliyevin siyasət qrossmeysteri olmasından irəli
gəlirdisə, ölçülü-biçili xətt
tutmaq diplomatiyasının fövqəladə peşəkarı
olmasından irəli gəlirdisə, digər yandan, bu, elə
həm də Öndərin təbiətindən doğurdu,
daxilindəki demokratizmin təzahürü idi.
O, dünyaca məşhur İslam liderləri ilə əl
tutanda da, Roma Papası ilə bir masa arxasında əyləşəndə
də eyni dərəcədə səmimi, həmsöhbətləri
ilə eyni dərəcədə məhrəm idi. Və bunu əlavə
sözlərlə sübuta yetirməyə zərurət yox
idi. Çünki müdrikliklə aparılan siyasətin,
görülən işlərin sayəsində Azərbaycan məhz
bu məziyyəti ilə dünyanın hər guşəsindən
qibtəoyadıcı ucalığı ilə
görünürdü.
O gün - Heydər Əliyev həyatda olanda
görünürdü, indi - bu müstəsna şəxsiyyətlə
ayrılığın üstünə illər gəldikcə,
müasir Azərbaycanın qurucusunun əbədi
ömrünün ikinci əsri başlanandan sonra da
aydınlığı ilə duyulur. Heydər Əliyevin uca
boyu Vaxtın bütün gələcəklərindən də
görünəcək, hər dəfə də onun peyğəmbərcə
dəqiq söylədiyi "Mən həmişə Azərbaycanda
olacağam" gerçəyini təsdiq edəcək!
Müqəddəs məkanlardan, müəqəddəs
dəyərlərdən bəhs edirdik və söhbətə
Fəttah Heydərov qoşuldu, onun da dilində həmin kəlmə
səsləndi, amma
ağsaqqalımız bu sözü birbaşa Heydər
Əliyevə aid etdi. Fəttah müəllimi çoxdan, hələ
Milli Məclisdə birgə fəaliyyətlərimizdən də
xeyli əvvəl tanıdığımdan bu sözü
sidq-ürəkdən, bütün qəlbiylə inanaraq
söylədiyinə əmin idim.
Heydər Əliyev elə şəxsiyyət idi ki,
onunla ardıcıl ünsiyyətdə olub, müəyyən
müddət bir yerdə çalışıb cazibəsinə
düşməmək müşkül idi. Fəttah müəllimsə
bu sehrə lap cavan yaşlarından
düşmüşdü. O, təcürbəli, həyatın
hər üzünü görmüş, erkən
yaşlarından ağır oturub batman gəlməyə
alışmış adamdı və kiməsə rəğbəti,
ya məhəbbəti hansısa asılılıq,
tabeçilik bağlarından qətiyyən asılı
olmazdı. O, Heydər Əliyevi ürəkdən sevən bir
insandı və səbəb də Heydər Əliyevin
özü, onda ömrü uzunu Fəttah müəllimin
görərək hər dəfə valeh olduğu keyfiyyətlərdi.
Həmin axşam xatirələr Fəttah müəllimi
sözünü başlayınca 1964-cü ilə
aparmışdı: "Düz 40 il əvvəl əlim ilk dəfə
o müqəddəs kişinin əlinə dəyib.
Naxçıvana gəlmişdi və o vaxtlar hər onildənbir
muxtar respublikanın ənənəvi yubileyləri
keçirilərdi. Bu yubileylərdən növbətisi idi və
Naxçıvana nəsə bir mükafat da təqdim olunurdu.
Bakıdan ozamankı respublika rəhbərliyi gəlmişdi.
Ovaxtkı Naxçıvanla indiki arasında yer-göy təfavüt
var. Belə əlamətdar tədbir darısqal binada - internat
məktəbinin akt zalında keçirildi. Hamı bayram əhvali-ruhiyyəsində
idi və bu arada bir xəbər də gəldi ki, Heydər
Əliyevə general rütbəsi verildi və o zaman o
salondakıların hamısı Azərbaycan rəhbərliyi
ilə birlikdə bir-bir qalxıb onu təbrik etdi, şəninə
gözəl sözlər dedi. O işıq indiki kimi
yadımdadır. O balaca zalda çoxlu adam vardı. İndinin
ölçüləri ilə biz həmin salona elə sadəcə
"böyük otaq" deyərdik. Bir az da alaqaranlıq olan
həmin yığcam zal bu şad müjdə gəlincə
sanki birdən-birə bir neçə dəfə
böyüdü, işığı da çoxaldı. Heydər
Əliyev ayağa qalxdı və onun həmin gün
gördüyüm təbəssümlü surəti
yaddaşıma da, ömrümə də elə həmin andan
biryolluq yazıldı. O işıq o gündən bəri
gözümdən getmir".
Fəttah müəllimin həyatının
böyük hissəsi kənd rayonları ilə bağlı
olmuşdu və yeni zamanın insanlarına o dövrdə --
1950-60-cı illərdə Azərbaycan kəndində,
xüsusən də Naxçıvan kimi ucqarda güzəranın
nə qədər solğun, elin-elatın
dolanışığının necə kasıb
olmasını izah etmək belə çətindir.
Çünki necə təsvir etsən də, dəqiq təsəvvür
yaranmayacaq. İllər qabaq avtomobillə Güney Azərbaycanın
kənd-kəsəyindən keçib Təbrizə gedirdik. Kəndlərin,
oradakı yastı-yapalaq evlərin mağmun vəziyyətini
seyr etdikcə bir vaxtlar Fəttah müəllimin
danışdıqları yadıma düşdü.
Heydər Əliyev o adamların, o güzəranın
içərisindən çıxmışdı, bu həyatdan
cikinə-bikinədək xəbərdar idi və həmin səbəbdən
də, Fəttah müəllimin deməsincə, Büronun
xüsusi qərarını çıxartdı, kəndlərdə
camaatın özünə ev-eşik düzəltməsi
işini asanlaşdırdı, tədricən miskin
daxmaların yerini abad həyət-bacalar, ev-eşiklər
tutmağa başladı.
...Mənəvi dəyər
daşıyıcısı olan hər nəsnəyə, ən
başda isə mənəvi dəyər siqlətli insanlara Heydər Əliyevin məxsusi
münasibəti vardı. O, Azərbaycan ziyalısının
qədrini bilirdi, Azərbaycan alimini,
yazıçısını, aktyorunu, musiqiçisini sevirdi, əzizləyirdi,
qaldırırdı.
Nə küsən olsun, nə inciyən.
Yaradıcı insanlara diqqət və havadarlıq
baxımından Heydər Əliyevin yerişini gedən nə
əvvəllərdə olub, nə də eləsi çətin
ki bundan belə gələ. Bəlkə lap qat-qat artıq
qayğıkeşlər, kömək göstərmək həvəsi
beşqat çox olanlar da tapıla. Amma o sahələrin hər
birini - mədəniyyəti, ədəbiyyatı, elmi Heydər
Əliyev kimi dərinliyi ilə bilib-duymaq səriştəliliyi
də var axı və bu da hər adamın qalxmağa müyəssər
olacağı zirvə deyil.
Heydər Əliyevin ümman qayğısını
görmüşlərdən biri, Xalq şairi Fikrət
Qoca o unudulmaz axşamda elə
bu sözlərimizin ən əyani təsdiqi kimi bizimlə idi.
Fikrət Qoca elə o axşamkı
görüşümüzəcən mənə də, bir
çox yaxın dostlara da etiraf etmişdi ki, son illərdə
yazdığı şeirlərin hamısında onun
danılmaz bir şəriki var - Heydər Əliyev. Əlbəttə,
Heydər Əliyev şeiryazan deyildi. Amma Fikrət müəllim
də yüzfaizli həqiqəti söyləyirdi.
Çünki bircə misra belə qələmə
almaqçün ən əvvəl gərək nəfəsin
gedib-gəlsin, sağ olasan. Heydər Əliyevsə Fikrət
Qocanı labüd ölümdən xilas etmişdi, onu
amansız xəstəliyin cəngindən
qoparmışdı. Həm də bir yox, iki dəfə. Odur
ki, hər yeni yazdığı şeirin yaşamaq və
bunları yazmaq girəvəsini ona
bağışlamış Heydər Əliyevinki olduğunu
söyləyəndə Fikrət Qoca haqlı idi. Minnədar
şair belə deyirdi: "Heydər Əliyev bəlkə də
lap kiməsə kömək etmək istəməsəydi də,
onun daxili, mənəviyyatı məcbur edirdi ki, et. Ola bilsin,
mən, ya dayaq durduğu bir başqası heç layiq
deyildim, amma o, özünə sadiq çıxırdı,
bizdən daha çox
özünü razı salmaq, ürəyini sakit etmək,
daxili tələbatını ödəmək
üçün etdiklərini edirdi. Siyasi Büronun
üzvü, dünyanın az qala yarısının rəhbərlərindən
idi. O qədərmi vaxtı vardı hələ bir Fikrət
Qocanı Bakıdan gətizdirsin, Macarıstandan həkim
çağırtdırsın, bollu qayğılarına bu
barədə düşünməkləri də
artırsın. Hər adamın işi deyil. O böyük
insan alayarımçıqlığı sevməzdi, hansı
işə əl atırdısa, sıfır nöqtəsində
dayanırdı və oradan başlayırdı. Azərbaycan Mərkəzi
Komitəsinin Birinci katibi gəldiyi gün yadımdadır. Səhəri
günü yaşlı yazıçıları qəbul
etdi, ondan bir gün sonra də bizi. Onda gənc
sayılırdıq, doqquz nəfər idik. Bizimlə xeyli
söhbət etdi. Düzü, onu çox da yaxşı
tanımırdıq. Bunu bilirdik ki, "KQB"nin
generalıdır. Odur ki, fikirləşirdik, ola bilsin, ədəbiyyata,
mədəniyyətə o qədər yaxın durmaz. O isə
elə bizlərdən başladı. Bu da heç xatirimdən
çıxmaz. Bakı Sovetinin müşavirəsi
keçirilirdi. Oranın rəhbərini
durğuzdu ayağa ki, bu şəhərdə niyə gül
yoxdur? Mat qaldıq. Ölkə bərbad vəziyyətdə,
problem problem üstündə, bunu gətiriblər ki, təsərrüfatı
qaldırsın, sənayeni düzəltsin, həyatı
sahmana salsın, bu da güldən danışır. Həm də
bir az əsəbi, acıqlı deyirdi ki, mənə cavab ver,
niyə şəhərdə, bulvarda gül gözə dəymir,
niyə əkmirsiniz? Baksovetin sədri
qalxdı ayağa, dili dolaşa-dolaşa dedi ki, yoldaş
Əliyev, əkməyinə əkirik, ancaq adamlar kəsib
götürürlər.
Yenə sərt danışdı: "Çox da kəsirlər.
Siz o qədər əkin ki, gözləri öyrəşsin,
kəssələr də, çatdıra bilməsinlər. O qədər
əkin, əkin, əkin ki, hər tərəf çiçəyə
bürünsün".
Çox keçmədi ki, paytaxt Bakı
gül-çiçək içərisində üzməyə
başladı. Yadınızdadır, ən çətin
vaxtı, 1994-cü ildə əli hər yerdən üzüləndə
televiziya ilə xalqa müraciət etdi. Yəni o yer idi ki,
sanki ipin qırılan məqamı yetişmişdi. Xalq gəldi
töküldü meydana. Onda başa düşdülər ki,
bu, Heydər Əliyevə məhəbbətin
gücüdür. Bunu gördülər, ona hücum eləmək
istəyənlər gəlib yanında durdular".
...O ağacların boyu uca olur ki, sağlam torpaq üzərində
ucalırlar. O ağacların ömrü uzun olur ki, rişələri
torpağın dərinlərinə işləyir. Heydər
Əliyevin boyu həmişə uca oldu. Çünki o, Azərbaycan
torpağı üzərində yüksəldi və həmişə
də Azərbaycan torpağına sadiq qaldı.
Heydər Əliyevin siyasi ömrü həyatını
bu sahəyə həsr etmişlərin əksərinin qibtə
edəcəyi qədər uzun alındı, amma onun xalqın
yaddaşındakı ömrü, əlbəttə ki, qat-qat
sürəkli olacaq, sonsuzluğa qədər gedəcək.
Çünki o, həmişə xalqı ilə nəfəs aldı,
daim xalqına bağlı oldu - hər zaman bir əli
xalqının keçmişində, bir əli xalqının
bu gün çırpınan nəbzində.
11 dekabr 2024
Rafael HÜSEYNOV, Akademik
525-ci qəzet .- 2024.- 12 dekabr(№228).-S.8-9