RƏŞİD ABİDƏSİ
Bu filmi hər biriniz görüb və həmin
kino-şəklə bir yox, on yox, bəlkə yüz dəfələrlə
baxmısınız. Amma kim deyə bilər ki, dönə-dönə
seyr edəndən sonra "Bəxtiyar"dan doyub və ona bir
də tamaşa etmək istəmir? Az qala an-an əzbər
bildiyimiz bu filmi bizim üçün bunca doyulmaz, cazibəli
edən başlıca səbəb bayram ovqatlı həmin
ekran əsərinin baş qəhrəmanıdır. Misilsiz
müğənnimiz Rəşid Behbudovun parlaq oyunu və məlahətli
səsi olmasaydı, bu film çətin ki, belə sehrləyə
biləydi.
"Bəxtiyar" filminin ikinci adı da var -
"Sevimli mahnı". Bilməyənlər kino tariximizin bir
gizlincindən də xəbər tutsun ki, XX yüzildə Sovet
dönəmində çəkilən filmlərimizin rus dilinə
dublyaj edilənləri az olmayıb və SSRİ ekranında
nümayiş etdirilməsi nəzərdə tutulduğundan
ümumən bir para filmlərimiz elə əvvəldən
rusca çəkilib, sonra ana dilimizə çevrilib. Ancaq
"Arşın mal alan" və "Bəxtiyar"
müstəsna filmlərimizdir ki, onların ruscası da, azərbaycancası
da ayrıca montaj olunub və bir-birini tam təkrarlamır, hərəsinin
də incə çalarlarıyla öz gözəlliyi var. Həm
o, həm bu variantın belə sevimli alınmasının əsas
baisi yenə Rəşiddir ki, var.
O illərdəki kinomuza xas bir xüsusiyyət də
bu idi ki, məzmuna, obrazın xarakterinə uyğun olaraq filmin
montajı əsnasında bəzən səsi dəyişirdilər.
Hətta belə hallara da rast gəlinirdi ki, bir filmdə rol
alan hansısa aktyorun səsi başqa aktyorunku olurdu, onun
özü isə elə həmin filmdə ayrı bir
obrazı səsləndirirdi.
Rəşid Behbudovun həm ruscası, həm azərbaycancası
qüsursuz idi - danışığı da, oxusu da.
Düşünürəm ki, o filmdə Bəxtiyarı Rəşid
özü yox, o çağlarda Azərbaycanda, ya da həmin
dövrün istifadə edilən təcrübəsini nəzərə
alsaq, Sovet İttifaqının ən güclü
aktyorlarından biri ifa edərdisə, sadəcə nəğmələr
Behbudov ifasında səslənərdisə, ola bilsin, artistizm
baxımından daha cazibəli bir görünüş
alınsa da, indi bizimki olan son ideal nəticəyə
çatılmazdı. Zənnimcə, hətta həmin nəğmələrin
təsir gücü də azalardı. Məhz filmin həm rus,
həm azərbaycancasında surəti yaradanın da,
danışanın da, oxuyanın da eyni sənətkarda
qovuşmasının yaratdığı bütövlük
heyranedici bəhrənin ortaya çıxmasına gətirib
çıxarmışdır.
Rəşid Behbudovun saysız səhnələrdə
verdiyi konsertlər, radio-televiziya çıxışları
öz yerində, onun SSRİ boyda nəhəng auditoriyanı fəth
edərək yüz milyonların istəklisinə çevrilməsində
1950-60-70-ci illərdə imperiya ərazisində böyük
ekranı bəzəmiş həmin filmlərdə
yaratdığı surətlərin də həlledici təsiri
olmuşdu.
Ancaq "Bəxtiyar" filminin ikinci adının -
rus variantındakı başlığının mənə
görə rəmzi mənası da var və əslində Rəşid
Behbudovun bütün yaradıcılığına aid edilə
bilər. Sevimlilik ondan bizə qalan hər mahnının, hər
romansın, hər ariyanın əbədi yol
yoldaşıdır.
Rəşid Behbudov ata tərəfdən
Qarabağın igid-ərənlərindən olan, Şuşa
şəhərinin təməlini qoymuş Пənahəli xanın
nəslindən - Cavanşirlərdən idi. Ana tərəfdən
isə məşhur Vəkilovlardan. İki şöhrətli
nəslin övladı olan Rəşid Behbudov öz sevimli
mahnılarıyla balası olduğu nəsillərin
şan-şöhrətindən qat-qat artıq məşhurluq,
şərəflər qazandı. O, sənətimizdə elə
bir yüksək zirvəyə çatdı ki, ora kiminsə
bundan belə çatması mümkünsüz
görünür. Elə bir gözqamaşdırıcı
parlaqlığı olan zirvə ki, bizlərə yalnız ona
aşağıdan yuxarı məhəbbətlə baxmaq və
iftixar etmək qalır.
...Rəşid Behbudov sehrləməyi bacarırdı.
Qarşısındakı auditoriya istər əlli-yüz nəfərdən
ibarət olsun, istər bir neçə min nəfər, istərsə
də böyük stadionları dolduran onminlər. O,
danışmağa, oxumağa başlayınca bir neçə
dəqiqədən sonra kütləni ram edərək öz əsirinə,
məftununa çevirməyi bacarırdı. Bu səs yadigarında
Rəşid Behbudov valehlərini növbəti dəfə
tilsimləyir. İrandadır, Şirazda - dahi söz
ustaları Sədinin, Hafizin doğma şəhərində.
Sanki adi sözlər deyir. Bəlkə başqası eyni
sözləri desə, heç bu effekt alınmaz. Ancaq həmin
sözlər axı Rəşidin elə oxusu qədər məlahətli
səsində eşidilir, axı bu sözləri deyənin
energetikası da həmin kəlmələrə əlavə
olunur. Hətta indi də bu sözləri kağızdan
oxuyanda bir cür təsir oyadır, həmin sətirləri Rəşid
Behbudovun öz səsində lent yazısından dinləyəndə
tamam fərqli, həyəcanlandırıcı duyğular
yaranır: "Əziz qonşular, dostlar, xanımlar,
ağalar! Mən çox şadam ki, konsertimizin proqramı
sizin xoşunuza gəldi. Azərbaycan xalq
mahnılarını, romanslarını, ariyalarını,
bizim bəstəkarımızın və şairlərimizin
gözəl əsərlərini qiymətləndirib səmimi
qəlbdən alqışladınız. Mən öz
adımdan, yoldaşlarımın adından və bütün
Azərbaycan elm və incəsənət xadimlərinin
adından sizə təşəkkürümü bildirirəm.
Arzu edirəm ki, bizim dostluğumuz həmişə var olsun!
Dostluğa tərəf gedən bütün yollar güllərlə
bəzənsin! Necə ki, siz, əziz dostlar, bir belə
gözəl güllərlə bu səhnəni bəzəyibsiniz.
Qoy bizim qonşuluğumuz ay kimi təmiz, polad kimi möhkəm
olsun!"
...Hər bir azərbaycanlının öz Rəşidi
var. Rəşid hər bir azərbaycanlıya öz təkrarsız
səsi ilə tam başqa cür görünür və hər
kəs ürəyində Rəşidlə tam ayrı bir dildə
danışır. Onun oxularını da, özünü də
çox sevən bir ağsaqqal dostumuz vardı ki, illər
öncə bir uzaq səfərimiz boyunca elə təsadüfdən
söhbət Rəşid Behbudovdan düşərkən elə
maraqlı xatirələrini bölüşdü ki, bir
gün bunları hamınınkı etməyi elə həmin
vaxt qət etmişdim. O xatirələr tarixi sənədə
çevrilsin deyə hələ 2000-ci illərin
başlanğıcında Fəttah Heydərovdan xahiş etdim
ki, bir gün görüşək, Rəşidli söhbətlərini
lentə alaq. Görüşdük, söz sözü çəkdi,
heç əvvəllər mənə
danışmadığı yeni təfərrüatlar da yada
düşdü. Yazdıq və yazılanlar qalır -
yazı insan ömrü kimi etibarsız deyil. Heyiflər ki,
artıq Fəttah müəllim özü də xatirədir,
onu 2020-ci ilin yayında itirdik.
Fəttah Heydərov 1938-ci il təvəllüdlü
idi. Sonradan Azərbaycan Dövlət Universitetinin
Mexanika-riyaziyyat fakültəsini bitirsə də, iş həyatını
mədəniyyətdən başlamışdı, orta məktəbi
bitirincə, 17 yaşında Babək rayonunun Güznüt kənd
klubunun müdiri olmuşdu. Rəşid Behbudovla da
tanışlığı 1960-cı illərin sonlarından,
Naxçıvan Vilayət Пartiya Komitəsində təlimatçı
işlədiyi günlərdən başlamış, muxtar
respublikada mədəniyyət naziri vəzifəsini
daşıyarkən yaxınlıqları daha da artmış,
etibarlı dostluğa çevrilmişdi.
Rəşid Behbudovun SSRİ Ali Sovetinə deputatlığa
namizədliyi Naxçıvanın Şahbuz rayonundan irəli
sürülübmüş, seçicilərlə
görüşlərini keçirmək üçün
görkəmli müğənni Naxçıvana gəlibmiş
və onu müşayiət etməyi də cavan təlimatçı
Fəttah Heydərova tapşırıblarmış.
"Düzdür, o vaxta qədər Rəşid
Behbudovun məlahətli səsini eşidib hamı kimi mən
də onun mahnılarına vurğun kəsilmişdim, çəkildiyi
filmlərə dəfələrlə baxmışdım,
ancaq indi hər gün birlikdəydik, onu yaxından
görüb-eşidirdim, həmsöhbət olurduq, müxtəlif
görüşlərdə iştirak edirdik, bunu da Allahın
mənə bir töhfəsi kimi qəbul edirdim. Seçkilər
bitəndən sonra da 1966-cı ildə Bakıya gələrək
SSRİ Ali Soveti Millətlər Şurasının deputatı
vəsiqəsini də ilk dəfə ona şəxsən təqdim
etmək mənə nəsib oldu. O dövrün seçkiləri
necə idi, - hamı bilir. Bir qayda olaraq, tək namizəd
olurdu, camaat tanıdı-tanımadı, yekdilliklə hamı
ona səs verirdi. Rəşid Behbudovsa istisna idi. Hansı kəndə
gedirdisə, camaat onu alqışlarla, doğma adamı kimi
qarşılayırdı. Rəşid də camaatı
salamlayandan sonra çox danışmazdı. Deyirdi ki, sizə
mənim bütün sözlərim oxuyacağım
mahnılardadır. Başlayardı oxumağa, insanlar o günəcən
yalnız radiodan, vallardan eşidib televiziyada seyr elədikləri
Rəşidi canlı olaraq qarşılarında görməklərindən
vəcdə gələrdilər. Əl çəkmək istəmirdilər
ondan, deyərdilər ki, səs nədir, sizə
canımız da qurbandır. Xalq onu belə sevirdi".
Sonralar Fəttah müəllim Naxçıvanda
Əhaliyə Məişət Xirməti Nazirliyinə də rəhbərlik
etmişdi, müxtəlif rayonlarda partiya işində də
çalışmış, Ordubad və Culfa rayon partiya komitələrinin
birinci katibi vəzifəsini tutmuşdu. Elə həmin
dövrlərdə də Rəşid Behbudovun
Naxçıvana ardıcıl səfərləri və
böyük izdihamla müşayiət olunan, mərkəzi
stadionda təşkil edilən unudulmaz konsertləri olmuşdu.
Təbii ki, həmin gəlişlərin hər birində Fəttah
müəllim Rəşid Behbudovla yanaşı idi.
"Bizim xalq sənətkara, sənətə hörmət
bəsləyəndir. Naxçıvana o dövrdə başqa
aktyorlar, müğənnilər,
çalğıçılar da gəlirdi,
hamısını da yaxşı qarşılayar,
hamısına da hörmət bəsləyərdilər, sevərdilər.
Ancaq görürsən ki, adətən biri bir müğənnini,
digəri bir başqasını daha çox sevir. Rəşidi
isə sevməyən yox idi, o, müqayisədənkənar
idi. Onun səsində, şəxsiyyətində elə bir
sehr vardı ki, adını eşidincə hamı
axışardı, dəvətnamə paylamağa, yaxud da
telefonla camaatı çağırmağa ehtiyac qalmazdı.
Hamı gəlirdi, yalnız dinləmək deyil, elə
görmək üçün can atırdılar".
Fəttah müəllim danışırdı, o
zamanlar müntəzəm və saat kimi dəqiq işləyən
Naxçıvan-Bakı qatarı ilə Rəşidin hər
gəlişində şəhərin dəmiryol
vağzalında insanların onu hansı hərarətlə
qarşıladığını təsvir edirdi, mən mənliyimlə
bu danışılanlardan riqqətə gəlirdim. İndi təsəvvür
edin ki, belə qarşılanmaları görən Rəşid
Behbudov özü necə fərəhlənir, necə
qanadlanırmış.
"Xatirimdə qalan çox-çox təsirli anlar
var. Camaat soraq-soraq xəbər tuturdu ki, Rəşidin gəldiyi
qatar, tutalım, Ordubad stansiyasında dayanacaq. Qatar perrona
yaxınlaşmazdan iki-üç saat əvvəldən
yüzlərlə adam əllərində
gül-çiçək dəstələri ora
toplaşardı. Rəşid müəllim qatardan enəcəkdi,
uzaq başı iki-üç dəqiqə orada ayaq
saxlayıb ardınca gələn avtomobilə minib tərpənəcəkdi.
Camaat bilirdi belə olacaq, enəcək, sadəcə
salamlaşacaq, gedəcək. Ancaq əhali, Rəşidi sevənlər
elə o iki-üç dəqiqədə məhəbbətlərini
ifadə etməkçün iki-üç saatdan da artıq
gözləməyə hər dəfə ürəkdən
hazır idilər. Bunlar zehnimdə gözəl bir foto kimi həkk
olunaraq qalıb. Düzdür, tək-tək də olsa o vaxt
şəkillər çəkilirdi. Təəssüf eləyirəm
ki, o fotolardan məndə yoxdur, olsaydı, bəlkə indi həmin
şəkillərə baxarkən, o fotolarda Rəşidin
aşiqi olan ayrı-ayrı tanışları görərkən
yadıma başqa xatirələr də düşərdi. Amma
Rəşid müəllimin öz arxivində, yəqin ki, həmin
fotolar qalmamış olmaz".
Fəttah müəllim 1983-cü ildə
Naxçıvan Muxtar Respublikasının mədəniyyət
naziri vəzifəsinə gətirildi. O illərdə artıq
Bakıda da Rəşid Behbudovla tez-tez görüşürlərmiş.
Çünki Mədəniyyət Nazirliyində kollegiya
iclasları mütəmadi keçirilirdi, Fəttah müəllim
də hər dəfə o toplantılara
qatılmaqçün Bakıya gəlirdi. Söyləyirdi ki,
kollegiya iclaslarında Rəşid Behbudov sağ tərəfində,
Maestro Niyazi isə sol yanında oturarmış. Rəşid
müəllim Mahnı Teatrının, Maestro isə
filarmoniyanın direktoru kimi həmin yığıncaqlara daimi
dəvətli idilər. Demək, azı ayda bir dəfə beləcə,
yanaşı əyləşib söhbətləşmək,
iclasdan əvvəl və sonra da təmasda olmaq fürsəti
vardı. Fəttah müəllim yada salır ki, sovet
dövrünün yazılmamış şərtlərinə
uyğun olaraq, Mədəniyyət Nazirliyindəki həmin
kollegiya iclasları əvvəldən-sona rusca
aparılarmış. Ancaq Fəttah müəllim nazir Zakir
Bağırovdan xahiş edibmiş ki, ona iclaslarda Azərbaycan
dilində çıxış etməyə icazə verilsin:
"Zakir Bağırov son dərəcə mədəni,
bilikli insan, filosof, əsl mədəniyyət naziri idi. Ondan
xahiş etmişdim ki, kollegiya iclaslarında mənə Azərbaycan
dilində danışmağa icazə versin. O dövrün
siyasi dəbi belə idi ki, lap alababat bilsən də, gərək
rusca danışaydın. Mən ruscanı kollegiyada əyləşənlər
kimi olmasa da, hər halda bilirdim, fikirlərimi lazımi səviyyədə
elə rusca da çatdırmaq imkanındaydım. Ancaq mənə
Azərbaycan Mədəniyyət Nazirliyinin məsul
yığıncaqlarında yad dildə danışmaq nədirsə
çöçün gəlirdi. Əlimdə bəhanəm
də vardı ki, əyalətdən gəlmişəm, Zakir
müəllim də ipək kimi mülayim, əsl ziyalı
insan, lütfkarlıqla mənə fikirlərimi ana dilində ifadə
etmək iznini vermişdi. Hər dəfə
çıxış edib yerimdə əyləşəndə,
ya tənəffüsə çıxanda Niyazi də, Rəşid
də məni təbrik edərdilər, xüsusilə Rəşid
müəllim hər dəfə qucaqlayardı, "Dilinə
qurban olum" deyərdi. Qayıdardım ki, ay Rəşid
müəllim, bütün aləm sənin dilinə qurban olur
ki, belə şirin oxuyursan. Razılaşmazdı ki, yox, oxumaq
başqa, danışmaq başqa. Söyləyərdi ki, belə
iclaslarda həmişə ürəyim darıxır, istəyirəm
ki, Azərbaycan dili ən yüksək kürsülərdən
eşidilsin. Öz aramızda biz dost-tanışla rus dilində
danışa bilərik, məişət səviyyəsində,
bu, başqa məsələdir, mənim istədiyimsə odur
ki, Azərbaycan dili daim layiq olduğu uca mərtəbədə
dursun. Sən isə həm ana dilində danışırsan,
həm də ütülənmiş rəsmi dildə yox,
kitab-dəftər diliylə deyil, əsl xalq dilində, gözəl
danışırsan".
...Fəttah müəllim Rəşid Behbudovun
Naxçıvana növbəti gəlişlərindən
birini, Şahbuza yollanmalarını, həmin səfər
vaxtı baş verənləri artıq beyninə hopmuş
foto kimi deyil, hər kadrı misilsiz olan bir kinoxronika kimi
xatırlayırdı. Artıq mədəniyyət naziri idi,
müavinləri, köməkçiləri vardı, Rəşid
Behbudovla bağlı müəyyən işləri onlara da həvalə
edə bilərdi. Lakin yox, bütün ən vacib işlərini
də bir kənara qoyaraq Rəşid Behbudovun
Naxçıvana qədəm basdığı ilk dəqiqədən
buradan Bakıya yola salınacağı anadək Fəttah
müəllim hər an onunla idi.
Rəşid Behbudov Naxçıvanda, həmişəki
kimi, daha bir coşqulu konsertini başa
çatdırıbmış. Deputat idi, gəlmişkən
Naxçıvanın təsərrüfat həyatında
baş verən yeniliklərin də yanında olmalı idi.
Birlikdə Şahbuza gedirlər ki, orada Naxçıvan
çayı üzərində tikilən Vayxır su
anbarının inşaat işləri ilə tanış
olsunlar. Tikinti aparan nazirliyin rəhbərliyi ilə Fəttah
müəllimin yaxınlığı varmış, bu xoş
münasibətlərdən istifadə edərək ona
ağız açıbmış ki, bu böyük tikintidəki
müəyyən mümkün qənaətlər hesabına
Şahbuzda bir mədəniyyət evi də inşa etsinlər.
Mədəniyyət evinin tikintisi hələ tam başa
çatmayıbmış, ancaq Fəttah müəllim iki
daşın arasında inşasına nail olduğu həmin
binanı elə bir az da qürrələnmək
üçün Rəşid Behbudova göstərməyi
çox arzulayırmış, ona görə də elə
edir ki, su anbarına tamaşa edəndən sonra
yollarını bu yeni mədəniyyət evinə tərəf
salırlar.
"Dedim ki, Rəşid müəllim, bəlkə elə
gələcək konsertlərinizdən biri burada oldu. Gəldik,
ən əvvəl səhnəyə baxdı, dərhal
iradını bildirdi ki, düzdür, zal sən deyən
böyük deyil, 150-200 adamlıqdır, ancaq bu, məsələ
deyil, lazım gələr, ayaq üstə də duran olar,
qapılar da açılar, lap içəri girə bilməyənlər
də eşidərlər. Amma səhnəni mütləq bir qədər
də uzatmaq lazımdır. Dedim ki, Rəşid müəllim,
axı səhnə bir az genişlənsə, onda
tamaşaçıya yer az qalır. Onda sərrast bir söz
dedi ki, mədəniyyət tədbiri üçün, konsertdən
ötrü əsas zal yox, səhnədir, gərək meydan
geniş ola, səhnə böyük ola ki, asudə hərəkət
imkanı yarana. Məsələn, mənim teatrım gəlib
konsert versə, rəqs kollektivi səhnəyə gələndə
mən bir tərəfdə durub oxuyacağam, ancaq onlara hərəkət
üçün genişlik mütləqdir, bir küncə
sıxılmayacaqlar ki!
Bu minvalla Rəşid müəllimin xahişini və
tələbini nəzərə alaraq səhnəni bir qədər
qabağa çəkdik. Söz yox, bunu deyəndə Rəşid
müəllim yalnız Mahnı Teatrını, öz
çıxışlarını nəzərdə tutmurdu.
Onlar bir dəfə konsert verib gedəcəkdilər, mədəniyyət
evi isə Şahbuzda həmişəlik qalacaqdı.
Ancaq o gün Rəşid müəllimin bir başqa təvəqqesi
də oldu. Dedi ki, bu binanın içərisində bir sanitar
qovşağı da hökmən olsun. Əlavə də etdi
ki, rayonlara, kəndlərə səfərlərim vaxtı hərdən
mən, ya hansısa ifaçımız əlini yumaq istəyəndə
soruşuram, cavab verirlər ki, kəndin o biri başında, kənd
sovetinin həyətində əlüzyuyan yer var, mən də
məcbur qalıb oturub maşına gedib əlimi yuyub
qayıdıram. Dövr başqadır, belə xidmətlər
artıq binanın içində olmalıdır. Gətirdim
layihəni, qoydum Rəşid müəllimin
qarşısına ki, narahat olmayın, burada hər şey nəzərdə
tutulub. Layihəyə baxdı, dedi, bir gedək baxaq görək
bu əlüzyuyan yeri necə tikiblər.
İnşaatçılarla birgə getdik, qapını
açdıq, baxdıq ki, layihədə sanitar
qovşağın nəzərdə tutulduğu yeri qarderob
ediblər. Rəşid müəllim dilləndi ki,
gördün? İş icraçısından xəbər aldım
ki, bəs tualet hardadır? Dedi, bu binanın
bağ-bağçalı yaxşı həyəti var, həyətin
qurtaracağında tikmişik. Rəşid müəllim
gülümsündü ki, Fəttah, baxırsanmı, mən
deyən oldu. Biz camaatı mədəniyyətə öyrətməliyik,
mədəniyyət elə burdan başlayır. Görürsənmi,
əlüzyuyan yer hətta layihədə nəzərdə
tutulsa da, yenə burdan çıxararaq sanitar
qovşağını həyətin ucqarına salıblar.
Çünki düşüncənin tərzi belədir, biz
bu düşüncəni dəyişməliyik".
Bu, Rəşid idi, yalnız nadir sənətkar deyil,
həm də müdrik müəllim olan Rəşid, öyrətmək,
daha düz səmtə yönəltmək imkanı varkən
belə dərsləri verməkdən heç vaxt usanmayan
kamil şəxsiyyət!
...Rəşid Behbudov Azərbaycanın ən lətif
şəhər mahnılarını ifa edib. Tofiq Quliyevlə
Rəşid Behbudov cütlüyü musiqimizə 1940-50-ci illərdə
büsbütün yeni olan, paytaxt ab-havası ilə daşan,
şəhər həyatının ritmlərini və ruhunu əks
etdirən yeni dalğanı gətirib, onların ardınca bu
xətt asta-asta dərinləşməyə, cilalanmağa
başlayıb. Ancaq bu yenilikçi üslubu və elə həyatının
gedişi ilə də həmişə şəhərə
bağlı olmuş Rəşid Behbudov ürəyində də,
nitqində də, oxusunda da, öz musiqi fəlsəfəsində
də bir el adamı, əsl köhnə qarabağlı kimi
qaldı. Bu, Rəşid Behbudovun tələffüzündəki
özündən ixtiyarsız bütün şirinliyi ilə
qulağı sığallayan sağır nundan tutmuş
müğənninin ədalarına, söyləyişlərinə,
seçdiyi nəğmələrinədək hər məqamda
sezilirdi.
Unudulmaz Heydər Əliyev gənclik illərindən Rəşid
Behbudovla dostluq etmişdi və bu ülfətə sədaqətini
böyük sənətkarın həyatda olmadığı
illərdə də sədaqətlə davam etdirdi. 2001-ci il
oktyabrın 13-də Respublika Sarayında Rəşid Behbudovun
xatirə gecəsi keçirilirdi. Öndər səhnədə
idi, Rəşidli xatirələrini söyləyirdi,
çıxışındakı xəfif "dostumu tənha
və müdafiəsiz qoymaram" mesajı ilə onun hətta
xatirəsinin belə kölgəsini qılınclayan səlahiyyətlilərə
barmaq silkələyirdi və Rəşidin əsl xalq
adamı olmasının bariz təsdiqləyicisi
sayılası incə bir ayrıntı üzərində məxsusi
dayandı. Rəşidin oxusundan misal çəkdi ki, əgər
müğənni mahnıdakı bayatıda olan misranı səliqəliləşdirərək
ədəbi dilə uyğunlaşdırsaydı, elin dediyi
kimi, "Qapıda duran oğlana irəhmin gəlsin" kimi
yox, "rəhmin gəlsin" kimi səsləndirsəydi,
heç vəchlə bunca ləzzətli alınmazdı.
Heydər Əliyev həssas, həm ömrünün
25 ilini həsr etdiyi köhnə peşəsinin, həm zəngin
həyat təcrübəsinin, həm də fitrətdən gələn
bəsirətliliyinin sayəsində insan içərisinə
bələd bir müdrik idi. Yapışdığı bircə
sözlə əslində Rəşid sənətinin
xalqçı mahiyyətini dəqiqliklə şərh edirdi.
Rəşidin o "irəhmin gəlsin" deyimini məhz bir
el adamının dediyi şəkildə canlandırması
onun məharətlə növbəti dəfə xalqın
damarından tutması, eşidənin ürəyindən tikan
çıxarması, balaca bir nəğmənin içərisinə
Azərbaycan el-elatının bütün göyçəkliklərini
yerləşdirmək qabiliyyəti idi.
Və bunları Rəşid xüsusi olaraq bu səmtdə
baş sındıraraq etmirdi. Bulağın suyu yerin təkindən,
qayaların bağrından hansı təbiiliklə
qaynayıb çıxırsa, bütün bunlar da Rəşidin
canından, ürəyindən, təfəkküründən,
səs tellərindən eyni doğallıqla, eyni
doğmalıqla kök alıb gəlirdi.
İkinci, üçüncü, beşinci, yüzüncü
Rəşid ola bilməyin, Rəşid kimi sənətkar ola
bilməyə yaxınlaşmanın qəlibi məhz budur.
Xalqın sevimlisinə dönmək, millətin
yaddaşında əbədilik yaşamaq üçün Rəşidin
oxu maneralarını, hansısa boğazlarını,
keçidlərini təkrarlamağa, onlara bənzədərək
ifa etməyə yox, Rəşid sənətinin cövhərində
dayanan bu məziyyətə, onun yurda və soydaşlarına
ilikdən, qandan bağlılığının təzahürü
olan belə xırdalıqlara, belə zərifliklərə
dalmaq gərəkdir.
Hələ oxumağı qoyun bir kənara. Şahbuza
təşrif gətirmişdi, təzə tikilən o mədəniyyət
evində neçə aylar sonra bir konsert verib gedəcəkdi,
hətta, ola bilsin, niyə layihədə nəzərdə
tutulduğu halda yenə kənarda tikilməsinin höcətini
etdiyi sanitar qovşaqdan o gəlişində heç istifadə
də etməyəcəkdi, amma sabaha baxırdı.
Bu, ananın gecənin bir aləmində ilahi instinktlə
yuxudan hövlnak ayılaraq üstü açıq
qalmış balasının üstünə yorğan çəkməsi
kimi bir nəvazişdir.
O, millətini qəlbinin bütün telləriylə
sevirdi, düşünürdü ki, axı bu mədəniyyət
evi mənim kimi hərəsinə Allahın Öz bildiyi qədər
istedad bağışladığı və ömrünü
sənətə həsr etmiş insanların daim
bağlandıqları ünvan olacaq. Rəşid gəldi, bir
dəfə əlini yudu getdi. Olsun lap həyətin obiri
başında, ora da gedər. Amma bu insanlar Şahbuzda qalacaq,
gündəlik işini görəcək, onlar mədəniyyət
xadimləridir, mənim həmkarlarımdır, bu xalqın
xidmətçiləridir, qoy eyni əziyyəti hər gün
çəkməsinlər, qoy rahatlıq hər gün onlarla
olsun.
O binaya, Şahbuzdakı həmin mədəniyyət
evinə xeyli müddət sonra Rəşid Behbudov bir dəfə
də gedibmiş. Vətəndaşlarla görüşü
varmış, axşamüstü də konsert olacaqmış.
Görüşü başa vurandan sonra Fəttah müəllimlə
gəliblərmiş mədəniyyət evinə, onlar hər
ikisi bu məkana elə sadəcə bir mədəniyyət
ocağı kimi deyil, araya-ərsəyə gəlməsində
əməkləri olduğundan hardasa elə bir az övlad
kimi, öz əsərləri olaraq yanaşırmışlar.
Fəttah müəllim xatırlayırdı ki, konsertin
başlanmasına hələ xeyli vardı, mədəniyyət
evinin gül-çiçəkli həyətini,
otaqlarını gəzib seyr edirdik, bir də gördüm Rəşid
yanımda yoxdur: "Narahat oldum ki, bu, hara getdi. Gəldim bir
otağa, gördüm orda yox, keçdim o biri otağa,
baxdım ki, orda da yoxdur. Çıxdım mədəniyyət
evinin girəcəyinə ki, baxım, bəlkə həyətdədir,
kimisə görüb, söhbət edir. Bu vaxt onu
gördüm ki, səhnədən, pərdənin
arxasından buzov səsi gəlir. Məəttəl qaldım
ki, kişinin yanında biabır olduq, konsert ərəfəsində
gəlib bunu görsə, elə söz deyəcək ki,
kalımız tökülüb, dəymişimiz qalacaq.
Özlüyümdə fikirləşdim ki, yaxşı oldu Rəşid
müəllim içəridə yoxdur, bunu görmədi. Həm
də təəccüblənirəm ki, axı bura hər
halda rayon mərkəzidir, kənd yeri deyil ki, sağda-solda
qoyun-quzu, inək-filan ola ki, gəlib bura da girə. Elə bunu
fikirləşirdim ki, gördüm səhnənin pərdəsi
aralandı, Rəşid müəllim orda göründü.
Soruşdum ki, Rəşid müəllim, orda neynirsiz?
Dedi, mən əzəmətli saraylarda, təmtəraqlı məclislərdə,
kral saraylarında, ən böyük şəhərlərdəki
çox yüksək səviyyəli konsertlərdə
çıxışlar etmişəm. Ancaq istər o konsertlər
olsun, istər ən xırda bir kənddə
pambıqçılar qarşısında
çıxış edim, mən səsimi açmadan, ürəyim
istəyən kimi oxuyacağıma əmin olmadan səhnəyə
çıxmıram. İndi burada da pərdə arxasında səsimi
açırdım. Güldüm, boynunu qucaqladım, Rəşidin
böyüklüyünə, ondakı bu ali məsuliyyətliliyə
bir daha heyran qaldım".
Əlbəttə, bu, bir misilsiz peşəkarın daim
içərisində nəbz kimi çırpınan
cavabdehlik, məsuliyyət, borcluluq duyğusundan irəli gələn
haldır. Ancaq gümanımca, Rəşidin bu keyfiyyətinin
ayrı bir çaları da var.
O, xalqına və qarşısında
çıxış etdiyi hər bir tamaşaçıya,
dinləyiciyə sonsuz sayğı ilə yanaşırdı.
Belə idi ki, ömrü boyu da bundan qat-qat artıq hörməti
insanlardan gördü.
Rəşid səsini sevənlərin hər biri həssas
insan idi ki, bu gözəlliyin ardınca idi. Sevimli müğənninin
avazındakı füsunkarlığı duyacaq qədər
nazik olan adamlar, təbii olaraq, bu sənətkarın
qarşısında çıxış etdiyi insanlara diqqətini,
hörmət-izzətini də tuturdular. Bu da onları Rəşidə
daha artıq bağlayır, daha artıq minnətdar edirdi.
Rəşid Behbudov eyni qayğıkeş, hörmətcil
münasibəti ətrafındakılara, öz sənət
yoldaşlarına, həmkarlarına bəsləyirmiş.
Dünya şöhrətli sənətkar idi. Rəhbərlik
etdiyi Mahnı Teatrında hər kəs hansı nəhənglə
yanaşı olduğunun fərqində idi. Rəşid
onların hər biri üçün ideal idi. Əksəriyyəti
ilə yaxın olmuşam, bunu öz dillərindən
eşitmişəm. Ancaq Rəşidin digər
ucalığı bundan ibarətdi ki, heç vaxt
özünü yan-yörəsindəkilərin heç birindən
yüksəkdə tutmaz, onlardan ayırmazdı. Bu əhvalatı
ki, - mənə yenə Fəttah müəllim
danışıb, - indi yazmasam, heç bilinməyəcək
də. Amma bu elə hekayətdir ki, içərisində ibrət
var. Gərək bilinə, yazıla, qala ki, həm
çoxlarına dərs ola, həm də əziz Rəşid
müəllimi bir az da yaxından tanıyasınız, ona bir
daha rəhmət oxuyasınız.
"Rəşid müəllimin və rəhbərlik
etdiyi Mahnı Teatrının Naxçıvandakı daha bir təlatümlü
konserti başa çatmışdı. Gərək gedib
qonaqlarımızla şam edəydik. O vaxt rayon mərkəzində
on-onbeş nəfərin otura biləcəyi yaxşı bir
yemək-içmək yeri vardı. Kollektiv isə
böyük idi. Əvvəlcə təklif olundu ki, Rəşid
müəllim, mən, elə ansambldan da bir neçə nəfər
aparıcı ifaçısı bu yeməkxanada əyləşək,
çalğıçıları, rəqs qrupunu, kollektivin
digər üzvlərini isə yaxınlıqdakı fəhlə
yeməkxanasına aparsınlar. Dedilər, sizinçün
burda, onlarçün orda artıq süfrə
açılıb. Rəşid müəllim qəti etriaz
etdi ki, mən burda oturmayacağam, dəstəmiz harda, mən
də ora gedəcəyəm. Gendən baxan mənə nə
deyər?! Lap gendən baxan qalsın o yana, heç vaxt bunu nə
mənim ürəyim qəbul edər, nə də
boğazımdan tikə keçər ki, mən burda oturum, səfər
yoldaşlarım başqa yerə getsin. Hamımız bir yerdə
olmalıyıq.
Rəşidin sözünün qabağında kim nə
deyəcəkdi ki! Qalxdıq getdik Şahbuzdakı həmin fəhlə
yeməkxanasına. Yeməklər, əlbəttə ki,
hamısı yaxşı bişirilmişdi, dadlı idi. Hər
şey çox yüksək səviyyədə, ancaq fəhlə
yeməkxanasıdır da. Çəngəlin biri əyri,
birinin hansısa dişi yox, birinin qaşığı
böyük, obirisininki balaca. Bizimçün əvvəl getməli
olduğumuz yerdən on-onbeş nəfərlik yaxşı
çəngəl-bıçaq, boşqablar, nimçələr
gətirmişdilər, burda isə vəziyyət belə idi.
Rəşid müəllim özü oturub yeməyə
başlamazdan əvvəl bir-bir masaları gəzdi, hamıdan
arxayın olandan sonra gəlib əyləşdi. Dedi ki, bu
çəngəl-bıçağın fikrini eləməyin,
rayon yeridir, şəraiti başa düşürəm. Ancaq
hamımız bir yerdəyik, indi bizə daşdan yumşaq nə
versəniz, nuş canlıqla yeyəcəyəm.
Başladıq yeməyə, təamlar hamısı ləziz,
təzə, ətirli, gözəlcə bişirilib,
ağız dadı ilə yeyirdik, əyri-üyrü çəngəllər
də adama ən bahalı gümüş çəngəllər
kimi gəlirdi. Birdən bu rayonun rəhbərlərindən
biri qalxdı ayağa, Rəşid müəllimə sarı
qanrılaraq dedi ki, mən çox arzu edərdim ustad bizim kefimizi
açsın, zənguləsini
qaldırsın.
Rəşid müəllimin başı mənimlə
söhbətə qarışmışdı, siftə bu deyiləni
nəsə yaxşı eşitmədi. Soruşdu ki, o nə
dedi? Həmin səviyyəsiz vəzifəli bunu eşidib bu dəfə
bir az da ucadan təkrarladı: "Bəlkə o bayaq konsertdə
oxuyurduz e, o cürə burda da qaldırasınız, kefimiz
kökəlsin".
Rəşid müəllim dilxor oldu, soruşdu ki, bu
nadanı hardan tapıb gətiriblər bura? Malalamağa
çalışdım ki, bənd olmayın, kənd
adamıdır da, saya danışır, bunlar adət eləyib
ki, belə məclislərdə aşıq çağırtdırıb
oxudurlar.
Sonra qalxdım Rəşidin sağlığına
badə qaldırdıq, onun xidmətlərindən, əvəzsizliyindən
geniş danışdım ki, bir az eyni açılsın.
Ancaq bivec söz, şit hərəkət onu yaman tutmuşdu.
Nə isə, yemək məclisi bitdi, Mahnı Teatrının
kollektivi Bakıya qatarla gedəcəkdi, onları avtobusla
vağzala yola saldıq. Rəşid müəllimsə sabah səhər
təyyarə ilə gedəcəkdi. O vaxt Naxçıvandan
Bakıya YAK40-lar gedib-gəlirdi. Gəldik, "Təbriz"
mehmanxanasında yerləşdi. Çay içəndən
sonra da gördüm ki, eyni açılmır, söz ona bərk
dəyib. Dedim, ay Rəşid müəllim, bütün millət
sizə pərəstiş edir, indi bir ağılsız cəfəng
bir söz deyib, xam hərəkət edib, bunu niyə ürəyinizə
salırsınız? Qayıtdı ki, yox e, mən bilirəm,
o, səhv elədi. Ancaq axı o da mənim millətimdəndir.
Axı mən istəmirəm bizim belə düşünən
adamlarımız olsun. Axı niyə hələ də
qanmayanlar var ki, sənətkar yemək məclisində oxumaz.
O, marçıldada-marçıldada yeyəcək, biz də
oxuyacağıq ki, bu yekəqarın vəzifəli,
özü demişkən, feyziyab olsun. Mənim borcum
harınlamış hansısa vəzifə sahiblərini yox,
xalqı feyziyab etməkdir. Kolxozçunun, fəhlənin
hüzurunda saatlarla oxuyum, yorulmaram, mən istəmirəm ki,
millətimin arasında bircə nəfər də belə adam
olsun".
...Böyük Heydər
Əliyev böyük Rəşid Behbudova hansı rəğbəti
bəsləyirdisə, Rəşid müəllimin də Ulu
Öndərə sevgisi o qədər dərin idi.
Fəttah müəllim artıq Heydər Əliyevin
Moskvada yaşadığı, Kremldə işlədiyi və
təzəcə istefaya getməyə məcbur olduğu
dövrdə Rəşid Behbudovun Naxçıvana etdiyi səfəri
də xatırlayırdı. Həmişəki kimi, konsertləri
alqışlar seli içərisində keçibmiş, yola
düşməzdən öncə iki köhnə dost dərdləşirmiş.
"Rəşid fikrə getmişdi,
dalğın-dalğın dedi ki, bax, Fəttah, əgər
Heydər Əliyev olmasaydı, Naxçıvandakı bu
konsert verdiyimiz mədəniyyət sarayını kim tikərdi?
O olmasaydı, Bakıdakı o sarayı kim tikərdi? Etdiklərinin
hamısı indi bizim əlimizdən tutur, tədbirlərimizi
keçiririk, qonaqlarımız gəlir, onların yanında
üzümüz ağ olur. Nazirlər Soveti sədrinin birinci
müavini olanda da o boyda SSRİ-nin işləri ilə
yanaşı bir əli Azərbaycanda idi, köməklərini
göstərməkdə davam edirdi.
Rəşid bunları səbəbsiz demirdi. O vaxtlar
idi ki, Azərbaycanda Heydər Əliyevin əleyhinə müəyyən
qüvvələr elə Moskvanın təhriki ilə məkrli
işlər aparır, müxtəlif çirkin yazılar təşkil
etdirirdilər.
Rəşid müəllim sinəsindəki Sosialist
Əməyi Qəhrəmanının Qızıl Ulduzuna
işarə edərək dedi ki, qurban olduğum kisəmizdən
getdi, hamımızı qəhrəman elədi, vaxtında
bunun birini də bura qondurmuş olsaydı, indi heykəlimi də
qoyardılar. Gülüşdük, əlbəttə ki, Rəşud
müəllim bunu zarafatla deyirdi, elə mən də gülə-gülə
davam etdim ki, iki dəfə Sosialist Əməyi Qəhrəmanı
olsaydınız, sadəcə büstünüzü
qoyacaqdılar, büst balaca bir şeydir, sizin büstə nə
ehtiyacınız, siz özünüz elə ən möhtəşəm
abidəsiniz".
...Söz yox, gün gələcək ki, Rəşid
Behbudovun onun öz böyüklüyünə və sənətinin
ülviyyətinə yaraşan abidələri Qarabağda da,
Bakıda da, adını daşıyan hansısa məktəblərdə
və sənət ocaqlarında da yüksələcək.
Rəşid Behbudov dünənin, indinin və gələcəyin
elə müstəsna gözəllik
yaradıcılarındandır ki, artıq rəmzə
çevrilib. Milli rəmz olmaq ucalığına qalxanlarasa
minnətdar yurddaşlar tərəfindən abidələr
hökmən yapılır. Lakin yaxın zamandamı, yaxud bir
qədər gecmi dikələcək Rəşid Behbudov abidəsinin
birini yox, milyonunu Azərbaycan insanı ürəyində lap
çoxdan qurub.
Bizə yadigar qoyub getdiyi hər səs incisi
özlüyündə ayrıca abidə olan Rəşid
Behbudovun yenilməz heykəli tarixin bağrında lap
çoxdan var və həmin abidə Rəşid sağ
olduqca var olacaq. Bunca sevimli bir səs dünyası
doğurmuş Rəşidin sağlığı, diriliyi isə
millətimizin, dilimizin ömrü qədər olacaq.
2 dekabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2024.- 14 dekabr(№230).-S.18-19.