"Mənim ki sevgimin sərhədi
yoxdur..."
Görkəmli ədibimiz Hidayətin 80 illik yubileyinə
Çağdaş ədəbiyyatımızın
görkəmli nümayəndəsi Hidayətin
poeziyasının qayəsini Vətən məhəbbəti,
doğulduğu yurda bağlılıq, əsrarəngiz Azərbaycan
təbiətinin tərənnümü, eləcə də saf
məhəbbət və humanizm təşkil edir. Hidayət hələ
ilk şeirləri ilə milli yaddaşa, ənənələrə,
yaşı bilinməyən folklorumuza, soyuna, kökünə,
eləcə də doğulduğu doğma yurduna
bağlılığını poeziyanın dili ilə ifadə
edirdi.
Ədibin yaradıcılığının ilk
dövrlərindəki şeirlərdə əsrarəngiz Azərbaycan
təbiətinin, başı qarlı
dağlarımızın yüksək bədii zövqlə,
sənətkarlıqla yaradılmış obrazları
xüsusi silsilə təşkil edir. Əslində dağ,
yaylaq, bulaq və sair kimi təbiət obrazları milli ədəbiyyatımız
üçün xarakterikdir. Çünki bu obrazların hər
biri xalqımızın həyat tərzi ilə
bağlıdır. Görkəmli ədəbiyyatşünas
Qaçev yazırdı: "Hər bir xalqın
simasını müəyyən edən birinci amil təbiətdir.
O təbiət ki, insanı inkişaf etdirir və həyat tərzini
təkmilləşdirir". Bu mənada Hidayətin - milli ənənələrimizə,
folklorumuza sadiq olan, öz yaradıcılığını
milli ədəbiyyatımızın üzərində quran və
inkişaf etdirən bir şairin bu mövzulara müraciəti
təbiidir. Amma Hidayətin poeziyasında bu mövzuları, bu
obrazları canlı edən, daha da dolğunlaşdıran əsas
məqam odur ki, Hidayət bir şair olaraq bu mövzuları
kitablardan oxumur, bu obrazlarla bədii əsərlərdən
tanış olmur. O, bu mövzuların içindədir, bu
obrazlarla baş-başadır. Dağlar haqqında şeiri
Hidayət Zəngəzur dağlarının zirvəsində
yazır, bulaq barəsində şeirini onun bal kimi şirin,
buz kimi soyuq suyundan içə-içə sonra yazır. Məhz
bütün bunlara görə ədibin təbiət şeirləri,
təbiət obrazları canlı, inandırıcı olur:
Çayda duy suların təranəsini,
Meşədə astadan pıçıldar ürək.
Dağların başında zirvə şeirini,
Dərədə yarğannan yazasan gərək!
Professor Mir Cəlal Paşayev yazırdı:
"Peyzajist rəssamlar olduğu kimi peyzaj lirikası ilə
şöhrətlənən şairlər də vardır.
Peyzaj hər sənətkarın ədəbi metoduna,
zövqünə, üslubuna görə əlvandır".
Bu mənada həqiqətən də Hidayətin özünəxas
üslubu ilə seçilən peyzaj lirikası yüksək
qiymətləndirilməlidir. Amma bir məqamı da
vurğulamaq vacibdir ki, Hidayətin poeziyasında təbiət
yalnız fon kimi verilmir. Şair yalnız təbiəti vəsf
etməklə, təbiət haqqında danışmaqla kifayətlənmir,
eyni zamanda o, təbiəti də danışdırır. Onun
bu mövzuda yazdığı şeirlərdə təbiətin
nəfəsini, səsini, çayın
şırıltısını, şimşəyin
çaxmağını, kəkliklərin şərqisini,
ceyranların baxışını, dumanın
bürküsünü, günəşin hərarətini,
bulağın şirinliyini eşitməmək, görməmək,
duymamaq mümkün olmur. Şairin "İstisu" şeiri
bu baxımdan xarakterikdir:
İstisuyun dərəsiylə bir çay axar,
Səsi - nəğmə,
özü - nağıl,
suyu - şirin.
İstisuyun dağlarında şimşək
çaxar, -
Odu - al qan,
hayı-şahı şərqilərin.
...Lay buludlar meşələrin çətridirmi?
Bu saf hava sağlamlığın ətridirmi?
Dar cığırlar pozulmayan sətridirmi
Bundan sonra yazılacaq neçə şeirin?!
Hidayətin yaradıcılığının ilkin
ilham qaynağı doğulduğu Maralzəmi kəndi,
Mığrı bölgəsi, Zəngəzur mahalıdır.
Bu yerlər onun şeirinin baş obrazıdır. O, sonralar
böyük şəhərlərdə yaşasa da, bir
çox ölkələri gəzib-dolaşsa da, onun
poeziyası və ruhu yenə də həmişə olduğu
kimi bir pərvanətək o doğma yurdların ətrafında
dolaşır. Xalq şairi Sabir Rüstəmxanlı Hidayətin
yaradıcılığından bəhs edərkən
yazır: "Hidayət bütöv Vətənin nəğməkardır,
lakin Zəngəzur öz acı taleyi ilə həmişə
onun oxuduğu nəğmələrin şah bəndidir".
Amma Hidayət üçün Vətən yalnız
Maralzəmi ilə, Zəngəzurla bitmir. Onun Vətən sevgisi,
yurd yanğısı böyük və sərhədsizdir:
Mənalı, mənasız suallar çoxdur,
Bilmirəm nə cavab verim, ey Vətən?!
Mənim ki sevgimin sərhədi yoxdur -
Sərhəddən uzaqda seviləsən sən.
Şairin "Ömrümün monoloqu" adlı
şeirindəki bu misralar yalnız Hidayətin deyil, hər bir
vətənsevər insanın ömrünün monoloqu kimi uca
səslə, eyni zamanda səmimiyyətlə səslənir.
Onun ürəyindən keçən - öz yoluna Zəngəzur
dağlarından başlayan qatar Bakını, Qarabağı,
Naxçıvanı da eyni sevgiylə dolaşır.
Hidayətin poeziyası öz əhatəsi,
mövzuları, obrazlar sistemi ilə poetik bir məkan olaraq Azərbaycan
coğrafiyası ilə məhdudlaşmır. O, bütün
dünyanın taleyi, bütün insanların həyatı
üçün narahatdır.
Bədii təsvir və ifadə vasitələrindən
sənətkarlıqla istifadə etməsi ədibin bədii
dilinə əlvanlıq, obrazlılıq və emosionallıq
gətirməklə yanaşı, eyni zamanda onun əsərlərinin
məzmununu da dolğunlaşdırır. Hidayətin şeirlərindəki
metaforlar arasında orijinal və obrazlılıqla bilavasitə
bağlı olan metaforların cərgəsi genişdir:
Nadanlar tənəsi didib qəlbimi,
Məğrur sahilimə çəkilmişəm mən.
Çilik-çilik olan arzular kimi
Xatirə selinə tökülmüşəm mən.
Hidayət eyni zamanda dramaturq, nasir, publisist və tərcüməçi
kimi tanınır. Ədibin 1984-cü ildə İrəvanda nəşr
edilmiş "İrəvanda xal qalmadı" adlı
kitabında yer almış "Məni qınamayın",
"Bu dünyanın adamları", "Məhəbbət
yaşayır hələ" pyesləri, "Ömürdən
uzun gecə", "İrəvanda xal qalmadı" adlı
hekayələri və "Almaniya dəftəri"
başlığı altında təqdim olunan publisistik qeydləri
ədəbi ictimaiyyətin, eləcə də oxucuların
diqqətini çəkib. Bu əsərlər təkcə
janr yeniliyi və müxtəlifliyi baxımından deyil, ilk
növbədə həmin əsərlərdə qoyulan
problemlərin həssaslığı və şairin bu
problemlərə yanaşma tərzi ilə maraq doğurur.
Yaradıcı insan olaraq, Hidayət üçün, hansı
janrda yazırsa-yazsın, əsas məsələ forma və
janr deyil, bədii sözdür, fikirdir, onun məna
yüküdür. Müəllifin adıçəkilən
kitabında yer almış "Məhəbbət
yaşayır hələ" pyesinin əvvəlində verilmiş
"Rejissora iki söz" adlı qeydi bu baxımdan
maraqlıdır: "Bu əsərdə janr axtarma, axtarmadan
qabağına çıxsa, onun dalınca çox
düşmə. Mən özüm bu pyesi dramatik əsərmi
hesab edirəm, faciəmi, komediyamı? Bu barədə
düşünməmişəm. Düzü, heç
düşünmək istəmirəm də. Çünki həyatda
bir də görürsən, eyni tavan altında dramatik xarakterlər
də yaşayır, faciəli qəhrəmanlar da, komiklər
də... Əgər tamaşaçını inandıra bilsən
ki: müharibənin dəhşətləri yaşayır hələ;
məhəbbət, etibar, dostluq, səmimiyyət
yaşayır, yaşayacaq əbədi; pyesdəki qəhrəmanlar
uydurma deyil, elə tamaşaçı salonunda əyləşən
adamların bədii obrazıdır, deməli, müvəffəq
olubsan". Pyesi oxuyanda aydın olur ki, ədib
qarşısına qoyduğu məqsədə nail olub, həqiqətən
də pyesdəki qəhrəmanlar uydurma deyil, tamaşaçı
salonunda əyləşən, müəllifin əsərlərini
oxuyan insanlardır, özümüzük, ətrafımızda
olanlardır. Əsərin qayəsi belədir ki, hər kəs
bir-birinə məhəbbətlə yanaşmalı, hər kəsin
qəlbində məhəbbət çağlamalıdır:
hətta müharibələrdəki zəfərlər də
silahın deyil, məhəbbətin gücü ilə
qazanılır. Əgər insanın Vətənə məhəbbəti
olmasa, onun uğrunda döyüşməz və zəfər
qazanmaz. Müəllifə görə, insan məhəbbəti
uzaqlarda, dağda-daşda, sabahda, gələcəkdə deyil
özündə aramalı və tapmalıdır:
Məhəbbət nə fəsildə,
Nə dağda, arandadır.
Məhəbbət ürəkdədir,
Məhəbbət insandadır.
Eyni zamanda hər cür təmtəraqdan uzaq olan ədib
hər kəsi məhəbbəti məhz öz adı ilə
çağırmağa səsləyir:
Demirəm, məhəbbətə
Sanballı tərif verək,
Deyirəm, məhəbbətə
Elə məhəbbət deyək.
Hidayətin poeziyası kimi nəsr əsərləri
də obrazlılığı, dil-üslub xüsusiyyətləri
ilə diqqəti cəlb edir. Bütün bunlar onun sənətkarlıq
xüsusiyyətlərini bir daha büruzə verir. "Məhəbbət
yaşayır hələ" pyesindən
götürülmüş aşağıdakı parça
ilk növbədə poetik bir fakt kimi diqqəti cəlb edir:
"...Müharibə acı bağırsaq kimi getdikcə
uzanırdı. Üçkünc məktublar glirdi.
Ünvanı: müxtəlif şəhərlər,
çaylar, dağlar... bir sözlə müharibə! Sonra isə
qara xəbər... Qara dəniz... Qara kağız... Məzarı
dəniz oldu, sahillər başdaşı". Və yaxud
müharibədə qəhrəmanlıqla həlak olan təyyarəçidən
bəhs edən cümlələrə diqqət yetirək və
yüksək obrazlılığın, heyrətamiz poetizmin
şahidi olaq: "Göylər şahini idi! Vurdular onu, alova
döndü özü də, təyyarəsi də. Məzarı
göylərdə qazıldı, günəşin Özü
ona başdaşı oldu".
İctimai mühitdə istedadlı publisist kimi də
geniş tanınan Hidayətin "Almaniya dəftəri"
başlığı altında toplanmış publisistik qeydləri,
"Burdan bir atlı keçdi", "Orda - Zəngəzurda
mənim ürəyimin məzarı qalıb" kimi
publisistik əsərləri də öz dilinə, üslubuna
görə bədii publisistikamızın ən uğurlu
nümunələrindən hesab edilə bilər. Eyni zamanda
onu da vurğulamaq lazımdır ki, Hidayətin publisistik əsərləri
də aktual mövzuları, müəllifin həmin
mövzulara orijinal və cəsarətli münasibətilə
yanaşı, obrazlılığı ilə də
seçilir.
Şair, dramaturq, nasir, publisist, tərcüməçi,
ictimai xadim Hidayət çağdaş Azərbaycan ədəbiyyatının,
eləcə də ictimai fikrinin tanınmış və
aparıcı nümayəndələrindən biri kimi öz
yaradıcılığını və ictimai-siyasi fəaliyətini
bu gün də uğurla davam etdirir. Ölkəmizin rəhbəri,
Müzəffər Ali Baş Komandanımız İlham
Əliyevin rəhbərliyi ilə qazandığımız
tarixi Zəfərimiz ədibin
yaradıcılığının yeni ilham mənbəyinə
çevrilmiş, Hidayəti yeni-yeni əsərlər
yazmağa sövq edib. Çağdaş ədəbiyyatımızın
görkəmli nümayəndəsi Hidayətə möhkəm
sağlamlıq, yeni yaradıcılıq uğurları
arzulayırıq!
Ələmdar CABBARLI
Bakı Dövlət Universitetinin dosenti, filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2024.- 12 dekabr(№228).-S.11.