Oxuyan Kovboy
Müğənni Din Ridlə görüşüb,
söhbət edəndə onun Azərbaycana gəlmək fikri
olub-olmadığını soruşmaq istəsəm də, nədənsə
tərəddüd elədim. "Sual gecikmiş olmaya?" -
düşündüm. Müsahibimin üzündəki ifadə
məni fikrimdən daşındırdı. Elə bil filmlərdən,
televiziya proqramlarından tanıdığım o şən,
çılğın, nəğməkar oğlan deyildi. Çuxura düşmüş
gözlərində, baxışlarında bir süstlük
duyulurdu, bu, sona yetmiş uzun bir yolun yorğunluğu idi.
Özünü şən, xoşqılıq göstərmək
istəsə də, bunu bacarmır, artist artistlik edə
bilmirdi, çöhrəsindəki xiffət hissi onu ələ
verirdi. Uzun illər əvvəl, nağıllarda deyildiyi kimi,
işıq gələn səmti tutub deyə-gülə,
çalıb-oxuya yola çıxmış bu kolaradalı
oğlanı indi qəriblik möhnəti maqnit təki geri
dartırdı...
Din Rid daha çox müğənni kimi tanınsa da,
müxtəlif ölkələrdə çəkildiyi filmlər
ona aktyor şöhrəti də qazandırmışdı və
rejissorlar onun kinodakı rollarını yüksək qiymətləndirir,
yaradıcılığına inamla yanaşırdılar.
Özünəxas davranışı, xarakteri və zahiri
görünüşüylə seçilirdi. Din Rid sənət
dünyasına vaxtında qədəm qoymuşdu, sənətin
ona - çalıb-oxuyan koloradalı kovboya ehtiyacı
vardı. Adı dillərdən düşmürdü. Bu
sarışın oğlan dövrünün populyar sənətkarlarından
sayılırdı. Mübariz ruhlu mahnıları, ifaları
və mükəmməl ekran obrazlarıyla ürəklərə
yol tapırdı. Müğənni Sovet İttifaqına
tez-tez qastrol səfərlərinə gəlirdi, burada onun sənətinə
yüksək qiymət verirdilər. Din Ridin özünəməxsus
ifa tərzi, məlahətli səsi vardı. Gitarada
çalıb-oxuduğu mahnılar ölkələri, qitələri
dolaşırdı.
Pərəstişkarları sevərəkdən onu
"Oxuyan kovboy" çağırırdılar.
Kolorado ştatında fermer ailəsində anadan
olmuş Din Ridin uşaqlıq illəri kovboyluqla keçib.
Doğrudur, hələ kiçik yaşlarından musiqiyə
həvəs göstərsə də, onun sənətə gəlişi,
demək olar ki, təsadüfi olub. Din Rid əlində gitara qəsəbələri,
şəhərləri dolaşırdı. Bu şən, nəğməkar
oğlan oxuduğu mahnılarla getdiyi yerlərdə xoş
qarşılanır, ifasıyla insanların qəlbinə yol
tapa bilirdi.
Bir dəfə yolüstü maşına minir, yolboyu
çalıb oxumağından qalmır. Amma bilmirdi ki, bu yol
onun gələcəyinə uzanan yoldur. Bilmirdi ki, sükan
arxasındakı adam tanınmış reklam firmalarından
birinin sahibidir. Əgər həmin təsadüfi
görüş olmasaydı, reklam firması bu
yaraşıqlı oğlanı çəkilişə dəvət
etməsəydi, bəlkə də Din Rid milyonlarla adi
amerikalı gənclərdən o qədər də
seçilməyəcəkdi.
Bir müddət fotomodel kimi çalışır,
sonra isə musiqiylə ciddi məşğul olmağa qərar
verir. Şimali Amerikadan başlayan sənət yolu bir o qədər
də uğurlu olmur, istədiyi populyarlığı qazana
bilmir. Elvis Presli, Frenk Sinatra və digər məşhur
müğənnilər olan yerdə seçilmək, parlamaq o
qədər də asan deyildi. Onun ağlına da gəlməzdi
ki, Cənubi Amerikaya səfəri və müxtəlif ölkələrdəki
çıxışlarıyla tez bir vaxtda böyük
uğur qazanacaq, təkcə Amerika qitəsində yox,
dünyada populyar sənətkarlardan biri kimi tanınacaq.
Beləliklə, Latın Amerikası onun ikinci vətəni
oldu. Çilidəki konsertləri qalmaqalsız
ötüşmürdü, pərəstişkarları
"Qırmızı kovboyun" mahnılarından az
qalırdılar başlarını itirsinlər. Ona görə
də müğəninin hər bir konserti polislərin
güclü mühafizəsi altında keçirdi. Latın
Amerikası ölkələrində o, çox tez məşhurlaşdı.
Din Ridin sosializmə meyilliyi, maksimalist romantikliyi onun solçu
mövqeyində, əqidəsində özünü aydın
büruzə verirdi. Tezliklə müğənninin romantik
mahnılarında belə ictimai motivlər duyulmağa
başladı.
Beynəlxalq vəziyyətin gərginləşməsi,
yeni müharibə ocaqlarının alovlanması və digər
bəşəri problemlər Din Ridin yaradıcılığında
da öz əksini tapmaqdaydı. Bir sənətkar kimi o,
dünyada baş verənlərə biganə qala bilməzdi.
Vyetnam müharibəsinə qarşı olduqca fəal
çıxış edirdi. Müğənninin ABŞ-nin
Çili səfirliyi qarşısında müğənninin
etiraz aksiyasına qoşulması isə böyük səs-küyə
səbəb oldu. Din Rid səfirliyin önündə Amerika
Birləşmiş Ştatlarının bayrağını
yumaqla göstərmək istəyirdi ki, o, vyetnamlıların
qanına bulaşmış bayrağı təmizləmək
istəyir. Təbii ki, müğənninin bu cür sərt
addımı Birləşmiş Ştatların rəsmi dairələrində
yaxşı qarşılana bilməzdi.
Din Rid 1965-ci ildə Helsinkidə keçirilən
Ümumdünya sülh tərəfdarları konqresində
iştirak edir. Sülh uğurunda fəal mübarizə
aparması onun populyarlığını daha da
artırır. Elə həmin il də ilk dəfə Sovet
İttifaqına gələn müğənnini ölkənin
məşhur konsert salonları, çoxmilyonlu pərəstişkarları
gözləyirdi. Mətbuat, radio və televiziya bu sülhpərvər
sənətkarın yaradıcılığına geniş
yer ayırırdı.
Qastrollar, konsertlər, saysız-hesabsız
görüşlər Oxuyan Kovboyu yormurdu, əksinə, o,
bütün bunlardan həzz alır, ruhlanırdı. Din Rid
dünyanın müxtəlif ölkələrində konsertlər
verməklə yanaşı, sənədli filmlər də
çəkirdi.
Çox keçmir ki, onun
yaradıcılığındakı siyasi mahiyyət
özünü daha açıq büruzə verməyə
başlayır, şən və romantik nəğmələr
sanki arxa plana keçir. Dünyadakı narahatlıq Din Ridə
dinclik vermir, müxtəlif dillərdə ifa etdiyi
mahnılarla o, insanları sülhə
çağırır, müharibə əleyhinə
mübarizəyə səsləyir.
"Qırmızı kovboy" susmaq bilmirdi,
ötürdü, oxuyurdu. Qırmızı rəngdə bir
yandan romantiklik, bir yandan da mübarizlik çalarları
görən müğənni tutduğu yolun doğruluğuna
ürəkdən inanırdı. Soyuq müharibə illərində
passiv mövqedə dayanmaq fikrində deyildi və əslində
o, döyüş meydanına mahnılarla, musiqiylə
atılırdı, əlindəki silah isə gitara idi. Din Rid
deyirdi ki, müğənnilər, aktyorlar, alimlər, hətta
idmançılar belə yaxşı nümunə göstərməklə
yanaşı, siyasətdən də kənarda
qalmamalıdırlar.
Yetmiş üçüncü ildə Çilidəki
hərbi çevriliş Din Ridin kapitalizmə olan münasibətini
kökündən dəyişdi. Hərbi xuntanın hakimiyyətə
gəlməsi və yaxın dostu, müğənni Viktor
Xaranın edamı Din Ridə çox ağır təsir elədi.
Onun çəkdiyi "Müğənni" filmi Viktor
Xaranın xatirəsinə həsr edilib. Bu filmlə Din Rid
göstərmək istəyirdi ki, Viktor Xara kimi humanist ideyalar
carçısının səsini batırmaq mümkün
deyil. Hərbi çevrilişdən sonra o, Çilidən
İtaliyaya köçür, bir müddət orada
yaşamalı olur.
70-ci illərdə Din Rid SSRİ-də yolu gözlənilən
əziz qonaq idi. O vaxtlar ölkədə əsrin nəhəng
tikintilərindən biri - Baykal-Amur Magistralının (BAM)
inşaatı gedirdi. BAM dünyaya səs salmışdı,
ölkənin tanınmış sənət adamları bu nəhəng
dəmiryol tikintisinə əsərlər həsr edirdilər.
Bu inşaat yazıçıların əsərlərində,
bəstəkarların musiqisində, rəssamların rəsmlərində
geniş tərənnüm olunurdu. Bu mövzuda sənədli
və bədii filmlər də az çəkilirdi. Təbii
ki, mövzu bir müğənni kimi Din Ridin də
yaradıcılığından kənarda qala bilməzdi.
Sibirə səfər etmək, hər şeyi öz gözlərilə
görmək, orada işləyən fədakar insanları
şəxsən tanımaq istəyi keçirdi ürəyindən.
Tarixdən bəri çox hadisələrə şahidlik
etmiş soyuq Sibir, müəmmalarla dolu qorxulu tayqa onu
qorxutmurdu. Sibir səfəri müğənninin həyatında
ən unudulmaz səhifələrdən idi. Çətin
şəraitdə dəmiryol salan, yolboyu kəndlər, şəhərlər
quran insanların əzminə heyran qalırdı. Onu hər
yerdə sevgiylə qarşılayır, sevgiylə də yola
salırdılar. Din Ridin bu səfər haqqında çəkdiyi
"Mən sizə xoşbəxtlik arzulayıram" sənədli-musiqili
filmi böyük maraq doğurdu. Filmdə müğənninin
BAM-da çalışan insanlarla görüşləri,
müsahibələr və əlbəttə, musiqi,
mahnılar geniş yer alırdı. Film Din Ridə yeni
uğurlar qazandırdı.
Müğənninin populyarlığı
gün-gündən daha da artırdı.
Bir faktı demək kifayətdir ki, 72-ci ildə
"Bolşoy Teatr"da çıxışı zamanı
tamaşaçılar onu on beş-iyirmi dəqiqə fasiləsiz
alqışlamışdılar. Əlbəttə,
dünyanın məşhur teatrlarından sayılan
"Bolşoy Teatr"ın səhnəsində
çıxış etmək hər sənətkara nəsib
olmur. Bu təvazökar oğlanı yalnız iri konsert
salonlarında deyil, bəzən küçədə gitara
çalıb-oxuyan da görmək olurdu. Din Ridi milyonlara sevdirən
bir tərəfdən istedadı, gözəl
ifaçılıq bacarığı idisə, digər tərəfdən
ona hörmət qazandıran sadəliyi, mehribanlığı
idi. O, insanları sevməyi bacarırdı və sevgisini
oxuduğu mahnılarda, çəkildiyi filmlərdə
yaşadırdı. Musiqisevərlər müğənninin yeni
əsərlərinin sorağındaydılar. "Melodiya"
firması tərəfindən böyük tirajla buraxılan
plastinkalarının satışa çıxması ilə
qurtarmağı bir olurdu.
70-ci illərin sonunda Din Rid Almaniya Demokratik
Respublikasına köçdü. Onun
yaradıcılığı alman musiqisevərlərinə də
yaxşı tanış idi. Ölkənin ən məşhur
konsert salonları öz qapılarını müğənninin
üzünə taybatay açmışdı. Din Rid yeni həyat
tərzinə uyğunlaşmalı idi və uyğunlaşma
prosesi nə qədər çəkəcəkdi, bu,
müğənninin özünə də məlum deyildi. Məlum
olan bu idi ki, onu irəlidə gərgin iş, zəhmət
gözləyir. Bacardıqca daha çox yazıb-yaratmaq,
oxumaq, konsertlər vermək - yeni həyata uyğunlaşmaq
yolunu bunda görürdü. Bununla bərabər, şəxsi
həyatını qurmaq haqqında da
düşünürdü.
Çox seçim etmədi, populyar alman kinoaktrisası
Renata Blyumla evləndi. Aktrisa tamaşaçılara "Karl
Marksın gənclik illəri", "Ölüm arxivi"
filmlərindən tanışdır. Renatanın atası DEFA
kinostudiyasının direktoru idi. Bu, Din Ridə kino
yaradıcılığı ilə daha da ciddi məşğul
olmağa imkan yaradırdı. Dövrünün
tanınmış aktyorlarından sayılan Qoyko Mitiçlə
"Qan qardaşları" filmindəki oyunu ilə Din Ridin
aktyorluq bacarığı bir daha özünü göstərdi,
tamaşaçıların böyük rəğbətini
qazandı. İndi onu yalnız müğənni kimi yox, həm
də ciddi aktyor kimi qəbul edirdilər. Aktyor boy-buxunu,
amerikansayaq davranışıyla hinduların həyatından
çəkilən filmlərdə çox təbii
görünürdü. Usta at çapmağıyla,
oxuduğu kovboy mahnılarıyla, oynadığı
rolları və yaratdığı obrazlarla
tamaşaçı qəlbinə asanlıqla yol
tapırdı. Çəkildiyi son ekran əsəri "Oxu,
kovboy, oxu" filmi oldu.
Onun kino yaradıcılığından
danışarkən bir ekran əsərini - məşhur
amerikan aktyoru Yul Brinnerlə birlikdə çəkildiyi
"Əlvida Sabata" filmini unutmaq olmaz. Filmdə bu iki aktyor
əks qütblərdə dayansa da, öz oyunlarıyla bir-birlərini
tamamlayırlar. Yul Brinner Azərbaycan
tamaşaçılarına 60-cı illərdə ekranlara
çıxmış "Yeddi igid" filmindən
tanışdır.
"Əlvida Sabata" filminin uğurundan
danışarkən, heç şübhəsiz, Din Ridin məharəti,
təbii oyunu xüsusi qeyd edilməlidir. Uşaqlıq
çağlarından kovboyluq eləmiş Din
üçün at çapmaq, döyüş səhnələrində
çəkilmək heç bir çətinlik
yaratmırdı, necə deyərlər, bu işin
ustasıydı. Onun Belantayn ekran obrazı aktyoru bir daha
tamaşaçılara sevdirdi. Hadisələrin dramatizmi,
konfliktlər, gərgin döyüş səhnələri
filmi maraqlı edir. Aktyor bu ekran əsərində ilk dəfə
olaraq mənfi rolla yadda qalır.
Din Rid bu roluyla bir daha öz bacarığını
nümayiş etdirə bildi və sübut elədi ki, onun
aktyor ampluası daha genişdir. Amma bütün bunlara
baxmayaraq, tamaşaçı onu bir daha mənfi rollarda
görmür. Bəlkə də ona görə ki, hansısa
quldur obrazını yaratmaq xasiyyətcə həlim, mehriban
bir insana mənən çox baha başa gəlirdi.
Beləcə, Oxuyan Kovboyun doğulub boya-başa
çatdığı Koloradodan uzaqlardakı həyatı
yavaş-yavaş öz axarına düşürdü. Yeni həyata
bələdliyi artdıqca, narahatçılığı da
çoxalırdı elə bil.
Çox keçmir ki, onun
yaradıcılığında bir sönüklük,
durğunluq nəzərə çarpmağa başlayır.
Tamaşaçı şən, gülərüz
oğlanın çöhrəsində əvvəlki təbəssümü
görmür. O, sanki xəyal qırıqlığına
qapılmışdı, nə edəcəyini bilmirdi. Din Ridin
ruh düşkünlüyü, heç şübhəsiz,
sosialist Almaniyasındakı gizli xəfiyyə
orqanlarının da diqqətindən yayına bilməzdi. Xəfiyyələr
gözlərini ondan çəkmirdilər. Ondakı ruh
düşkünlüyü illərlə mahnılarında tərənnüm
etdiyi bir quruluşa inamsızlıqdan yaranmışdı. Həyata
romantik və bir qədər də sadəlövh münasibət
artıq geridə qalmışdı. Doğrudur, o,
ideyasına xilaf çıxmasa da, ancaq indi həyata daha
açıq gözlə baxmağı bacarırdı. 1985-ci
ildə Amerikaya gedib qayıdandan sonra hiss elədi ki, vətən
həsrəti, vətən nisgili ona rahatlıq vermir,
güclü bir qüvvə onu doğma yurduna, elinə-obasına
dartır. Nəhayət, belə qərara gəlir ki, vətənə
dönsün, yaradıcılığını orada davam
etdirsin. Çəkəcəyi filmin ideyası da artıq
hazır idi və bu filmin ona böyük uğur gətirəcəyinə
inanırdı.
O, 1973-cü ildə Vunded-Ni əyalətində Federal
Təhqiqat Bürosu əməkdaşları ilə yerli
hindular arasında baş vermiş silahlı toqquşmanı
ekrana gətirmək istəyirdi. Din Rid Amerikada sol
liberalların onu dəstəkləyəcəyinə ürəkdən
inanırdı. Əlbəttə, yaradıcılıq
planları böyük idi və bu planlar onun həm musiqi, həm
də kino yaradıcılığını əhatə
edirdi.
"Rossiya" otelinin foyesində onunla söhbət
edəndə gələcək işləri, planları barədə
də danışırdı. Ancaq nədənsə
qayğılı görünürdü. Söhbət
zamanı bunu gizlətməyə çalışsa da,
alınmırdı, necə varsa, elə də
görünürdü, o, sənətdə aktyor idi, həyatda
artistlik eləməyi bacarmırdı. Din Ridi milyonlara sevdirən
həm də onun səmimiliyi idi.
Ayrılanda gələn görüşlərədək
dedim. Rus dilində şirin ləhcəylə
sağollaşdı mənimlə. Ancaq bilməzdim ki, bu, mənim
Din Ridlə son görüşümdü. Düz bir il sonra -
86-cı ilin yayında - yaradıcılıq eşqi ilə
yaşayıb-yaradan bu mehriban insanın faciəli
ölümü haqda xəbər yayıldı. Dünyada pərəstişkarları
çox idi, onun ölümünə inana bilmirdilər. Həyatı
kimi ölümü də müəmmalıydı.
Rəsmi məlumatlara görə, Din Rid Berlin
yaxınlığında avtomobil qəzasında həlak
olmuşdu. Sudan tapılmış meyitdəki izlər isə
müəmma doğururdu. Qeyri-rəsmi məlumatlara görə,
onun ölümündə Almaniya Demokratik Respublikası xəfiyyə
orqanlarının əli vardı. Bir vaxtlar sosializmə
vurulan, bu quruluşu can-dildən tərənnüm edən
tanınmış bir müğənninin fikir
qırıqlığına düşməsi, Amerikaya
qayıtmaq niyyəti sosializm ideologiyasına ağır zərbə
ola bilərdi. Əvvəllər Din Ridlə qeyri-rəsmi
yaşamış məşhur eston kinoaktrisası Yeva Kivi də
bu fikri bölüşür. Onun da fikrincə, müğənninin
ölümündə müəmmalı məqamlar
çoxdur. Nə vaxtsa bu müəmmalara aydınlıq gətiriləcəkmi?
Əlbəttə, bunu zaman göstərər. Yevanın dediklərinə
görə, Din Rid sosializmə fanatikcəsinə
vurulmuşdu. Yeva yazır: "Mən onu fikrindən
daşındırmağa çalışır, bunlar
hamısı üzdən belə görsənir,
aldadıcıdır desəm də, o, mənim sözlərimə
məhəl qoymurdu, zarafata salıb deyirdi ki, Sovet
İttifaqında yeganə çatışmayan şey varsa, o
da tualet kağızıdır..."
Yaradıcılığının çiçəkləndiyi
bir zamanda həyatdan nakam köçən Din Rid
dövrünün ən populyar sənət adamlarından biri
olsa da, təəssüf ki, onun adı indiki nəslə o qədər
də tanış deyil. Müğənninin adına,
mahnılarına heç yerdə rast gəlimirik, bir vaxtlar
bütün dünyaya səs salan koloradolu sarışın
oğlan sanki heç yoxmuş.
Hər dəfə albomu vərəqləyəndə
Din Ridlə birgə çəkdirdiyim şəkillərə
baxır, onu xatırlayıram. Yeri düşdükcə, bu
mübariz, xeyirxah və təvazökar insan haqqında
söhbət açmağı da, bir növ, özümə
borc bilirəm.
Ölümündən uzun illər sonra Rusiya
telekanallarından birində Din Ridin
yaradıcılığına həsr olunmuş verilişə
baxdım. Verilişdə müğənninin ömür
yoluna, yaradıcılığına yenidən nəzər
yetirilir, bu günün prizmasından baxılır.
Dövrünün sevimli müğənnilərindən
olmuş, mehriban təbiətli bu insanı unutmaq sadəcə
haqsızlıqdır. Belə sənətkarları indiki nəsillərə
tanıtmaq vacibdir. İnanıram ki, onun oxuduğu mahnılar,
gitarada ifa etdiyi musiqi bugünkü nəslin də
zövqünü oxşayar. Din Ridin mahnıları onun ürəyindən,
qəlbinin dərinliyindən süzülüb gəlirdi, məlahətli
səsi saf bulaq suyu təki qaynayırdı.
Sevindirici haldır ki, bir vaxtlar kinoda yaddaqalan obrazlar
yaradan müğənni-aktyorun özünün həyatından
bədii film çəkilməsi barədə söhbətlər
yaranır. Din Ridin həyat yolu, müəmmalı
ölümü kino üçün
düşündürücü, maraqlı mövzudur və yəqin
ki, belə bir film aktyorun ölümü ilə bağlı bəzi
müəmmalara aydınlıq gətirə bilər.
Bir məsələni də inamla qeyd etmək olar ki,
Din Ridin həyat və yaradıcılığını
ekranda canlandıracaq film öz tamaşaçısını
tapacaq. Səsyazma firmaları müğənninin
albomlarını yenə böyük tirajla buraxacaq və onun
qəlbləri oxşayan məşhur "Bella çao"su
yenə dillər əzbəri olacaq. Müğənninin məlahətli
sənətinə vurulanlar çoxalacaq -
sağlığında olduğu kimi...
Kamil ƏFSƏROĞLU
525-ci qəzet .- 2024.- 12 dekabr(№228).-S.12;13.